Xalq rəssamı Toğrul Nərimanbəyova - 5 avqust 2000-ci il

Hörmətli Toğrul Nərimanbəyov!

Sizi - Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Mövzu və janr rəngarəngliyi, yüksək sənətkarlıq və estetik kamilliyi ilə səciyyələnən yaradıcılığınız Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamışdır. Fırçanızdan çıxmış rəngkarlıq əsərləri Azərbaycanın qədim miniatür sənətinin rəng harmoniyasını və dünya incəsənətinin mütərəqqi ənənələrini özündə birləşdirən sənət inciləri kimi milli incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur. Vətən təbiətinin gözəlliyini, insanlarının mənəvi zənginliyini tərənnüm edən əsərlərinizin mövzularının ana xəttini həyata, doğma torpağa, insanlara məhəbbət təşkil edir.

Obrazlı ümumiləşdirmə və emosional təsiri ilə fərqlənən tablolarınızda rənglərin təzadı və oynaqlığı insanı valeh edir. Surətlərin daxili aləminin incəliklərini qabarıq şəkildə əks etdirən portretləriniz bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma yeniliyi ilə seçilir. Mənzərə və natürmort janrlarında olan əsərləriniz tamaşaçıda hədsiz sevinc, təbiətdə heyranlıq duyğuları oyadır. Sizin yaradıcılığınızda monumental boyakarlıq da mühüm yer tutur. Panno, divan rəsmləriniz və tamaşalara verdiyiniz tərtibat Azərbaycan rəssamlıq sənətinin qiymətli nümunələri kimi gənc nəslin estetik tərbiyəsi işində mühüm rol oynayır.

Bir çox ölkələrdə nümayiş etdirilmiş fərdi sərgiləriniz sizə böyük şöhrət gətirməklə yanaşı, Azərbaycan rəssamlıq məktəbinin beynəlxalq miqyasda geniş tanınmasına xidmət etmişdir.

Yaradıcılığınızda rənglə musiqinin ahəngdar sintezi əsərlərinizə xüsusi bir rövnəq verir onlarda xalqımızın musiqili ovqatını əks etdirir. Bu, sənətinizin fenomenallığı, istedadınızın çox şaxəli olması ilə sıx bağlıdır. Siz bənzərsiz rəssam olmaqla yanaşı, ölkəmizdə gözəl səsə malik bir müğənni kimi də tanınırsınız. Rəssamlığınız kimi, vokal ifaçılığınız da sənətsevərlər tərəfindən həmişə rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Son illərdəki yorulmaz fəaliyyətiniz bir daha göstərir ki, siz hələ də gənclik həvəsi ilə çalışır, fitri istedad və böyük zəhmətsevərliyin vəhdəti ilə səciyyələnən yaradıcılıq potensialınızı artırmaqda davam edirsiniz. İnanıram ki, siz sənətinizin pərəstişkarları bundan sonra da yeni əsərlərinizlə sevindirəcək, Azərbaycan mədəniyyətini inkişafı və dünyada geniş tanınmasını naminə əlinizdə gələni əsirgənməyəcəksiniz.

Sizə cansağlığı və xoşbəxtlik, sənət yallarında yeni uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının prezidenti.
 
\"Azərbaycan\" qəzeti, 6 avqust 2000-ci il.