Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin NATO-nun baş katibi Lord Corc Robertsonu və onu müşayiət edən şəxsləri qəbul edərkən söhbətindən - 16 yanvar 2001-ci il

Heydər Əliyev: Hörmətli baş katib!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz. Mən sizi səmimi qəlbdən salamlayıram. Azərbaycan 1994-cü ildən NATO ilə \"Sülh naminə tərəfdaşlıq\" proqramında iştirak edir. İlk dəfə Brüsseldə NATO-nun qərargahında görüşlərim və \"Sülh naminə tərəfdaşlıq\" sənədinə imza atmağım mənim xatirimdədir. Ondan təxminən 6 il keçibdir və bu müddətdə, hesab edirəm, bizim əməkdaşlığımız üçün çox işlər görülübdür. Təbiidir ki, biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, biz gələcəkdə də yaxşı əməkdaşlıq etməliyik.

Hörmətli baş katib, güman edirəm ki, siz də bu məqsədlə bizim bölgəyə gəlmisiniz. Şəxsi nöqteyi-nəzərdən sizinlə yenidən görüşməyimdən çox məmnunam. Mən Moskvadakı görüşlərimizi və xüsusən Londondakı ətraflı söhbətimizi xatırlayıram. İndi isə siz, nəhayət Cənuba, Azərbaycana gəlmisiniz.

Bilirəm ki, siz bir müddət bundan əvvəl Gürcüstanda olmuşdunuz. Ancaq Azərbaycanda, Ermənistanda, yəni üç Cənubi Qafqaz ölkəsinin ikisində olmamışdınız. İndi Ermənistanda oldunuz və nəhayət, Azərbaycana gəldiniz. Çox məmnunam. Buyurun

Corc Robertson: Cənab prezident, buraya ilk dəfə gəlmək və Sizinlə görüşmək imkanı məni sevindirir. Sizə məktubda yazdığım kimi, qəlbən təəssüflənirəm ki, qabaqcadan planlaşdırıldığı kimi, buraya sentyabrda gəlməyə imkanım olmadı. O vaxt Yuqoslaviyada böhran yarandı və bununla əlaqədar səfər planlarımı ixtisar etməli və yalnız Gürcüstana getməli oldum. Lakin onda mən, əlbəttə, çox dəqiq şəkildə bəyan etmişdim ki, bütün Qafqaz dövlətlərinə səfərsiz mənim vəzifəm mükəmməl ola bilməz. Odur ki, buraya gəlmək və Sizinlə artıq üçüncü dəfə görüşmək imkanı məni çox sevindirir.

Siz özünüz indicə dediniz ki, Azərbaycanın \"Sülh naminə tərəfdaşlıq\" proqramına üzv olmasından artıq altı il keçmişdir. Biz Azərbaycanın bu proqramda mühüm rol oynamasını çox yüksək qiymətləndiririk. Azərbaycan xarici işlər nazirini burada görmək mənə xoşdur, çünki onlar mən bu vəzifəyə başladığım vaxtdan bəri, xüsusən iclaslarda, mühüm rol oynayırlar. Əlbəttə, Siz mənim NATO-nun baş katibi olduğum vaxtdan xeyli əvvəl bu ölkənin prezidentisiniz. Ancaq mənə elə gəlir ki, bizim ümumi cəhətlərimiz çoxdur, o cümlədən \"Sülh naminə tərəfdaşlıq\" proqramına, yəni dünyanın bu çox önəmli regionunda sülh, təhlükəsizlik, sabitlik məsələlərinə dərin, həqiqi marağımız var. Mən gözəl Bakı şəhərinin seyrinə çıxmağı səbirsizliklə gözləyirəm, mənə Xəzər dənizini ilk dəfə görməyə imkan verəcək sübh cağını səbirsizliklə gözləyirəm.

Yeri gəlmişkən, mən Atlantik okeanının 10 metrliyində doğulmuşam, buna görə də dünyanın mühüm dənizlərindən daha birini görmək imkanı məni xüsusilə sevindirir.

Heydər Əliyev: Şotlandiya ilə Azərbaycan arasında oxşarlıq var.

Corc Robertson: Mən tam əminəm ki, olduqca çox oxşarlıqlar mövcuddur və biz burada qalacağımız bir gün ərzində onları aşkara çıxaracağıq.

Heydər Əliyev: Cənab baş katib, təşəkkür edirəm. Bir daha məmnun olduğumu bildirirəm ki, siz Azərbaycana gəlmisiniz. Ancaq bunun üçün az vaxt ayırmısınız. Təbiidir ki, mənimlə söhbət aparmaq üçün və başqa görüşlər üçün də vaxt kifayətdir. Ancaq Bakı ilə tanış olmaq, Xəzər dənizini yaxşı görmək - bu, daha da çox vaxt tələb edir. Güman edirəm, bizim məsul şəxslər çalışarlar ki, siz qısa bir zamanda çox şey görəsiniz. Amma bizim üçün ən əsası odur ki, biz 1994-cü ildə \"Sülh naminə tərəfdaşlıq\" proqramına daxil olarkən dünyanın hər yerində, o cümlədən Qafqazda da sülhün bərqərar olmasını özümüz üçün məqsəd kimi qəbul etmişik. Elə proqramın adı da bunu sübut edir - \"Sülh naminə tərəfdaşlıq\". Amma bilirsiniz ki, indi Qafqazda, Cənubi Qafqazda sülh yoxdur. Doğrudur, müharibə də yoxdur, amma sülh də yoxdur.

Siz Ermənistandan buraya gəlmisiniz, güman edirəm orada da söhbətlər olubdur. Ancaq, təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə biz indiyə qədər Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edə bilməmişik.

NATO birinci növbədə hərbi təşkilatdır. Ona görə, o, daha yaxşı bilir ki, kim münaqişədə günahkardır və münaqişənin nəticəsinin günahkarı kimdir. Əgər bu məsələyə ədalətli yanaşılsa, onu demək lazımdır ki, bu münaqişəni başlayan da Ermənistandır. Hələ 1988-ci ildə o, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa iddia edərək münaqişəni başlamış, sonra bu, müharibəyə çevrilmişdir. Bir necə il gedən müharibə, doğrudur, həm o tərəfdən, həm də bu tərəfdən müharibə şəklində getməyibdir. Ancaq müharibə olubdur və müxtəlif səbəblərdən - ona görə yox ki, müharibədə Azərbaycan Ermənistandan gücsüz olubdur, - Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyon azərbaycanlı zorla çıxarılıbdır və artıq 7-8 ildir ki, onlar ağır vəziyyətdə, əksər hissəsi isə çadırlarda yaşayırlar.

Bu ədalətsizlik bütün dünyanın gözünün qarşısındadır. O cümlədən NATO-nun. Yenə də deyirəm, NATO-nun əsas məqsədi-biz bunu belə anlayırıq, baxmayaraq, kimsə hesab edir ki, guya NATO hansısa hegemonluq məqsədi daşıyır, - heç olmasa Avropada sülh yaratmaqdan ibarətdir. Mən dedim ki, hegemonluğu biz demirik, bəziləri deyirlər. Əksinə, biz hesab edirik ki, bu sülhü təmin edən bir təşkilatdır. Siz özünüzü Yuqoslaviyada göstərdiniz, ədalətsizliyə qarşı çıxdınız. Ancaq burada ədalətsizlik hələ də mövcuddur. Güman edirəm, bu barədə biz sizinlə hələ danışarıq.

Bir sözlə, Cənubi Qafqazda təhlükəsizlik biz çox məsələlərdən asılıdır. Ancaq birinci növbədə Cənubi Qafqaz ölkələrində münaqişələrə son qoymaq lazımdır. Bunların içərisində isə Ermənistan-Azərbaycan münaqişəsi xüsusi yer tutur. Yəni bu, hansısa ölkənin hansısa bir etnik qrupu, ya azlığı arasında olan münaqişə deyil, iki müstəqil dövlət arasında olan münaqişədir. Həm Birləşmiş Millətlər Təşkilatının üzvü, həm ATƏT-in üzvü olan, həm də \"Sülh naminə tərəfdaşlıq\" proqramında bir yerdə fəaliyyət göstərən iki ölkənin arasında gedən münaqişədir. Ona görə biz hesab edirik ki, bütün beynəlxalq təşkilatlar, o cümlədən NATO da bu işə çox diqqətli yanaşmalıdır. Belə vəziyyət daim davam edə bilməz və davam etməməlidir.

Ona görə, yenə də deyirəm, biz bir çox məsələləri müzakirə edə bilərik. Ancaq bizim üçün ən əsas məsələ budur. Ona görə mən bu barədə sizə öz fikirlərimi söyləyirəm.

Corc Robertson: Cənab prezident, sağ olun. Mən sadəcə olaraq, bir məqamı şərh etmək istərdim. Bir halda ki, biz burada camaat qarşısında görüşürük, mən Kosovada vəziyyətin sabitləşdirilməsi proseslərində iştirak edən sülhməramlı qüvvələrinizə görə Sizə, hökumətinizə, xalqınıza təşəkkürümü bildirmək istərdim. Bu yəqin dünyanın indiyədək gördüyü ən böyük sülhyaratma əməliyyatıdır. Əlbəttə. Bu qoşunlara nəinki NATO ölkələrinin, habelə Rusiyanın, NATO üzvü olmayan dövlətlərin, o cümlədən də Azərbaycanın hərbi qulluqçuları daxildirlər. Bu yardıma görə Sizə çox minnətdarıq.

Dağlıq Qarabağ məsələsi barədə mən, sadəcə bildirmək istərdim ki, NATO bu məsələ ilə məşğul olmur, bu böhranda müxtəlif tərəflərin təqsirkarlığının dərəcəsini dəqiqləşdirmək NATO-nun işi deyildir. Siz yəqin artıq bilirsiniz ki, bu gün Azərbaycana səfərimizdən əvvəl Ermənistan prezidenti Kocaryan ilə mənim çox mühüm görüşüm olmuşdur və Sizə söyləyəcəyim sözləri ona da demişəm.

Burada çox ciddi və mühüm problem var və bu, təkcə Cənubi Qafqaza deyil, həm də bütün regiona təsir göstərir. Biz bu problemi hər vasitə ilə həll etməliyik. Əgər problem münaqişə iştirakçılarının özləri tərəfindən həll olunmamış qalsa, onda belə uzunmüddətli münaqişəni müşayiət edən iqtisadi, sosial və hərbi problemlərdən heç cür yaxa qurtara bilməyəcəyik. Halbuki hər şey bu münaqişənin bilavasitə iştirakçılarından asılıdır və ümidvaram ki, Siz çox tezliklə razılığa nail olacaqsınız.

Hesab edirəm ki, düzgün mövqeni və bu problemin həlli yolunu müəyyənləşdirmək üçün Ermənistan və Azərbaycan prezidentləri çox böyük təcrübəyə, siyasi cəsarətə malikdirlər və problemi geniş səpgidə görürlər. Bununla da problemin həlli nəinki cənubi Qafqaz üçün, həm də bütövlükdə Avropa üçün yaxşı nümunə olacaqdır.

Bu cür qərarın tapılmasına başqa təşkilatlar, məsələn, ATƏT, Minsk qrupu kömək edə bilər. Rusiya Prezidenti Vladimir Putinin ötən həftə Azərbaycana səfər etməsi məni sevindirir. Mən onun vasitəçi kimi sizə kömək göstərmək təklifini yüksək qiymətləndirirəm. Lakin nəzərə çarpdırmaq istəyirəm ki, NATO bu münaqişənin həlli yolunu axtarmasa da, belə bir qərarın axtarışı sahəsində beynəlxalq səyləri hər vasitə ilə dəstəkləyəcək və sonra biz müqaviləyə əməl olunması üzərində monitorinq keçirəcəyik. Biz bu məsələni Sizinlə yenə müzakirə edəcəyik ancaq demək istəyirəm ki, bu məsələnin nəinki Azərbaycan və Ermənistan üçün, həm də daha geniş region üçün, Avropa üçün əhəmiyyətini lazımınca qiymətləndirirəm.

(Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun baş katibinə bir daha təşəkkür etdi və ingilis dilində nəşr olunmuş, Azərbaycanın NATO ilə əməkdaşlığından bəhs edən \"Sülh və Təhlükəsizlik naminə\" adlı kitabı cənab Robertsona bağışladı).

Corc Robertson: Cənab prezident, mən buna qiymətli hədiyyə kimi tam təfərrüatı ilə baxacağam. Gərək növbəti kitab bundan sonrakı əlaqələrimizə aid olsun. NATO-nun yeni baş katibinin mənim də şəklimi oraya salmısınız. Çox sağ olun. Çox yaxşı hədiyyədir, təşəkkür edirəm.


\"Azərbaycan\" qəzeti, 17 yanvar 2001-ci il.