Bu il Birləşmiş Millətlər Təşkilatının insan hüquqları haqqında qəbul etdiyi Ümumdünya bəyannaməsinin 50-ci ildönümüdür. Azərbaycanda da bu il insan hüquqları problemlərinə həsr olunan ildir. Biz bu münasibətlə ilin əvvəlində lazımi qərarlar qəbul etmişik və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya insan hüquqları bəyannaməsinin 50-ci ildönümü münasibətilə tədbirlərin hazırlanması, keçirilməsi üçün Dövlət Komissiyası təşkil etmişik.
Hesab edirəm ki, ilin əvvəlindən indiyədək çox işlər görülmüşdür və bu gün Dövlət Komissiyasının iclasına toplaşmışıq. İclasa komissiyanın üzvləri ilə yanaşı, respublikanın dövlət, hökumət orqanlarının məsul vəzifəli şəxsləri, Azərbaycanda fəaliyyət göstərən qeyri-dövlət təşkilatlarının nümayəndələri də dəvət olunubdur. Bugünkü iclasın məqsədi görülən işləri təhlil etmək və Azərbaycanda insan hüquqları ilə əlaqədar gələcək tədbirləri müəyyən etməkdir.
Yekun nitqi
- Hörmətli komissiya üzvləri, xanımlar və cənablar!
Komissiyanın iclasında komissiya üzvlərinin və iclasa dəvət olunmuş qeyri-dövlət təşkilatları nümayəndələrinin çıxışlarında Azərbaycanda insan hüquqlarının vəziyyəti və son illər görülən işlər, əldə olunun nailiyyətlər haqqında ətraflı məlumat verildi. Bunların əsasında məmnuniyyətlə demək olar ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya, beynəlxalq insan hüquqlarının qorunması haqqında qəbul etdiyi bəyannaməni biz Azərbaycanda son illərdə əməli surətdə həyata keçiririk və xeyli işlər görülüb, müəyyən nailiyyətlər də əldə olunubdur.
Bu sahə Azərbaycan cəmiyyəti üçün yeni sahədir. Bu sahə Azərbaycanın dövlət müstəqilliyi əldə olunandan sonra Azərbaycanda real yaranmış bir sahədir. Doğrudur, keçmişdə bizim tərkibində olduğumuz sovetlər ittifaqı dövləti də 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş bəyannaməyə qoşulmuşdur. Ancaq etiraf etmək lazımdır ki, sovetlər ittifaqında bəyannamədən irəli gələn vəzifələr demək olar ki, həyata keçirilməmişdir. Çünki sovetlər ittifaqı öz ideoloji prinsipləri çərçivəsində yaşayırdı. Bir də, demək olar ki, bu bəyannamənin məzmunu, mənası, əhəmiyyəti haqqında az məlumata malik idi.
Azərbaycan dövlət müstəqilliyini əldə edən andan Birləşmiş Millətlər Təşkilatının bəyannaməsinə qoşulmuş hesab olunur. Ancaq Azərbaycanda da dövlət müstəqilliyi əldə ediləndən sonra dərhal bu sahədə lazımi işlər görülməsinə başlanmamışdı. Bəlkə də bunu heç gözləmək də mümkün deyil. Çünki dövlət müstəqilliyini bəyan edən hər bir ölkə bir çox çətin və ağır problemlərlə rastlaşır və bilirsiniz ki, Azərbaycan daha da çətin, daha da ağrılı problemlərlə rastlaşmışdır. Ermənistanın Azərbaycana etdiyi təcavüz, gedən müharibə və o illər Azərbaycanın daxilində mövcud olan mürəkkəb, çətin, qarmaqarışıq ictimai-siyasi vəziyyət - bunlar hamısı, təbiidir ki, insan hüquqlarının qorunması ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının bəyannaməsinin Azərbaycanda həyata keçirilməsi üçün lazımi şərait yaratmamışdı. Amma eyni zamanda, bunun subyektiv səbəbləri də vardır. Bəzi dövlət orqanları, yaxud dövləti təmsil edən şəxslər, əksinə, insan hüquqlarını kobudcasına pozmuşlar və insan hüquqları ilə əlaqədar olan tələblərin həyata keçirilməsinin qarşısını almışlar, yaxud da ona mane olmuşlar.
Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesini apararkən bu prosesin içində insan hüquqları əsas yer tutur və beləliklə biz bu quruculuq işini ötən illərdə apararkən insan hüquqlarının Azərbaycanda təmin olunması sahəsində çox işlər görə bilmişik. Bu barədə bu gün ətraflı məlumatlar verildi və mən bəyan edirəm ki, nəhayət, müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası Azərbaycanda insan hüquqlarının təmin edilməsi, qorunması və o cümlədən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya insan hüquqları bəyannaməsinin həyata keçirilməsi üçün bütün imkanları yaradıbdır. Bizim vəzifəmiz və borcumuz Konstitusiyanın tələblərini həyata keçirməkdir və Azərbaycanın ali qanunvericilik orqanı tərəfindən qəbul olunmuş qanunları yerinə yetirməkdir.
Ola bilər, hələ bəzi qanunlar da qəbul olunmayıbdır, bundan sonra olacaqdır. Ancaq əgər biz Konstitusiyanın müddəalarını və qəbul olunmuş qanunları həyata keçirə bilsək, demək olar ki, müstəqil dövlətimizin indiki mərhələsində çox iş görmüş olarıq. Ona görə də mən bu gün komissiyanın iclasında Azərbaycanın bütün dövlət, hökumət orqanlarını və Azərbaycanda fəaliyyət göstərən bütün qeyri-dövlət təşkilatlarını - hamısını öz səylərini birləşdirməyə və insan hüquqlarının qorunması, təmin olunması ilə əlaqədar Konstitusiyanın və qanunların tələblərini həyata keçirməyə səy göstərməyə dəvət edirəm.
Şübhəsiz ki, bu mövzu çox geniş mövzudur. İnsan hüquqlarına dar çərçivədə baxmaq olmaz. Təəssüflər olsun ki, bəzi təşkilatlar və bəzi insanlar tək Azərbaycanda yox, elə dünyanın beynəlxalq təşkilatlarında da insan hüquqlarına yalnız ayrı-ayrı şəxslərin, fərdlərin hüquqları çərçivəsində baxırlar. Şübhəsiz ki, bu, yanlış fikirdir və bəyannamə özü də göstərir ki, insan hüquqları geniş mənada anlanılmalıdır. Burada bu barədə dəyərli fikirlər söylənildi və xüsusən bu fikir Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki hər bir fərdin hüququ qorunmalıdır və təmin olunmalıdır, ancaq əgər insanların hüququ kütləvi surətdə pozulursa, hüquqları tapdalanırsa, yaxud da ki, bütün xalqın hüququ pozulursa, tapdalanırsa, bu məsələ daha da çox diqqəti cəlb etməlidir və buna münasibət daha da üstün xarakter daşımalıdır. Mən də bu fikirlə razıyam ki, Azərbaycan xalqına qarşı son iki əsrdə edilən soyqırım, təcavüz insan hüquqlarının pozulması, tapdalanması baxımından ən dəhşətli bir hadisədir.
İndi Ermənistan adlanan torpaqlardan azərbaycanlıların əsrlər boyu, min illər boyu yaşadıqları ana torpağından, ana vətənindən zorla çıxarılması, sürgün edilməsi və bunların hamısının qanlı hadisələrlə müşayiət olunması, insanların həlak olması, tələf olması, varidatını itirməsi - bütün bunlar Azərbaycan xalqının böyük bir tarixi dövründə hüquqlarının pozulmasını göstərir.
Biz bu gün şikayətlənə bilərik ki, xalqımızın hüquqlarının pozulmasına dünya ictimaiyyəti, beynəlxalq aləm, beynəlxalq təşkilatlar diqqət yetirməyiblər, bizə qayğı göstərməyiblər. Ancaq eyni zamanda onu da etiraf etməliyik ki, bizim özümüz də, yəni Azərbaycan xalqı da öz hüquqlarının kütləvi, dəhşətli, kobud şəkildə tapdalanması faktı ilə müəyyən qədər razılaşmış və təəssüflər olsun ki, dünyada bu vəhşiliyə, bu cinayətə qiymət verilməsi üçün lazımi tədbirlər görülməmişdir. Başqa xalqlar öz hüquqlarını qorumaq üçün bu barədə bəlkə də həddindən artıq çox işlər görürlər. Bəlkə də onların hüquqları heç o qədər pozulmayıb, amma onlar bunu dünya ictimaiyyətinə nə qədər çatdırırlar. Ancaq biz isə on illər, min illər boyu bunlara dözmüşük. Çox vaxt səsimizi də gur çıxarmamışıq və lazımi işlər də görməmişik. Elə bu əsrin özündə, XX əsrin özündə Azərbaycan xalqının hüquqları çox anlarda pozulubdur. Sovet hakimiyyəti tərəfindən də xalqımızın hüquqları dəhşətli şəkildə pozulubdur. İndi bunu belə qiymətləndirmək olar ki, bütün sovet ittifaqı ərazisində yaşamış insanların hamısının hüquqları pozulubdur. Bu, ümumi bir xarakter daşıyıbdır və dövlətin xüsusiyyətindən irəli gəlibdir.
Ancaq eyni zamanda, azərbaycanlıların sovet hakimiyyəti dövründə 1948-ci ildə Ermənistandan kütləvi deportasiya olunması, yaxud da 30-cu illərdə azərbaycanlıların kütləvi şəkildə bizim bugünkü Azərbaycandan İrana sürgün edilməsi, yaxud 1944-cü ildə Gürcüstan ərazisindən azərbaycanlıların sürgün edilməsi və bir çox belə hallar lazımi qiymətini almayıbdır. XX əsrin əvvəllərində, tutaq ki, 1918-ci ildə, yaxud da 1920-ci ildə ermənilər tərəfindən azərbaycanlıların soyqırımları o vaxt hakimiyyətsizlik dövründə olubdur. Ancaq 1920-ci ildən sonra, yəni sovet hakimiyyəti dövründə Azərbaycan xalqının hüquqlarının tapdalanması, pozulması mövcud dövlət hakimiyyəti dövründə olubdur.
Nəhayət, 1988-ci ildə azərbaycanlıların Ermənistan ərazisindən zorla çıxarılması və onlara verilən işgəncələr, itkilər, ölümlər və nəhayət, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin bir qisminin işğal edilməsi ilə əlaqədar azərbaycanlıların öz doğma torpaqlarından, işğal olunmuş torpaqlardan zorla çıxarılması - bunlar hamısı Azərbaycan xalqının və hər bir azərbaycanlının hüquqlarının vəhşicəsinə pozulmasıdır. Ancaq təəssüflər olsun ki, - yenə də deyirəm, - bu, hamıya aiddir, bunlar adi bir hala çevrilibdir.
İndi isə biz müstəqil dövlət çərçivəsində yaşayarkən və insan hüquqları problemləri ilə məşğul olarkən, yalnız ayrı-ayrı fərdlərin hüquqları haqqında danışıq gedir, yaxud mübarizə gedir, mübahisə gedir. Bir daha qeyd edirəm, hər bir insanın hüququ qorunmalıdır. Ancaq əgər bu gün Azərbaycanın müasir mənzərəsini biz siyasi nöqteyi-nəzərdən qiymətləndirsək, dünya miqyasında Azərbaycan xalqının hüquqlarının kütləvi surətdə, vəhşicəsinə pozulması aşkardır, göz qabağındadır. Biz Birləşmiş Millətlər Təşkilatının Ümumdünya insan hüquqları bəyannaməsi haqqında danışarkən, yaxud bu bəyannamə haqqında iş görərkən bütün sahələrdə, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda, hər yerdə bu məsələni, yəni Azərbaycan xalqının hüquqlarının kütləvi şəkildə, vəhşicəsinə pozulmasını ön plana çatdırmalıyıq və bunu yaymalıyıq, bunu bildirməliyik. Bu, bizim tarixi vəzifəmizdir, hər bir azərbaycanlının tarixi vəzifəsidir. Hərə öz imkanları çərçivəsində gərək bu vəzifəni yerinə yetirsin. Ola bilər, kiminsə bu barədə imkanı böyük olsun, kiminsə kiçik olsun. Ancaq elə görülən kiçik iş də başqa böyük işlə birlikdə bizim ümumi işimizi təşkil edir.
Mən hesab edirəm ki, bizim dövlət orqanlarımız, hökumət orqanlarımız bu məsələlərlə ciddi məşğul olmalıdırlar - kampaniya şəklində yox, mütəmadi olaraq, ardıcıl. Bizim mətbuat orqanlarımız, elmi tədqiqat təşkilatlarımız, ictimai təşkilatlarımız, qeyri-dövlət təşkilatlarımız - hamısı bu işlə ciddi məşğul olmalıdırlar. Bu məsələ barəsində Azərbaycanda hamı həmfikir olmalıdır. Bu məsələ barəsində iqtidar-müxalifət ola bilməz. Bu bizim ümumi milli işimizdir. Bu bizim ümumi mənəvi işimizdir, mənəvi borcumuzdur. Burada heç kəs özü üçün bir fayda axtarmamalıdır. Heç kəs bu məsələni özü üçün istismar etməməlidir. Heç kəs bu məsələdən öz şəxsi məqsədi üçün sui-istifadə etməməlidir. Hamı əl-ələ verib, birləşib bütün dünya ictimaiyyətinə, dünya dövlətlərinə, dünya xalqlarına sübut etməlidir ki, Azərbaycan xalqının hüquqları on illərlə, yüz illərlə pozulur və XX əsrin sonunda Azərbaycan xalqının hüquqları dəhşətli pozulubdur və tapdalanıbdır.
Şübhəsiz ki, bununla yanaşı, biz insan hüquqları ilə əlaqədar bütün başqa sahələrdə də öz fəaliyyətimizi göstərməliyik. Son illər görülən işlər barədə verilən məlumatlar onu göstərir ki, biz həqiqətən hüquqi dövlət yaradırıq, demokratik dövlət yaradırıq və insan hüquqlarının qorunmasını ümumxalq işi, ümumdövlət işi etməyə çalışırıq.
Məlumdur ki, görülən işləri qiymətləndirərək, bu sahədə nöqsanların, çatışmazlıqların olduğunu da etiraf etmək lazımdır. Ona görə etiraf etmək lazımdır ki, biz bu nöqsanları və çatışmazlıqları aradan qaldıraq. Ona görə yox ki, bundan kimsə hansı məqsədlərdən ötrüsə istifadə etsin. Biz ictimaiyyətə, xalqa, ölkəyə həmişə həqiqəti bildirməliyik. Ancaq eyni zamanda, həqiqəti təhrif edənlərin də qarşısını almalıyıq. Təhrif edənlərin qarşısı - yəni o mənada ki, bu barədə düzgün məlumat verməklə - alınmalıdır.
Bizim gördüyümüz işlərdən ən əhəmiyyətlisi bundan ibarətdir ki, Azərbaycanda ölüm hökmü ləğv olunubdur. Bilirsiniz, bu, tarixi bir hadisədir. Bizim ictimaiyyət, xalqımız bunu olduğu kimi qiymətləndirməlidir. Bu, adi bir hadisə, addım deyildir.
Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. O, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycanın dövləti humanist siyasət aparan bir dövlətdir.
İnsanı öldürmək ən böyük vəhşilikdir. Kimsə kimi öldürürsə o, vəhşilik edir. Ən ağır cinayət edən şəxs də əgər dövlət məhkəməsi tərəfindən qəbul olunmuş hökmlə öldürülərsə bunun özü də ağır bir işdir. Yenə də deyirəm, ölüm hökmünün ləğv edilməsi qlobal xarakter daşıyan bir hadisədir. Yəni əsrlər boyu yaşadığımız Azərbaycanda bizim millətimizin və keçmiş zamanlardan indiyə qədər olan dövlətlərimizin ardıcıl surətdə həyata keçirdiyi bu ölüm cəzası siyasətinə biz \"yox\" dedik, onun qarşısını aldıq.
Ona görə də mən hesab edirəm ki, bax, elə bu mövzunun özü bizim elmi tədqiqat təşkilatları, hüquqşünaslar üçün çox əhəmiyyətli bir mövzudur. Yenə də deyirəm, mən çalışdım ki, bunun geniş əhəmiyyətini sizə izah edim. Bu, bir, beş, on adam üçün deyildir. Məsələn, biz ölüm hökmünü ləğv edəndə ölüm hökmü ilə 100-120 nəfər insan həbsxanada idi. Onların hər biri məhkəmələr tərəfindən ədalətli cəzalandırılmışdı.
Bu ölüm hökmünü ləğv etməzdən əvvəl mən bir neçə dəfə təklif vermişdim ki, ölüm hökmünə məhkum olan adamlardan bəzilərinin sənədlərinə baxıb mənə gətirin, əfv edim, yaxud ölüm hökmünü ləğv edin, başqa bir cəza ilə əvəzləşdirin. Əfv bölməsi, əfv işi ilə məşğul olanlar bunları təhlil edib gəlib mənə deyirdilər ki, elələri var ki, 5-6 adam öldürübdür, özü də vəhşicəsinə öldürübdür. Onu ölüm hökmündən necə azad etmək olar? Burada da həqiqət vardır. Ancaq bunlara baxmayaraq, 5 adam öldürmüş həmin adamı da biz - dövlət öldürmək istəmədik. Bu, dövlətin nə qədər humanist, insanpərvər olduğunu, insanı nə qədər yüksək qiymətləndirdiyini və eyni zamanda, insanın tərbiyə edilməsinə nə qədər böyük inamını göstərir.
Bizim qeyri-dövlət təşkilatları, başqa təşkilatlar da bu hadisəyə o qədər dəyərli münasibət göstərə bilmədilər. Müxalifətdə olan bəzi təşkilatlar isə elə hesab etdilər ki, burada heç bir şey olmayıbdır. Amma tarixi bir hadisə baş veribdir.
Son illərdə Azərbaycanda insan hüquqlarının qorunması, insan azadlıqlarının təmin olunması sahəsində çox işlər görülübdür. O cümlədən, xüsusən, qlavlit ləğv olunubdur. Mətbuat orqanlarında müəyyən məhdudiyyətlər var idi. Yəni həmin qlavlit də senzura fəaliyyətini tam həyata keçirmirdi. Ancaq müəyyən məhdudiyyətlər var idi və onların aradan götürülməsi Azərbaycanda insanlara həqiqətən bütün azadlıqların verildiyini dünyaya nümayiş etdirir. Ancaq verilən bu azadlıqlardan insanlar gərək ağılla, insafla istifadə etsinlər, bu imkanları öz şəxsi məqsədləri üçün istismar etməsinlər, bunlardan sui-istifadə etməsinlər.
Mən bu məsələyə də müəyyən qədər dialektik nöqteyi-nəzərdən yanaşıram. Yəni hesab edirəm ki, bilirsiniz, bu məhdudiyyətlər var idi, bu məhdudiyyətləri götürəndən sonra, ola bilər, bəzi mətbuat orqanları sadəcə, özlərini itiriblər. Hesab ediblər ki, bu azadlıqlardan artıq istifadə edib böhtan da demək, yalan da yazmaq, söyüş də söymək, təhqir də etmək və başqa şeylər də etmək olar.
Məlumdur ki, bu cür məqalələrin, mətbuatda dərc olunan fikirlərin müəllifləri beləliklə, öz mədəni səviyyələrinin hansı dərəcədə olduğunu, yaxud da ki, ümumiyyətlə, mədəni səviyyələrinin olmadığını göstərirlər. Dedim ki, mən buna dialektik nöqteyi-nəzərdən baxıram. Güman edirəm ki, zaman keçdikcə insanlar da anlayacaqlar ki, bu azadlıqlardan qərəzli, böhtançı mövqedən yox, vətəndaş mövqeyindən çıxış edərək istifadə etmək lazımdır.
Ancaq mən təəssüf edirəm ki, dövlətin, hökumətin yaratdığı bu imkanlar gətirib belə mənfi hallara çıxarır. Bir neçə qəzetlərdə son aylarda ardıcıl surətdə böhtan, təhqir xarakterli məqalələr dərc olunubdur və o təhqir olunanlar, böhtanlara məruz qalanlar öz hüquqlarını qorumaq üçün bir azca hərəkət edərkən həmin məqalələrin müəllifləri hay-küy salıblar, \"hüquqlarının pozulması\" haqqında danışırlar, hətta aclıq aksiyaları da keçirirlər.
Aclıq aksiyası keçirmək bəlkə zəiflik əlamətidir. Şəxsən mən bunu belə qiymətləndirirəm. Öz haqqı, hüququ uğrunda mübarizə aparan öz mənliyini qoruyaraq mübarizə aparmalıdır. Aclıq edib kiminsə rəhmini, ona yazığı gəlməsini, yaxud da belə bir ağır vəziyyətdə kiminsə hansısa yola getməsi ilə bir şeyə nail olmaq olmaz. Ona görə də mən aclıq edənlərin hamısına məsləhət görərdim ki, bunlardan əl çəksinlər. Şübhəsiz, həqiqi aclıq edən insanlara mənim yazığım gəlir və istəməzdim ki, kimsə öz bədənini özü zəiflətsin, bunun nəticəsində hansısa bir çətinliklə rastlaşsın.
Rusiya televiziyası ilə dünən məlumat verildi ki, Ulyanovsk vilayətində müəllimlər altı aydır məvacib almırlar, uzun müddət aclıq ediblər və onlardan biri vəfat edibdir. Bunu böyük bir hadisə kimi verdilər. Ancaq o aclığın yəqin ki, əsası vardır. Çünki bu adam işləyibdir, maaş almalıdır, maaşını vermirlər.
Ancaq mən belə düşünürəm ki, bizim Azərbaycanda son vaxtlar aparılan bu aclıqlar dünyada heç analoqu olmayan aclıq kimi bir şeydir. Mən bu gün bir daha bəyan edirəm ki, aclıq aksiyalarının dayandırılmasını məsləhət görürəm. Eyni zamanda, inanıram ki, bizim ədliyyə, məhkəmə orqanları bütün işlərə ədalətli baxacaqlar. Əgər bu işlər xüsusi bir xarakter daşıyan işlər formasına gəlib çıxırsa, bu, artıq ictimaiyyətin ümumi nəzarəti altındadırsa, mən heç cür düşünə bilmərəm ki, hansısa bir məhkəmə burada ədalətsizlik edəcəkdir. Bu mətbuat işçiləri əgər doğrudan da həqiqət uğrunda mübarizə aparırlarsa, mən bu gün üzümü bütün ədliyyə, məhkəmə orqanlarına tutaraq müraciət edirəm ki, hamı ədalətli olsun. Ədliyyə, məhkəmə orqanları xüsusən ədalətli olsunlar. Ancaq belə hadisələrlə Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmağa cəhd etmək lazım deyildir. İctimai-siyasi vəziyyəti bunlarla pozmaq olmaz.
Beləliklə, bir də qeyd edirəm, Azərbaycanda insan hüquqları ilə əlaqədar aparılan işlər öz müsbət nəticələrini verir. Arzu edirəm ki, bizim dövlət, hökumət orqanları və qeyri-dövlət təşkilatları da bundan sonra insan hüquqlarının qorunması ilə əlaqədar öz səylərini birləşdirsinlər. Bu elə bir sahədir ki, burada bir-birinə fərq qoymaq lazım deyildir.
Mən çox məmnunam ki, bizim bugünkü iclasımızda qeyri-dövlət təşkilatlarının nümayəndələri də iştirak edirlər, bəziləri də çıxış etdilər. Hesab edirəm ki, çox əhəmiyyətli bir neçə fikir söylədilər və təkliflər də irəli sürdülər. Ümumiyyətlə, mən bizim aparata, yəni Prezidentin İcra Aparatına tapşırıram ki, burada irəli sürülən təkliflərin hamısını qısa bir müddətdə təhlil etsinlər və lazımi tədbirlər görsünlər. Əgər bu barədə mənim müvafiq qərarlar qəbul etməyim lazım olarsa, bu təklifləri mənə təqdim etsinlər.
Yenə də qeyd edirəm, qeyri-dövlət təşkilatları nümayəndələrinin bu gün burada iştirak etməsi müsbət haldır. Mən arzu edirəm ki, bu təcrübə gələcəkdə də davam etsin, bütün qeyri-dövlət təşkilatlarının hamısı öz siyasi dünyagörüşündən, hansısa bir partiyaya, təşkilata mənsubluğundan asılı olmayaraq Azərbaycanın ümummilli mənafeləri naminə səylərini birləşdirsinlər.
Azərbaycanın dövlət başçısı kimi mən ölkəmizdə bu qeyri-dövlət təşkilatlarının təbəqələşməsinə, yaxud bir-biri ilə ziddiyyət aparmasına, bir-biri ilə qarşıdurma mövqeyinə gəlməsinə tamamilə etiraz edirəm. Əksinə, mən bütün təşkilatları səylərini birləşdirməyə dəvət edirəm. Bəyan edirəm ki, Azərbaycanın hökumət, dövlət orqanları hər bir təşkilatla bu sahədə əməkdaşlıq etməyə hazırdır.
İndiyədək görülən işlərə qiymət verərək, eyni zamanda demək lazımdır ki, bizim qarşıda hələ görüləsi çox işlərimiz də vardır. Müstəqil Azərbaycan üçün çox şey yenidir. O cümlədən insan hüquqlarına qayğı diqqət və onların BMT-nin Ümumdünya bəyannaməsi prinsipləri əsasında qorunması da yeni bir haldır.
Təbiidir ki, biz qısa bir zaman içərisində cəmiyyəti, insanların hamısını bu prinsiplərə alışdıra bilmərik. Hətta dövlət orqanlarında da bu prinsiplərə tam riayət edilməsinə nail ola bilmərik. Reallıq bundan ibarətdir. Məsələn, Konstitusiyanı qəbul etmək, şübhəsiz, böyük iradə tələb edirdi. Amma biz bu iradəmizi Konstitusiya layihəsində əks etdirdik. Konstitusiyanın layihəsi də xalq tərəfindən referendum vasitəsilə qəbul olundu. Qanunlar ali qanunvericilik orqanında müzakirə edilib qəbul olunur. Amma bunların icra olunması - bu, böyük bir prosesdir, çox böyük prosesdir. İnsanların şüurunun dəyişməsi, psixoloji dəyişiklik, hüquqi bilik səviyyəsinin artması - bunlar isə zaman, vaxt tələb edir.
Beləliklə, mən hesab edirəm, biz öz işimizi ardıcıl aparmalıyıq. Ancaq heç kəs də nə özü üçün, nə də başqaları üçün illüziya yaratmasın ki, insan hüquqları sahəsində Azərbaycan yüksək səviyyəyə çatıbdır, ya çatmalıdır. Mən hesab edirəm ki, Azərbaycan buna hələ çata bilməyibdir. Çünki, yenə də deyirəm, biz bütün ictimaiyyətimizi bu işə alışdırmalıyıq. İcra orqanlarını bu işə tam alışdırmalıyıq. Gərək icraçının özünün şüurunda bu, öz yerini tapsın ki, o, qanunu, Konstitusiyanın tələblərini olduğu kimi icra edə bilsin. Amma bu, təkcə icraçıdan da asılı deyildir. Gərək adi bir vətəndaş da anlasın ki, o, qanuna riayət etməlidir, tabe olmalıdır, öz həyatını qanun çərçivəsində qurmalıdır. Ancaq təəssüflər olsun ki, bu gün insan hüquqlarından danışanların bəziləri və \"Azərbaycanda insan hüquqlarının pozulması\" haqqında səs-küy salanların özləri qanunlara riayət etmirlər, qanunları pozurlar, başqa insanların hüquqlarını pozurlar. Kiminsə hüququnu müdafiə edir, amma başqasının hüququnu pozur, başqasının hüququna təcavüz edirlər. Real vəziyyət bundan ibarətdir.
Ona görə də mən yenə deyirəm, heç kəs, o cümlədən, müxalifətdə olan təşkilatlar hesab etməsin ki, Azərbaycanda insan hüquqlarını qorumaq onlara tapşırılıbdır. Yox. İnsan hüquqları Azərbaycan dövləti, dövlət və hökumət orqanları, respublikamızın Konstitusiyası və ölkəmizin qəbul etdiyi qanunlar tərəfindən qorunur. Bu sahədə görülən işlər göz qabağındadır. Kim həqiqətən Azərbaycanda insan hüquqlarının qorunmasına və hüquqi dövlətin inkişaf etməsinə çalışırsa, hökumətlə, dövlətlə, bütün təşkilatlarla əlbir olmalıdır, yenə də deyirəm, bu mövzunu istismar etməməlidir, bundan öz şəxsi məqsədləri üçün sui-istifadə etməməlidir.
Biz İnsan hüquqları üzrə Elmi Tədqiqat İnstitutu yaratdıq, yəni bu barədə qərar qəbul etdik. Mən hesab edirəm ki, bu institutun qarşısında çox böyük vəzifələr durur. Arzu edərdim ki, institut bu sahədə bilikli mütəxəssislərlə, alimlərlə təşkil olunsun və yaxşı işlər görsün.
Ümumiyyətlə, mən nitqimin əvvəlində dediyim kimi, ümummilli məsələlər barəsində daha da geniş iş görmək lazımdır. Ayrı-ayrı fərdlərin hüquqlarını müdafiə etmək hər kəsin, dövlətin borcudur. Biz bunu etməliyik və edəcəyik. Amma bizim xalqımızın, millətimizin hüquqlarının qorunmasına çalışmaq və onun tapdalanmasının bundan sonra qarşısını almaq, Azərbaycan xalqına qarşı indiyə qədər edilmiş bu ədalətsizlikləri geniş təhlil etmək, böyük əsərlər, kitablar, böyük bədii əsərlər yaratmaq və bunu bütün dünyaya aşkar etmək, sübut etmək bir nəslin işi deyildir. Bu, bir çox nəsillərin işidir. Ancaq biz indi bu işə könüllü surətdə başlamalıyıq və gələcək nəsillərə də vəsiyyət etməliyik, yəni əsas yaradıb onlara hazır vəziyyətdə çatdırmalıyıq. Bu, on illərlə davam etdirilməlidir. Ancaq biz bunun əsasını könüllü surətdə qoymalıyıq. Mən azərbaycanlıların 1948-ci ildə Ermənistandan deportasiyası ilə əlaqədar verdiyim fərmanda da və başqa təşəbbüslərimdə də bu məqsədi daşıyırdım.
İnsan hüquqlarının qorunması ilə əlaqədar son vaxtlar mən öz nitqlərimdə demişəm, bu gün bir daha təkrar edirəm, - biz əfv və amnistiya tədbirləri də görəcəyik. Prezidentin İcra Aparatında bu barədə lazımi işlər görülür və təkliflər hazırlanır. Mən bu gün bir daha tapşırıram ki, bu təkliflərin hazırlanması sürətləndirilsin. Mən verdiyim sözləri həyata keçirmək istəyirəm, əfv fərmanları vermək və amnistiya haqqında təşəbbüs irəli sürmək istəyirəm. Materialları tezliklə hazırlayıb mənə təqdim etmək lazımdır.
Hesab edirəm ki, komissiyamız öz işini davam etdirməlidir. Siz düşünməyin ki, komissiya yalnız bu bəyannamənin 50-ci ildönümünü qeyd etmək üçün yaranıbdır. Bu komissiya daimi xarakter daşımalıdır. Şübhəsiz ki, dekabr ayının 10-da böyük bir təntənəli mərasim də keçiriləcəkdir. İndiyə qədər bir neçə konfrans keçirilibdir, bu günlərdə də keçiriləcəkdir. Ancaq bununla iş bitmir. Yəni bizim bu işimiz kampaniya xarakteri daşımır. Biz bəyannamənin 50-ci ildönümünü qeyd edərək dünyaya bəyan edirik ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quraraq insan hüquqlarının qorunması bəyannaməsinə sadiqdir və bundan sonra da sadiq olacaqdır, dünya miqyasında, Azərbaycanın ərazisində bu bəyannamədən irəli gələn bütün tədbirləri həyata keçirəcəkdir.
Hesab edirəm ki, komissiyanın gələcək işləri haqqında da bir iş planı tərtib etmək lazımdır. Biz bu iş planına sonra baxarıq, onu təsdiq edərik. Həmin iş planı əsasında 1999-cu ildə də işlər görülməlidir və davam etdirilməlidir.
Beləliklə, hesab edirəm ki, bu gün biz komissiyamızın iclasında qarşımızda duran məsələləri müzakirə etdik. Bir daha tapşırıram ki, irəli sürülən təkliflərin hamısına baxılsın və mənə məruzə edilsin. Sağ olun.