Hörmətli konfrans iştirakçıları!
Azərbaycan xalqı adından qadınların vəziyyətinə həsr olunmuş IV Ümumdünya konfransının iştirakçılarını ürəkdən salamlayır, konfrans nümayəndələrinin hamısına bərabərlik, inkişaf və sülh naminə fəaliyyətində uğurlar arzulayıram.
Milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan üçün bu gün ən ümdə vəzifə Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində doğma evindən-ocağından məhrum olan qaçqın qadın və uşaqların problemlərini həll etməkdən ibarətdir. Pekin konfransı ərəfəsində keçirilmiş geniş miqyaslı \"Öz doğma evimə qaytarın məni\" siyasi tədbiri, üzərində qadın forumunun simvolu olan bayrağa minlərlə qaçqın qadının imza atması ilə nəticələnmişdir.
Ümidvaram ki, dünya qadınları öz bacıları - Azərbaycan qadınlarına da kömək edəcək, torpaqlarının 20 faizi erməni qəsbkarları tərəfindən zəbt olunmuş Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasında öz xidmətlərini göstərəcəklər.
Öz müstəqilliyinə nail olduqdan sonra Azərbaycan digər beynəlxalq sazişlərlə yanaşı, \"Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında\" sazişə də qoşularaq bir daha demokratik və dünyəvi bir dövlət qurduğunu təsdiq etmişdir.
Bizim ən böyük amalımız qadınlarımızı azad, xoşbəxt, fəal və nikbin, uşaqlarımızı sağlam, gümrah, şən və hər cəhətdən təmin olunmuş görməkdir.
Əminəm ki, sizin bu konfransınız bu amallar uğrunda mübarizəsinin real yollarını göstərəcək, səmərəli fəaliyyət proqramını müəyyənləşdirəcəkdir.
\"Azərbaycan\" qəzeti, 5 sentyabr 1995-ci il.