Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli müğənnilər - xalq artistləri Müslüm Maqomayev və onun xanımı Tamara Sinyavskaya ilə görüşdəki söhbəti - Prezident sarayı, 27 iyul 1999-cu il

Heydər Əliyev: Siz çox gözəl təsir bağışlayırsınız. Konsertdə çox yaxşı oxudunuz, mən çox şadam. Şadam ki, siz yaxşı formadasınız, yaxşı oxuyursunuz və öz işinizi davam etdirirsiniz.

Müslüm Maqomayev: Biz konsertə xüsusi olaraq gəlmişdik ki, Heydər Əliyeviçi təbrik edək. Qəflətən, hazırlıqsız gəlmişdik və məşq etmədən necə oxuyacağımız barədə həyəcan keçirirdik.

Heydər Əliyev: Nahaq yerə. Siz bu orkestrlə birinci dəfə deyil ki, oxuyursunuz, ona görə də hesab etmirəm ki, sizdə nə isə alınmaya bilərdi. Siz çox gözəl oxudunuz. Siz bilirsiniz, bu mahnı hamının çox xoşuna gəlir, xüsusilə də mənim. Mahnı həmin gün lap yerinə düşmüşdü.

Müslüm Maqomayev: Heydər Əliyeviç, kitaba görə çox sağ olun. Mən təkid etdim ki, Svyatoslav Belzanın haqqında yazdığı ön sözə mənim də sözlərim düşsün. Orada mən respublikamıza münasibətimdən, respublikamızın, Azərbaycan prezidentinin məni indi də, Rusiyanın «Vaqrius» firması tərəfindən bu kitab buraxılarkən də dəstəklədiklərini, onun yaxşı kağızda nəşrinə kömək etdiklərini söyləmişəm. Nazirlər onu mənim ad günümə buraxmağa vəd etmişlər. Siz bilirsiniz ki, bu kitabdan bir çox hissələr qəzetdə dərc olunmuşdur.

«Vaqrius» nəşriyyatı planetimizin görkəmli siyasi xadimlərinin memuarları seriyasını nəşr etməyə başlayib və məndən xahiş ediblər ki, əgər arzu edirsinizsə, memuarlarınızı buraxmağı Sizə təklif edim. Mən onlara dedim ki, Prezident Heydər Əliyevin memuarlarla məşğul olmağa nə qədər vaxtı olacağını bilmirəm. Amma Siz bilirsiniz ki, onlar adam ayırırlar, istənilən boş vaxtınızda ona diktə edirsiniz, sonra isə onlar kitabı tərtib edirlər. Güman edirəm ki, bu, Sizə edilən ilk belə təklif deyildir.

Heydər Əliyev: Təxminən 1988-ci ildən, istefaya çıxdığım vaxtdan başlayaraq, əvvəlcə Moskvada, sonra isə Qərb ölkələrindən, Amerikadan mənə dəfələrlə müraciət ediblər. Xatirimdədir, buraya Amerika Birləşmiş Ştatlarından insanlar gəlmişdi, 10 gün bu ümidlə oturub gözlədilər ki, razılığa gəlmək mümkün olacaqdır. Özü də deyirdilər ki, onlar kitabı hansısa nəşriyyatlarda buraxacaqlar, buna çox böyük maraq var. Mənə çox müraciətlər olubdur. Ancaq təəssüflər olsun ki, mənim vaxtım yoxdur. Mən təəccüblənirəm, necə olur ki, insanlar işləyə-işləyə memuarlar yazırlar? Təəccüblənirəm ki, təxminən mənim kimi vəzifədə olan adam bir kitab, ikinci kitab yazır. Necə yazır, nə vaxt yazır? Mən bu barədə çox görkəmli xadimlərdən birindən soruşdum. O dedi: Bilirsiniz, mən səhər saat beşdə dururam, saat altıya, səkkizədək roman yazıram, sonra isə işə gedirəm. Hesab edirəm ki, bu mümkündür, amma inanmaq çətindir.

Müslüm Maqomayev: Bunu etmək çox asandır, o, səhər saat beşdə-altıda durur, diktofonu qoşur və öz xatirələrini söyləyir.

Heydər Əliyev: Mən də diktofondan istifadə edə bilərəm. İndi hamı ondan istifadə edir. Amma bunun üçün vaxt lazımdır.

Müslüm Maqomayev: Siz indiyədək nə qədər müsahibə vermisiniz.

Heydər Əliyev: Mən bu, digər, üçüncü bir mövzuda müsahibə verməyə məcburam. Haraya gedirəmsə, hər yerdə soruşurlar, hər yerdə xahiş edirlər. Lap çoxları xahiş edir, sadəcə olaraq vaxt yoxdur. Deməli, görünür, mən o siyasi xadimlərdənəm ki, onlar öz memuarlarını dərc etdirə bilmirlər. Halbuki çox gözəl bilirəm ki, mən artıq indi sağ qalan o adamlardanam ki, - bunu geniş miqyasda götürürəm, - onu ki mən bilirəm, onu ki ictimaiyyətə mən çatdıra bilərəm, bəlkə də heç kim edə bilməz. O cümlədən də Kreml haqqında, çox şeylər haqqında. Bəlkə də bunu etməkdə Tanrı mənə kömək edəcəkdir. Amma mənim üçün bu, problem deyildir. Mənim üçün problem mənim işimdir. Mən bununla məşğul oluram.

Müslüm Maqomayev: Sizin memuarlarınızı oxumaq istərdim.

Tamara Sinyavskaya: Bəli, bu, elə bir roman, elə bir bomba olardı!

Müslüm Maqomayev: Ələlxüsus, Siz səmimiyyətlə söyləsəniz, hər şeyi açıqlasanız, onda bu...

Heydər Əliyev: Mən həmişə səmimiyəm.

Müslüm Maqomayev: Siz çox yaxşı görünürsünüz, biz həmişə Sizin barənizdə düşünürük. Yeri gəlmişkən, təkcə biz yox, hətta Rusiyadakı dostlarımız, Böyük Teatrın artistləri də...

Tamara Sinyavskaya: Hörmətlə, ehtiramla və məhəbbətlə düşünürlər.

Heydər Əliyev: Təşəkkür edirəm. Onların hamısına mənim salamlarımı və xoş arzularımı çatdırın. Sağ olun. Bəli, burada əvvəl işlədiyim dövrdə də və Moskvada işlədiyim dövrdə də görüşdüyümüz, birlikdə olduğumuz, məsələləri həll etdiyimiz insanlar çoxdur. Biz bir-birimizi yaxşı tanıyırıq, bir-birimizə yaxşı münasibət bəsləyirdik. Bu gün də onların hamısına, xüsusən incəsənət və ədəbiyyat xadimlərinə münasibətim çox yaxşıdır. Mən bu insanlara həmişə yaxşı münasibət bəsləmişəm.

Tamara Sinyavskaya: Yəqin Siz qəlbən, hər halda, artistsiniz.

Müslüm Maqomayev: Sizin Azərbaycanda Rusiya mədəniyyəti günlərinin iştirakçılarını, Böyük Teatrın gəlişini necə qarşılamağınız haqqında mən öz kitabımda lap çox yazıram. Mənim yazdığım fəsil «Əliyev qatarı» adlanır. Bilirsiniz nə üçün «qatar»? Ona görə ki, xatirinizdədirsə, Tamara ilə biz təzəcə evlənəndə, bizə qatara əyləşib Sizinlə Tulaya qədər getməyi təklif etmişdiniz.

Heydər Əliyev: Mən sizə Bakıya qədər demişdim, siz isə dediniz ki, Tulaya qədər.

Sonra Müslüm Maqomayev Prezident Heydər Əliyevə özünün daha bir işi barədə məlumat verdi:

Mən Sizin portretinizi çəkməyə başlamışam, ancaq sonra biləndə ki, Nikas Safronov, Tahir Salahov və təkcə onlar yox, başqaları da Sizin portretinizi çəkiblər - Sizin portretləriniz çoxdur, belə qərara gəldim: necə yəni, mən, müğənni, portret çəkəcəyəm? Heç yaxşı da düşmür. Əgər çəkəsi də olsam, yalnız özümdə qalacaqdır. Ancaq çəkdim. Həmkarlarım baxdılar...

Tamara Sinyavskaya: Sən demə, qoy Heydər Əliyeviç özü qiymət versin.

Müslüm Maqomayev: Mən ancaq deyirəm ki, Tahir Salahov, Nikas Safronov baxıblar.

Heydər Əliyev: Baxıblar?

Müslüm Maqomayev: Bəli, dedilər ki, pıs alınmayıbdır.

Tamara Sinyavskaya: Bir qədər əsəbiləşmişdilər.

Müslüm Maqomayev: Bir sözlə, mən portretı göstərəcəyəm. Əgər xoşunuza gəlsə, özümü xoşbəxt sayacağam. Əvvəlcədən xəbərdarlıq edirəm ki, mən hətta Sizin zahiri görüşünüzü deyil, daxili vəziyyətinizi çəkmişəm.

Tamara Sinyavskaya: Qəlbinizi.

Müslüm Maqomayev çəkdiyi portreti Prezident Heydər Əliyevə təqdim etdi.

Tamara Sinyavskaya: Bu, 1972-ci ildə bizim tanış olduğumuz həmin Heydər Əliyevdir.

Heydər Əliyev: Mən o vaxt cavan idim. Bilirsiniz, öz portretim haqqında danışmaq yaxşı düşmür, amma prinsip etibarilə yaxşıdır. Sağ olun. Başlıcası odur ki, bu işi üzərinizə götürmüsünüz, böyük zəhmət qoymusunuz, bunu qəlbən etmisiniz. Portret çox yaxşı alınıbdır. Əlbəttə, məni ev şəraitində çox az adam görür. Siz isə hamıdan çox görmüsünüz.

Müslüm Maqomayev: Bilirsiniz, Heydər Əliyeviç, kompliment Sizin fotoqrafınıza düşür, fotoşəklinizi o çəkmişdir. Mənim otağımda Sizin çoxlu fotoşəkliniz var. Mən eyni vaxtda bunların bir neçəsinə baxaraq çəkmişəm. Bu portretə oxşayan bir dənə də fotoşəkil yoxdur. Bu, ümumiləşdirilmiş obrazdır. Özümdən də nə isə əlavə etmişəm. Başqa sözlə, mən üzündən köçürməyi ümumiyyətlə bacarmıram.

Tamara Sinyavskaya: Sizi bilmirəm, amma mənim çox xoşuma gəlir.

Heydər Əliyev: Yaxşıdır. Sağ olun, Tamara. Sən yəqin onu ruhlandırmısan?

Tamara Sinyavskaya: Əlbəttə, məsləhət verirdim.

Heydər Əliyev: O, ruhlandırılmadan bunu edə bilməzdi. İndi məndə Müslüm Maqomayevin rəssamlıq əsəri olacaqdır. Orada sənin adın yazılıb?

Müslüm Maqomayev: Yazmadım ki, birdən Sizin xoşunuza gəlməz.

Heydər Əliyev: Sənə də təşəkkürümü bildirirəm. Tamara kimi sən də görkəmli müğənni, böyük şöhrəti olan musiqiçisən. Amma indi özündə başqa keyfiyyətlər də aşkar edirsən. Doğrudur, təkcə indi yox. Xatirimdədir, sən gənclik illərində oxumağa başlayanda sənin haqqında film var idi. Onu televiziya ilə göstərirdilər, sənin necə şəkil çəkdiyini, heykəl düzəltdiyini görmüşdüm. Mən həmin filmə baxmışam. İndi budur, sənin istedadının daha bir cəhəti üzə çıxdı. Ola bilsin, yenə nə isə üzə çıxacaqdır. Bu, mənə xoşdur, əzizdir, xüsusən də ona görə ki, sən ümumiyyətlə, peşəkar rəssam deyilsən, sən müğənni və musiqiçisən, amma yaxşı portret çəkmisən.

Tamara Sinyavskaya: Heydər Əliyeviç, Sizin gözəl kampaniyanız var - Cüzeppe Verdi, Pyotr İliç Çaykovski, Aleksandr Sergeyeviç Puşkin, Heydər Əliyeviç Əliyev.

Heydər Əliyev: Bundan əvvəl o, onları çəkmişdir?

Tamara Sinyavskaya: Yox, Sizin portretinizi çəkdi və bundan sonra başlandı. Yubileyi münasibətilə Puşkini çəkdi, sonra Raxmaninova, daha sonra Çaykovskiyə keçdi. Onun nəsə ilhamı gəlmişdi.

Heydər Əliyev: Deməli, bu, onun istedadını açmışdır.

Tamara Sinyavskaya: Onun istedadını Siz açmısınız.

Heydər Əliyev: Bu maraqlıdır. Şübhəsiz ki, mən hər şeyi xatırlayıram və hər şeyi qiymətləndirirəm. Vaxtilə sənin mənə həsr etdiyin «Azərbaycan» mahnısını da çox qiymətləndirirəm. Üzərində sənin sözlərin olan not yazısı da mənim kitablarımın arasındadır. Yəni tarix bundan istifadə edəcəkdir. Budur, indi də şəkil çəkmisən.

Müslüm Maqomayev: Ancaq bu, ev üçündür.

Heydər Əliyev: Aydındır ki, ev üçündür.

Tamara Sinyavskaya: Bu, bağ variantı adlanır.

Heydər Əliyev: Axı nə üçün? Mən onu verə bilərəm...

Müslüm Maqomayev: Yadımdadır, bu qısaqol köynək zolaqlı idi. Mən əvvəlcə zolaqlı çəkdim, sonra onları sildim, çünki mənə elə gəldi ki, bu, bir qədər ağ olur, sadə olmalıdır.

Tamara Sinyavskaya: Sizin geyiminizi dəyişdi. Heydər Əliyeviç, Siz indi nə demək istəyirdiniz, portreti muzeyə verəcəksiniz? Heç vaxt.

Heydər Əliyev: Yox, verməyəcəyəm. Bəs muzeyə verilsə, nə olar? Bu, pis deyildir. Çünki evdə onu tək özüm görəcəyəm, Muzeydə isə çox insanlar görəcəklər.

Müslüm Maqomayev: Özünüz bilərsiniz. Mən onu Sizə hədiyyə edirəm, sonrası isə...

Heydər Əliyev: Şəkil mənə məxsusdur və onun harada olacağı mənim işimdir.

Müslüm Maqomayev: Mən bu portretin slaydını gətirmişəm, xüsusi olaraq çıxarmışam.

Heydər Əliyev: Mənə göstərdiyiniz diqqətə görə bir daha sağ olun. Sağ olun ki, məndə həmişə sizə qarşı məhəbbət və diqqət hissləri var, siz bunu bilirsiniz.

Müslüm Maqomayev: Heydər Əliyeviç, sağ olun, vaxtmızı çox almayacağam. Onsuz da Sizin vaxtınızı almışıq. Umidvaram ki, Sizinlə hələ heç olmasa telefonla danışacağıq.