Respublikanın xalq artisti Polad Bülbüloğluna - 5 fevral 1995-ci il

Hörmətli Polad Bülbüloğlu!

Sizi ömrünüzün yarıməsrlik yubileyi münasibətilə ürəkdən təbrik edir, sizə cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram. Azərbaycan incəsənətinin bu gün dünya şöhrəti qazanmasında sizin layiqli payınız vardır.

Yaratdığınız müxtəlif janrlı musiqi əsərləri sizin çoxşaxəli yaradıcılığınızı əks etdirir, müasir milli musiqi mədəniyyətimizi zənginləşdirir. Xalqımız sizi el-el dolaşan şirin nəğmələrin müəllifi və bu mahnıların əvəzsiz ifaçısı kimi yüksək qiymətləndirir. Sizin Azərbaycan mədəniyyətində tutduğunuz görkəmli yer ölməz sənətkarımız Bülbülün həyat və yaradıcılıq mühiti ilə sıx bağlıdır. Ümidvaram ki, siz dahi Bülbülün sənətinin ənənələrinə daim sadiq qalacaqsınız.

İnanıram ki, sizin ictimai xadim kimi fəaliyyətiniz də müstəqil Azərbaycanın mədəni həyatında silinməz iz qoyacaqdır. Sizi anadan olmağınızın 50 illiyi münasibətilə bir daha təbrik edir, sizə yaradıcılıq yollarında yeni-yeni uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.