Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 28 May Respublika Günü Şəhidlər Xiyabanının ziyarəti zamanı buradan şəhərimizin görməli yerlərini seyr edərkən – 28 may 2000-ci il

Heydər Əliyev: Bakı günü-gündən gözəlləşir. Yeni tikilən uca binalar şəhərimizin simasını çox dəyişdirib. Lakin Bakının təbii relyefi burada xüsusi möhkəmləndirmə işləri aparılmasını tələb edir. Bayıl yamacında baş vermiş torpaq sürüşməsi nəticəsində yaranmış vəziyyətdən çıxmaq üçün həmin zonada, eləcə də “Əbədi məşəl” abidəsi ətrafında aparılan bərpa işlərinin sürətləndirilməsi çox vacibdir. Həm də elə tədbirlər görülməlidir ki, gələcəkdə baş verə biləcək təbii fəlakət nə şəhərə, nə də onun sakinlərinə heç bir zərər verməsin. Bunun üçün həm şəhər icra hakimiyyəti, həm də müvafiq təşkilatlar əməli tədbirlər həyata keçirməlidirlər. Oradakı evlər durur?

Artur Rəsizadə (Baş nazir): Bəli, cənab Prezident.

Heydər Əliyev: Daha nə işlər görülübdür?

Artur Rəsizadə: Cənab Prezident, daimi nəzarət var. Müəyyən işlər görülür, proseslər gedir.

Heydər Əliyev: Bəs o evlər?

Artur Rəsizadə: Onlar yox, bu tərəfdəki evlər.

Rafael Allahverdiyev (Bakı şəhər İcra Hakimiyyətinin başçısı): Cənab Prezident, yuxarıdakı evlər qalacaq. Bu yamacdan, yoldan bəri tərəf hamısı köçürülməlidir.

Heydər Əliyev: Bəs onlar gəlib niyə burada ev tikiblər?

Artur Rəsizadə: Çox haqlı sualdır.

Heydər Əliyev: Bunlar nə vaxt tikilibdir?

Rafael Allahverdiyev: 1991-1992-ci illərdə tikiblər. Təzə tikililər var idi, onları dayandırmışıq. Eləcə də qalıqarı görürsünüz, heç qoymamışıq qapı-pəncərə salsınlar.

Heydər Əliyev: Burada?

Rafael Allahverdiyev: Bəli, bu cür 28 ev var. 

Heydər Əliyev: O yuxarıda da ev tikilibdir. Onlar orada nə cür yaşayacaqlar?

Artur Rəsizadə: Cənab Prezident, orada kanalizasiya da yoxdur.

Heydər Əliyev: Ona kanalizasiya bir o qədər lazım deyil, özünə orada bir şey düzəldəcəkdir.

Rafael Allahverdiyev: Biz orada qazıb boru qoyduq.

Heydər Əliyev: Yaxşı, sudan necə istifadə edirlər, ora su gəlir?

Artur Rəsizadə: Cənab Prezident, su məsələsi çətindir.

Heydər Əliyev: Bu vəziyyəti onlar özləri də başa düşməlidirlər.

Artur Rəsizadə: Düzdür evlər neft quyularının yanındadır. Demək olar ki, neft quyuları evlərin həyətinin içindədir.

Heydər Əliyev: O televiziya qulləsində bir şey yoxdur ki?

Artur Rəsizadə: Yuxarı hissəsində yoxdur, aşağı hissəsində var.

Abid Şərifov (Baş nazirin müavini): Cənab Prezident, biz İsveçrənin bir şirkəti ilə danışıqlar aparırıq. Onlar bir çox bölgələrdə işləyiblər. Onlar bizim təkliflərimizin hamısını dəstəkləyirlər və öz rəsmi təkliflərini iki həftə ərzində bizə verəcəklər.

Heydər Əliyev: Nə deyirlər?

Abid Şərifov: Söhbət ondan gedir ki, burada bərpa işləri görülməlidir.

Heydər Əliyev: Aydındır, getməlidir. Sonra?

Abid Şərifov: Biz həyata keçirmək üçün təklif vermişik. Torpaq sürüşməsi baş vermiş sahədə, Neftçilər prospektinin yuxarı hissəsində təxminən 360 metr məsafədə və “Gülüstan” sarayının yerləşdiyi ərazinin aşağı hissəsində təxminən 250-300 metr uzunluğunda ərazidə dərinliyi 25 metrə qədər olan dirəklər vurulmalı, həmçinin “Əbədi məşəl” xatirə kompleksinin yanından 65 metr aralı məsafədə keçən, uzunluğu 240 metrə yaxın olan yarğanın aşağı hissəsi torpaqla doldurulmalı və yuxarı hissəsi təxminən 10-20 metr enində, 10-20 metr dərinliyində maili şəkildə kəsilməklə 7000 kubmetrə qədər torpaq götürülməli və təbii yamac yaradılmalıdır. Bu işlərə maliyyələşmə məsələsi həll edildikdən sonra başlanacaqdır. Eyni zamanda, mütəxəssislərin təklifi ilə ümumi möhkəmləndirmə tədbirlərinin bir hissəsi kimi, Neftçilər prospektindən yuxarı, sürüşmə sahəsinin qırılma xəttinə qədər olan 6 hektara yaxın sahədə yamacın relyefinin hamarlanması işləri artıq başa çatmaq üzrədir.

Heydər Əliyev: Amma sürüşmənin səbəbini müəyyən edə bilmədiniz?

Abid Şərifov: Səbəbi var.

Heydər Əliyev: Bunun səbəbi nədir?

Abid Şərifov:  Səbəbi yeraltı sulardır 

Heydər Əliyev: Hansı sular?

Abid Şərifov: Cənab Prezident, bu vaxtadək bunu mülahizə kimi deyirdilər. Ancaq indi əlimizdə sənədlər var ki, Qanlıgöl ilə dəniz birləşib, kanal əmələ gəlib.

Rafael Allahverdiyev: Qanlıgöl Yasamal tərəfdədir.

Heydər Əliyev: Bilirəm, Qanlıgöl haradadır. Bəs orada nə etmisiniz, nə işlər görmüsünüz?

Rafael Allahverdiyev: Orada suyun səviyyəsini çox aşağı salmışıq. Bizim orada stansiyamız var, suyun səviyyəsini təxminən 1,5 metr aşağı salmışıq. Qurd qapısına gedən yol tərəfdən.

Heydər Əliyev: Onun ətrafında tikintilər var?

Rafael Allahverdiyev: Onun ətrafında bir park var, evlər salınıb.

Heydər Əliyev: O, nədən ötrüdür?

Rafael Allahverdiyev: Onu kanadalılar tikiblər. Orada məktəb açılır. O evləri xarici şirkətlər icarəyə veriblər. Çox yaxşı şəhərcikdir.

Heydər Əliyev: Onun bir zərəri var, yoxsa yox?

Rafael Allahverdiyev: Xeyr 

Artur Rəsizadə: Ziyanı o dərəcədə yoxdur. Kanalizasiyası, suyu, hər şeyi var.

Rafael Allahverdiyev: Əsas odur, qoymuruq ki, Qanlıgölün səviyyəsi qalxsın.

Heydər Əliyev: Qanlıgölün səviyyəsi hansı sularla qalxır?

Rafael Allahverdiyev: Neft suları, digər artıq sular, şəhərdəki özbaşına tikililərin kanalizasiya suları ora axır.

Artur Rəsizadə: Yeraltı sular da rol oynayır.

 Heydər Əliyev: Ümumiyyətlə, Qanlıgölun su mənbəyi yeraltı sudur?

 Artur Rəsizadə: Bəli, əsas yeraltı sudur. 

Heydər Əliyev: Yeraltı su öz yerində, heç olmasa kənardan gələn suların qarşısını almaq olar.

Rafael Allahverdiyev: Cənab Prezident, əvvəllər neft mədənlərində nefti ayırıb suyu ora buraxırdılar. Onun qabağı tamamilə alınıbdır. Bir də özbaşına tikililərin kanalizasiya suları axırdı, onu da saxlamışıq. 

Heydər Əliyev: Sən orada olmusan?

Abid Şərifov: Bəli, olmuşam.

Heydər Əliyev: Orada görülən tədbirlər yetərlidir?

Abid Şərifov: Orada göl tamam qurudulmalıdır.

Heydər Əliyev: İndi onu qurutmaq üçün nə etmək lazımdır?

Abid Şərifov: Müəyyən işlər görməliyik.

Heydər Əliyev: Yaxşı, bu, təbii fəlakətdir. Dünya Bankı, ya başqa beynəlxalq banklar bu barədə bilir?

Artur Rəsizadə: Cənab Prezident, bu barədə rəsmi müraciət etmişik. Mütəxəssis gəlib.

Abid Şərifov: Sizə o barədə məruzə etdik. Dünya Bankına rəsmi müraciət etmişik. Amma bu, bir il, il yarım uzana bilər.Yəni Dünya Bankı proseduraya uyğun vəsait ayırmalıdır.

Heydər Əliyev: Nə qədər verə bilərlər?

Artur Rəsizadə: Gələn mütəxəssis həm bizə, həm də Dünya Bankına təklif verəcəkdir. Onun əsasında vəsait ayıracaqlar.

Heydər Əliyev: İsveçrədən?

Artur Rəsizadə: Bəli, o, Dünya Bankının xətti ilə gəlibdir. Onun təklifləri əsasında bir nəticəyə gəlməliyik. Danışıqlar müsbət olacaqdır, amma vaxt tələb olunacaqdır.

Heydər Əliyev: Dünya Bankından yeni nümayəndə heyəti dəvət etmək olmazmı?

Artur Rəsizadə: Hələlik lazım deyil. Həmin mütəxəssis onların nümayəndəsidir.

Heydər Əliyev: Demək, bu onlara məruzə edəcəkdir.

Artur Rəsizadə: Bəli.

Heydər Əliyev: Məruzəni verib, yoxsa yox?


Artur Rəsizadə:
Yox, hələ verməyibdir. Həm bizə, həm də ora paralel olaraq iki həftədən sonra verəcəkdir.

Heydər Əliyev: Neçə ildir bu problemə heç kəs aydınlıq gətirə bilmir. Neçə ildir. Birinci sürüşmə mənim yadımdadır, 1970-ci illərdə idi.

Abid Şərifov: Cənab Prezident, bu sürüşmənin əsas səbəbi sudur. Başqa bir şey deyil.

Artur Rəsizadə: Axırıncı sürüşmə 1976-cı ildə olmuşdu.

Heydər Əliyev: Bəli, 1976-cı ildə idi.

Artur Rəsizadə: Sonra 1996-cı ildə, bir də 2000-ci ildə.

Heydər Əliyev: Gərək suyun qarşısını alaq, bilirsən, bu işə gərək fundamental yanaşaq. Çünki hər dəfə sürüşmə olur, müəyyən vaxt keçir, onun lokal qarşısı alınır, amma ciddi işlər görülmür. Ona görə də müəyyən bir vaxtdan sonra təkrar olunur. Bu dəfəki sürüşmə əvvəlkilərin hamısından böyük olub, elədirmi?

Artur Rəsizadə: Bəli, böyük olubdur.

Heydər Əliyev: Ona görə də biz indi gərək hərtərəfli tədbir görək. Yoxsa, yenə belə işlərlə burada məsələ qurtarmayacaqdır. İndi sən məşğul olursan, sənə tapşırmışam Şərifov, hamınız birlikdə elə edin ki, fundamental bir iş görək. Beş ildən, on ildən, on beş ildən sonra təkrar olunmasın. Ola bilər, üç ildən sonra təkrar olsun, ola bilər, on ildən sonra olsun. 1976-cı ildə birinci dəfə olmuşdu. Ondan sonra olmadı, iyirmi ildən sonra bir də oldu, indi yenə də oldu. Ona görə gərək elə edək ki, bunun qarşısı tamamilə alınsın, ömürlük alınsın.

Artur Rəsizadə: Cənab Prezident, burada tikinti, su məsələlərinin qarşısı alınmalıdır. Heç bir şey olmamalıdır.

Heydər Əliyev: Bir sözlə, mən sizə bir daha ciddi tapşırıqlar verirəm.Bu məsələ hər gün diqqət mərkəzində olmalıdır və tezliklə aradan qaldırılmalıdır. İndi o evlər ki, deyirsiniz köçürülməlidir, boğazımdan tutmusunuz ki, pul ver. Başa düşürsən, indi sən bilirsən ki, pul da yoxdur. Elədir, yoxsa yox? 

Artur Rəsizadə: Bəli.

Heydər Əliyev: Amma sən də deyirsən ki, pul ver, onları köçürək. Baxın görün, başqa nə işlər görə bilərsiniz. Başqa işləri qoyaq kənara, pul verək, bunları köçürək. İndi mənə deyin görüm, əgər sürüşmə olsa onlar niyə dağılacaqdır? Sürüşmə o tərəfdə olacaqdır?

Artur Rəsizadə: Onlar dağılacaqdır. Çünki sürüşmə bu tərəfdən də oldu.

Abid Şərifov: Cənab Prezident, onlar köçürülməlidir. Ona görə ki, birincisi, o evlərin heç birində  kanalizasiya yoxdur. Yəni, ümumiyyətlə, burada kanalizasiya yoxdur. Kanalizasiya olmadığına görə onlar suyu özbaşına arxa axıdırlar. İkincisi, bu evlərin təməlini qazmaqla yamacın strukturu pozulur. Üçüncüsü, hər kəs öz həyətində əkin əkməyə başlayır, quyu qazırlar və s. Daha doğrusu, onlar bu sürüşməni tezləşdirirlər. Məsələ bundadır.

Heydər Əliyev: Yaxşı, bunlar aydın oldu. Onda birinci növbədə siz şəhər icra hakimiyyəti, Nazirlər Kabineti, burada bütün bu işləri qadağan edin, rejim qoyun.

Artur Rəsizadə: Bəlkə sərəncam qəbul etmək olar?

Rafael Allahverdiyev: Bizim postlarımız var.

Heydər Əliyev: Bəli, gərək daimi post qoyasınız ki, burada heç bir iş görülməsin.Siz bunu edin. Bu, birinci növbədə. İkinci növbədə, pul tapın. Pulu siz tapmalısınız. Siz mənə deyirsiniz ki, o fonddan ver, bu fonddan ver. Fonddan vermək çətin bir şey deyil. Pulu siz tapmalısınız. İndi, bu dəqiqə mən hesab eləmirəm ki, bu, olduqca təcili bir məsələdir.

Abid Şərifov: Cənab Prezident, torpaq işləri təcili məsələdir.

Heydər Əliyev: Torpaq işlərinə pulunuz var da!

Artur Rəsizadə: Yox, artıq çoxdan qurtarıbdır. Hələ borcumuz da var.

Heydər Əliyev: Yaxşı, torpaq işlərinə baxın, nə qədərdir, müəyyən edin. Amma bu evləri ki, köçürməyə böyük məbləğ istəyirsiniz, mən düzü, indi onu çətin ki ayıra biləm.

Abid Şərifov: Cənab Prezident, orada qəza vəziyyətində olan bir neçə ev var.

Heydər Əliyev: Yaxşı, gəlin onları konkretləşdirin. Amma siz böyük bir məbləğ qoymusunuz. Orada kanalizasiya yoxdur, adamlar ətrafda əkin əkir, suvarır, filan edir, bunların qarşısını alın, ciddi nəzarət qoyun. Yəqin ki, Usubov buradadır. Bura gəl görüm. 

Ramil Usubov: Bəli, cənab Prezident.

Heydər Əliyev: Burada bu evlərin köçürülməsi məsələsi qoyulur. Təbiidir, mən razıyam ki, köçürmək lazımdır, ancaq buna böyük məbləğ tələb olunur, böyük vəsait tələb olunur. O da yoxdur. Ona görə də indi burada şəhər icra hakimiyyəti ilə birlikdə, bu bilər, nə etmək lazımdır, siz ciddi nəzarət qoymalısınız. Sizin sahə müvəkkilləridir, filandır, onlar gərək ciddi nəzarət qoysunlar. Sən gərək burada rejim yaradasan ki, nə etmək olmaz, bunu etmək olmaz. Sənin də nümayəndələrin gərək gəlsinlər, iki gündən bir yoxlasınlar. Kim bunu edir, qarşısını alsınlar. İnzibati tədbir görsünlər. Yoxsa bunları etməsək, əlbəttə ki, sonra çətin olar. Amma eyni zamanda mən gələcəkdə bunların köçürülməsinə razıyam. Dünya Bankından pul tapın, başqa banklardan pul tapın. Daxili pul çətindir.

Yaxşı, Sağ olun.