Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin Andiçmə mərasimində nitqi - 18 oktyabr 1998-ci il

Əziz həmvətənlər!

Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Sizi səmimi qəlbdən salamlayıram, Azərbaycan prezidentinin andiçmə mərasiminə təşrif gətirdiyinizə görə təşəkkür edirəm. Azərbaycan xalqına, vətəndaşlarına məni yenidən Azərbaycan Respublikasının prezidenti seçdiklərinə görə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Müstəqil Azərbaycanın yenidən prezidenti seçilməyimdən qürur hissi keçirirəm və mənə göstərilən bu etimadı Azərbaycan prezidenti kimi fəaliyyətimə verilən yüksək qiymət kimi dəyərləndirirəm.

İndicə Azərbaycan Respublikasının Konstitusiyasına, müqəddəs kitabımız Qurani-şərifə əl basaraq sizin qarşınızda, bütün Azərbaycan vətəndaşlarının qarşısında and içdim. Bəyan edirəm ki, mən andıma daim sadiq qalacağam və ömrümün sonuna qədər doğma vətənimiz Azərbaycana, millətimizə, xalqımıza sədaqətlə xidmət edəcəyəm.

Mənim Azərbaycan Respublikasının prezidenti seçilməyim münasibətilə bir çox ölkələrdən dövlət, hökumət başçıları, ictimai-siyasi xadimlər, elm-mədəniyyət xadimləri təbriklər göndərmişlər. Bütün bu təbriklərə görə təşəkkür edirəm.

Azərbaycan prezidentinin andiçmə mərasimində bilavasitə iştirak etmək üçün qonşu ölkələrdən yüksək səviyyəli dövlət nümayəndələri, dövlət başçıları respublikamıza gəlmişlər. Onlar bu gün bizimlə bir yerdədirlər, bu salondadırlar. Xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri də bizimlə bərabərdirlər. Azərbaycana çoxsaylı qonaqlar gəlmişlər. Azərbaycana gəlmiş bütün qonaqlara deyirəm: Xoş gəlmisiniz, səfa gətirmisiniz.

Mən bunları dostluğumuzun, əməkdaşlığımızın parlaq nümunəsi kimi qiymətləndirirəm. Qafqaz respublikalarının prezidentlərinin, dövlət başçılarının, nümayəndə heyətlərinin Azərbaycana gəlməsi və Azərbaycan prezidentinin andiçmə mərasimində bilavasitə iştirak etməsi böyük əhəmiyyət kəsb edir. Bu, Qafqaz xalqlarının birliyinin və həmrəyliyinin parlaq təzahürüdür, "Ümumi Qafqaz evi" ideyasının reallığını göstərir, Qafqaz xalqlarının, respublikalarının sıx əməkdaşlıq etmək əzmində olduğunu nümayiş etdirir, Qafqaz xalqlarının, respublikalarının bir-biri ilə daha da yaxın əlaqədə olmaq istəyini nümayiş etdirir, Qafqazda sülhü, əmin-amanlığı təmin etmək arzularını ifadə edir.

Qafqazda sülhün yaranması, Qafqazın sülh bölgəsinə çevrilməsi, mövcud olan münaqişələrin aradan qaldırılması bütün Qafqaz xalqlarının, respublikalarının ən ümdə istəyi və arzusudur.

Qafqaz xalqlarının bu gün bir yerdə olması, Qafqaz respublikaları prezidentlərinin Azərbaycanda toplaşması bir daha onu göstərir ki, biz - Qafqaz xalqları, respublikaları sülh, əmin-amanlıq istəyirik və Qafqazı dünyanın ən möhkəm sülh və əmin-amanlıq olan bölgəsinə çevirmək istəyirik. Mən əminəm ki, hamımızın ümumi səylərimizlə biz buna nail olacağıq.

Əziz dostlar!

1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının Ali Soveti xalqın iradəsini ifadə edərək Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etmişdir və Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. Bu gün bu tarixi hadisənin yeddinci ildönümüdür. Bu, Azərbaycanın bayram günüdür. Bu bayram münasibətilə mən Azərbaycan xalqını, bütün vətəndaşlarımızı ürəkdən təbrik edirəm və Azərbaycana, xalqımıza müstəqillik yolunda yeni-yeni uğurlar arzulayıram.

1993-cü ildə Azərbaycan xalqı məni hakimiyyətə dəvət etdi, 1993-cü ilin oktyabr ayında Azərbaycanın prezidenti seçdi. Ötən beş ildə Azərbaycan yaşamış, ölkəmizin dövlət müstəqilliyi möhkəmlənmiş və inkişaf etmişdir. Ötən beş ildə Azərbaycan xalqı çətin, mürəkkəb, ağır, eyni zamanda çox şərəfli yol keçmişdir. 1993-cü ildə Azərbaycanda baş vermiş vətəndaş müharibəsinin, o vaxt Azərbaycanın parçalanmasının qarşısı alınmışdır. Sonra Azərbaycanda zor ilə dövlət çevrilişi cəhdlərinin, terror, təxribat aktlarının qarşısı alınmışdır.

1994-cü ildə Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs yaranmış və bu atəşkəs recimi davam edir. Bunların nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunmuşdur. Bunun üçün biz çətin və ağır bir yol keçmişik. O illər Azərbaycanda mövcud olan özbaşınalığa, hərc-mərcliyə, hakimiyyətsizliyə son qoyulmuş, qanunsuz silahlı dəstələr ləğv olunmuş, cinayətkar qruplar zərərsizləşdirilmişlər. İndi respublikamızda ictimai-siyasi sabitlik şəraitində Azərbaycanın vətəndaşları rahat, sərbəst, azad, asudə yaşamaq imkanındadırlar.

Azərbaycan dövlətinin düşünülmüş, ardıcıl, xalqımızın milli mənafelərinə cavab verən daxili və xarici siyasəti həyata keçirilir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi həyata keçirilir. Azərbaycanda müstəqiil dövlətin, hakimiyyətin bölgüsünə, demokratik prinsiplərə əsaslanan bütün dövlət təsisatları yaranıb və fəaliyyət göstərirlər. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olunmuşdur. Demokratik seçkilər əsasında müstəqil Azərbaycanın ilk parlamenti - Milli Məclisi seçilib və qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə Azərbaycanda çoxsaylı qanunlar qəbul olunmuşdur. Bunlar hamısı Azərbaycanda müstəqil dövlətin yaşamasını, inkişaf etməsini dünyaya nümayiş etdirir.

Azərbaycanda ordu quruculuğu prosesi ötən illərdə əsas yer tutmuşdur. Bu gün iftixar hissi ilə demək olar ki, ölkəmizdə nizami, peşəkar ordu yaranmışdır və Azərbaycanın suverenliyini, dövlətçiliyini, müstəqilliyini və torpaqlarını qorumağa qadir olan güclü ordusu vardır.

Ötən illər Azərbaycanda demokratiyanın yaranması, dərinləşməsi və inkişaf etməsi illəri olmuşdur. Demokratik prinsiplərin əsasında dövlətin, hökümətin işləri qurulmuş, Azərbaycanın cəmiyyəti formalaşmışdır. Azərbaycanda insan haqlarının qorunması, insan azadlıqlarının təmin edilməsi həmişə diqqət mərkəzində olmuşdur. Azərbaycanın vətəndaşları, dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqlara malikdirlər və bu hüquqlardan istədikləri kimi istifadə edə bilirlər.

Azərbaycanda plüralist cəmiyyət yaranmışdır. Mətbuat, söz, fikir azadlığı tamamilə təmin olunmuşdur. Azərbaycanda siyasi partiyalar, ictimai təşkilatlar, müxtəlif qruplar, mətbuat orqanları sərbəst fəaliyyət göstərirlər. Vətəndaşların azadlıqları və eyni zamanda hüquqları dövlət tərəfindən qorunur və qorunmaqdadır. Məhz bunların nəticəsində Azərbaycanda ilk demokratik Konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi mümkün olmuşdur, Azərbaycanda ilk parlamentin - Milli Məclisin demokratik prinsiplər əsasında seçilməsi mümkün olmuşdur.

1998-ci ildə respublikamızda keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın demokratiya yolu ilə getməsini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda 1993-cü ildə seçilmiş prezidentin beş il müddətində öz səlahiyyətlərini yerinə yetirə bilməsi və səlahiyyətləri bitən zaman növbəti seçkilərin keçirilməsi özü-özlüyündə Azərbaycanda demokratiyanın varlığını təsdiq edir və ölkəmizdə demokratiyanın inkişafını göstərir.

Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmizdə daxili ictimai-siyasi sabitliyin olmaması nəticəsində və başqa müxtəlif səbəblərdən Azərbaycanın dövlətçiliyi inkişaf edə bilməmişdi. Ötən beş il Azərbaycanda dövlətçiliyin yaranması, inkişaf etməsi illəri olubdur. Azərbaycanda prezident seçkiləri tam demokratik prinsiplər əsasında həyata keçirilmişdir. Azərbaycanda azad, sərbəst, ədalətli seçkilər keçirilmişdir.

Bir çox partiyaların və təşkilatların bu seçkilərdə fəal iştirak etməsi, prezidentliyə altı namizədin olması, seçkiqabağı kampaniyanın tam sərbəst, azad, aşkarlıq şəraitində keçirilməsi, prezidentliyə namizədlərin çox ciddi rəqabət aparması, bunun nəticəsində də prezident seçkilərinin baş tutması, Azərbaycanda seçicilərin indiyə qədər görünməmiş fəallığı və seçicilərin əksəriyyətinin prezident seçkilərində iştirak etməsi, nəhayət, bütün bunların nəticəsində Azərbaycanda prezident seçkilərinin vaxtında keçirilməsi - bunlar hamısı Azərbaycanda demokratiyanın varlığını və demokratiyanın inkişafı istiqamətində atılan böyük addımların olduğunu göstərir.

Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək üçün dövlət orqanları cinayətkarlıqla mübarizəni gücləndirmişlər. Bu gün məmnuniyyətlə deyə bilərəm ki, bu mübarizə öz müsbət nəticələrini vermişdir. Bir neçə il bundan əvvəl Azərbaycanda mövcud olan mütəşəkkil cinayətkarlar dəstəsi zərərsizləşdirilmiş, ləğv olunmuş, cinayətkarlar cəzalandırılmış və beləliklə də Azərbaycan vətəndaşlarının rahat yaşaması, işləməsi, fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır. Ancaq bununla yanaşı, biz ötən illərdə Azərbaycanda bir tərəfdən dövlətçiliyi möhkəmləndirərək, qanun-qayda yaradaraq, nizam-intizamın gözlənilməsinə nail olaraq, eyni zamanda humanistlik siyasətini aparmışıq.

Bugünkü Azərbaycan dövlətinin fəaliyyətinin əsas istiqamətlərindən biri də humanistlikdir. Məhz bu humanist siyasətin nəticəsində son iki ildə mənim fərmanlarımla 1856 vətəndaş cəza yerlərindən, cəzadan azad olunmuşdur. Cəza çəkən 40 mindən yuxarı adam mənim təşəbbüsümlə həyata keçirilən amnistiyaların nəticəsində cəza yerlərindən, cəza çəkməkdən azad olunmuşdur. Biz bu siyasətimizi bundan sonra da davam etdirəcəyik. Bəyan edirəm ki, bu yaxın vaxtlarda mən yenə əfv fərmanları verəcəyəm və böyük amnistiya həyata keçirmək üçün yeni təşəbbüs irəli sürəcəyəm.

Azərbaycanda dövlət quruculuğu prosesi iqtisadi quruculuq prosesi ilə yan-yana gedir. Azərbaycanda iqtisadiyyatın keçmiş vəziyyəti məlumdur. Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın müstəqillik əldə etməsi dövründə və bununla yanaşı, 1988-ci ildən başlayaraq Ermənistan tərəfindən ölkəmizə edilmiş hərbi təcavüz nəticəsində Azərbaycanın böyük iqtisadi potensialı müəyyən qədər dağıdılmışdır. Azərbaycanda iqtisadiyyat 1980-ci illərin sonundan başlayaraq tənəzzülə uğramışdır. İqtisadiyyatın tənəzzülü 1992-93-cü illərdə ildə 20-25 faizə bərabər olmuşdur.

Aparılan düzgün iqtisadi siyasət nəticəsində biz bu sahədə də vəziyyəti gözəçarpacaq dərəcədə dəyişdirə bilmişik. Bunun əsası isə Azərbaycanda həyatın bütün sahələrinin demokratikləşdirilməsidir. İctimai-siyasi, dövlət quruculuğu sahəsində aparılan islahatlarla, demokratik prinsiplərin tətbiq olunması ilə yanaşı, biz ötən illərdə iqtisadiyyatın demokratikləşdirilməsi, liberallaşdırılması üçün bir çox islahatlar - iqtisadi və sosial sahələrdə islahatlar həyata keçirmişik. Bunların əsasını bizim tutduğumuz strateci yol təşkil edir.

Azərbaycan öz iqtisadiyyatını dünya iqtisadiyyatına uyğun qurur. Ölkəmiz bazar iqtisadiyyatı prinsiplərini qəbul edibdir. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin əldə etdiyi təcrübələri Azərbaycan reallıqları ilə birləşdirərək respublikamızda bazar iqtisadiyyatını qurub-yaratmaq bizim əsas vəzifəmiz olmuşdur. Məmnuniyyətlə bəyan edirəm ki, biz bu sahədə görkəmli nailiyyətlər əldə etmişik.

Azərbaycanın həm Ermənistanla münaqişəsi ilə, həm də daxildə baş vermiş məlum hadisələrlə əlaqədar respublikamız iqtisadi islahatların keçirilməsinə Müstəqil Dövlətlər Birliyinin üzvü olan başqa ölkələrə nisbətən gec başlamışdır. Ancaq buna baxmayaraq, biz qısa bir müddətdə iqtisadi islahatların həyata keçirilməsinə nail olmuşuq və artıq bunun müsbət nəticələrini görürük.

Bu islahatlar demək olar ki, əsasən 1995-ci ilin sonundan, 1996-cı ildən başlayaraq həyata keçirilibdir və bu gün də həyata keçirilir. Bunların nəticəsində artıq 1996-cı ildə biz Azərbaycanda iqtisadiyyatın tənəzzülünün qarşısını aldıq, iqtisadiyyatı sabitləşdirə və iqtisadiyyatda tədricən inkişafa nail ola bildik.

Biz 1996-cı ildə sabitləşməni əldə etdik, 1997-1998-ci illər isə Azərbaycan iqtisadiyyatında, sənaye, kənd təsərrüfatı məhsulları istehsalında və ümumi daxili məhsul istehsalında artım, inkişaf illəri olubdur.

Bunların nəticəsində Azərbaycanda ötən iki il müddətində xalqın rifah halının yaxşılaşdırılması, sosial problemlərin həll olunması üçün gözəçarpacaq işlər görülmüş və onların gələcəkdə də görülməsi üçün əsaslar yaranmışdır. Biz Azərbaycanda inflyasiyanın qarşısını ala bildik. 1994-1995-ci illərdə inflyasiya Azərbaycanın iqtisadiyyatını boğurdu. Aparılan iqtisadi islahatlar, iqtisadiyyatın liberallaşdırılması, maliyyə sahəsində həyata keçirilmiş tədbirlər inflyasiyanın qarşısını almağa imkan verdi.

Bilirsiniz ki, son aylar dünyanın bir neçə bölgəsində maliyyə böhranı baş vermişdir. Bu böhran Rusiyada da öz əksini tapmışdır və Müstəqil Dövlətlər Birliyinə daxil olan başqa ölkələrə də sirayət etmişdir.

Biz Rusiya ilə, Müstəqil Dövlətlər Birliyinə daxil olan başqa ölkələrlə sıx iqtisadi əlaqələr həyata keçiririk. Ona görə də həmin maliyə böhranı, şübhəsiz, Azərbaycana da təsir edə bilərdi. Ancaq bizim əvvəl apardığımız tədbirlər və bu hadisə ilə əlaqədar həyata keçirdiyimiz tədbirlər bunların qarşısını aldı. Bu gün Azərbaycanda maliyyə vəziyyəti sağlamdır, sabitdir, Azərbaycanın milli valyutası - manat tam sabitdir.

Bizim iqtisadiyyat sahəsində həyata keçirdiyimiz tədbirlər sırasında bir çox ölkələri ilə səmərəli əməkdaşlığımız mühüm yer tutur. Biz ölkəmizi bütün dünya üçün açmışıq. Biz açıq, sərbəst iqtisadiyyat yolu ilə gedən ölkəyik. Bunun əsasında Azərbaycan dünyanın bir neçə böyük neft şirkəti ilə ölkəmizin neft və qaz yataqlarından müştərək istifadə olunması barədə tarixi əhəmiyyətə malik müqavilələr imzalamışdır. Bu müqavilələr artıq həyata keçirilir. Biz onların əməli nəticəsini görürük. Bunlar və iqtisadiyyat sahəsində apardığımız bütün başqa işlər Azərbaycana xarici sərmayənin sürətlə gəlməsini təmin edibdir.

Azərbaycanda adambaşına gələn sərmayə indi 160 dollar təşkil edir. Bu göstərici Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr içərisində ən yüksək göstəricidir. Biz neft və qaz sahəsində dünyanın böyük şirkətləri ilə apardığımız işi təkcə Azərbaycan üçün yox, eyni zamanda bütün Qafqaz üçün, Mərkəzi Asiya üçün, Xəzər dənizi hövzəsi üçün çox əhəmiyyətli bir iş hesab edirik.

Neft və qaz sahəsində imzalanmış müqavilələr əsasında Azərbaycana əldə olan layihələrə görə qarşıdakı 25-30 il müddətində təxminən 45-50 milyard ABŞ dolları həcmində sərmayə qoyulacaqdır. Azərbaycanın bu müqavilələrdən götürəcəyi gəlir təxminən 200 milyard dollar dəyərindədir. Azərbaycanın bu sahədə gördüyü işlər, qeyd etdiyim kimi, Azərbaycan ərazisindən Transqafqaz neft və qaz kəmərinin çəkilməsi və belə bir böyük layihənin həyata keçirilməsi üçün də yaxşı əsas yaradır.

Bunların hamısı Azərbaycanın bu günü üçün və gələcəyi üçün çox əhəmiyyətlidir. Ancaq bizim digər ölkələrlə əməkdaşlığımız iqtisadiyyatın artıq bütün sahələrini əhatə edir. İndi Azərbaycanda xarici ölkələrin 1300-dən çox şirkəti fəaliyyət göstərir.

İqtisadi islahatlar özəlləşdirmə proqramı əsasında geniş həyata keçirilir. Özəlləşdirmə proqramının həyata keçirilməsi öz müsbət nəticəsini verir. Azərbaycanda kiçik və orta müəssisələrin özəlləşdirilməsi sona çatıb, böyük müəssisələrin özəlləşdirilməsi qarşımızda duran vəzifədir.

Azərbaycanda iqtisadi islahatların keçirilməsində torpaq islahatı xüsusi yer tutur. Biz 1995-ci ilin sonunda çox cəsarətli addımlar atdıq, "Torpaq islahatı haqqında" radikal qanun qəbul etdik və ötən qısa dövr ərzində o qanunu həyata keçiririk. Torpaq islahatı qanunu Azərbaycanda torpağın xüsusi, şəxsi mülkiyyətə verilməsi prinsipi əsasında həyata keçirilir. Biz artıq bunu həyata keçiririk. Bu günə qədər Azərbaycanda şəxsi mülkiyyətə, xüsusi mülkiyyətə veriləcək torpaqların 80 faizi artıq xüsusi mülkiyyətdədir.

Aqrar sektorun heyvandarlıq sahəsi tamamilə özəlləşdirilibdir. Bunların nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının, ərzaq məhsullarının istehsalı xeyli artıb və güman edirəm ki, yaxın zamanlarda Azərbaycan ərzaq məhsulları ilə özü-özünü təmin etməyə nail olacaqdır.

Mən dünən Moskva televiziyası ilə Qırğızıstanda torpağın şəxsi mülkiyyətə verilməsi haqqında referendum keçirilməsi barədə məlumatı dinlədim. Sevindirici haldır. Ancaq biz bunu qəbul etdiyimiz qanunla həyata keçirmişik. Xalq da bizim qanunu düzgün qəbul edib və həyata keçirir. Məlumdur ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan bir çox ölkələrdə bu məsələ - torpaq islahatı, torpağın xüsusi mülkiyyətə verilməsi məsələsi çox kəskin xarakter daşıyır. Ancaq Azərbaycan nümayiş etdirdi ki, Azərbaycan xalqı həqiqətən mülkiyyətçiliyin yaranmasına, sahibkarlığın yaranmasına və sərbəst iqtisadiyyatın yaranmasına meyllidir və ona görə də bizim qəbul etdiyimiz qanunlar, həyata keçirdiyimiz tədbirlər xalq tərəfindən, vətəndaşlar tərəfindən bəyənilir və onları müvəffəqiyyətlə həyata keçirirlər.

Beləliklə, Azərbaycan ötən beş il müddətində dövlət böhranından, siyasi böhrandan çıxdı. Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunub və bu proses davam edir. Biz iqtisadiyyatda makro-iqtisadi sabitliyə nail olmuşuq. Bunların hamısı qarşıdakı illərdə Azərbaycan dövlətinin daha da müvəffəqiyyətlə inkişaf etməsinə əsas yaratmışdır.

Bu nailiyyətlərlə yanaşı, biz həyatımızın bütün sahələrində olan nöqsanları, çatışmazlıqları da görürük və buraxılan səhvləri də bilirik. Onların ölkəmizə nə qədər zərər vurduğunu da yaxşı bilirik. Təəssüf ki, Azərbaycanda hakimiyyət orqanlarında, dövlət orqanlarında, icra orqanlarında hələ öz vəzifələrini layiqincə yerinə yetirə bilməyən şəxslər də var. Vəzifələrindən öz şəxsi mənafeləri üçün sui-istifadə edənlər, qanunları pozanlar, rüşvətxorluq, korrupsiya ilə məşğul olanlar da var. Azərbaycanda sərbəst iqtisadiyyatın həyata keçirilməsinə mane olan ünsürlər də var. Biz, bir tərəfdən, Azərbaycanda sahibkarlığın inkişaf etməsi uğrunda çalışırıq, sahibkarlar təbəqəsi yaratmaq istəyirik, insanlara mülkiyyətçilik keyfiyyətləri aşılamaq istəyirik və insanların hər birinin öz işi ilə sərbəst, özü istədiyi kimi, məşğul olmasına şərait yaratmaq istəyirik, beləliklə də sərbəst iqtisadiyyatın, bazar iqtisadiyyatının inkişaf etməsini istəyirik.

Ancaq, təəssüf ki, hakimiyyət orqanlarında bizim bu işlərimizə maneçilik göstərənlər də var. Yerli icra orqanlarında, ayrı-ayrı nazirliklərdə olan qanunsuzluqlar, hüquq-mühafizə orqanlarında olan səhvlər və nöqsanlar bizim bu siyasətimizin və tədbirlərimizin həyata keçirilməsinə mane olur.

Biz yaxşı bilirik ki, aparılan iqtisadi siyasət, həyata keçirilən islahatlar iqtisadiyyatı ümumən inkişaf etdirməklə yanaşı, aztəminatlı təbəqənin vəziyyətinə müəyyən qədər mənfi təsir göstərir. Ona görə də biz islahatlarımızın sosial yönümünə xüsusi fikir veririk və bundan sonra da bu, bizim diqqət mərkəzimizdə olacaqdır. Aztəminatlı insanların həyat tərzini yaxşılaşdırmaq üçün biz səmərəli tədbirlər görəcəyik. İqtisadiyyatın inkişafını nəzərə alaraq, gəlirlərimizi artıraraq, büdcəni inkişaf etdirərək gələcək dövrdə maaşların artırılmasına nail olacağıq, pensiyaların, müavinətlərin artırılmasına nail olacağıq. Beləliklə, aztəminatlı ailələrə, aztəminatlı təbəqəyə xüsusi diqqət yetirəcəyik. Bu, bizim əsas vəzifələrimizdən biridir.

Bu sahədə xüsusən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlardan zorla köçürülmüş, yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızın vəziyyəti, onların yaşayış şəraiti və maddi vəziyyəti bundan sonra da bizim diqqət mərkəzimizdə olacaqdır. Mən bu gün etiraf etməliyəm ki, bütün görülən işlərə, aparılan tədbirlərə baxmayaraq, çadır düşərgələrində yaşayan soydaşlarımızın vəziyyəti ağırdır, çətindir. O çadırlarda yaşayan insanları görən hər bir kəs, bir tərəfdən, dəhşətə gəlir, digər tərəfdən isə bu, xalqımızın dərdə nə qədər dözümlü olduğunu göstərir.

Mən işğal olunmuş torpaqlardan köçürülmüş və qaçqın düşərgələrində yaşayan insanlarla əvvəllər də, xüsusən son aylarda da görüşmüşəm. Çadır düşərgələrinin, demək olar, əksəriyyətində oldum. Çadırlarda oldum, insanlarla danışdım, onların vəziyyətini öz gözümlə bir daha gördüm. Həqiqətən, evini-eşiyini, var-yoxunu itirib, yaxınlarını itirib, qanı tökülüb, indi gəlib yayın qızmar vaxtında da, qışın şaxtalı vaxtında da çadırda yaşamaq böyük dözümlülükdür, böyük qəhrəmanlıqdır.

Ona görə də mən bəyan etmişəm və bu gün bir daha deyirəm ki, əhalinin o təbəqəsinin vəziyyətini işğal olunmuş torpaqlar azad edilən vaxta qədər yaxşılaşdırmaq, yüngülləşdirmək üçün biz əlavə tədbirlər görməliyik. Ancaq bizim tədbirlərlə yanaşı, hakimiyyət orqanlarında işləyən hər bir şəxs, hər bir məsul vəzifəli şəxs, hər bir imkanlı vətəndaş soydaşlarımıza qayğı göstərməlidir. Bu, bizim milli borcumuzdur. Bu, bizim vətəndaşlıq borcumuzdur.

Mən bu gün bəyan edirəm ki, həyatın müxtəlif sahələrində mövcud olan nöqsanların aradan qaldırılması işi ilə və hakimiyyət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi işi ilə bundan sonra daha ciddi məşğul olacağıq. Nazirlər Kabinetinin işi təkmilləşdirilməlidir. Nazirliklərin işləri təkmilləşdirilməlidir. Siz bilirsiniz, ancaq bunu bir daha qeyd etmək istəyirəm ki, son iki il ərzində biz Azərbaycanda respublika icra orqanlarının strukturlarında böyük dəyişikliklər etmişik. Bir çox nazirliklər, dövlət komitələri və baş idarələr, şirkətlər ləğv olunubdur. Onlara məxsus olan müəssisələr, təşkilatlar özəlləşdirilib, ya da özəlləşdirmə prosesindədir. Bizim bu tədbirlərimiz bundan sonra da davam edəcəkdir. Həm nazirliklərin strukturunda dəyişikliklər aparılacaq, həm də Nazirlər Kabinetinin işi təkmilləşdiriləcəkdir.

Biz iqtisadiyyat sahəsində gördüyümüz işlərin hamısını dünya təcrübəsindən istifadə edərək aparırıq. Bu baxımdan biz Beynəlxalq Valyuta Fondu ilə, Dünya Bankı ilə, Avropa Birliyinin iqtisadi komissiyası ilə çox sıx əməkdaşlıq edirik, onların tövsiyələrindən səmərəli istifadə edirik. Mən bu gün bəyan edirəm ki, bunlar bizə çox fayda gətirir. Məmnunam ki, bizim bu sahədə gördüyümüz işlər, iqtisadiyyatda baş vermiş müsbət dəyişikliklər, iqtisadi islahatların həyata keçirilməsi və onların nəticələri Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən yüksək qiymətləndirilir. Mən bu əməkdaşlığa görə təşəkkür edirəm və bu gün bəyan edirəm ki, biz bundan sonra da bazar iqtisadiyyatı yolu, iqtisadi islahatlar yolu ilə gedəcəyik, dünya iqtisadiyyatı ilə daha da sıx əməkdaşlıq edəcəyik və dünya iqtisadiyyatının artıq sınaqdan çıxmış təcrübələrindən səmərəli istifadə edəcəyik.

Mən xalq tərəfindən yenidən seçilmiş prezident kimi bəyan edirəm ki, biz Azərbaycanda mövcud vəziyyəti tam obyektiv, düzgün, ədalətli qiymətləndiririk. Əldə olunan nailiyyətləri də görürük, ancaq eyni zamanda çatışmazlıqları, nöqsanları, qüsurları və buraxılan səhvləri də görürük. Buna görə mən, Azərbaycan prezidenti kimi, qarşıdakı fəaliyyətimdə müsbət meyllərin inkişaf etdirilməsinə nail olmağa və mövcud nöqsanların aradan qaldırılmasına çalışacağam. Güman edirəm ki, biz bunlara nail olacağıq.

Azərbaycan ötən beş ildə sübut etdi və dünyaya nümayiş etdirdi ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur, Azərbaycan demokratiya yolu ilə gedir. Bu gün mən bir daha bəyan edirəm ki, bu, bizim strateci yolumuzdur və biz bu yolla ardıcıl olaraq gedəcəyik və bu yoldan heç vaxt dönməyəcəyik.

Demokratik inkişaf yolu, demokratik quruculuq yolu hər bir ölkədə, o cümlədən Azərbaycanda, iqtidar-müxalifət münasibətlərini də özündə əks etdirir. Təbiidir ki, biz demokratiya quraraq, demokratiya yaradaraq, demokratiyanı inkişaf etdirərək, müxalifətin varlığını və mövcudluğunu dərk edirik. Onsuz demokratiya ola bilməz. Ona görə də mən gələcək fəaliyyətimdə iqtidar-müxalifət münasibətlərinin tənzimlənməsini arzu edirəm və onların dünya təcrübəsindən istifadə edərək daha sağlam səviyyəyə çatdırılmasını arzu edirəm. Biz iqtidar-müxalifətin varlığını dərk edirik və Azərbaycanda bu amilin reallığını və gələcəkdə də var olacağını tamamilə dərk edirik.

Ona görə də bütün müxalifət qüvvələri ilə qarşılıqlı anlaşma, lazım olan danışıqların aparılması üçün bizim iqtidarın qapısı həmişə açıqdır. Mən ümid edirəm ki, artıq biz beş illik bir mərhələ keçəndən sonra, Azərbaycanda dövlətçilik prinsipləri möhkəmlənəndən sonra və nəhayət, Azərbaycanda oktyabr ayının 11-də ədalətli, sərbəst, azad şəkildə prezident seçkiləri keçiriləndən sonra bizim iqtidar-müxalifət münasibətlərini tənzimləmək imkanlarımız daha da çoxdur. Hər bir danışığa, hər bir dialoqa Azərbaycan prezidenti və Azərbaycan iqtidarı hazırdır. Güman edirəm ki, müxalifət düşərgəsində olan qüvvələr də Azərbaycanın milli mənafeyini hər şeydən üstün tutmalıdır, Azərbaycanın dövlət müstəqilliyini hər şeydən üstün tutmalıdır, Azərbaycanın müstəqil dövlət kimi yaşamasını və inkişaf etməsini hər şeydən üstün tutmalıdır və bu prinsiplərə əsasən, buna söykənərək biz bundan sonra əməkdaşlıq edə bilərik.

Azərbaycan ötən beş il müddətində ardıcıl, düşünülmüş xarici siyasət aparmışdır. Bizim xarici siyasətimiz uğurlu olmuş və öz müsbət nəticələrini vermişdir. Məhz bunların nəticəsində ötən beş il müddətində dünyanın bir çox ölkələri ilə, o cümlədən inkişaf etmiş ölkələri ilə, aparıcı ölkələri ilə Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələri yaranmışdır. Azərbaycandan bu ölkələrə çoxsaylı rəsmi səfərlər edilib, Azərbaycana dünyanın bir çox ölkələrindən dövlət, hökumət başçıları, parlament başçıları, yüksək səviyyəli nümayəndə heyətləri gəlibdir. Ölkələrarası çoxsaylı müqavilələr, sazişlər imzalanıbdır. Ötən illərdə Azərbaycan bütün beynəlxalq təşkilatlarda təmsil olunubdur və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstəribdir.

Bütün bunların nəticəsində Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycan bir müstəqil dövlət kimi, demokratik dövlət kimi, sərbəst, azad iqtisadiyyat yolu ilə gedən bir dövlət kimi dünyada tanınıbdır və dünyanın bir çox ölkələri Azərbaycana çox böyük maraq göstərir və Azərbaycan ilə daha sıx əlaqələr qurmaq haqqında təşəbbüslər irəli sürürlər.

Azərbaycan apardığı xarici siyasətlə Qafqaz bölgəsində də öz xidmətlərini göstərmişdir. TRASEKA proqramının həyata keçirilməsi sahəsində aparılan işlər nəticəsində bu il sentyabr ayının 7-8-də Azərbaycanda tarixi Böyük İpək yolunun bərpası ilə əlaqədar çox mötəbər beynəlxalq konfrans keçirilmişdir. Bu konfransda 32 ölkənin nümayəndələri iştirak etmişlər, o cümlədən 9 ölkəni prezidentlər və hökumət başçıları təmsil etmişlər. Konfransda 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişlər. Böyük İpək yolu orta əsrlərdə artıq öz fəaliyyətini dayandırdığı dövrdən indiyə qədər ilk dəfə Bakıda, beynəlxalq konfransda tarixi qərarlar qəbul olunmuşdur. Böyük İpək yolunun bərpası ilə əlaqədar Bakı bəyannaməsi və müqavilələr imzalanmışdır. Bu, bizim üçün tarixi hadisədir, eyni zamanda Azərbaycanın Şərq ilə Qərbi, Avropa ilə Asiyanı birləşdirməsi üçün çox gərəkli olduğunu göstərir və Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlərinin nəticəsini göstərir.

Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük və hesab edirəm ki, Bakı Beynəlxalq konfransı da bu sahədə çox yüksək qiymətə layiqdir.

Biz bundan sonra da bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik. Bizim xarici siyasətimizdə tutduğumuz yol bundan sonra da davam edəcəkdir. Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq. Ermənistanın Azərbaycana qarşı 10 il bundan öncə başladığı hərbi təcavüz Ermənistanla Azərbaycan arasında müharibə yaratmışdır, hərbi münaqişə yaratmışdır, eyni zamanda bizim bölgədə, Qafqazda sülhün pozulmasına gətirib çıxarmışdır.

Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz nəticəsində müəyyən səbəblərdən Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq soydaşımız zorla köçürülüb və onlar ağır şəraitdə yaşayırlar. İşğal olunmuş torpaqlarda Azərbaycanın tarixi abidələri, dini müqəddəs yerləri, məscidləri, bütün varidatı, bütün iqtisadiyyatı viran olunubdur. Azərbaycana böyük zərbələr dəyibdir, on minlərlə insan şəhid olub, canlarını qurban verib, qanlar tökülübdür. Müharibə nəticəsində on minlərlə insan əlil, şikəst olubdur, Azərbaycanda şəhid ailələrinin böyük bir dəstəsi yaranıbdır. Bunların hamısı birlikdə Ermənistanın Azərbaycana etdiyi təcavüzün nəticəsidir.

Azərbaycan xalqı heç bir ölkəyə qəsd etməyib, heç bir ölkəyə hücum etməyibdir, yalnız öz suverenliyini, öz torpaqlarını qoruyubdur. Azərbaycanın mərd oğulları öz vətənini, torpaqlarını qoruyarkən şəhid olublar. 1990-cı ildə Sovet hökumətinin Azərbaycana etdiyi təcavüz nəticəsində də Azərbaycanda qan tökülüb, Azərbaycanın günahsız insanları təcavüz nəticəsində şəhid olublar.

Mən bu gün andiçmə mərasimində Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarının müdafiəsi uğrunda şəhid olanların hamısının xatirəsi qarşısında baş əyirəm və onların xatirəsini yad etmək üçün bir dəqiqə sükut etməyi rica edirəm.

Allah bütün şəhidlərə rəhmət etsin.

Bütün bu itkilərə, bütün bu yaralara baxmayaraq, Azərbaycan dövləti Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalanıbdır. Ötən dörd ildən artıq bir zamanda biz atəşkəs sazişinə sadiq olmuşuq və sülh danışıqları aparırıq. Ötən dövrdə aparılan danışıqlar və görülən işlər məsələnin sülh yolu ilə həll olunmasına əsas yaradır və bizə bu yolda inam yaradır. Bu məsələlərin sülh yolu ilə həll edilməsi ilə ATƏT, onun təşkil etdiyi Minsk qrupu məşğul olur. İndi Minsk qrupuna üç böyük dövlət - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa başçılıq edirlər. ATƏT-in Minsk qrupunun gördüyü işləri mən bu gün qiymətləndirirəm və xüsusən 1994-cü ildə ATƏT-in Budapeşt zirvə görüşündə və 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş qərarları və bəyanatları yüksək qiymətləndirirəm. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin 1997-ci ilin ikinci yarısında və 1998-ci ilin əvvəlində verdikləri təklifləri də qəbul etmişik və onların əsasında sülh danışıqlarını başa çatdırmağa hazırıq. Bu gün mən bir daha bəyan edirəm ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına üstünlük verir. Biz ATƏT-in Minsk qrupuna, onun həmsədrlərinə inanırıq, onlarla indiyə qədər əməkdaşlıq etdiyimiz kimi, bundan sonra da əməkdaşlıq etməyə hazırıq.

Ancaq dünya bilməlidir, hamı bilməlidir və ATƏT, onun Minsk qrupu da bilməlidir ki, məsələnin sülh yolu ilə həll olunması Azərbaycanın ərazi bütövlüyü prinsipinə söykənməlidir. Biz heç vaxt heç bir qonşu ölkənin torpağına qəsd etməmişik və bu gün də qəsd etmirik. Heç kəsin torpağına göz dikməmişik. Biz Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmışıq, Azərbaycanın dövlət sərhədləri çərçivəsində olan müstəqil Azərbaycanın tam bütövlüyünü müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik.

Dağlıq Qarabağ probleminin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məhz bu çərçivədə ola bilər. Biz torpağımızın hansısa bir hissəsini heç vaxt heç bir ölkəyə verə bilmərik. Azərbaycanın sərhədlərinin bütövlüyü, ərazi bütövlüyü bizim üçün müqəddəsdir. Biz bu müqəddəs məqsədlərə nail olmaq üçün bundan sonra da çalışacağıq və bütün vasitələrdən istifadə edib Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq.

Əziz dostlar, əziz həmvətənlər!

Biz müstəqil Azərbaycanın inkişafının yeni mərhələsinə qədəm qoyuruq. Qarşımızda böyük vəzifələr var. Biz XXI əsrə doğru gedirik. XX əsr Azərbaycan xalqının tarixində xüsusi yer tutur. XX əsrdə Azərbaycan böyük çətinliklərdən keçibdir. 1918-ci ildə dövlət müstəqilliyini əldə edib, sonra isə itiribdir. 70 il totalitar recim, kommunist recimi altında yaşayıbdır.

Dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycanın həyatı ağır yol keçibdir. On il bundan öncə Ermənistanın etdiyi hərbi təcavüz Azərbaycanın həyatını, insanların yaşayışını gərginləşdirib və Azərbaycanın inkişafı üçün çox çətinliklər yaradıbdır. Ancaq bunlara baxmayaraq, biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir.

Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Biz, Azərbaycanın bugünkü gənc nəsli, Azərbaycanın gələcək nəsilləri üçün yaxşı bünövrələr qoyur, yaxşı əsaslar yaradırıq. Ən əhəmiyyətli amil ondan ibarətdir ki, Azərbaycanın müstəqil dövləti yaranıb, möhkəmlənib, inkişaf edir. Azərbaycanın dövlət müstəqilliyi sarsılmazdır və əbədidir.

Biz XXI əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövləti çatdırmaq istəyirik. Gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik. Azərbaycanın imkanlarından səmərəli istifadə edib, iqtisadiyyatı inkişaf etdirib Azərbaycan xalqının rifah halını yüksəltmək üçün çalışırıq. Biz bundan sonra da dünya birliyində özümüzə məxsus olan yeri tutmağa, saxlamağa çalışacağıq. Biz dünyanın mütərəqqi dövlətləri, birlikləri ilə bundan sonra da əməkdaşlıq edəcəyik. Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir.