Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə jurnalistinə müsahibəsi - Lissabon, 3 dekabr 1996-cı il

Sual: Cənab prezident, Lissabon Zirvə görüşünün yekunu barədə nə deyə bilərsiniz.

Cavab: Lissabon Zirvə görüşünün yekununu Azərbaycan üçün müsbət hesab edirəm. Bu görüşdə qəbul olunan bəyannamədə Ermənistan - Azərbaycan münaqişəsi haqqında bir yazı olmasa da ATƏT-in hazırkı sədri Flavio Kotti ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları adından bir bəyanat verdi. Bu bəyanatda o, Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin yalnız üç prinsip əsasında həll edilməsini bəyan etdi. Bəyan etdi ki, ATƏT-in üzvü olan bütün dövlətlər, - Ermənistan istisna olmaqla, - bu prinsipləri dəstəkləyir. Bu üç prinsipdə Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməsi, Dağlıq Qarabağda yaşayan bütün əhalinin təhlükəsizliyinin təmin olunması öz əksini tapmışdır. Ona görə də mən hesab edirəm ki, bu Zirvə görüşünün yekunu Azərbaycan üçün müsbətdir.

Sual: Cənab prezident, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli sahəsində Türkiyənin Azərbaycana dəstəyini necə qiymətləndirirsiniz?

Cavab: Yaxşı, qiymətləndirirəm. Mən Lissabona gələn kimi burada hörmətli prezident Süleyman Dəmirəl ilə görüşdük, bu işləri müzakirə etdik. ATƏT-in hazırkı sədri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli barədə bu gün bəyanat verərkən Türkiyənin təmsilçisi də buna dəstək verdi.