Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri (25-27 sentyabr 1997-ci il)

Qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən İtaliya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir.

25-27 sentyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub.

Səfər zamanı sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İtaliya Respublikasının Prezidenti Oskar Luici Skalfaro ilə görüşü zamanı ölkəmizin İtaliya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verməsi, habelə, Azərbaycanın İtaliyaya Avropanın böyük demokratik ənənələrə, inkişaf etmiş iqtisadiyyata malik dövlət, əməkdaşlıq üçün çox yaxşı tərəfdaş kimi baxması haqqında söhbət açıb. Görüş zamanı müstəqilliyimizin ilk illərində ölkəmizdəki daxili siyasi vəziyyət və Ermənistan-Azərbaycan arasındakı münaqişə mövzüsuna da toxunulub.

Həmin gün Prezident Heydər Əliyev Romanın «Giçi saray»ında Baş nazir Romano Prodi, habelə Parlament sarayında Senat sədri N.Mançio və Deputatlar Palatasının sədri L.Violante ilə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.

Azərbaycan dövlət başçısının İtaliyaya səfəri nəticəsində ölkələr arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb:

Münasibətlərin Prinsipləri haqqında Birgə Bəyanat, İqtisadi əməkdaşlıq haqqında Birgə Bəyanat, Mədəni, elmi və texnoloji əməkdaşlıq sazişi barədə Birgə Bəyanat, iki dövlət arasında 1997-1998-ci illər üçün texniki əməkdaşlıq haqqında saziş, Turizm sahəsində əməkdaşlıq haqqında müqavilə, Hava xidmətlərinə dair saziş, İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə.

Bu sazişlərdən başqa sentyabrın 26-da Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın «Eni-Acip» şirkəti arasında «Kürdaşı» blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə sənəd imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 26-da İtaliyanın «Aleniya» şirkətinin prezidenti Kvuaro Kvuani ilə görüşündə Azərbaycan-İtaliya münasibətlərinin daha da canlandırılması üçün geniş imkanların olmasından söz açıb.

Heydər Əliyev səfəri zamanı həmçinin Roma və Neapol şəhərlərinin merləri və «Enel», «ENİ» «Fata» kimi böyük İtaliya şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İtaliyanın «Lya Respublika» qəzetinə və «Sole 24 ope» kimi nüfuzlu gündəlik iqtisadiyyat jurnalına da müsahibələr verib.

Heydər Əliyev «Sole 24 ope» jurnalına verdiyi müsahibəsində bildirib: «Mənim ən böyük təəssüratım ondan ibarətdir ki, Sovetlər İttifaqı dağılıb və Azərbaycan öz dövlət müstəqilliyini əldə edib. Hesab edirəm ki, XX əsrin sonunda Sovetlər İttifaqının dağılması bəşər tarixi üçün çox böyük hadisədir. Bu, Azərbaycan xalqı üçün də böyük xoşbəxtlikdir. Məhz bunun nəticəsində Azərbaycan öz milli azadlığını, dövlət müstəqilliyini qazanıb». 

Azərbaycan Prezidenti Heydər Əliyevin İtaliya Respublikasına rəsmi səfəri bu ölkə ilə bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsi üçün böyük perspektivlər açıb.