|
İkitərəfli siyasi münasibətlər: Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb.
İki ölkə arasında əməkdaşlıq münasibətləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Heydər Əliyev və Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Ümumilikdə isə həmin səfər zamanı iki dövlət arasında ticarət - iqtisadi və elmi - texniki əməkdaşlıq haqqında, iki dövlətin müvafiq əraziləri arasında və hədlərindən kənarda hava əlaqəsi haqqında, cinayət işləri üzrə hüquqi yardım haqqında, dostluq münasibətləri və əməkdaşlıq haqqında və digər saziş və müqavilələr imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Xalq Məclisində çıxış edib. Prezident Heydər Əliyev çıxışında bildirib: \"Azərbaycan sülhsevər dövlətdir, biz Ermənistanın və digər qonşu ölkələrin torpaqlarına göz dikməmişik. Ancaq öz torpaqlarımızı da başqa ölkəyə verə bilmərik. Buna görə də biz öz ərazi bütövlüyümüzü qoruyur, torpaqlarımızı müdafiə edirik və bu müharibəni ancaq və ancaq özümüzü müdafiə etmək üçün aparırıq\".
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda nitq söyləyib.
1999-cu ilin dekabrında Bolqarıstan Prezidenti Peter Stoyanov Azərbaycanda rəsmi səfərdə olub və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşüb. Azərbaycanla Bolqarıstan arasında ikitərəfli sənədlər imzalanıb. Sənədlər sırasına prezidentlər Heydər Əliyev və Peter Stoyanov tərəfindən imzalanan birgə bəyanat, statistika sahəsində əməkdaşlıq haqqında, Azərbaycan və Bolqarıstan hökumətləri atasında gömrük işi, standartlaşdırma və metrologiya, turizm sahəsində əməkdaşlığa dair sazişlər daxil olub. 25 sentyabr 2002-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bolqarıstan Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Bolqarıstanın sabiq prezidenti Jelyu Jelev Azərbaycanla münasibətlərini davam etdirərək dəfələrlə ölkəyə səfərə gəlib və dövlət başçısı Heydər Əliyevlə görüşüb. 2006-cı ilin sentyabrında o, Balkan siyasi klubunun rəhbəri kimi bir daha Azərbaycanda olaraq prezident İlham Əliyevlə görüşüb.
2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Azərbaycan - Bolqarıstan münasibətlərinin genişlənməsinə xüsusi diqqət yetirib. Bolqarıstan Prezidenti Georgi Pırvanov 2004-cü ilin oktyabrında Azərbaycana rəsmi səfər edib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində hər iki ölkənin mövcud əlaqələri daha da inkişaf etdirmək niyyəti ifadə olunub. Bolqarıstan prezidentinin bu səfəri zamanı tərəflər arasında birgə bəyannamə, səhiyyə, iqtisadiyyat, nəqliyyat sahələrində yeni sazişlər imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci ilin sentyabrında Bolqarıstana rəsmi səfərə gedib. İki ölkə prezidentinin təkbətək görüşündə Azərbaycan Prezidenti İlham Əliyev regional və beynəlxalq çərçivədə Bolqarıstanla əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin yüksək səviyyəyə çatdırılması üçün potensial imkanların olduğunu bildirib. Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan prezidentlər bu problemin sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildiriblər. Bolqarıstan prezidenti Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləyəcəklərini bildirib. Prezident İlham Əliyevin Bolqarıstana bu səfəri zamanı Prezidentlərin Birgə Bəyannaməsi, iki hökumət arasında Avropa və Avro - Atlantik inteqrasiya sahəsində Memorandum, sadələşdirilmiş viza rejimi haqqında Saziş, gömrük əməkdaşlığının dərinləşdirilməsi, o cümlədən kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində Qarşılıqlı Anlaşma Protokolu imzalanıb.
2008-ci il martın 10-da Bolqarıstan Prezidenti Georgi Pırvanov Azərbaycana işgüzar səfərə gəlib. İki prezident arasında iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı məsələlər müzakirə olunub.
2009-cu il yanvarın 22-də Bolqarıstan prezidenti Georgi Prvanov qısamüddətli səfərlə Azərbaycana gəlib. Prezident İlham Əliyevin və prezident Georgi Pırvanovun təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Prezident İlham Əliyev 13 noyabr 2009-cu ildə Bolqarıstandaişgüzar səfərdə olub və Prezident Georgi Pırvanovla görüşüb. Prezident İlham Əliyevin və Georgi Pırvanovun iştirakı ilə Azərbaycan-Bolqarıstan arasında sənədlərin imzalanması mərasimi olub. Sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Georgi Pırvanov birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev bəyanatla çıxış edərək deyib: \"Siyasi əlaqələrin yüksək səviyyədə olması əlbəttə ki, bütün başqa sahələrə də öz müsbət təsirini göstərir. Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıqda Bolqarıstanın çox önəmli rolu vardır. Azərbaycanın Avratlantika strukturlarına inteqrasiya prosesində Bolqarıstan bizə həmişə dəstək vermişdir\".
Mədəni əlaqələr: Azərbaycan -Bolqarıstan mədəni əlaqələri uğurla inkişaf etməkdədir. 2002-ci ildə Bakı Slavyan Universiteti ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 2002-ci il 26-31 oktyabr - Bolqarıstan Respublikasının sabiq prezidenti Jelyu Jelevə Bakı Slavyan Universitetinin Fəxri doktoru adı verilib.
2004-cü il oktyabrın 7-də Bolqar Dili və Mədəniyyəti Mərkəzi Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun iştirakı ilə açılıb. Bolqar Dili və Mədəniyyəti Mərkəzinin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. 1996-cı ildən Bakı Slavyan Universitetində bolqar dili tədris olunur.
13 noyabr 2008-ci ildə Bakı şəhərində tanınmış bolqar rəssamı Emil Stoyçevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun hamiliyi altında fərdi sərgisi açılıb.
Ümumi tarixi arayış 5 aprel 2010-cu il tarixdə tərtib olunub.