Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın milli qəhrəmanlarına və şəhid olmuş milli qəhrəmanların ailə üzvlərinə, valideynlərinə \"Qızıl ulduz\" medallarının təqdim edilməsi mərasimində giriş sözü - Prezident iqamətgahı, 5 may 1998-ci il

Hörmətli bacılar, qardaşlar!

Xanımlar və cənablar!

Azərbaycanın müstəqilliyinin rəmzlərindən biri Azərbaycanın dövlət mükafatlarıdır. Azərbaycanın dövlət mükafatları, ordenləri və medallarının təsis olunması haqqında vaxtilə lazımi qərarlar qəbul edilmiş, ancaq sonra onları təkmilləşdirmək lazım gəlmişdir. Azərbaycanın ordenləri və medallarının hazırlanması üçün də müəyyən vaxt tələb olunmuşdur. Nəhayət, bu işlər sona çatıbdır. Azərbaycanın dövlət mükafatları - ordenləri və medalları hazırlanıbdır.

Mən Azərbaycanın Milli Qəhrəmanı adına layiq olmuş və Milli Qəhrəman \"Qızıl ulduz\"u ilə təltif edilmiş bir qrup Azərbaycan Milli Qəhrəmanına və həlak olmuş Milli Qəhrəmanların ailə üzvlərinə Azərbaycanın ən yüksək mükafatını - \"Qızıl ulduz\" medalını bu gün ilk dəfə təqdim edəcəyəm.

Yekun Çıxışı

Hörmətli Azərbaycanın Milli Qəhrəmanları!

Hörmətli Milli Qəhrəmanların ailə üzvləri, valideynləri!

Mən sizi bir daha ürəkdən təbrik edirəm. Sizin hamınıza cansağlığı, səadət, Vətənimizin müdafiəsi, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, inkişaf etməsi uğrunda mübarizəmizdə və ölkəmizin həyatında gedən proseslərdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan 1988-ci ildən böyük bir faciə ilə rastlaşıbdır. Ölkəmizin ərazisinin bir qismini ayırıb respublikamızı parçalamaq məqsədi ilə Azərbaycana qarşı hərbi təcavüz edilmişdir. Bu hərbi təcavüz sonralar müharibəyə çevrilmiş və Azərbaycan xalqı qanlı müharibə aparmışdır. Bu müharibədə, döyüşlərdə xalqımızın igid oğlanları qəhrəmanlıq nümunələri göstərmişlər, şəhid olmuşlar. Ümumiyyətlə, Azərbaycanın uğurları da, təəssüf ki, məğlubiyyətləri də olubdur. Xalqımız vuruşub, döyüşüb, böyük qurbanlar veribdir. Bu vuruşlarda, bu döyüşlərdə vətənimizə,

ölkəmizə, dövlətimizə, xalqımıza böyük sədaqət göstərən gənclər, döyüşçülər, əsgərlər, zabitlər, vətəndaşlar çox olubdur. Məhz buna görə də Azərbaycan qorunubdur, saxlanılıbdır. Məhz buna görə də bu gün Azərbaycan bir müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu döyüşlərdə fərqlənənlər çox olubdur. Onların içərisində ölkəmizin ən yüksək mükafatına, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlər olubdur. Siz onlardansınız, Azərbaycanın Milli Qəhrəmanları və şəhid olmuş Milli Qəhrəmanların ailə üzvləri, valideynlərisiniz.

Azərbaycanın Dövlət Mükafatı, ən yüksək mükafatı - Milli Qəhrəman rəmzi olan \"Qızıl ulduz\" medalı bu gün sizə ilk dəfə təqdim edildi. Şübhəsiz ki, bu, sizin həyatınızda əlamətdar bir hadisədir. Eyni zamanda bu, bizim ölkəmizin, xalqımızın həyatında da əlamətdar bir hadisədir. Birincisi, bugünkü mərasim aydınca sübut edir ki, vətənin, ölkənin müdafiəsi uğrunda şücaət, qəhrəmanlıq nümunələri göstərmiş insanlar qiymətləndirilir və unudulmur. Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır. Bugünkü görüş, təltif mərasimi bu baxımdan təkcə sizin üçün yox, bütün ölkəmiz, xalqımız üçün də çox əlamətdar hadisədir. Bunun əhəmiyyəti bir də ondan ibarətdir ki, müstəqil Azərbaycan Respublikasını bu gün də, gələcəkdə də qorumaq, onun sərhədlərini sarsılmaz etmək, işğal olunmuş torpaqlarımızı azad etmək üçün Azərbaycanın güclü Milli Ordusu, silahlı qüvvələri olmalıdır və Azərbaycan gəncləri orduda xidmət etməyi özlərinin ən ümdə, ən şərəfli borcu hesab etməlidirlər. Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir.

Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir. Ona görə də bugünkü görüşün, mükafatları təqdimetmə mərasiminin çox böyük əhəmiyyəti vardır. Ona görə də bu, bütün Azərbaycanın həyatında əlamətdar bir hadisədir. Mən sizin hamınızı bir daha təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, siz gələcəkdə də müstəqil Azərbaycanın mənafelərinin qorunması yolunda öz xidmətlərinizi göstərəcəksiniz. Əminəm ki, sizin həyat yolunuz, qəhrəmanlığınız Azərbaycan gənclərində milli vətənpərvərlik ruhunu daha da yüksəldəcək, xalqımızı daha sıx birləşdirəcək və Azərbaycanın bütün vətəndaşlarını yalnız və yalnız müstəqil Azərbaycanın qorunub saxlanılması, inkişaf etməsi naminə çalışmağa, mübarizə aparmağa dəvət edəcəkdir.

Mən sizə cansağlığı, hamınıza yeni-yeni uğurlar arzulayıram. Sağ olun.