Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Bakı-Xəzər\" bitki yağı fabrikinin açılışı mərasimində nitqi - Bakı, Nizami rayonu, 29 dekabr l997-ci il

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən sizi - bu salona toplaşanların hamısını \"İntersun Holdinq\" qrupunun Azərbaycandakı fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm.

Biz bu gün burada - \"İntersun Holdinq\" qrupunun Azərbaycanda gördüyü müştərək işlər sırasında keçmişdə ölkəmizdə yaradılmış, amma indi tamamilə yenidən qurulmuş, müasir texnologiya əsasında məhsul istehsal edən marqarin zavodunun açılışı mərasimində iştirak edirik. O, Azərbaycanda istehsal sahəsində dəyişikliklərin, yeniləşmənin parlaq bir nümunəsidir. Azərbaycanın iqtisadiyyatı yeni iqtisadi sistem yaradılması prosesindədir və bu proses çoxşaxəlidir. Həmin şaxələrdən biri də mövcud olan istehsal sahələrini modernləşdirməkdən, yeniləşdirməkdən, dünya standartları səviyyəsinə qaldırmaqdan və xalqın, cəmiyyətin, bazarın tələblərinə uyğun məhsul istehsal etməkdən ibarətdir. Bu baxımdan 1960-cı illərdə yaranmış, Azərbaycanda sadəcə marqarin istehsalı ilə məşğul olmuş zavodun yenidən qurulması və yüksək səviyyəli yağ məhsulları istehsalının təmin edilməsi təqdirəlayiq bir haldır. Mən bunu yüksək qiymətləndirirəm və bizim iqtisadi siyasətimizin həyata keçirilməsində əlamətdar bir hadisə hesab edirəm. Hesab edirəm ki, bu, həyatın yeni tələblərinə uyğun istehsal sahələrinin yaranması və qurulması üçün gərəkli bir örnəkdir.

Mən bu münasibətlə sizi və bu istehsal müəssisəsində, bu fabrikdə çalışan bütün işçiləri, kollektivi ürəkdən təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu gün sizin mənimlə apardığınız danışıqlar zamanı və bu kürsüdən verdiyiniz sözlər yerinə yetiriləcəkdir. Əminəm ki, müəssisə nəzərdə tutulmuş istehsal həcminə çatacaq və yüksək keyfiyyətli, geniş çeşidli yağ məhsulları istehsal edəcəkdir.

\"İntersun Holdinq\" qrupunun Azərbaycandakı fəaliyyəti çoxmənalıdır. Birinci tərəfdən, belə bir böyük qrupun Azərbaycanda qısa zamanda bir neçə sahədə, özəl sektorda iş

görməsi, xarici sərmayənin gətirilib respublikamızda yerləşdirilməsi və xarici şirkətlərin ölkəmizdə səmərəli iş görməsi üçün yaranmış normal şəraiti nümayiş etdirir. Bu onu göstərir ki, son illərdə bizim iqtisadiyyat sahəsində həyata keçirdiyimiz siyasət və tədbirlər öz nəticəsini verir. Bu onu göstərir ki, sərbəst iqtisadiyyat, təşəbbüskarlıq, bazar iqtisadiyyatı, sahibkarlıq sözləri sadəcə söz deyil, bunlar Azərbaycanın müasir həyatında artıq öz əməli yerini tapmış və bu yeni iqtisadiyyat prinsipləri respublikamızda bərqərar olmuşdur. Mən bunu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, \"İntersun Holdinq\" qrupunun fəaliyyəti bizim bu sahədə atdığımız addımların uğurlu nəticəsidir. \"İntersun Holdinq\" qrupunun fəaliyyəti eyni zamanda, Azərbaycan ilə Türkiyə və başqa ölkələr arasında özəl sektor vasitəsilə iqtisadi əlaqələrin inkişaf etdiyini göstərir. Bu da bizim siyasətimizdir. Bu da bizim əməli surətdə həyata keçirdiyimiz tədbirlərdir.

Mən bir daha qeyd edirəm ki, \"İntersun Holdinq\" qrupu öz fəaliyyəti ilə xarici ölkələrdən olan böyük qruplara, şirkətlərə nümunə göstərir, onların da gəlib Azərbaycanda iş alması, müştərək iş görməsi üçün yollar açır. Biz belə sağlam təməl, prinsiplər əsasında qurulan işləri daim dəstəkləmişik və dəstəkləyəcəyik. Azərbaycanda iqtisadi siyasət bazar iqtisadiyyatı prinsipləri əsasında qurulubdur və həyata keçirilir. Biz bu iqtisadi siyasəti həyata keçirmək üçün lazım olan qanunları, dövlət sənədlərini qəbul etmişik, fərmanlar və sərəncamlar verilibdir. Biz hər bir xarici sərmayəçinin Azərbaycanda sərbəst, səmərəli iş görməsinə təminat vermişik və bu da \"İntersun Holdinq\" qrupunun fəaliyyətində öz bariz nümunəsini göstərir. Biz bundan sonra da Azərbaycanda sərbəst iş görmək üçün təşəbbüs göstərən hər bir sərmayəçiyə burada lazımi şərait yaratmağa hazırıq. Mən belə düşünürəm ki, \"İntersun Holdinq\" qrupunun digər əhəmiyyətli cəhəti də ondan ibarətdir ki, onlar Azərbaycanda sağlam fikirlərlə fəaliyyətə başlamışlar. Mənim

həyat prinsipimə görə bu da ən əsas şərtdir. Respublikamızın və ölkəmizə bənzər respublikaların iqtisadiyyatında son illərdə gedən dəyişikliklərdə müsbət nəticələrlə yanaşı, ayrı-ayrı iş adamları, xarici şirkətlər, xarici iş adamları tərəfindən qanunları pozmaq və yaxud da qanunlardan kənar, qeyri-sağlam yollarla getmək vasitəsilə, qısa desək, fırıldaqçılıqla da işlər görülüb və belə işlər görmək cəhdi indi də vardır. Ola bilər, respublikamızda bu işlər yeni başlanan zaman Azərbaycanda bu cür niyyətlərlə, fikirlərlə iş görməyə başlayan insanlar, yaxud xaricdən ölkəmizə gəlmiş iş adamları müəyyən qədər buna müvəffəq olublar, qanunsuz varlanıblar, para toplayıblar. Onlar belə işləri ilə həm iqtisadiyyatımıza, həm də cəmiyyətimizə çox zərər vurublar. Bu hallar məlumdur. Ancaq indi hamı bilməlidir ki, biz artıq belə hallara yol verməyəcəyik. Bizim qanunlarımız, qərarlarımız, tələblərimiz belə halların aradan qaldırılmasını təmin edəcəkdir. Ona görə də mən \"İntersun Holdinq\" qrupunun işinin müvəffəqiyyətini, bunların birinci növbədə sağlam təməllər əsasında qurulduğunu qeyd edərək və gələcəkdə də belə davam edəcəyinə əmin olaraq, Azərbaycanda bütün başqa yollarla iş görmək istəyənlərə - həm respublikamızın vətəndaşlarına, həm də xarici ölkələrin vətəndaşlarına xəbərdarlıq edirəm ki, o cür qanunsuz yollardan əl çəkmək lazımdır.

Azərbaycanın indiki həyatı qanun çərçivəsində, insafla, vicdanla iş görüb pul qazanmaq, qazanc götürmək üçün çox əlverişli şərait yaradıbdır. Bu şəraitdən istifadə etmək lazımdır. Əyri yollarla getmək lazım deyildir. Biz hamıya sərbəstlik vermişik. Biz bu gün \"İntersun Holdinq\" qrupunun Qələbə Meydanının yanında yaratdığı ticarət mərkəzinə baxarkən, oradakı mağazaları, dükanları və onların içərisində dolu olan çoxçeşidli malları görərkən və o mağazaların sahibləri ilə söhbət edərkən, onların əhval-ruhiyyəsinin şahidi olarkən bir daha hiss edirik ki, Azərbaycanın ictimai, iqtisadi, ticarət həyatı nə qədər dəyişilibdir. Bax, belə sağlam iş insanlara da, yəni sahibkarlara da, onların xidmətindən istifadə edən vətəndaşlara da xeyir gətirir.

\"İntersun Holdinq\" qrupunun fəaliyyəti haqqında burada məlumat verildi. Mən onu qeyd etmək istəyirəm ki, bu qrupun Azərbaycanda gördüyü işlər xalqımız, vətəndaşlarımız üçün çox faydalıdır. Onlar ticarətdən başlayıblar, sonra çay fabriki yaradıblar. Dediyim kimi, Qələbə Meydanının yanında böyük ticarət mərkəzi yaradıblar, yaxşı, nümunəvi ticarət nümayiş etdirirlər, yağ istehsalı ilə məşğul olmağa başlayıblar, inşaatla məşğul olurlar. Özləri burada dediyi kimi, sosial sahəyə də xüsusi fikir verirlər. Mən bunları bir daha xatırladaraq onu qeyd etmək istəyirəm ki, bu sahələr ölkəmizin bu günü üçün çox vacib sahələrdir. Azərbaycanlılar çox çay içəndirlər. Bəlkə də dünyanın heç yerində azərbaycanlılar kimi çay içən yoxdur. Çay bizim çox sevimli içkimizdir, eyni zamanda bir qida maddəsidir. Əgər Azərbaycanda bu sahə artıq yaranıbsa, həm respublikamızın tələbatını ödəyir, həm də ixrac olunursa, bu, çox təqdirəlayiq haldır. Şübhəsiz ki, yağ da hər bir insan üçün lazım olan məhsuldur. Keçmiş zamanlarda bizdə marqarini çox az adam alardı, alanlar da ondan yalnız məhdud çeşidli yeməklər hazırlanmasında istifadə edərdilər. Açıq deyək ki, imkanlı adamlar marqarindən heç vaxt istifadə etməzdilər, - biz hər şeyi necə var, o cür deməliyik, - çünki hesab edirdilər ki, Azərbaycanda kərə yağı ən keyfiyyətli yağdır. Ümumiyyətlə, azərbaycanlılar kərə yağını çox sevirdilər. Mənim xatirimdədir, biz 1970-ci illərdə Azərbaycana bitki yağları, xüsusən zeytun yağı gətirərkən onları almırdılar, mağazalarda qalırdı. Günəbaxan yağını - buna Azərbaycanda semiçka yağı deyirdilər - heç kim almırdı. O illər Azərbaycanda heç bilmirdilər ki, soya adlı yağ var. Məsələn, bizim bəzi vətəndaşlarımız Orta Asiya respublikalarına gedib-gəlib deyirdilər ki, Özbəkistanda plovu ancaq pambıq çiyidindən hazırlanan yağdan bişirirlər. Azərbaycanlılar təəccüb edirdilər ki, bu necə ola bilər, - plov gərək ancaq keyfiyyətli kərə yağından bişirilsin. Bu, bizim xalqımızın xüsusiyyəti idi. Azərbaycanda marqarin zavodu işləyirdi, marqarin istehsal olunurdu, ancaq yenə də deyirəm, çox imkanlı adamlar marqarini heç vaxt almazdılar. Amma indi dünyada gedən proseslər, qapıların açılması dünyanı Azərbaycana, Azərbaycanı dünyaya göstərdi, bizim vətəndaşlarımız da artıq bitki yağlarından geniş miqyasda istifadə edirlər. Bitki yağları və indi başqa yağlarla qarışıq istehsal olunan yağ məhsulları, o cümlədən marqarin adı daşıyan müasir yağ da çox yüksək keyfiyyətlidir.

Mən bu zavodun keçmişini xatırlayıram. O vaxt bu zavod o qədər də böyük hörmətə malik olan müəssisə deyildi. Baxmayaraq ki, burada çox fədakar insanlar işləyirdilər. Mən çox sevinirəm ki, onların əksəriyyəti indi də bu zavodda işləyirlər. Ancaq onların özləri o vaxt istehsal etdikləri məhsulla indiki məhsulu müqayisə edə bilərlər. Beləliklə, Azərbaycan əhalisinin yağa olan ehtiyacının, - demirəm hamısının, müəyyən, böyük bir hissəsinin - məhz Azərbaycanın istehsalı sayəsində təmin edilməsi çox müsbət bir hadisədir. Çünki, yenə də deyirəm, yağ elə bir məhsuldur ki, hər insan bu yağdan istifadə edir. Son illər, xüsusən xarici ticarət genişləndikdən sonra Azərbaycana xaricdən çoxlu yağ məhsulları gəlir. Ancaq əgər biz bunu özümüz Azərbaycanda istehsal edə biliriksə, əhalimizi təmin etmək iqtidarına malik oluruqsa və hətta bunu ixrac etmək mümkün olacaqsa, bu, iqtisadiyyatımızda istədiyimiz nailiyyətlərdən biridir. \"İntersun Holdinq\" qrupunun fəaliyyətini görürsünüz, - çay, yağ istehsal edirlər. Bunlar cəmiyyət, insanlar üçün ən vacib məhsullardır. Azərbaycanda insana çörək kimi, yağ da, çay da lazımdır. Mən çox məmnunam ki, \"İntersun Holdinq\" bu işlərlə məşğul olur. Mən bunu ona görə xüsusi qeyd edirəm ki, son illər Azərbaycanda bəzi iş adamları xarici iş adamları ilə əlaqəyə girərək cəmiyyətin tələbatını yox, özlərinin qazancını yüksək tuturlar. Məhz buna görədir ki, son illər Azərbaycanda araq, spirt istehsalını artırmağa başlayıblar. Mən bir neçə ay bundan əvvəl bu barədə öz fikrimi demişdim, bu gün bir daha deyirəm. Azərbaycanda keçmişdə bu qədər araq, spirtli içkilər içən olmayıbdır. Necə olubdur ki, xalqımız bu qədər spirtli içkilər içməyə başlayıbdır? Bu, bizim üçün zərərlidir. Bir tərəfdən, bol olanda onun qiyməti də aşağı düşür. Spirtli içkilər, xüsusən araq istehsal etməklə bizim xalqımızın ənənələri pozulur. Bunu sübut etmək lazım deyil ki, spirtli içkilər, xüsusən araq hər bir insan üçün zərərli bir içkidir. Xalqımız keçmiş zamanlarda heç vaxt araq, spirtli içki içməyibdir. Bizim islam dinimiz də bunu yasaq, qadağan edibdir. Ancaq yenə də deyirəm, bəzi iş adamları fikirləşirlər ki, daha çox qazançı araq istehsalından götürmək olar. Biri orada, biri burada araq sexi, spirt sexi yaradır. Mənə məlumat gəlir ki, bizim yüksək vəzifəli bəzi şəxslər də belə araq, spirt istehsalına himayədarlıq edirlər, çünki oradan qazanc götürməyə çalışırlar. Mən bu gün bir daha bəyan edirəm: Azərbaycanda belə hallara son qoyulmalıdır. Mən Azərbaycanda spirtli içkiləri qadağan etmirəm. Ancaq üzümü öz soydaşlarıma tutub, sadəcə demək istəyirəm ki, gəlin bizim milli, dini, mənəvi ənənələrimizi - ulu babalarımızdan əsrlərdən əsrlərə bizə qalmış ənənələrimizi pozmayaq. Gəlin onlara sadiq olaq, arağa bu meylin artmasına nəinki imkan verməyək, hətta onun qarşısını alaq. Bu, mənim ümumi fikrimdir. Amma konkret istehsalla əlaqədar onu demək istəyirəm ki, Azərbaycanda spirt, araq, yaxud da ki, spirtli içkilər əhaliyə nə qədər lazımdır, o qədər istehsal olunmalıdır. Başqa istehsalın qarşısı alınmalıdır. Mən bizim Nazirlər Kabinetinə, müvafiq nazirliklərə, komitələrə bu haqda göstəriş vermişəm. Bu gün bir daha bunu təkrar edirəm - bunların qarşısı alınmalıdır. Bax, bu baxımdan mən \"İntersun Holdinq\"in işini bəyənirəm, çünki onlar araq, spirtli içkilər istehsal etməyiblər. Güman edirəm ki, bundan sonra da belə işlərlə məşğul olmazlar. Yağ, çay, şəkər və başqa məhsulların hamısı Azərbaycan üçün, xalqımız üçün lazım olan məhsullardır.

Bu gün biz bu qrupun gördüyü işlərlə tanış olduq, yaradılmış \"Sibank\"ı ziyarət etdik. Şəxsən mən hesab edirəm ki, bu, Azərbaycanın həyatında əlamətdar hadisədir. Çünki biz özəl sektoru inkişaf etdiririk. Özəl banklar olmalıdır. Ancaq 1990- 991-ci illərdə Azərbaycanda bu sahədə bir Xəstəlik əmələ gəlmişdi: hər yerindən duran özünə bir bank yaratmağa başladı. Bir də gördük Azərbaycanda o qədər oank yaranıb ki, bilmirəm, ən böyük ölkələrdə bu qədər bank ola bilər, yoxsa yox. Yəni beb bir dəb düşdü. Bəziləri belə hesab edirlər ki, bank elə bir şeydir, 3-4 adam bir yerə yığışıb bank yaradacaq və buradan pul götürəcəkdir. Biz bunun da acı nəticələrini gördük. \"Xəyalbank\", \"Vahidbank\" və başqa banklar yaranmışdı. Onlar camaatın pulunu yığdılar, yedilər, qaçdılar, cinayət etdilər. Biz bank haqqında qanun qəbul etdik. Bizim Milli Bankımıza da göstərişlər verilibdir ki, Azərbaycanda bütün bank quruculuğu yalnız qəbul etdiyimiz qanun çərçivəsində olmalıdır. Şübhəsiz ki, bununla yanaşı, biz özəl sektoru inkişaf etdirərək, sanballı özəl bankların yaranmasının tərəfdarıyıq, biz bunu dəstəkləyirik. Ancaq gərək bu bank həqiqətən bank olsun. \"Sibank\"ın əhəmiyyəti bir də ondan ibarətdir ki, bu, eyni zamanda investisiya bankıdır, Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsi funksiyasını da daşıyır. Bu gün biz bankın yeni binası ilə tanış olduq. Həm binanın özü, həm bankın işçiləri, həm də orada yaranmış sistem məndə çox xoş təəssürat yaratdı. Mən bunu müsbət qiymətləndirirəm. Bizim milli banka bir daha bildirmək istəyirəm ki, ümumi strateqiyamıza uyğun olmayan xırda-xuruş banklar aradan çıxmalıdır. Biz sanballı, köklü, yaxşı əsaslı, yüksək biliyə, səriştəyə malik bank işçiləri ilə təmin edilmiş və lazımi kapitalı olan bankların yaranmasına üstünlük verməliyik.

Beləliklə, \"İntersun Holdinq\" qrupu Azərbaycanda artıq öz yerini tutubdur. Güman edirəm ki, indiyədək görülən işlər bu qrupun gələcəkdə daha da geniş işlər görməsi üçün şərait yaradır. Mən bunu dəstəkləyirəm. Yəni hər bir belə təşəbbüsü, hər bir belə sağlam addımı mən Azərbaycanın dövlət başçısı kimi dəstəkləyirəm. Azərbaycanda ümumiyyətlə, belə işlər sağlam, müasir tələblərə uyğun özəl sektorun yaranması üçün çox əhəmiyyətlidir. Biz bütün sahələrdə - sənayedə, ticarətdə, nəqliyyatda, kənd təsərrüfatında özəlləşdirmə proqramını həyata keçiririk. Kənd təsərrüfatında özəlləşdirmə torpaq islahatı haqqında qanun əsasında həyata keçirilir. Torpağın xüsusi mülkiyyətə verilməsi, xüsusi mülkiyyətçi tərəfindən sərbəst istifadə olunması təmin edilibdir. İndi bu proses gedir. Azərbaycanda aqrar sektorun heyvandarlıq, maldarlıq sahəsi artıq tamam özəlləşdirilibdir. Torpaq ardıcıl surətdə xüsusi mülkiyyətə verilir. Mən əminəm ki, bunlar öz müsbət nəticəsini verəcəkdir. Bütün başqa sahələrdə də özəlləşdirmə proqramı dayanmadan həyata keçirilməlidir. 1998-ci il bu sahədə çox məhsuldar il olmalıdır. Biz öz tərəfimizdən bunun üçün lazımi tədbirləri daim görəcəyik. Ancaq lazımdır ki, özəl sektorda fəaliyyət göstərmək istəyən hər bir adam, hər bir yeni sahibkarlıq qayda-qanunlarını, dünyanın özəl sektorunun təcrübəsini mənimsəsin. Çünki bunlar hamısı bizim üçün tamamilə yeni hadisələr, hallardır.

Bu gün biz \"İntersun Holdinq\"in ticarət mərkəzinə baxarkən - mən sizə doğrusunu deyim, bizim kimi adamlar mağazaya çox az-az gedir, ona görə də bəzən bilmirik ki, mağazalarda nə var, nə yox - o mağazalardakı malları gördükcə hətta bizim özümüz də həm sevinirdik, həm də təəccüblənirdik. Dünyanın bütün ölkələrində nə qədər gözəl mallar istehsal edilirsə, onlar Azərbaycanda var, özü də istənilən qədər, cürbəcür çeşiddə var. Mən həmin mallara baxarkən orada olan həmkarlarıma müraciət edirdim və biz keçmişi, 15-20 il bundan əvvəlki vaxtı xatırlayırdıq. Heç 15 il yox, 10 il bundan əvvəl də belə idi – o vaxt mağazaların çoxu boş olurdu. O vaxt \"İmport mallar\" deyirdilər, həmin mallar satıcılar tərəfindən altda gizlədilirdi. Satıcı onu ya baha qiymətə satırdı, ya onu tanışlıqla gedib almaq olardı, yaxud bəzi vəzifəli şəxslər öz vəzifəsindən istifadə edib onu ala bilərdi. Ona görə də o vaxtlar hətta \"defisit\" sözü arada çox gəzirdi. Xatirimizdədir, məşhur artist Arkadi Raykin bu barədə çox gülməli bir macəra da danışırdı ki, defisitsiz yaşamaq olmaz, onsuz mümkün deyil. Amma indi heç bir defisit, yəni qıtlıq yoxdur, hər şey var. Hansı növdən, çeşiddən istəyirsən mal tapa bilərsən. Bu, bizim sərbəst iqtisadiyyat, sərbəst ticarət sahəsində həyata keçirdiyimiz siyasətin nəticəsidir. Bu gün mən gördüm ki, bu mağazanın sahibləri keçmişdə mağazada işləyənlərdən fərqlidirlər. Onların çoxu elə keçmişdə də mağazada işləyiblər. Mən onların birindən soruşdum ki, sən o vaxt da işləmisən, indi də işləyirsən, vəziyyət necədir? Deyir ki, yox, müqayisə etmək mümkün deyil. Həmin insandır, o vaxt da ticarətdə işləyib, indi də işləyir. O vaxt dövlət ticarətində işləyərkən bəzən məcburən oğurlayırmış, bəzən qiymətindən artıq, baha satırmış, ondan qazanırmış. Amma indi malını sərbəst, istədiyi kimi satır və halal qazanc götürür. Buna halal qazanc deyirlər. Amma onun o vaxtkı qazancı o qədər də halal deyildi. Bu təcrübə bir-iki günə mənimsənilən təcrübə deyil. Biz ticarət sahəsində buna artıq xeyli nail olmuşuq. Çünki Azərbaycanda ticarətin əksəriyyəti, yaxud da hamısı özəlləşdirilibdir. Çox məmnuniyyətlə demək istəyirəm ki, Azərbaycanın, o cümlədən Bakının küçələrində, meydanlarında, böyük prospektlərində olan keçmiş mağazalar öz görkəmini tamamilə dəyişibdir. Onların həm xarici görünüşü dəyişibdir, həm də içərisi malla doludur. Əlbəttə, onların xarici görünüşü həm şəhəri gözəlləşdirir, həm də alıcıları cəlb edir. Bu təcrübə ticarət sahəsində artıq mənimsənilibdir. Amma başqa sahələrdə, xüsusən istehsal sahələrində bu təcrübə geniş yayılmalıdır. Ona görə də hesab edirəm ki, \"İntersun Holdinq\" qrupunun təcrübəsi öyrənilməlidir və bu, bizim bir çox iş adamlarımız üçün nümunə ola bilər.

Beləliklə, biz bu gün, 1997-ci ilin son günlərində Azərbaycanda iqtisadiyyat sahəsində siyasətimizin və apardığımız əməli işlərin xırda bir nəticəsi ilə tanış olduq. Bu, sevindirici haldır. Mən ümidvaram ki, 1998-ci ildə biz belə hallarla tez-tez rastlaşacağıq. Bir daha qeyd edirəm, özəlləşdirmə proqramı ardıcıl surətdə həyata keçiriləcək və insanlarımız özəlləşdirmədən bəhrə götürəcəklər. Bu gün tanış olduğumuz bu sahələrin bir əhəmiyyətli cəhəti də ondan ibarətdir ki, burada bizim vətəndaşlarımız, insanlar yeni iş yerləri alıblar. Azərbaycana gələn hər bir şirkət, yaxud burada yaranan hər bir özəl qurum yeni iş yeri açırsa və onların sayı çoxdursa, bu həm onun özü üçün, həm də bizim respublikamız üçün əhəmiyyətlidir və faydalıdır. Bu müəssisənin işçiləri dedilər ki, burada işləyənlərin 97 faizi Azərbaycan vətəndaşlarıdır. Bu, çox sevindirici haldır. Onların əksəriyyəti keçmişdən burada işləyənlərdir. Mən sexlərlə tanış olarkən, onlar özlərini belə təqdim etdilər. Bu da çox sevindirici haldır. Onlar artıq yeni şəraitdə, yeni üsul-idarə, yeni texnologiya ilə işləyirlər. Onların özləri də keyfiyyətcə yüksəliblər, həm ticarətdə, həm zavodda, bankda, həm də başqa yerlərdə işləyirlər. Özü də görürəm, işləyənlər əsasən gənclərdir. Bu, məni çox sevindirir. Şübhəsiz ki, onların maaşı əvvəlki maaşlardan xeyli artıqdır. Beləliklə, respublikamızda görülən bu işlər işsizlərin sayını azaldır, yeni-yeni insanlara iş və yeni

keyfiyyətli iş verir. Bunların hamısı bizim qarşımızda duran sosial vəzifələrin yerinə yetirilməsinə xidmət edir. Mən bunu da çox yüksək qiymətləndirirəm. Gözəl bəy burada müraciət etdi ki, onlar bu zavodun yaxınlığında bir idman kompleksi götürmək istəyirlər, ya özəlləşdirmək istəyirlər?

Əbdülbari Gözəl: Biz ondan xeyriyyə məqsədi ilə istifadə etmək istəyirik.

Heydər Əliyev: Bəs həmin bina kimin olmalıdır?

Əbdülbari Gözəl: Möhtərəm prezident, biz istəyirik ki, bu bina bizim xeyriyyə müəssisəmizə verilsin. Kompleksin müdiri də buna razıdır.

Heydər Əliyev: Onda Baş nazir də, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da, Dövlət Əmlak Komitəsinin sədri də bu məsələlərə baxsınlar və mənə məlumat versinlər. Ancaq bu münasibətlə mən onu demək istəyirəm ki, həmin o idman kompleksi 1970-ci illərdə yaranıbdır. Mənim xatirimdədir, gərək ki, biz onu \"Azərelektroterm\" zavodunun tərkibində yaratdıq. O, çox nümunəvi bir idman kompleksi idi. O vaxtlar ondan yaxşı istifadə edilməyə başlandı. Orada çox gözəl şərait yaranmışdı. Təəssüflər olsun ki, həmin bina neçə illərdir başsız qalıbdır. Kimsə onu kiməsə veribdir, o da ondan istifadə etmir. Ona görə də mən hesab edirəm ki, məsələni o kompleksdən səmərəli istifadə olunması prinsipi əsasında həll etmək lazımdır. Əgər onu özəlləşdirmək lazımdırsa, özəlləşdirin. Yoxsa kiminsə olsun, siz ondan istifadə edəsiniz - mən bunu bir az başa düşə bilmirəm. Bilirsiniz, indi bizdə özəlləşdirmə getdiyinə görə dövlət sektorunda bir şey qalmayacaqdır. Yoxsa siz deyirsiniz ki, həmin idman kompleksinin müdiri də sizə razılıq veribdir. Onun müdiri kimdir ki? Onun müdiri əgər o kompleksdən istifadə edirsə, haqqı var bir şey desin. Əgər istifadə etmirsə, başlı-başına buraxıbsa, orada müdirin heç bir haqqı yoxdur. Bu dövlətindir. Bir halda ki, dövlətindir, biz müəyyən etməliyik ki, bunu nə edək. Özəlləşdirməliyiksə, özəlləşdirək, yaxud başqa cür istifadə etməliyiksə, istifadə edək. Onun müdirinin orada heç bir haqqı yoxdur. Bildinizmi? Siz isə deyirsiniz ki, onun müdiri də, siz də razısınız.

Mən şəhər icra hakimiyyəti başçısına və Dövlət Əmlak Komitəsinin sədrinə tapşırıram, Baş nazir də bu işə nəzarət edər, siz bu məsələyə baxarsınız. Ümumiyyətlə, sizin qrupun sosial məsələlərə xüsusi fikir verməsini mən qiymətləndirirəm və ümid edirəm ki, gələcəkdə də bu sosial məsələlər sizin diqqət mərkəzinizdə olacaqdır. Mən sizi bu nailiyyətlər münasibətilə bir daha təbrik edirəm və \"İntersun Holdinq\" qrupuna gələcək uğurlar arzulayıram.

Biz yeni il ərəfəsində görüşürük, 1998-cı ili qarşılayırıq. 1998-ci il Azərbaycan Respublikası üçün yeni uğurlar ili olacaqdır. Biz Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı ərəfəsində görüşürük. Bu bayramlar münasibətilə - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, qarşıdan gələn 1998-ci il, yeni il bayramı münasibətilə sizin hamınızı təbrik edirəm, sizə cansağlığı, səadət, bütün işlərinizdə uğurlar arzulayıram.