Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz! Mən sizi salamlayıram. Bizim ölkəmizə maraq və diqqət göstərdiyinizə görə sizə təşəkkür edirəm. Mən bilirəm ki, siz ölkəmizdə bir neçə görüş keçirmisiniz. Xarici işlər naziri ilə, Prezident Aparatının rəhbər işçiləri ilə görüşmüsünüz. Güman edirəm ki, başqa görüşləriniz də olubdur. Mən sizi dinləmək istəyirəm.
Aron Rouds: Bizimlə görüşə qərar verməyinizi özümüz üçün şərəf hesab edirik. Biz hesab edirik ki, prezidentin Azərbaycana gəlmiş hər bir təşkilatın nümayəndələrini qəbul etmək üçün vaxt ayırması bir o qədər də asan iş deyildir.
Biz dünən Sizin həmkarınızla görüşmüşdük və həmin görüşümüzdə demişik ki, Azərbaycandan hansısa bir qeyri-dövlət təşkilatının nümayəndəsi Fransaya və yaxud Amerika Birləşmiş Ştatlarına gələrsə, orada prezident Jak Şirakla və ya prezident Bill Klintonla görüşməyi qərara alarsa, belə bir arzu olarsa, onun görüşmək şansı çox az olacaqdır. Ona görə biz belə fikirləşirik ki, bu, prezidentlə bilavasitə görüşmək, düşüncələrimizi bölüşmək üçün bizə verilən nadir şansdır, gözəl imkandır.
Heydər Əliyev: Təşəkkür edirəm, buyurun.
Aron Rouds: Bizə verilən imkandan istifadə edərək, istərdim ki, bizim təşkilatın Azərbaycanda nə ilə məşğul olduğunu Sizə aydınlaşdırım.
Buraya gəlməkdə bir neçə məqsədimiz vardır. Ümumiyyətlə, məqsədimiz Azərbaycanda insan hüquqlarının qorunmasının vəziyyəti ilə yaxından tanış olmaqdır. Deməliyəm ki, təşkilatımız hər il öz hesabatını nəşr edir. Bu il iyunun 1-də bizim hesabatımız hazır olacaqdır. Həmin hesabat daha sonra Azərbaycan dilinə tərcümə olunacaq və respublikanızda ictimaiyyət arasında paylanacaq, mətbuata veriləcəkdir. Dövlət rəsmiləri həmin hesabatla tanış olmaq imkanı əldə edəcəklər. İstərdik ki, Azərbaycanda fəaliyyət göstərən hər bir təşkilat bu işdə bizə yardımçı olsun.
Sizdən gizlətməyəcəyəm ki, bizim müəyyən dərəcədə narahatçılığımız vardır. Azərbaycanda insan hüquqlarının qorunması, respublikanızda söz və mətbuat azadlığı, bəzi mətbuat orqanlarının öz qəzetlərinin fəaliyyətini təmin etməsi, jurnalistlərin və ümumiyyətlə insanların öz fikirlərini sərbəst ifadə etməsi məsələləri, polisin vətəndaşlarla münasibəti və siyasi məhbuslar məsələsi, milli azlıqlara münasibətlə bağlı vəziyyət və sair məsələlər bizim təşkilatı narahat edən problemlərdir.
Bu problemlərlə bağlı biz müxtəlif görüşlər keçirmişik, bu məsələləri müxtəlif səviyyələrdə müzakirə etmişik və çox şadıq ki, dövlət rəsmiləri ilə də dialoq aparmaq imkanımız olmuşdur.
Məsələn, xarici işlər naziri ilə, eləcə də Sizin aparatın şöbə müdirləri ilə söhbətdən sonra biz bir qədər ruhlanmışıq. Onların bizimlə görüşlərini hökumət orqanlarının bütün bu məsələlərə pozitiv cavabı kimi qiymətləndirmək istəyirik.
Eyni zamanda biz lazım bildik ki, Sizinlə də görüşək, bütün bu problemləri birbaşa Sizin və beynəlxalq ictimaiyyətin nəzərinə çatdıraq.
Bizi narahat edən digər məsələ isə, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsidir. Bu, müzakirə etdiyimiz digər mövzudur. Biz bununla bağlı müxtəlif vətəndaş cəmiyyətləri ilə görüşlər keçirmişik, onların fikirlərini, bu məsələyə münasibətlərini, mövqeyini öyrənmişik.
Biz adi vətəndaşlarla, eləcə də vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə söhbətlərimizdə öyrəndik ki, onlar Ermənistanda, Dağlıq Qarabağda olan öz həmkarları ilə görüşmək, yaranmış münaqişəni müxtəlif səviyyələrdə müzakirə etmək, ümumi problemlərdən söz açmaq, bu problemləri öyrənmək arzusundadırlar. Bu, onların bir-birini daha yaxşı başa düşməsinə, aralarında normal münasibət yaranmasına imkan verər. Qonşular arasında belə münasibətlərin olması təbiidir. Bununla əlaqədar olaraq mən Sizə müraciət etmək istəyirəm. İstərdik ki, Siz bu təşəbbüsə öz dəstəyinizi verəsiniz. Biz hesab edirik ki, dediklərimiz münaqişənin tənzimlənməsində müəyyən rol oynaya bilər.
Eyni zamanda biz Sizin Ermənistan prezidenti ilə birbaşa görüşlər keçirmək qərarınıza, bu təşəbbüsünüzə məftun olmuşuq. Bu, həqiqətən böyük təşəbbüs və müdrik qərardır. Bizim müşahidələrimizə görə, beynəlxalq ictimaiyyət iki ölkə arasında yaranmış bu münaqişənin həll olunmasında kifayət qədər səmərəli rol oynaya bilməmişdir. Biz belə başa düşürük ki, hər bir beynəlxalq problemdə olduğu kimi, Sizin xalqınıza çoxlu iztirablar gətirən bu ağrılı-acılı problemin hər hansı yolla həlli də kompromislər, güzəştlər tələb edəcəkdir.
Müşahidələrimizdən belə nəticəyə gəlimişik ki, hər iki ölkənin insanları, vətəndaşları kompromislər perspektivinə bir o qədər də hazır deyillər. Hər iki tərəf çox sərt tələblər irəli sürür. Ona görə də məsələnin uğurlu həlli kompromislər, xalqın bu məsələni anlamasını tələb edəcəkdir. Elə buna görə də indidən insanlar arasında anlaşmanın, dialoqun olması vacib bir amildir.
Bir qədər əvvəl biz Azərbaycan Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun əməkdaşları ilə görüşmüşük. Onlar Ermənistanda olan həmkarları ilə görüşüb fikir mübadiləsi aparmaq istəyirlər. İnstitutun əməkdaşları məndən xahiş etdilər ki, onların bu fikrini Sizə yetirim, Siz bu məsələyə öz dəstəyinizi bildirəsiniz.
İcazə versəydiniz, mən Azərbaycanda qaçqınlar problemi haqqında, eyni zamanda ölkə daxilində daimi yaşayış yerlərindən didərgin düşmüş insanlar haqqında da söhbət açardım. Bakının lap yaxınlığında, öz doğma yurdlarından didərgin düşmüş insanların məskunlaşdığı ərazidə biz qaçqınlarla görüşdük. O yerin adını da yazmışam, qorxuram, düzgün tələffüz edə bilməyəm: Ceyranbatan...
Heydər Əliyev: Düzdür, yaxşı tələffüz etdiniz.
Aron Rouds: Bu yazıq insanların yaşadıqları şərait bizi, əlbəttə ki, çox narahat edir.
Qaçqınlar Sizinlə bağlı fikirlərini bizimlə bölüşdülər. Görüşdüyümüz qaçqın və köçkünlərdə belə bir təsəvvür vardır ki, onların vəziyyətinin nə dərəcədə ağır olduğunu guya Siz bilmirsiniz. Görüş zamanı bizdən xahiş etdilər ki, onlara 200 ABŞ dolları məbləğində yardım edək, öz kanalizasiya sistemlərini bir qədər yaxşılaşdıra bilsinlər. Bu sistemin bərbad vəziyyətdə olması xüsusilə uşaqlar arasında xəstəliklər baş verməsinə gətirib çıxarır. Burada uşaqlar hepatit xəstəliyinə tez-tez tutulurlar. Bu da sanitariya vəziyyətinin qeyri-normal halda olması ilə bağlı problemdir. Yəni cüzi xərc çəkməklə bu sahədə dəyişiklik etmək mümkündür. Bu məsələnin qaydaya salınması onların problemlərinin həllinə kömək olardı.
Biz bilirik ki, onların problemlərinin aradan qaldırılması, qaçqın və köçkünlərin həyat tərzinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti həddindən artıq iş görür. Təbiidir ki, qaçqınlarla bağlı görüləsi işlər də çoxdur.
Cənab prezident, narahatlıq doğuran bütün bu məsələləri eşitmək istədiyinizə görə Sizə minnətdarlığımızı bildiririk və Sizin fikirlərinizi öyrənmək istəyirik.
Heydər Əliyev: Sizə təşəkkür edirəm. Əvvəla, bildirmək istəyirəm ki, biz İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyasının fəaliyyətinə çox böyük əhəmiyyət veririk. Helsinki Aktı prinsiplərinin həyata keçirilməsi üçün ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra, xüsusən son illərdə çox iş görmüşük. Bu işləri yenə də davam etdiririk. Yəni bunlar müəyyən bir müddətdə başa çatdırılması mümkün olan işlər deyil. Bu prinsiplər gərək daim həyata keçirilsin. Əgər müəyyən bir müddətdə bu işlər bitmiş olsaydı, onda gərək sizin təşkilat da bağlanaydı.
Aron Rouds: Bizim işlərimiz də Sizin problemlərinizdən asılıdır.
Heydər Əliyev: Yenə də deyirəm, əgər bu işlər bitmiş olsaydı, - nəinki bizdə, bütün dünyada, - onda sizin kimi təşkilatlar öz işlərini gərək qurtaraydılar. Yəni demək istəyirəm ki, biz bu işlərlə daim məşğul oluruq və olacağıq. Sizin buraya gəlib, qısa müddətdə Azərbaycanla tanış olmağınız, müxtəlif təbəqələrin nümayəndələri ilə görüşməyiniz, indi bəyan etdiyiniz kimi, bir çox məsələlərdə pozitiv məlumatlar almağınız məni sevindirir.
Biz insan hüquqlarını geniş mənada anlayırıq. Amma, təəssüflər olsun ki, insan hüquqları ilə məşğul olan bəzi təşkilatlar bu hüquqları yalnız ayrı-ayrı insanların, fərdlərin hüquqları ilə əlaqələndirirlər. Təbiidir ki, hər bir insanın hüquqlarının qorunması bütün cəmiyyətin hüquqlarının qorunması deməkdir. Siz görürsünüz ki, Azərbaycan elə bir vəziyyətə düşübdür ki, ölkəmizdə əhalimizin böyük bir hissəsinin hüquqları pozulubdur. Bu da Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və həmin işğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlının zorla çıxarılması nəticəsində baş vermiş hadisədir.
Bu insanların bütün hüquqları pozulubdur: yaşayış hüququ, mülkiyyət hüququ, azadlıq hüququ və digər hüquqları pozulubdur. Bu insanlar böyük itkilər veriblər. Onlar əsrlər boyu yaşadıqları yerlərdən didərgin düşüblər. Onlar əvvəlki nəsillərinin əsrlər boyu yaratdıqları mülklərin, var-dövlətin hamısını itiriblər.
Qaçqın və köçkünlərin çoxu bu müharibə zamanı öz ailə üzvlərini itiriblər, şəhidlər veriblər. Bir qismi isə xəsarət alıbdır. Onlar 7-8 ildir ki, qeyri-normal şəraitdə yaşayırlar.
Siz Ceyranbatanda olmusunuz, - buna görə sizə təşəkkür edirəm, - hər şeyi öz gözünüzlə görmüsünüz. Ancaq siz gedib çadırlarda ağır vəziyyətə yaşayan insanları görsəydiniz, daha da dəhşətə gələrdiniz. Ceyranbatanda yaşayan qaçqın və köçkünlərin vəziyyəti çadırlarda yaşayan didərginlərin vəziyyətinə nisbətən yaxşıdır. Təəssüf ki, - mən bunu bir də deyirəm, - beynəlxalq təşkilatlar, o cümlədən insan hüquqları ilə məşğul olan təşkilatlar bu sahəyə fikir vermirlər. Mən birinci dəfədir ki, beynəlxalq hüquq normalarını, yəni insan haqlarını qoruyan təşkilatın nümayəndəsindən - sizdən burada dediyiniz bu sözləri eşidirəm. Siz bu məsələyə münasibətinizi bildirdiyinizə görə mən çox məmnunam.
Ceyranbatanda kanalizasiyanın düzəlməsi üçün əgər 100-200 dollar lazımdırsa, - bu, problem deyildir. Bunu yəqin kimsə bilməlidir. Mən göstəriş verəcəyəm, bu məsələ həll olunacaqdır. Amma iş təkcə bunda deyil. Belə problemlər hər yerdə var.
İki həftə bundan öncə biz burada qaçqınların və məcburi köçkünlərin problemləri ilə əlaqədar beynəlxalq konfrans keçirdik. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi, bu təşkilatın humanitar yardımlar üzrə böyük təmsilçisi və humanitar yardımlar göstərən başqa təşkilatların nümayəndələri - hamısı həmin konfransda iştirak edirdilər. Təəssüflər olsun ki, biz ondan müsbət söz eşitmədik. İndi onlar deyirlər ki, dünyanın başqa yerlərində münaqişələr çoxaldığına görə Azərbaycana gələn humanitar yardımlar azalır və bundan sonra da azalacaqdır. Bəs, bu insanlar necə yaşasınlar? Təbiidir ki, onlar təkcə humanitar yardımla yaşamırlar, - Azərbaycan öz imkanları daxilində onlara yardım edir. Onların bir qismi əmək fəaliyyəti ilə məşğul olur, ayrı-ayrı təşkilatlar onlara yardım edir. Amma bu, böyük faciədir, yəni Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir, bir milyon Azərbaycan vətəndaşı öz yerindən-yurdundan çıxarılıbdır. Bu, beynəlxalq təşkilatlar üçün böyük faciədir. Amma onlar indi deyirlər ki, bu faciə ilə bağlı Azərbaycana göstərilən yardımları azaldacaqlar.
Ancaq əsas məsələ ondan ibarət deyildir ki, bu insanlara indi yardım etsinlər. Çünki onlar daim belə vəziyyətdə yaşaya bilməzlər. Gərək Azərbaycanın işğal olunmuş əraziləri azad edilsin, onlar öz torpaqlarına qayıtsınlar. Özü də qayıdanda nə görəcəklər? Daha da dəhşətə gələcəklər. Çünki onların evləri, var-yoxları - hər şeyi dağıdılıbdır. Qaçqın və köçkünlər təkcə doğma torpaqlarını, bir də o dağıntıları görəcəklər. Yəni bu insanların faciəsinin ikinci mərhələsi başlanacaqdır. Bizim üzərimizə, beynəlxalq təşkilatların üzərinə ikinci vəzifə - orada bərpa işləri aparmaq vəzifəsi düşəcəkdir. O şəhərlər, yaşayış məntəqələri, rayonlar axı, bir ilə, on ilə, yüz ilə yaranmayıbdır. Onlar əsrlər boyu yaradılıb. Əsrlər boyu yaranmış bütün varidat beş-altı ilin içərisində viran olubdur.
Ona görə də bizim qarşımızda bu əsas məsələlər durur: birincisi, sülh əldə edib, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək, qaçqınları və köçkünləri öz yerlərinə qaytarmaq, ikincisi isə gələcəkdə bu yerləri bərpa etmək, qaçqın və köçkünlərə normal yaşayış imkanları yaratmaq vəzifəsi durur.
Siz dediniz ki, Ceyranbatanda qaçqınlarla görüşmüsünüz, guya onların vəziyyətini mən o qədər də yaxşı bilmirəm. Yox, bilirəm. Onların vəziyyəti bir dəqiqə də mənim yadımdan çıxmır və gecə-gündüz ürəyimi yandırır. Çünki bu millət mənə etimad göstərib. Mən bu millətin, bu dövlətin başçısıyam. Onları yaşatmaq, onlara qayğı göstərmək mənim müqəddəs borcumdur. Siz bilməlisiniz, onlar da bilsinlər ki, indiyədək nə mümkündürsə, onu da etmişəm və edirəm. Amma çox şey imkan xaricindədir. Ona görə də çox məmnunam ki, siz bunları görmüsünüz, bu işlərlə tanış olmusunuz. Gördüklərinizi öz təşkilatlarınızda təbliğ etsəniz, biz sizə daha da minnətdar olarıq.
Təəssüflər olsun ki, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, ayrı-ayrı ölkələrin yüksək səviyyəli təmsilçiləri Bakıya gəlirlər, buradan da gedirlər. Gedib çadır şəhərciklərində qaçqınların, köçkünlərin vəziyyətini görmürlər. Bakı yaxşı şəhər olduğuna görə onlarda belə təəssürat yaranır ki, Azərbaycanın hər yeri elə bu cürdür. Biz çox istəyirik ki, onlar təkcə Bakıda yox, çadır şəhərciklərində də olsunlar. Ancaq buna nail ola bilmirik.
Siz dediniz ki, Azərbaycan prezidenti ilə Ermənisan prezidentinin danışıqlarını yüksək qiymətləndirirsiniz. Mən təşəkkür edirəm. Siz dediniz və mən də bununla razıyam ki, məsələni həll etmək üçün hər iki tərəfdən kompromislər olmalıdır. Ancaq siz eyni zamanda dediniz ki, müxtəlif təbəqələrin nümayəndələri ilə görüşmüsünüz, danışmısınız, onlar isə məsələnin bu cür həll olunmasına o qədər də razı deyillər. Siz dediniz, - həm Ermənistanda, həm də Azərbaycanda. Güman edirəm ki, siz Ermənistanda da olmusunuz.
Aron Rouds: Ermənistanda gələn həftə olacağam.
Heydər Əliyev: Amma Ermənistandakı vəziyyəti bilirsiniz. Çünki siz dediniz ki, Ermənistanda da, Azərbaycanda da vətəndaşlar bu məsələnin həll olunması üçün lazımi addımlar atılmasını anlaya bilmirlər. Dediniz ki, bəzi adamlar sizdən xahiş ediblər ki, onlara - Ermənistanın və Azərbaycanın vətəndaşlarına görüşüb danışmaq imkanı verilsin ki, bu məsələnin necə həll olunmasını müəyyən etsinlər. Biz buna etiraz etmirik. Bizim bəzi nümayəndələrimiz görüşürlər. Xüsusən jurnalistlər, - gedirlər, gəlirlər, ayrı-ayrı dövlət adamları ilə görüşürlər. Amma ən əsası odur ki, Azərbaycanın və Ermənistanın prezidentləri görüşürlər.
Vətəndaşlar nə edə bilərlər? Ermənilərlə azərbaycanlılar görüşəndə deyəcəklər ki, biz sülh şəraitində yaxşı yaşayırdıq, biz günahkar deyilik, kimsə bu müharibəni saldı. Amma bu müharibəni kim saldı? Bu məsələ kənarda qalacaq.
İkinisi, - bu vəziyyətdən nə cür çıxaq? Müxtəlif fikirlər ola bilər. Məsələn, əgər siz Azərbaycan cəmiyyətinin müxtəlif nümayəndələri ilə görüşə bilmisinizsə, burada bəzi adamlar belə fikirdədirlər ki, müharibə nəticəsində işğal olunmuş torpaqlarımız silah gücü ilə, müharibə yolu ilə alınmalıdır. Bu yolla getmədiyimə görə onlar məni tənqid edirlər.
İndi bizim güclü ordumuz var. Ancaq mən anlayıram ki, indi yenidən müharibə başlamaq olmaz. İnsanların çoxu isə bunu anlamır. Ona görə də insanların hamısına hər şeyi başa salmaq çətindir.
Mən Ermənistan prezidenti ilə ilk təkbətək görüşlərimdən sonra həmin görüşlərin nəticəsi olaraq bildirdim ki, gərək qarşılıqlı kompromislər olsun. Ancaq müxalifət dərhal, - təkcə müxalifət yox, başqaları da, - mənim əleyhimə təbliğat aparmağa başladılar. Dedilər ki, hansı kompromislər olacaqdır? Məsələnin hansı kompromislərlə həll olunacağını tərəflər bunlara razı olduqda biz elan edəcəyik. Mən bu gün deyə bilmərəm ki, bizim tərəfimizdən və Ermənistan tərəfindən hansı kompromislər ola bilər. Biz hansısa bir razılığa gəlsək, onda vətəndaşların bu məsələdə iştirak etməsi mümkündür.
Məsələnin sülh yolu ilə həll edilməsinə biz razı olarıqsa, bunu həm Azərbaycanda, həm də Ermənistanda birmənalı qəbul etməyəcəklər. Siz dediyiniz ideya o vaxt lazım olacaqdır. Onda mən deyəcəyəm ki, əgər siz bununla razı deyilsinizsə, gedin danışın, bəlkə siz bundan da yaxşı danışıq apara biləcəksiniz.
Ona görə də mən sizə bu barədə izahatlar verirəm və eyni zamanda sizin bu fikirlərinizlə tam razı olduğumu bildirmək istəyirəm.
Sizə müraciət edərək çox xahiş edirəm ki, Azərbaycanın bir milyonda artıq vətəndaşının hüquqlarının pozullması haqqında məlumatlara öz kitablarınızda, öz məruzələrinizdə geniş yer verəsiniz. Bu, sizin üçün, bütün dünya ictimaiyyəti üçün, İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyası üçün çox vacibdir.
Bir fərdin, on nəfərin, yüz nəfərin hüquqlarının pozulması dözülməz, dəhşətli bir şeydir. Mən arzu edərdim ki, siz bu vəziyyəti həm öz təşkilatınızda, həm də başqa təşkilatlarda geniş şəkildə anladasınız. Bizim sülh danışıqları apardığımız üçün bu, daha da yaxşı şərait yarada bilər.
Minsk qrupunun Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan olan həmsədrləri var, Minsk qrupunun üzvləri var. Onlar istəyirlər ki, sülh olsun, məsələ həll edilsin. Amma onlar vəziyyəti lazımi qədər dəyərləndirə bilmirlər. O yolla ki, bu məsələni həll etmək olardı, - onlar bir neçə təklif vermişdilər, - Ermənistan buna razı olmur, ona görə də məsələ həllini tapmır. Amma o dövlətlər, beynəlxalq təşkilatlar Ermənistana deyə bilmirlər ki, “sən təcavüzkarsan, sən başqa ölkənin torpaqlarını işğal etmisən”. Biz Ermənistan torpağının bir metrini də işğal etməmişik. Bizim burada günahımız yoxdur. Amma iş burasındadır ki, beynəlxalq təşkilatlar da, o cümlədən bu işlərlə məşğul olan böyük dövlətlər də günahkarlarla zərərçəkəni bir səviyyədə götürürlər. Budur ədalətsizlik! Budur paradoks! Əgər bu ədalətsizlik olmasa, məsələ tez həll oluna bilər.
Ancaq bizə qarşı olan bütün ədalətsizliklərə baxmayaraq, biz bütün beynəlxalq təşkilatlarla öz əməkdaşlığımızı davam etdiririk və etdirəcəyik. Minsk qrupu ilə, onun həmsədrləri – Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa ilə əməkdaşlığımızı davam etdirəcəyik.
Güman edirəm ki, gələckdə Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə görüşləri davam edəcəkdir. Bizim məqsədimiz məsələni sülh yolu ilə həll etməkdir. Sizi də bu məsələdə bizə yardımçı olmağa dəvət edirəm.
Aron Rouds: Cənab prezident, fikirlərinizə görə çox sağ olun. Demək istəyirəm ki, biz sadəcə olaraq, qeyri-dövlət təşkilatıyıq, bu məsələni həll etməkdə bizim diplomatik rolumuz yoxdur. Ona görə də bu çətin problemin həlli yollarını axtarmağa, bu problem üzrə danışıqlar aparmağa cəhd etmirik. Lakin eyni zamanda, hər şeydən əvvəl insan hüquqları baxımından biz təsirli vasitələrdən istifadə edərək, münaqişəyə cəlb olunmuş iki tərəf arasında müəyyən anlaşma yaradılmasına səbəb ola bilərik. Burada da biz öz rolumuzu əsirgəməyəcəyik.
Burada olduğum müddətdə çoxlu məlumat əldə etmişəm və indi çadırlarda yaşayan qaçqınlar haqqında məlumat yaymaq üçün çox həvəsliyəm. Həqiqətən də bu problem bizi narahat edir. Dediyim kimi, bundan sonra biz Ermənistanda olacağıq. Orada da eyni narahatlığımızı ifadə edəcəyik və çalışacağıq ki, Ermənistanda da bizi anlasınlar. Müxtəlif səviyyəli beynəlxalq təşkilatların qarşısında da bacardığımız qədər bu məsələni qaldıracağıq.
Heydər Əliyev: Təşəkkür edirəm, sağ olun.