Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfərə yola düşməzdən əvvəl Binə Hava Limanında jurnalistlərin suallarına cavabı - 22 mart 2000-ci il

Sual: Cənab prezident, qonşu Gürcüstana rəsmi səfəriniz barədə nə deyə bilərsiniz və səfər çərçivəsində hansı sənədlərin imzalanması nəzərdə tutulur?

Cavab: Səfərim rəsmi səfərdir. Ümumiyyətlə, Gürcüstanla Azərbaycan arasında o qədər sıx əlaqələr var ki, bütün səviyyələrdə - prezidentdən başlamış Baş nazir, nazirlər, bizim müxtəlif təşkilatlar daim bir-birinə, yəni Gürcüstandan Azərbaycana, Azərbaycandan Gürcüstana səfərlər edirlər, müqavilələr imzalayırıq və xüsusən əməli işlər aparırıq.

Odur ki, Gürcüstan ilə bizim əlaqələrimizin xüsusi xarakterinə görə bu səfərlərin çox olması da təbiidir. Mən də ötən illərdə Gürcüstana çox getmişəm və Gürcüstan prezidenti Eduard Şevardnadze də Azərbaycana çox gəlibdir. Ancaq mən dörd il bundan öncə ora rəsmi səfər etmişdim. Ondan sonra Şevardnadze bura rəsmi səfər etmişdi. İndi bu, rəsmi səfərdir. Biz orada ətraflı danışıqlar aparacağıq, sənədlər də imzalayacağıq. Əsas sənəd - siyasi sənəd, siyasi bəyanatdır, Gürcüstan prezidenti ilə Azərbaycan prezidentinin birgə bəyanatıdır.

Orada bizim bütün əlaqələrimizə aid, ümumiyyətlə, ölkələrimizin indiki vəziyyətinə aid, Qafqazdakı vəziyyətə aid və beynəlxalq aləmdə gedən proseslərə aid məsələlərdə bizim eyni fikirdə olduğumuz əks ediləcəkdir. Bir neçə başqa sənəd də vardır, onlar iqtisadi xarakter daşıyır.

Sual: Cənab prezident, dünən Dağlıq Qarabağın separatçı liderinə sui-qəsd olubdur və o, indi yaralıdır. Sizcə, bu hadisə Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir göstərə bilər?

Cavab: Bilirsiniz, belə şeyləri bağlamaq lazım deyil. Bilirsiniz ki, Ermənistanda oktyabr ayının 27-də böyük bir terror hadisəsi oldu və ondan sonra ümumiyyətlə, Ermənistanda daxili ictimai-siyasi vəziyyət gərginləşibdir.

Amma ondan da qabaq bizim aldığımız məlumatlara görə, Dağlıq Qarabağda da ictimai-siyasi vəziyyət gərginləşmişdir. Bu ümumi gərginlik var və o, onların daxili işidir. Biz bu məsələlərin heç birinə qarışmırıq və qarışmamalıyıq. Azərbaycan prezidenti kimi mənim mövqeyim bundan ibarətdir.

Doğrudur, keçmiş zamanlarda - 1991-1992-1993-cü illərdə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət gərgin olduğu halda, ağır olduğu halda, burada hakimiyyət mübarizəsi getdiyi halda, insanlar torpaqlarını qorumaq əvəzinə, - yəni mən dövlət adamlarını, dövlət rəhbərlərini deyirəm, - bir-biri ilə vuruşurdular. Bu zaman Ermənistan silahlı qüvvələri bu vəziyyətdən çox məharətlə istifadə etdilər və bizim torpaqların bir qismini işğal etdilər. Məsələn, torpaqların bir qisminin işğal edilməsi həmin o 1992-1993-cü illərə gəlib düşür və onun da başqa səbəblərlə yanaşı, ən birinci səbəbi odur ki, Azərbaycanda birlik olmadı, torpaqlar uğrunda hamının birləşib müharibə aparması, yaxud torpaqları müdafiə etməsi olmadı. Ermənilər də bundan məharətlə istifadə etdilər.

Ancaq bunlar hamısı keçmişdə qalıbdır. Biz sülh tərəfdarıyıq. Biz istəyirik ki, Ermənistanla Azərbaycan arasındakı münaqişələri sülh yolu ilə həll edək. Ona görə də Ermənistanın daxilində, yaxud Dağlıq Qarabağda, - baxmayaraq ki, o, bizim ərazimizdir, bizim torpağımızdır, amma faktiki olaraq bizim tabeliyimizdə deyildir, - Dağlıq Qarabağda hansısa bir hadisə, daxili gərginlik, filan olursa, biz bunlara, sadəcə, olduqca soyuqqanlılıqla yanaşmalıyıq, yəni heç bir müdaxilə etməməliyik, bundan heç bir istifadə etməməliyik və Ermənistanın daxili məsələlərini Ermənistan özü həll etməlidir.

Oktyabr ayında Yerevanda olan terror hadisəsindən sonra mən Ermənistan prezidenti Koçaryanla həm telefonla danışdım, həm də sonra görüşdük. O, mənə dəfələrlə dedi ki, bu terror hadisələrinin Ermənistan- Azərbaycan münasibətlərinə, yaxud da apardığımız danışıqlara heç bir təsiri yoxdur və bu danışıqlarla heç bir əlaqəsi yoxdur. Ona görə də mən bu gün də deyə bilərəm, - bəli, mən də eşitmişəm ki, orada, Dağlıq Qarabağda belə bir terror olubdur. Ancaq güman edirəm və əminəm ki, bunun Ermənistan-Azərbaycan münasibətləri ilə heç bir əlaqəsi yoxdur və bizim danışıq proseslərimiz ilə heç bir əlaqəsi yoxdur. O, onların daxili işidir. Bizim isə bu barədə mövqeyimiz bundan ibarət olmalıdır ki, qoy özləri daxili işlərini həll etsinlər. Bizə lazımdır ki, məsələni sülh yolu ilə həll edək. Əgər mənim fikrimi bilmək istəyirsinizsə, məsələni sülh yolu ilə həll etmək üçün biz istərdik ki, Ermənistanın daxilində də, Dağlıq Qarabağda da ictimai-siyasi sabitlik olsun, vəziyyət sabit olsun. Əgər bu sabitlik olmasa, təbiidir ki, onlar bizimlə danışıq apara bilməzlər və biz sülhə nail ola bilmərik.

Sual: Cənab prezident, Siz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda sabitlik bərqərar olmaqla bərabər, Gürcüstanda yaşayan, qaçqınlıq təhlükəsi ilə üzləşən yarım milyondan artıq soydaşlarımızın taleyi faktiki olaraq həll edildi. Yəni onlar deportasiyadan xilas oldular. Səfəriniz çərçivəsində soydaşlarımızla görüşünüz nəzərdə tutulurmu?

Cavab: Bilirsiniz, mən soydaşlarımızla həmişə görüşürəm. Ümumiyyətlə, mən elə 70-ci illərdə də Azərbaycana rəhbərlik etdiyim zaman Azərbaycandan kənarda yaşayan bütün azərbaycanlılarla, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyəti ilə, Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti ilə daim maraqlanırdım və imkan dairəsində onların vəziyyətinin - həm iqtisadi vəziyyətinin yaxşılaşmasına, həm də onların dövlət işlərində iştirak etməsinə kömək etməyə çalışırdım. Ancaq həqiqət bundan ibarətdir ki, o illərdə dövlət başçıları çox sözlər verirdilər, amma əməli olaraq az işlər görürdülər.

İndi, yeni mərhələdə Gürcüstan da müstəqildir, Azərbaycan da müstəqildir, Gürcüstan da, Azərbaycan da ağır bir yol keçdi, daxili vətəndaş müharibəsi oldu. Bilirsiniz ki, o dövrdə Borçalı mahalında - təkcə Borçalıda yox, Gürcüstanın başqa yerlərində də azərbaycanlılar yaşayırlar, - orada azərbaycanlıların vəziyyəti çox ağırlaşmışdı. Sonra, 1993-cü ildə, yəqin siz bunu bilirsiniz, mən Azərbaycana gələndən sonra Gürcüstan - Azərbaycan əlaqələrində çox keyfiyyətli dəyişikliklər əmələ gəldi. Eduard Şevardnadze ilə mənim keçmişdən olan əlaqələrimiz və indi iki prezident kimi qarşımızda duran məsələlərin birgə həll edilməsinə səylərimiz onu təmin edibdir ki, indi Gürcüstanda yaşayan 500 mindən çox azərbaycanlının vəziyyəti əvvəlkinə nisbətən yaxşılaşır və biz də həmişə bunu müşahidə edirik. Çalışırıq ki, onlara yardım edək. Onlardan dörd nəfər son seçkilərdə yenə də Gürcüstan parlamentinə deputat seçilibdir. Mənə deyirlər, bəlkə bir nəfər də sonra seçilsin.

Soydaşlarımızın Azərbaycan məktəblərində təhsil almalarına kömək edirik və başqa işlərinə kömək edirik. Hər halda hesab edirəm ki, Gürcüstanda - Borçalı mahalında və bütün başqa bölgələrdə yaşayan azərbaycanlıların vəziyyəti indi əvvəlkilərə nisbətən daha yaxşıdır. Mən deyə bilmərəm ki, maddi vəziyyəti yaxşıdır, ancaq onların ölkədə mövqeyi, yəni özlərini bir vətəndaş kimi hiss etməsi sahəsində onlar daha yüksək səviyyədədirlər və mən hər dəfə nəinki səfərlərimdə, bütün danışıqlarımda bu məsələni əsas məsələ kimi qoyuram. Gürcüstanda yaşayan azərbaycanlıların qarşısında özümü borclu hesab edirəm, onlara keçmişdə də qayğı göstərmişəm, bunu indi də edirəm və nə qədər də varam - edəcəyəm.

Sual: Cənab prezident, səfəriniz çərçivəsində Bakı-Ceyhan kəməri ilə əlaqədar tranzit tarifi üzrə danışıqlarınız olacaqmı?

Cavab: Bilirsiniz ki, orada hər şey həll olunubdur. Ancaq Gürcüstan tərəfindən bəzi şərtlər, bizim üçün, nəinki bizim üçün, ümumiyyətlə, iqtisadi nöqteyi-nəzərdən heç bir çərçivəyə sığmayan bəzi məsələlər qaldırılır.

Bizim nümayəndə heyətləri görüşüblər. İki-üç gün bundan öncə mən bizim Dövlət Neft Şirkətində bu işlə məşğul olan Valeh Ələsgərovu yenə də ora göndərmişəm. O, orada məşğul olur. İndi mən gələn kimi orada məlumat alacağam ki, vəziyyət nə yerdədir. Çünki bizim məqsədimiz bundan ibarətdir ki, tezliklə bu məsələləri qurtaraq, kommersiya müqaviləsini imzalayaq, bu müqavilələr Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin ratifikasiyasından keçsin və tezliklə işə başlayaq.

Bir gün bundan öncə mən Türkiyənin prezidenti cənab Süleyman Dəmirəl ilə də bu barədə danışırdım. O da, mən də, hamımız bu fikirdəyik. Çünki əgər bu, bir az geciksə, sonra ümumiyyətlə, bu kəmərin tikilməsi müəyyən qədər gecikəcək və bu da hər bir ölkə üçün zərərdir.

Sual: Cənab prezident, bazar günü Rusiyada keçiriləcək prezident seçkilərində Putinin qalib gələcəyi şübhə doğurmur. Əgər Putin qalib gələrsə, Azərbaycana təsiri necə ola bilər?

Cavab: Onu seçkidən sonra görərik.

Sual: Cənab prezident, Gürcüstanda vaxtı yaxınlaşan prezident seçkilərini necə dəyərləndirirsiniz?

Cavab: Sən iki dəfə sual verirsən, bu yazıqları qoymursan sual versinlər. Dəyərləndirirəm, indi gedib orada dəyərləndirəcəyəm.

Sual: Cənab prezident, Saparmurad Niyazov ilə telefon danışığınızda belə cümlə işlədilib ki, ola bilsin, sənədlər Bakıda imzalanacaqdır.

Cavab: Bəli, o özü bunu dedi ki, ola bilər, sənədlər Bakıda imzalansın. Mən də buna etiraz etmirəm. Çünki ayın 8-də burada türkdilli ölkələrin dövlət başçılarının görüşü olacaqdır. Əgər o bu addımı atıb bunu etsə, biz buna etiraz etmirik.

Jurnalist: Cənab prezident, mümkünsə...

Heydər Əliyev: Sən mənə sual verirsən, sonra da gedib həmişə pis şeylər yazırsan. Mən də həmişə sənə baxıram, görürəm ki, belə balaca qızsan.

Jurnalist: Cənab prezident, bir qrup ziyalı son günlər dövlət himninin mətninə dəyişiklik edilməsi haqqında təkliflər irəli sürüblər.

Heydər Əliyev: Dövlət himninin?

Jurnalist: Bəli. Əhməd Cavadın sözlərinə yazılmış himnin.

Heydər Əliyev: Mən bunu bilmirəm.

Sual: Bəxtiyar Vahadzadə redaktə edilməsini, Zəlimxan Yaqub ümumiyyətlə, dəyişilməsini təklif edirlər. Sizin bu təkliflərə münasibətiniz necədir?

Cavab: Vallah, mən bunu səndən eşidirəm. Ancaq əgər onlar bir dəyişiklik etmək istəyirsə, gərək bunu mən prezident kimi biləm, ondan sonra öz fikrimi deyə bilərəm. Bilirsiniz, mən ümumiyyətlə, vaxtilə yazılmış şeylərin dəyişilməsinin tərəfdarı deyiləm.

Sual: Cənab prezident, deyirlər ki, Siz o vaxtkı hadisələrdə, çevriliş cəhdlərində iştirak etmiş bəzi siyasi xadimləri əfv etmək fikrindəsiniz. Bu doğrudurmu?

Cavab: Mən indiyədək nə qədər adamı əfv etmişəm. 5 mindən çox adamı əfv etmişəm. Yenə də əfv edəcəyəm. Kim özünü yaxşı aparsa, əfv edəcəyəm. Sağ olun.