Azərbaycan Prezidenti Heydər Əliyevin Prezident Aparatında zabitlərin bir qrupu ilə görüşdə çıxışı - 13 yanvar 1994-cü il

Cənab zabitlər!

Bu gün mənim əmrimə əsasən Azərbaycan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi Bakıla, hərbi komissarlıqlarda və başqa hərbi hissələrdə xidmət edən zabitlərin bir dəstəsini mənimlə görüşə dəvət etmişdir. Görüşümüzün məqsədi bundan ibarətdir: son aylarda respublikamızda Azərbaycan ordusunun quruculuğu prosesi gedir. Sizin hamınız bunun şahidisiniz ki, həmin proses indi artıq düzgün istiqamətlə aparılır, müsbət nəticələrini verir. Bu isə Azərbaycan Respublikasının müdafiəsinin, silahlı qüvvələrimizin möhkəmlənməsinə kömək edir.

İndi respublikanın müdafiə imkanlarının artmasına çox böyük ehtiyacımız var. Məlumdur ki, son illər Ermənistanın Azərbaycana hərbi təcavüz etməsi və uzun çəkən müharibə, döyüşlər nəticəsində respublikamızın ərazisinin bir qismi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ona görə də biz həm Azərbaycanın ərazi bütövlüyünü, torpaqlarını qorumaq məsələləri, həm də erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərimizin geri qaytarılması məsələsi ilə məşğul oluruq. Bu vəzifələrin hamısı Azərbaycan ordusunun qurulması və möhkəmlənməsi ilə bağlıdır. Məmnuniyyətlə qeyd elə bilərəm ki, Azərbaycanla ordu quruculuğu işi sürətlə gedir, nizami hərbi hissələr formalaşır. Bu sahədə gördüyümüz tədbirlər öz nəticəsini verir. İndi mövcud olan hərbi hissələr, xüsusən döyüş bölgələrindəki hərbi hissələr artıq öz hərbi qüdrətini layiqincə nümayiş etdirir və Azərbaycan Respublikasının torpaqlarının müdafiəsində, keşiyində etibarlı dayanırlar.

Siz hamınız Azərbaycan ordusunda xidmət edən zabitlərsiniz və son aylar baş vermiş dəyişikliklər sizə məlumdur. Azərbaycan ordusunun nizami hissələri hazırda dayandıqları mövqelərdə erməni silahlı qüvvələrinin hücumlarına layiqli cavab verir, onlara çox kəsərli zərbələr endirir və respublikamızın torpaqlarını etibarlı müdafiə edirlər. Müharibə davam edir, döyüşlər gedir. Müharibəni biz aparmırıq, onu erməni silahlı qüvvələri Azərbaycan Respublikasına qarşı aparır.

Onlar respublikamızın yeni ərazilərini işğal etməyə can ataraq çalışırlar ki, özlərinin istədikləri şərtlərə Azərbaycan Respublikasının tabe olmasına nail olsunlar. Lakin əvvəllər müəyyən qədər imkanları var idisə, indi buna nail ola bilmirlər. Erməni silahlı qüvvələri ilə üz-üzə dayanan Azərbaycan ordusunun hərbi hissələri bütün cəbhə boyu torpaqlarımızı etibarlı müdafiə edir və qeyd etdiyim kimi, düşmənə ciddi zərbələr endirirlər.

Sizə məlumdur ki, respublikamızın işğal olunmuş ərazisinin bir qismi bu döyüşlər nəticəsində artıq Azərbaycan ordusunun nəzarəti altına keçmiş, yəni geri qaytarılmışdır. Ordumuz işğal olunmuş ərazimizin qalan hissəsini də geri qaytarmaq üçün çox cəsarətli fəaliyyət göstərir. Bu döyüşlər qanlı döyüşlərdir. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycan Respublikasının igid, cəsarətli, qəhrəman oğulları ordu sıralarındakı əsgərlərimiz, zabitlərimiz qəhrəmancasına döyüşür, yaralanır, həlak olurlar. Lakin indi üstünlük Azərbaycan ordusunun əlindədir. Erməni silahlı qüvvələri hər gün çoxlu canlı qüvvə, hərbi texnika itirir, məğlubiyyətə uğrayırlar.

Bütün bunlar cəbhə bölgəsində vəziyyəti kəskinləşdirmişdir. Bunun da günahkarı yenə Ermənistan tərəfidir. Sizə məlumdur ki, mən müharibənin, döyüş əməliyyatlarının dayanlırılmasına və sülh danışıqları aparılmasına tərəfdar olduğumuzu dəfələrlə bildirmişəm, təkliflər irəli sürmüşəm, bəyanatlar vermişəm. Ancaq Ermənistan tərəfi buna razı olmur və bəzən ortaya elə şərtlər atırdı ki, bunlara biz, şübhəsiz, razı ola bilmərik. Ona görə də, bir də təkrar edirəm, indi gedən müharibənin, bütün bu döyüşlərin günahkarı, səbəbkarı Ermənistan tərəfi, erməni silahlı qüvvələridir. Biz isə öz ərazimizlə öz torpaqlarımızı, vətənimizi müdafiə etmək üçün bu döyüşləri aparırıq.

Şübhəsiz ki, döyüşlər belə kəskinləşdikcə qüvvələrimizin daha da səfərbər olunması üçün tədbirlər görmək zərurəti meydana çıxır. İndi Azərbaycan Respublikasının gəncləri orduda xidmət etmək üçün çox böyük ruh yüksəkliyi ilə müraciət edirlər. Orduda xidmətdən qaçanlar, yayınanlar çox deyildir. Bildiyiniz kimi, mənim müraciətlərimdən, xüsusən noyabrın 2-dəki müraciətimdən sonar Azərbaycan Respublikasında bütün vətəndaşlarla, ələlxüsus gənclərdə, orduda xidmət etmək imkanları olan adamlarda vətənpərvərlik hissi çox yüksəlmişdir. Onlar özləri hərbi komissarlıqlara, hərbi hissələrə gələrək döyüşə getmək, hərbi xidmət etmək arzusunda olduqlarını bildirirlər.

Zənnimcə, son dövrdə həyatımızda baş verən müsbət dəyişikliklərdən biri də odur ki, əgər bir müddət bundan öncə Azərbaycan ordusundan fərarilik edənlərin sayı olduqca çox idisə və bunun qarşısını almaq mümkün olmurdusa, indi qanunlarımızın tətbiqi yolu ilə, eyni zamanda əhali arasında vətənpərvərlik tərbiyəsi sahəsində aparılan iş nəticəsində onların tam əksəriyyəti hərbi komissarlıqlara, hərbi prokurorluğa, hərbi hissələrə gəlir və cəbhəyə getmək, döyüşmək, Vətəni qorumaq əzmində olduğunu bildirir.

İndi bizim hərbi çağırış məntəqələrimizdə gənclərin sayı çoxdur və onlar hərbi xidmətə başlamalıdırlar. Onların hərbi təlimi ilə məşğul olmaq üçün zabit kadrlarına çox ehtiyacımız var. Cəhbədəki zabitlərimiz özlərini layiqli göstərir, qəhrəmanlıq nümunələri nümayiş etdirirlər. Lakin indi zabit korpusumuz cəbhə bölgəsinə daha da yaxın olmalı, orada fəaliyyət göstərməli, xidmət etməlidir.

Müdafiə Nazirliyi rəhbərliyinin mənə verdiyi təqdimata görə, buraya toplaşan zabitlərin hamısı hərbi hissələrə getməlidir. Onların bir qismi, ola bilər, əksəriyyəti hərbi komissarlıqlarla işləyir, bəziləri Bakıda yerləşən ordu hissələrində xidmət edirlər. Ancaq indi siz hamınız xidmətinizi cəbhə bölgələrindəki hərbi hissələrlə davam etdirməlisiniz. Ona görə də bu gün sizinlə görüşməyi çox lazım bildim, çünki bu gün Müdafiə Nazirliyinin əmri ilə yeni vəzifələrə təyin olunacaqsınız, hərbi hissələrdə komandir vəzifələri tutacaqsınız. Əminəm ki, bu vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Siz hərbi qulluqçu, zabitsiniz. Hərbi xidmətin bir toxunulmaz qanunu var: hərbi qulluqçu, hərbi xidmətdə olan adam Vətən, komandanlıq harada lazım bilsə, orada da xidmət etməlidir. Bu, hərbi qulluqçulara, o cümlədən sizə yaxşı məlumdur. Ona görə də bu gün alacağınız əmrlər sözsüz yerinə yetirilməlidir. Güman edirəm ki, siz cəbhə bölgələrinə gedib hərbi hissələrdə öz xidmətinizi davam etdirərək Azərbaycan Respublikasının müdafiə qüdrətini daha da möhkəmləndirəcək, həm torpaqlarımızın müdafiəsinə, həm də işğal olunmuş ərazilərimizin geri qaytarılmasına töhfənizi verəcəksiniz. Bu şərəfli işdə hamınıza uğurlar arzulayıram.

Güman edirəm ki, mənim bu sözlərim daim yadınızda qalacaq, əmri alan kimi dərhal cəbhə bölgələrinə gedəcək, indiyədək topladığınız təcrübədən, bilikdən istifadə edərək orada hərbi hissələrin işinin daha yaxşı qurulmasında, əsgərlərimizin, xüsusən hərbi xidmətə yeni çağırılmış gənclərin hazırlanmasında, təlim-tərbiyə keçməsində fəaliyyət göstərəcək, beləliklə də Azərbaycan Respublikasının bu ağır vəziyyətdən çıxmasına töhfənizi verəcəksiniz. Biz Vətən müharibəsi aparırıq, Vətənimizi qoruyuruq və siz də bu Vətən müharibəsinin fəal iştirakçıları olmalısınız.

Bir daha bildirirəm ki, bu gün Müdafiə Nazirliyindən aldığınız əmrlər danışıqsız yerinə yetirilməlidir. Bu işdə sizə uğurlar, cəbhədə qəhrəmanlıq nümunələri göstərməyi arzulayıram. Arzu edirəm ki, Vətənin bu tapşırığını namusla, qeyrətlə, şərəflə yerinə yetirəsiniz. Bu şərəfli işdə Allah sizə yar olsun!