Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveç Krallığının Neft sənayesi və energetika üzrə dövlət katibi xanım Brit Skelbred və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 4 iyun 2002-ci il

Qonaqları mehribanlıqla salamlayan Azərbaycan Prezidenti Heydər Əliyev Norveçin Baş naziri, neft nazirləri ilə vaxtilə keçirdiyi görüşləri xatırladı, «Statoyl» şirkətinin Azərbaycanda on ildir fəaliyyət göstərdiyini bildirərək dedi ki, biz artıq bir-birimizlə yaxınlaşmışıq və hətta qohum olmuşuq. «Statoyl»un işindən razıyıq. Güman edirəm, «Statoyl» da bizdən razıdır. Demək, müştərək işlərimiz yaxşı gedir.

Vaxt ayırıb onları qəbul etdiyinə görə respublikamızın rəhbərinə dərin minnətdarlığını bildirən xanım Brit Skelbred Prezident Heydər Əliyevin sərginin açılışındakı çıxışından məmnun qaldığını söylədi, Azərbaycan ilə Norveç arasında çox möhkəm və yaxşı əlaqələr yarandığını, bu səfərin əlaqələrimizin daha da möhkəmlənməsinə yardım edəcəyini vurğuladı.

Ölkəmizə xüsusi hörmətlə yanaşdığını, xalqlarımız arasında oxşar cəhətlərin çox olduğunu deyən qonaq neft sahəsində Norveçin Azərbaycana nisbətən çox gənc ölkə olduğunu bildirdi, Prezident Heydər Əliyev ilə görüşlərini xatırladı, «Statoyl»un Azərbaycanda təkcə neft sahəsində deyil, eyni zamanda humanitar, mədəni və digər sahələrdə də işləmək arzusunu açıqladı.

Prezident Heydər Əliyev dedi ki, həqiqətən, «Statoyl» Azərbaycanda çox dəyərli fəaliyyət göstərir. Norveç neft hasilatı sahəsində Azərbaycana nisbətən gənc ölkə olsa da, əldə etdiyi nailiyyətlər çox böyükdür. Otuz il ərzində sizin ölkəniz, xüsusən «Statoyl» neft-qaz hasilatı sahəsində çox böyük uğurlar qazanıb, siz yüksək texnikadan və texnologiyadan çox səmərəli istifadə etmisiniz və edirsiniz. Ona görə sizin bu sahədəki təcrübəniz bizim üçün çox əhəmiyyətlidir. Sizinlə müştərək iş görərkən bu təcrübədən istifadə edirik.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda Norveçin bir çox başqa şirkətləri də uğurla fəaliyyət göstərir. «Statoyl»un planları bizə məlumdur və bunları alqışlayırıq. Çünki «Statoyl» burada daha çox iş görmək istəyir. Güman edirəm, bu şirkət öz tərəfdaşları ilə birlikdə bu məsələləri həll edəcək və istədiyinə nail olacaqdır. Onun Bakı–Tbilisi–Ceyhan layihəsində iştirakı da çox əhəmiyyətlidir. Beləliklə, bizim indiyə qədər əməkdaşlığımız çox uğurludur. Bizim hansısa bir narazılığımız yoxdur, əksinə, razıyıq və əməkdaşlığımızı davam etdirəcəyik.

Xanım Brit Skelbred məqsədlərin eyni olduğunu söyləyərək, Norveç şirkətlərinin Bakıda müxtəlif sahələrdəki xeyriyyəçilik işlərindən də danışdı və dedi ki, cənab Prezident, bizim qədim əlaqələrimiz vardır və bu, Tur Heyerdalın əsərlərində öz əksini tapmışdır.

Prezident Heydər Əliyev vurğuladı ki, Azərbaycanda, o cümlədən onda Norveç xalqına xüsusi məhəbbət vardır. Bu da həm dövlətlərarası, həm də iqtisadi əlaqələrimizdə çox böyük rol oynayır.

Mərhum Tur Heyerdal bu barədə çox böyük işlər görmüşdür. O çox böyük səyyah idi, dünyanın çox yerlərini gəzmiş, öyrənmişdi, amma öz axtarışlarında, tədqiqatlarında Azərbaycana xüsusi yer verirdi. Azərbaycana hələ 1970-ci illərdə gəlmişdi və burada çox böyük işlər görmüşdü. Biz onun fəaliyyətini çox yüksək qiymətləndiririk. Mən şəxsən onunla dost idim. Onun vəfatı məni çox kədərləndirdi. Ancaq o, böyük iz qoyub gedibdir.

Onun dediyinə görə, biz qədim qohumuq və norveçlilər indiki öz məkanlarına buradan, Azərbaycandan gediblər. Hər halda, bunu təkzib edən yoxdur.

Prezident Heydər Əliyevin fikirlərini dəstəkləyən qonaq dedi ki, bu nəzəriyyə bizi bir-birimizə daha da yaxınlaşdırır. Biz bu qədim əlaqələrdən istifadə edərək, cəmiyyətimizi inkişaf etdirməliyik.

Sonra xanım Brit Skelbred və Norveçin Bakıdakı səfiri Steyinar Gil Prezident Heydər Əliyevə xatirə hədiyyəsi və Tur Heyerdalın vaxtilə Şəkinin Kiş kəndində çəkdirdiyi şəkli təqdim etdilər.

Azərbaycan prezidenti hədiyyələrə görə təşəkkürünü bildirdi, Norveçin dövlət və hökumət rəhbərlərinə onun salamını çatdırmağı xahiş etdi.