İtaliya Xarici Ticarət Əlaqələri Nazirliyinin Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda Heydər Əliyevin çıxışı - Roma, 25 sentyabr 1997-ci il

Hörmətli nazir, xanımlar və cənablar!

İtaliyaya rəsmi səfərimin birinci günü başa çatır və mən bugünkü gündən, burada görülmüş işdən son dərəcə razıyam.

Demək istəyirəm ki, İtaliya prezidenti cənab Skalfaro, baş nazir cənab Prodi ilə çox səmərəli danışıqlarımız, söhbətlərimiz oldu və mən onların nəticələrindən razıyam. Bugünkü günün mühüm yekunu həm də ondan ibarətdir ki, İtaliya ilə Azərbaycan arasında ilk dəfə olaraq hökumətlərarası, dövlətlərarası sənədlər imzalandı. Baş nazir cənab Prodi ilə mənim imzaladığım iki bəyannamə, habelə hökumətlərimiz arasında imzalanmış bir neçə saziş əməkdaşlığımızı daha da genişləndirmək və dərinləşdirmək üçün yaxşı müqavilə-hüquqi əsas yaratdı.

Mən buna böyük əhəmiyyət verirəm ki, bu sənədlərdə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığımızın prinsipləri öz əksini tapmışdır. Buna görə də mən hesab edirəm ki, bugünkü gün İtaliya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə yeni mühüm mərhələ açır. Əminəm ki, biz gələcəkdə daha böyük nəticələrə nail ola biləcəyik.

Siyasi bəyannamənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək, Ermənistan-Azərbaycan münaqişəsini Lissabon Zirvə toplantısında qəbul olunmuş üç prinsip əsasında dinc yolla aradan qaldırmaq zəruriliyi ilə bağlı müddəalarını, bu sənədin bəzi digər mühüm müddəalarını xüsusi nəzərə çarpdırmaq istəyirəm. Ölkəmiz Ermənistan tərəfindən təcavüzə məruz qalmış, bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizini erməni silahlı birləşmələri işğal etmiş, Azərbaycanın işğal olunmuş rayonlarının bir milyon nəfərdən çox sakini öz yaşayış yerlərindən didərgin salınmış və onlar çətin vəziyyətdə çadırlarda yaşayırlar. Odur ki, ölkəmiz belə siyasi köməyə, xüsusən də İtaliya kimi bir ölkə tərəfindən köməyə ehtiyac duyur.

Mən bunu yüksək qiymətləndirirəm ki, İtaliya Respublikasının prezidenti də, baş naziri də Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü əsasında, Lissabon Zirvə toplantısının üç prinsipi əsasında dincliklə aradan qaldırmaq məsələsində İtaliyanın mövqeyinin dəyişməz olduğunu aydın bəyan etdilər.

İtaliya dünyanın ən iri ölkələrindən biridir, ən inkişaf etmiş yeddi dövlət sırasına daxildir, zəngin tarixə, milli ənənələrə malikdir. İtaliya planetdə, o cümlədən Azərbaycanda bütün insanların diqqətini həmişə cəlb etmişdir. İtaliyada, Romada olarkən mən dünya sivilizasiyasının inkişafına İtaliya rəssamlarının, musiqiçilərinin, memarlarının, alimlərinin, ictimai, dövlət xadimlərinin verdikləri töhfəyə heyran qaldığımı söyləməyə bilmərəm. Romada hər yerdə çox görkəmli arxitektura və sənət əsərlərinə rast gəlirsən. Biz gənclik çağlarından İtaliyanın tarixini, xüsusən rəssamların, arxitektorların, bəstəkarların, musiqiçilərin əsərlərini böyük məhəbbətlə öyrənmişik. Yadımdadır, hələ cavanlığımda, universitetin arxitektura fakültəsinin tələbəsi olduğum illərdə qədim Romanın, İtaliyanın arxitektura abidələrini - Kolizeyi, Müqəddəs Pyotr məbədini, Sikstin kapellasını və bir çox digər abidələri böyük məhəbbətlə öyrənirdim. Mikelancelo, Rafael, Leonardo da Vinçi kimi görkəmli incəsənət, heykəltəraşlıq, arxitektura ustalarının adları həmişə heyranlıq hissləri doğurur. Xatirimdədir, mən Moskvada işləyərkən Leonardo da Vinçinin \"Cokonda\" əsərini oraya gətirmişdilər. Bir görəydiniz, bu heyrətamiz əsərə heç olmasa bir dəfə baxmaq üçün necə böyük növbələr yaranırdı! İtaliyanın ən yaxşı sənət, arxitektura ustalarının qüvvələri və dühası ilə ucaldılmış bu tarixi abidədə, belə bir gözəl evdə olduğumuz vaxtda bizi, şəxsən məni son dərəcə böyük heyranlıq hissləri bürüyür. Mənə dedilər ki, bu divar naxışları Rafaelə məxsusdur.

Bütün bunlardan saatlarla danışmaq olar və bununla da italyanları təəccübləndirə bilməzsən. Hətta ola bilər ki, bütün bunları eşitmək sizi bezikdirmişdir. Lakin biz İtaliya rəssamlarının, arxitektorlarının bu gözəl əsərlərinə tamaşa etdikdə öz heyranlığımızı gizlədə bilmirik. Bunu deməkdə məqsədim bizlərdən hər birinin İtaliyaya, İtaliya xalqına, onun tarixinə dərin ehtiram hissləri bəslədiyimizi nəzərə çarpdırmaqdır.

Bu zəngin tarixlə yanaşı, indi İtaliya iqtisadi cəhətdən inkişaf etmiş bir ölkədir, yüksək demokratiya və mədəniyyət nümunələri nümayiş etdirir. İtaliya öz siyasətinə görə Avropa Birliyində də, Dünya Birliyində də böyük əhəmiyyətə malikdir. Azərbaycanın İtaliya ilə öz münasibətlərini möhkəmlətmək və genişləndirmək niyyəti bütün bunlara əsaslanır. Üstəlik, İtaliya və Azərbaycan cənub ölkələridir, adamların xarakterində də, musiqimizdə də, təbii şəraitimizdə də, hətta milli mətbəximizdə və bir çox digər sahələrdə də çoxlu oxşar cəhətlərə malikdirlər. Bunların hamısı əməkdaşlığımız üçün əlverişli şərait yaradır.

Biz artıq bu istiqamətdə böyük addımlar atırıq. Demək istəyirəm ki, Xəzər dənizinin Azərbaycan sektorundakı \"Kürdaşı\" neft və qaz yatağının birgə işlənməsi haqqında bu gün Azərbaycan Dövlət Neft Şirkəti ilə İtaliyanın \"Eni\" şirkəti arasında imzalanmış müqavilənin son dərəcə böyük perspektivi var.

Azərbaycanda biz bütün sahələrdə - siyasi, ictimai, xüsusən iqtisadi sahələrdə demokratik dəyişikliklər həyata keçiririk. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri möhkəm bərqərar edilir, əcnəbi sərmayədarlar üçün əlverişli şərait yaradılmışdır. Bütün bunlar \"Eni\" kimi ən iri şirkətlərlə yanaşı, kiçik və orta biznesi təmsil edən şirkətlərin də Azərbaycana gəlməsi üçün yaxşı zəmin yaradır.

Bununla əlaqədar Azərbaycanda investisiya imkanlarına dair İtaliya biznesmenləri üçün xüsusi təqdimat mərasimi keçirilməsi barədə, cənab nazir, sizin irəli sürdüyünüz təklifi tamamilə dəstəkləyirəm. Biz bu mərasimdə yaxından iştirak edəcəyik və sizi əmin edirəm ki, İtaliyanın işgüzar dairələrini inandırmağa çalışacağıq ki, Azərbaycanda çox iş görmək və yaxşı nəticə əldə etmək olar. Yəni əməkdaşlığımız üçün yaxşı imkanlar açılır. Mən sizi fəal əməkdaşlığa dəvət edirəm.

Qonaqpərvərlik üçün, bu gün səhərdən indiyədək əhatə olunduğumuz dostluq və səmimilik mühiti üçün sizə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, sizlərdən hər biri bizə gəldikdə Azərbaycanda da bu cür dostluqla və qonaqpərvərliklə əhatə olunacaqsınız. Sizə bir daha işlərinizdə uğurlar, sülh və firavanlıq arzulamaq istəyirəm.

İtaliyanın şərəfinə, İtaliya xalqının sağlığına badə qaldırıram! İtaliya prezidentinin sağlığına, İtaliya baş nazirinin sağlığına, hörmətli dostlar, sizin sağlığınıza badə qaldırıram! İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi və inkişaf etməsi şərəfinə, sizin gələcək uğurlarınız şərəfinə, sizin sağlığınıza badə qaldırıram!

\"Azərbaycan\" qəzeti, 26 sentyabr 1997-ci il