Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məşhur müğənni və bəstəkar Müslüm Maqomayevin yubiley gecəsində nitqi - Respublika sarayı, 17 oktyabr 1997-ci il

Hörmətli dostlar, xanımlar və cənablar!

Biz bu gün burada Azərbaycanın zəngin mədəniyyətinin ən gözəl nümunələrindən, ən gözəl şaxələrindən biri olan Müslüm Maqomayevin yaradıcılığı ilə, onun mahnıları, əsərləri ilə yenidən görüşdük. Bu, xalqımızın, ölkəmizin həyatında əlamətdar hadisədir. Çünki Müslüm Maqomayev 35 ildir ki, öz sənəti, istedadı, gözəl səsi ilə Azərbaycan müsiqisinin, mədəniyyətinin inkişaf etdirilməsində görkəmli xidmətlər göstərib, Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yaymağa çalışıbdır və bu sahədə də çox gözəl nailiyyətlər əldə edibdir. Ona görə də bu gün hamımız böyük sevgi və məhəbbətlə bu möhtəşəm salona toplaşmışıq. Bu salonda olanların hamısı böyük məhəbbət və ehtirasla Müslüm Maqomayevin mahnılarını dinləyir, onun səsini dinləyirlər.

Azərbaycanın həyatında bu cür hadisələr xalqımızın nə qədər istedadlı və Azərbaycan mədəniyyətinin, incəsənətinin nə qədər zəngin olduğunu bir daha və bir daha nümayiş etdirir. Bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, mahnılarımız məhz belə fitri istedadlı şəxslər və onların fədakarlığı nəticəsində bu qədər yüksək zirvələrə qalxmışdır. Ona görə də mən əziz Müslüm Maqomayevi bu gün bir daha təbrik edərək, eyni zamanda bütün Azərbaycan xalqını, millətimizi bü böyük nailiyyətlə təbrik edirəm.

Mən sözlərimin birinci hissəsini ana dilimizdə, Azərbaycan dilində, dövlət dilimizdə dedim. Səhnədə olan və bu salonda oturan qonaqlarımız üçün tam aydın olmaqdan ötrü isə sözlərimin ikinci hissəsini rus dilində deyirəm.

Əziz Müslüm, əziz Tamara, hörmətli qonaqlar!

Siz bu gün bizim ictimaiyyətimizə, xalqımıza, respublikamıza yüksək sənətin, gözəl musiqinin daha bir parlaq nümunəsini, gözəl mədəniyyət nümunəsi bəxş etdiniz.

Əziz Müslüm, biz bu gün buraya sənə, sənin yaradıcılığına, şəxsiyyətinə və 35 illik yaradıcılıq, səhnə fəaliyyətin ərzində nail olduqlarına çox böyük məhəbbət və hörmət hissi ilə toplaşmışıq. Müslümün burada dediyi kimi, 35 il müğənninin həmişə eyni formada qalması, bəlkə də hətta bu formanı daim yaxşılaşdırması üçün, əlbəttə, böyük müddətdir. Biz bu gün şadıq ki, əzizimiz Müslüm bütün bu 35 ili çalışır, incəsənətimizi, mədəniyyətimizi zənginləşdirir və onun sənətinə pərəstiş edənlərin hamısını sevindirir.

Əziz Müslüm, avqustda mən sənə təbrik məktubu göndərərək öz fikirlərimi və hisslərimi qısaca şərh etmişdim. Həmin məktub bu gün burada oxundu, ancaq bugünkü günədək olan tarixi sanki yenidən vərəqlədiyim bu gecə o qədər həyəcanlandırıcıdır, elə hisslər doğurdu ki, mən səhnəyə qalxaraq Sizi bir daha təbrik etməyi və burada deyilənlərə əlavə olaraq daha bir neçə kəlmə söyləməyi qərara aldım.

Bəli, biz bilməliyik, özü də həmişəlik bilməliyik ki, bax, burada dayanan Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır.

Müslüm Maqomayevin Azərbaycan səhnəsinə ilk dəfə çıxması bizim xatirimizdədir, yəqin ki, burada oturanların da çoxunun yadındadır. Gənc, gözəl, hündürboy, amma çox arıq olan bu oğlan ilk dəfədən özünə böyük rəğbət oyandırdı.

Müslüm, Zabitlər evinin, Dənizçilər evinin ansambllarınını tərkibindəki ilk çıxışların və bütün sonrakı mərhələlər mənir xatirimdədirə O vaxt çoxlarına elə gəlirdi ki, cavan oğlandır da, yaxşı oxuyur. Amma musiqi biliciləri dərhal qiymətləndirdilər ki, yox, bu oğlanın böyük və parlaq gələcəyi var. Xatirimdədir, o vaxt mən maestro Niyazi ilə söhbət edirdim. Şübhəsiz ki, o, Müslümü uşaq yaslarından tanıyırdı. Mən ona istinad edirəm, çünki o zaman o, mənə və mənimlə bir yerdə olanlara dedi ki, bəli bu, Azərbaycan incəsənətində həqiqətən yeni, parlaq ulduzdur, həm də təkcə Azərbaycan incəsənətində yox.

Bəli, Müslüm həqiqətən Allahın istedad bəxş etdiyi, çox gözəl, bənzərsiz səsi, incəsənətə, mahnıya, müsiqiyə bağlı olan insandır. Əks halda o, bizim bütün bu illər ərzində tanıdığımız kimi ola bilməzdi. Ancaq eyni zamanda Müslüm bütün bu fitri keyfiyyətləri ilə yanaşı, Bakının, Azərbaycanın musiqi, incəsənət, mədəni mühitində idi. Ona görə də mən bu gün Müslümü, Tamaram, bütün qonaqlarımızı dinləyərkən o vaxtları xatırlayırdım.

Əsrimizin əvvəlində musiqidəki, yüksək incəsənətdəki mühit məhz böyük Üzeyir Hacıbəyovun və böyük Müslüm Maqomayevin yaradıcılıqları sayəsində çox güclü şəkildə özünü göstərirdi. Onlar gözəl məktəb yaratmışlar. Üzeyir Hacıbəyovun yaratdığı Azərbaycan Dövlət Konservatoriyasını götürək, - bizim müsiqiçilərimizin, bəstəkarlarımızın, incəsənətimizin görkəmli xadimlərinin böyük bir nəsli buradan keçmişlər və bütün əsr ərzində Azərbaycanı sevindirirlər, Azərbaycan xalqının musiqidə, incəsənətdə nəyə qadir olduğunu nümayiş etdirirlər.  Məhz Üzeyir Hacıbəyov, Əbdül, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi, Rəşid Behbudov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Rauf Hacıyev, indi burada bizimlə bir yerdə olan Tofiq Quliyev və bir çox başqaları - məhz onlar və onların silahdaşları Azərbaycanda bu gözəl müsiqi mühitini, bu gözəl incəsənət mühitini yaratmışlar. Otuzuncu, qırxıncı, əllinci illərin və sonrakı illərin Azərbaycanı həqiqətən bununla məşhur idi.

Bizim əzizimiz Müslüm də bax, bu mühitdə doğulmuş, boya-başa çatmış və belə böyük müğənni, böyük musiqiçi və böyük vətəndaş olmuşdur. Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. O, gözəl oxuyur, musiqi alətlərində gözəl çalır, çoxlu gözəl mahnılar bəstələyib. Gözəl şəkil çəkməsinə, heykəltəraşlıq istedadına gəldikdə, bu da məlumdur. Görün, bir insanda nə qədər çoxşaxəli, böyük istedad cəmləşibdir. Sevinrik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan müsiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və indiyədək olduğu və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir.

Müslümün xidmətləri çoxdur, ancaq onun “Azərbaycan” mahnısını - özünün və gözəl xanımını Tamara Sinyavskayanın burada əla ifa etdikləri mahnını Müslümün ən böyük xidməti hesab edirəm. Bilirsiniz, böyük incəsənət ustaları bəzən cəmi bir əsər yaradaraq tarixi şəxsiyyətə çevrilirlər. Əgər Müslümün heç nəyi olmasaydı da, mənim fikrimcə o, təkcə “Azərbaycan” mahnısına görə ən yüksək hörmətə, ən böyük ehtirama layiqdir. Şükürlər olsun, yurdumuza, respublikamıza, xalqımıza çoxlu şerlər, mahnılar, çoxlu musiqi əsərləri həsr olunmuşdur. Onların

hamısı gözəldir, hamısı bizi sevindirir. Ən başlıcası isə yurdumuza, vətənimizə - Azərbaycana həsr olunmuş hər bir belə mahnı, hər bir belə musiqi insanlarımızda, məsələn, şəxsən məndə vətənpərvərlik hissi, iftixar, sevinc hissi doğurur ki, bizim Azərbaycanımız var, Azərbaycana həsr edilmiş belə mahnılar, serlər var və bu gün müstəqil, azad Azərbaycan var. Mənə elə gəlir ki, Müslüm Maqomayev bizim gözəl şairimiz Nəbi Xəzri ilə birlikdə bu mahnını yazanda onlar yəqin ki, gələcəyə baxmışlar, çünki bu mahnı həqiqətən azad müstəqil Azərbaycanın himni kimi səslənir. Müslüm özü isə bu mahnını necə hissiyyatla ifa edir:

“Ömrümün mənasısan,

Qardaşlıq dünyasısan,

Anamın anasısan,

Azərbaycan!”

Şübhəsiz, bütün bunlar təkzibedilməz surətdə göstərir ki, Müslüm bizim fəxrimizdir, Müslüm bənzərsizdir. Biz Müslümə daha böyük yaradıcılıq gələcəyi arzulayırıq və şübhə etmirəm ki, Müslüm öz yaradıcılığı və işləri ilə bizi həmişə sevindirəcəkdir.

Ancaq mən Tamara Sinyavskaya haqqında da deməliyəm. Mən onların ailə qurduğu günləri xatırlayıram. Bu, iyirmi beş il öncə olmuşdur. Mənim yadımdadır, Müslüm və Tamara məhz Bakıda, burada Rusiya Federasiyasının mədəniyyət günləri keçiriləndə tanış olmuşdular. Görünür, o vaxt Tamara ər, Müslüm isə həyat yoldaşı axtarırdı. Onlar bir-birini məhz Bakıda tapdılar.

Açığını deyirəm, mən Müslümə oğlum kimi münasibət bəsləyirdim və Azərbaycanın rəhbəri olan vaxtdan, yəni 1969-cu ildən etibarən onunla əlaqə saxlayırım. Onlar evlənəndə mən çox sevindim, onlar mənim qonağım oldular. Həmin vaxtdan onların həm yaradıcılığını, həm də, şübhəsiz, birgə həyatlarını müşahidə edirəm. Allaha şükürlər olsun ki, yaxşı, mehriban yaşayırlar, aralarında söz-söhbət yoxdur. Çünki belə adamlar ümumiyyətlə, çox nadir hallarda birgə yaşaya bilirlər. Ancaq görünür, onlar bir-birini həqiqətən elə seviblər və bir-birini elə tamamlayırlar ki, gözəl ailə qurublar. Şübhəsiz, biz şadıq ki, Müslümün belə gözəl, görkəmli müğənni, Böyük Teatrın aktrisası olan xanımı var. Müslümlə olduğu kimi, biz Tamara ilə də fəxr edirik, çünki o da bizə doğmadır, iyirmi beş ildir bizimlə bir yerdədir. O, bizə doğmadır və bizim tamaşaçımız elə hesab etmir ki, Tamara haradasa Moskvadadır, hesab edir ki, Tamara da həmişə Azərbaycandadır.

Tamara Sinyavskaya qeyri-adi, gözəl müğənnidir, amma bizim üçün yaxşı gəlindir. Tamara, bu gözəl yubiley münasibətilə Sizi təbrik edirəm və düşünürəm ki, Sizinlə birlikdə biz Müslümün yaradıcılıq fəaliyyətinin qırx illiyini və ondan sonrakı daha başqa-başqa yubileylərini qeyd edəcəyik. Hər halda, mən buna ümid bəsləyirəm.

Müslüm, sağ ol ki, səninlə birlikdə Böyük Teatrın bu cür gözəl müğənniləri gəliblər. Bilirsiniz, biz bu gün yenidən Böyük Teatrın ruhunu hiss etdik. Axı Böyük Teatr doğrudan da çox yüksək sənət deməkdir. İndi biz dünyada çox şeyləri bilirik, əvvəl az bilirdik, yalnız ölkəmizi - o vaxtkı Sovetlər İttifaqını tanıyırdıq. İnsan özününkünü heç vaxt qiymətləndirə bilmir. O vaxt biz də Böyük Teatrın nə demək olduğunu qiymətləndirə bilməmişik. Biz azad olduqdan, demək olar, bütün ölkələri gəzdikdən, başqa teatrlarla, o cümlədən dünyanın musiqi baxımından ən inkişaf etmiş ölkələrinin opera və balet teatrları ilə tanışlıqdan sonra deyə bilərik ki, bəli, Böyük Teatr rus mədəniyyətinin, rus musiqisinin, rus incəsənətinin şöhrəti və fəxridir. Şübhəsiz ki, Böyük Teatr bütün respublikalarda, o cümlədən də Azərbaycanda musiqi mədəniyyətinin inkişafına çox böyük təsir göstərmişdir. Biz Böyük Teatrın solistlərini həmişə sevinclə qarşılayırıq. Hesab edirəm ki, bizim dostlarımız, qonaqlarımız Müslüm Maqomayevin yubileyini qeyd etmək üçün buraya gəlmiş qonaqlarımızı bu gözəl salonun necə heyranlıqla, gurultulu alqışlarla qarşıladığını gördülər. Mən sizə təşəkkür edir və yaradıcılıq uğurları arzulayıram.

Bir halda ki, mən səhnəyə qalxmışam, hələ bir az danışacağam. Bizim veteranımız Lütfiyar İmanov haqqında hec cür deməyə bilmərəm. Bir görün, neçə ildir oxuyur. O, yaradıcılıq fəaliyyətinin neçə ildən ibarət olduğunu bilmir, hələlik deməyib. Amma necə gözəl oxuyur. Ən əsası isə odur ki, həmişə sıradadır, cavan, şuxdur, yaxşı formadadır.

Bizim Rauf Abdullayev (alqışlar). Görürsünüz, sözümü bitirməyə qoymurlar. Onun təkcə adını çəkəndə nə qədər alqışlar qopur və buna layiqdir. Çünki Azərbaycanda simfonik musiqinin inkişafında onun xidmətlərini hamımız bilirik, nə qədər işlər görüb, bu gün də görür və hesab edirəm ki, gələcəkdə bundan da çox edəcəkdir.

Bizim Rus Dram Teatrının gözəl aktrisası Lyudmila Duxovnaya buradadır. Biz rus dram teatrını həmişə sevmişik və indi də sevirik, orada vaxtilə çalışanları və bu gün rus teatrında işləyənləri heç vaxt unutmuruq, onlar da bizim üçün əzizdirlər. Lyudmila Duxovnaya onların cərgəsində fəxri və xüsusi yer tutur.

Görün, bu gün necə bir rəngarənglik var - Böyük Teatr, yüksək peşəkarlığa malik opera sənəti, simfonik orkestr və bizim ölməz musiqi alətimiz olan tar. Mən hesab edirəm, xalqımızın - Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, bizim əcdadlarımız belə bir musiqi aləti yaradıblar və o yaşayır, milli hisslərimizi gözəl, hər hansı bir alətdən daha yaxşı ifadə edir. Bizim Ramiz Quliyev və onun gözəl oğlu Əyyub bu alətdə əla çalırlar.

Rəşid Behbudovun qızının öz atasının ənənələrini səhnədə davam etdirməsi, şübhəsiz ki, məni sevindirir. Rəşidi hamının sevdiyini ailəniz yəqin ki, bilir. Ümumiyyətlə, Azərbaycanda ona sonsuz məhəbbət vardır. Ancaq mən öz hisslərimdən danışa bilərəm - mən onu çox sevirdim, uzun illər ərzində onunla dostluğum olub. O, məhz müğənni, artist kimi, Azərbaycan mahnılarının və Azərbaycanın gözəl opera ariyalarının solo ifaçısı kimi mənim üçün çox sevimli və əziz adam idi. Eyni zamanda o, gözəl insan idi. Onunla dəfələrlə görüşmüşəm. Mən şadam ki, vaxtilə mahnı teatrı yaratmaqda ona kömək etmişəm, öz yaradıcılığını daha dolğun şəkildə açıq göstərməsi üçün əlimdən gələni etmişəm. Onun yubileyi düz bir ildir davam edir və Rəşid Behbudovun səksən illiyinə həsr edilmiş yekun yubiley tədbirləri, şübhəsiz ki, ən yüksək səviyyədə keçiriləcəkdir. Xoşdur ki, onun qızı bu gün burada Müslüm Maqomayevlə birlikdə bu cür gözəl çıxış etdi.

Biz Müslümlə razılaşmışdıq ki, bu gün danışıq az, mahnı isə çox olsun. Amma belə oldu ki, siz məni yenə danışmağa vadar edirsiniz. Bəli, Azər Zeynalov həqiqətən cavan, ancaq çox ümidverici müğənnidir. Mən hesab edirəm ki, onun gözəl gələcəyi var və o öz istedadını, bacarığını və öz sənətini artıq nümayiş etdiribdir. Təsadüfi deyil ki, o, belə tezliklə bu cür nüfuz, hörmət və məhəbbət qazanıbdır. Mən şadam ki, bizdə Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Azər Zeynalov nəsillərinin əlaqəsi qırılmır. Baxın, silsilə qırılmır. Bu, böyük xoşbəxtlikdir.

Hesab edirəm ki, bizim simfonik orkestr və simfonik orkestrin musiqiçiləri ən fədakar insanlardır. Bütün çətinliklərə baxmayaraq, onlar öz peşələrindən, öz sənətlərindən ayrılmırlar. Bizim simfonik orkestr yaşayır və yaşayacaqdır.  Mən demişəm və bu gün də təntənəli surətdə vəd edirəm - bizim simfonik orkestrə ən əlverişli şərait yaratmaq üçün tədbirlər görəcəyik ki, o, fəaliyyət göstərsin.

Bir daha təbrik edirəm.