Azərbaycan Prezidenti Heydər Əliyevin 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzinin birinci növbəsinin istifadəyə verilməsi mərasimində nitqi - 19 oktyabr 2000-ci il

- Hörmətli qonaqlar!

Hörmətli səfir!

Hörmətli xanımlar və cənablar!

Əziz energetiklər, inşaatçılar!

Bu gün artıq tikilib başa çatmış və istismara verilən istilik-elektrik mərkəzinin açılışı münasibətilə sizin hamınızı ürəkdən təbrik edir və bu gözəl elektrik enerjisi müəssisəsində çalışan və gələcəkdə çalışacaq insanlara uğurlar arzulayıram.

Keçən ilin avqust ayında biz bura toplaşaraq yeni istilik-elektrik mərkəzinin tikintisinin təməlini qoyduq. O vaxt bu elektrik mərkəzinin tikilməsi üçün maraq göstərmiş şirkətlər, - \"ABB Alstom Pover\" və başqa xarici şirkətlər, banklar, maliyyə mərkəzləri və onlarla bərabər bizim energetiklər, inşaatçılar söz verdilər ki, bu böyük elektrik müəssisəsinin inşasını qısa bir zamanda başa çatdıracaq və oktyabr ayında istismara verəcəklər.

Mən böyük minnətdarlıq hissi ilə bildirirəm ki, həm xarici şirkətlərin, həm də Azərbaycanın energetiklərinin, inşaatçılarının, bu tikintiyə cəlb olunmuş təşkilatların hamısı verdikləri sözü yerinə yetirdilər, uğur qazandılar və bu gün biz istilik-elektrik mərkəzinin açılışına toplaşmışıq.

Mən bu istilik-elektrik mərkəzinin tikilib müasir texnologiyaya malik, bu cür gözəl, yüksək keyfiyyətli avadanlıqla Azərbaycana verilməsi üçün zəhmət çəkmiş, səylər qoymuş maliyyə mərkəzlərinə səmimi qəlbdən təşəkkür edirəm. Bu tikintidə iştirak etmiş, zəhmət çəkmiş və qurğunu vaxtında istismara vermiş Azərbaycan energetiklərinə və inşaatçılarına da təşəkkür edirəm.

Bizim bugünkü toplantımız və bu nəhəng istilik-elektrik mərkəzinin açılışı tarixi bir hadisədir. Burada, həmin bu yerdə əsrin əvvəlində - 1902-ci ildə bax, orada gördüyümüz, artıq köhnəlmiş, çürümüş, qaralmış istilik-elektrik mərkəzi tikilmişdir. Təbiidir ki, o zaman üçün bu böyük hadisə idi. O vaxt Azərbaycanda neft sənayesi xarici şirkətlərin iştirakı ilə güclü inkişaf edirdi, neftayırma zavodları yaranmışdı, burada həm elektrik enerjisinə, həm də buxara ehtiyac vardı. Təbiidir ki, o vaxta görə həmin stansiyanın öz dəyəri vardı. Ancaq o vaxtdan 100 il keçibdir. Doğrudur, 50-ci illərdə, 70-ci illərdə stansiyanın modernləşdirilməsi üçün çox iş görülübdür. O, öz missiyasını, demək olar ki, həyata keçirib, Azərbaycana xidmət göstəribdir. Artıq indi qocalıb, daha xidmət göstərə bilmir.

Demək, bizim qarşımızda məsələ durmuşdu, nə etməli? Buna bizim ehtiyacımız var. Biz bu barədə məsələni müzakirə edərkən, \"ABB Alstom Pover\" şirkəti, başqa şirkətlər və xarici banklar öz təkliflərini verdilər. Biz bunlara baxdıq. Bu iş 55 milyon dollar vəsait tələb edirdi. Amma bizdə bu vəsait yox idi. Yəni vardı, amma biz onu bura sərf edə bilməzdik. Çünki başqa işlər də vardır. Bundan vacib başqa işlər, sahələr də vardır. Onlar kredit təklif etdilər. Bu kreditdən biz istifadə etdik. 55 milyon dollar kredit götürdük. Həmin şirkətlər çox böyük həvəslə və maraqla bu tikintiyə başladılar. Dediyim kimi, vaxtında, hamınız bir yerdə bunu başa çatdırdınız. İndi bizim gözümüzün önündə gözəl, müasir texnologiyaya malik, yüksək keyfiyyətli məhsul istehsal edən bir müəssisə durur.

Ona görə də mən deyirəm ki, bu, bizim həyatımızda tarixi hadisədir. 100 ildən sonra biz belə bir yeni elektrik stansiyası yaratdıq. Demək, XXI əsrə biz bax, belə gözəl, müasir texnologiyalı müəssisələrlə gedirik. Onlardan biri də budur.

Bu istilik-elektrik mərkəzi nəyə xidmət edəcəkdir? Birinci növbədə, Azərbaycan xalqına, ölkəmizin iqtisadiyyatına xidmət edəcəkdir. Mənə dedilər ki, bu stansiya işə düşən kimi, noyabrın 15-dən Əhmədli qəsəbəsində 15 min mənzil birbaşa buradan istiliklə təmin olunacaqdır. Bizim burada olan nəhəng neftayırma zavodumuz ona lazım olan buxarla təmin ediləcəkdir. Buxarla bizim başqa sahələr də təmin olunacaqdır. Bu, böyük hadisədir.

Bilirsiniz ki, Azərbaycanda 70-80-ci illərdə çox böyük elektrik enerjisi potensialı yaranıbdır. Bu gün mən bir daha qeyd etmək istəyirəm ki, əgər o illər biz Sovetlər İttifaqının imkanlarından istifadə edib hazırda mövcud olan elektrik stansiyalarını, su elektrik stansiyalarını yaratmasaydıq, indi müstəqil Azərbaycan böyük enerji böhranı içində idi. O vaxt biz çox uzaqgörənlik etdik. O vaxt biz Sovetlər İttifaqının proqramına riayət etmədik. Yəni ümumittifaq enerji sistemi yaranmışdı, SSRİ-nin hər bir respublikasını təmin edirdi. Stansiyaların da əksəriyyəti şimalda - Rusiyada toplanmışdı. Əgər biz ona arxayın olsaydıq, təbiidir ki, SSRİ dağılandan sonra, Azərbaycan müstəqil olandan sonra biz oradan elektrik enerjisini ala bilməzdik. Almaq üçün də böyük vəsait lazım olardı. Bu da indiki zamanda yoxdur.

Demək, 70-80-ci illərdə Azərbaycan Sovetlər İttifaqının tərkibində olan zaman ölkəmizdə böyük elektrik enerjisi potensialının yaranması bizim tarixi nailiyyətimizdir və bu günümüzün, sabahımızın, müstəqil Azərbaycanın müstəqil yaşaması üçün əsas şərtlərdən biridir.

Ancaq təbiidir ki, bu elektrik stansiyalarının bəziləri uzun müddət təmir olunmadığına, müəyyən dərəcədə modernləşdirilmədiyinə görə öz əvvəlki gücünü bir qədər itiriblər. Ona görə də indi Azərbaycanda elektroenergetika kompleksinin yenidən qurulmasının ikinci mərhələsi başlayıbdır. Onu da biz başlamışıq. Bunu müstəqil Azərbaycan başlayıbdır. Bunu müstəqil Azərbaycanın bugünkü iqtidarı başlayıbdır.

Bildiyiniz kimi, bir neçə ay bundan öncə biz Yenikənd Su Elektrik Stansiyasını tikib başa çatdırdıq və istismara verdik. Beləliklə, Azərbaycanın elektrik enerjisi sisteminə 112 meqavat əlavə elektrik enerjisi verdik. Burada bugünkü istilik elektrik mərkəzi 55 meqavat elektrik enerjisi verəcəkdir və dedim ki, 16 min mənzilin istiliklə təmin olunmasını həll edəcəkdir. Ancaq bunlar bizim bu sahədə gördüyümüz işlərin başlanğıcıdır. Biz Şimal Dövlət Elektrik Stansiyasını Yaponiyadan alınmış çox güzəştli kreditlərlə yenidən tikəcəyik. Onun üçün biz Yaponiya hökumətindən 40 il müddətinə 360 milyon dollar kredit alırıq. Mingəçevir Su Elektrik Stansiyasının bir neçə məsələlərini həll edib, onun potensialını artırmaq üçün də tədbirlər görürük. Başqa işlər də görürük.

Beləliklə, indiyə qədər görülən və bundan sonra görüləcək işlər təxminən 690-700 milyon dollar həcmində görüləcək işlərdir. Təsəvvür edin, əgər biz iqtsadiyyatımızın bu hissəsinə bu qədər vəsait tapıb onu istifadə edə biliriksə, onda görün Azərbaycanın dövlət müstəqilliyi nədir və ölkəmizin iqtidarı - biz müstəqil dövlətimizi, ölkəmizi necə gözəl idarə edirik, həm iqtisadiyyatımızın inkişaf etdirilməsi üçün, həm də xalqımızın rifah halının yaxşılaşdırılması üçün nə qədər böyük işlər görürük.

Bu ilin iyun ayında mən Azərbaycanda həm əhalinin, həm də bütün müəssisələrin elektrik enerjisi ilə təminatını təhlil edəndən sonra böyük fərman imzaladım. O fərman böyük bir proqram təşkil edir. O fərman ilə həm indi mövcud olan elektrik stansiyalarının təmiri, modernləşdirilməsi, həm də xarici kreditlər hesabına yeni elektrik stansiyalarının tikilməsi nəzərdə tutulurdu. Burada Müslüm İmanov məlumat verdi və baş nazir də təsdiq etdi ki, həmin fərman yerinə yetirilir. Bu məqsəd üçün biz dövlət vəsaitlərindən 18 milyon dollar, - burada İmanov dedi, 90 milyard manat, - vəsait ayırmışıq və o, istifadə olunur. Bu gün sizin qarşınızda deyirəm, vəsaitdən bundan sonra da səmərəli istifadə etmək lazımdır və sizin qarşınızda qoyulan vəzifəni yerinə yetirmək, yəni 15 noyabra bu barədə mənə raport vermək lazımdır. Güman edirəm ki, əgər bizim energetiklər, inşaatçılar, hökumət orqanları bu tədbirləri layiqincə yerinə yetirə bilsələr, biz ölkəmizin elektrik enerjisi ilə təchizatını xeyli yaxşılaşdıracağıq. Amma qarşıdakı bir, iki, üç il ərzində həmin mən dediyim o proqramı yerinə yetirəcəyik və beləliklə, Azərbaycanda daha elektrik enerjisi problemi olmayacaqdır.

Bu gün bizim qonaqlarımız öz çıxışlarında Azərbaycana yeni sərmayələr, kreditlər verilməsini və gəlib burada iş görmələrini arzu etdilər. Bu, çox sevindirici haldır. Onlar da öz çıxışlarında qeyd etdilər və bu da həqiqətdir ki, müstəqil Azərbaycanda bizim yaratdığımız ictimai-siyasi sabitlik olmasaydı, əgər müstəqil dövlət kimi Azərbaycan dünya birliyində etibar qazanmasaydı, əgər xarici banklar, Avropanın çox böyük, nəhəng şirkətləri Azərbaycan hökumətinə, dövlətinə inanmasaydılar, onları, necə deyərlər, zəncirlə də dartıb buraya gətirmək mümkün deyildi. Amma indi özləri gəlirlər, xahiş edirlər, özləri müraciət edirlər. Çünki xarici şirkətlərin Azərbaycanda səmərəli işləməsi üçün, təbiidir ki, özlərinin fayda götürməsi üçün və ölkəmizə vəsait qoyması üçün çox gözəl, münbit şərait yaranıbdır. Bu şəraiti biz yaratmışıq. Bu da Azərbaycanın müstəqilliyinin yeni böyük nailiyyətidir.

Burada bəyan edildi ki, bu istilik-elektrik mərkəzinin ikinci hissəsinin tikintisinə başlanacaqdır. O vaxt biz bunun təməlini qoyanda mən düşünürdüm: nə cür edəcəklər? Görürsünüz, onlar bu yeri seçdilər, belə gözəl müəssisə yaratdılar. Onun yanında da 100 il yaşayan istilik-elektrik mərkəzi durur. İndi ona da baxın, buna da baxın. Fərqi görürsünüz. İndi o dağılacaq, elədirmi?

Müslüm İmanov: Yox. Ehtiyat üçün iki il saxlayacağıq. İki ildən sonra olmayacaq.

Heydər Əliyev: Deyirlər ki, ehtiyat üçün iki il saxlayacağıq. Amma sonra dağıdılacaqdır. Burada, biz durduğumuz yerdə ikinci blok qoyulacaqdır. Onun da qiyməti 50 milyon dollardır. Deməli, biz 50 milyon dollar da kredit götürürük. İndiki qədər gücü olan istilik-elektrik mərkəzi yaradırıq. Beləliklə, stansiyanın gücünü iki dəfə artırırıq.

Ancaq energetiklərimiz bilməlidirlər ki, bu kreditləri biz qaytarmalıyıq. Özü də bu gün mən hər şeyi açıq demək istəyirəm ki, bu kredit bizə 14 illiyinə verilibdir. Müəssisənin istismara verildiyi gündən 6 ay keçəndən sonra kreditlərin geri qaytarılması 14 il müddətində təmin olunmalıdır. Ona görə də gərək bu istilik-elektrik mərkəzindən, birincisi, səmərəli istifadə edilsin. İkincisi də, bunun istifadəsindən əldə olunan gəlirlər hesabına o kreditlər qaytarılmalıdır.

Heç kəs düşünməsin ki, biz kreditləri alırıq, onları qaytarmaq üçün başqa mənbələr axtarmalıyıq. Başqa mənbələr yoxdur. Deməli, istehsal olunan, satılan elektrik enerjisinin, buxarın pulu gərək vaxtında ödənilsin, dövlətə gəlsin və dövlət də ondan istifadə edərək kreditləri qaytarmağa başlasın. Bunu heç kəs unutmasın. Bunu həm bizim energetiklər bilsinlər, həm də hər bir vətəndaş bilsin. Əgər biz Əhmədli qəsəbəsində 16 min mənzili bu stansiya vasitəsilə istiliklə təmin ediriksə, onlar onun haqqını verməlidirlər.

Əgər bizim neftayırma zavodu buradan aldığı buxarla öz istehsalını daha da səmərələşdirəcək və ildə 100 min tondan artıq yanacaq az sərf edəcəksə, demək, bunların hamısının haqq-hesabı olmalıdır. İnanıram ki, bizim insanlar, vətəndaşlarımız bu dediklərimi dərk edirlər. Biz həm istehsalı, iqtisadiyyatımızı inkişaf etdirmək üçün, həm də əhalini elektrik enerjisi ilə, istiliklə təmin etmək üçün bax, bu işləri görürük. Ancaq bizim müəssisələr də, vətəndaşlarımız da gərək bunları qiymətləndirsinlər. Bunun müqabilində öz üzərlərinə düşən vəzifələri yerinə yetirsinlər.

Biz artıq bu cür böyük işləri görməyə başlamışıq. Qeyd etdiyimiz kimi, bizim böyük proqramımız vardır. Bunu bütün xalqımız, millətimiz qiymətləndirir. Amma bəzi bədxahlar, bizim bu nailiyyətimizi istəməyənlər, Azərbaycanı yenə 7-8 il bundan əvvəlki bərbad vəziyyətə qoymuş adamlar bunların hamısını inkar edirlər. İndi bəziləri bu seçkiqabağı dövrdə çıxış edərək deyirlər ki, bu 7 ildə nə olubdur? Çox şey olubdur. İctimai-siyasi sabitlik təmin olunubdur, iqtisadiyyat inkişaf edibdir. İnsanlar rahat yaşayırlar. Biz belə böyük müəssisələr yaradırdıq. Budur bizim etdiklərimiz, budur bizim xalqa verdiklərimiz! Budur Azərbaycanın müstəqilliyinin bəhrələri və gözəl nəticələri!

Mən bu hadisə münasibətilə bir daha hamınızı təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, burada verilən vədlərə əməl edilərək, istilik-elektrik mərkəzinin ikinci növbəsi də vaxtında tikilib istismara veriləcək və biz yenə buraya toplaşacağıq, yenə də bir hadisəni qeyd edəcəyik.

Sizi bir daha təbrik edirəm. Sizə cansağlığı, səadət, yeni-yeni uğurlar arzulayıram.