Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə qısamüddətli işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabları - 13 fevral 1998-ci il

Sual: Cənab prezident, qardaş Türkiyə Respublikasına hərbir səfəriniz iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə və inkişaf etməsinə həmişə kömək göstərmişdir. Xahiş edirəm, bu səfəriniz barədə qısaca məlumat verəsiniz.

Cavab: Bu səfər Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəlin və Türkiyənin Baş naziri hörmətli Məsud Yılmazın bu dəvəti ilə həyata keçirilir. Bu, qısamüddətli işgüzar bir səfərdir. Onlar məni dəvət ediblər. Bu dəvət bir neçə dəfə olubdur. Mən bu dəvəti qəbul etmişəm və bu gün oraya gedirəm. Şübhəsiz ki, biz orada Türkiyə-Azərbaycan əlaqələri barədə fikir mübadiləsi aparacağıq. Bu, əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır. Biz eyni zamanda bölgəmizdə, beynəlxalq aləmdə olan vəziyyət - bilirsiniz ki, indi yaxın Şərqdə də çox gərgin bir vəziyyət yaranıbdır, - barədə fikir mübadiləsi aparacağıq, söhbət edəcəyik, öz fikirlərimizi bir-birimizə bildirəcəyik. Hesab edirəm ki, Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr vaxtaşırı belə görüşlərin keçirilməsinin zəruriliyini bildirir və belə görüşlər olur. Bilirsiniz ki, mən prezident Süleyman Dəmirəllə beynəlxalq təşkilatlarda tez-tez görüşürəm: Ötən ilin dekabr ayında Türkiyənin hörmətli Baş naziri Məsud Yılmaz Türkmənistandan öz ölkəsinə dönərkən Bakıya qısamüddətli bir ziyarət etdi. Ancaq yenə də görüşməyə və danışmağa ehtiyac var. Mən bunun üçün gedirəm. Bir də bilirsiniz ki, orada \"Nərgiz-TV\" televiziyasının böyük bir mərasimi vardır. O mərasim bu gün axşam olacaq. Mənə dedilər ki, bu mərasimi canlı yayımla verəcəklər, özünüz baxıb, dinləyə bilərsiniz. Türkiyədə mənə sənayeçilər və iş adamları birliklərinin, sonra Qars bələdiyyəsinin mükafatları və bir sıra başqa mükafatlar var. Onlar bu mükafatları mənə təqdim etmək istəyirlər. Mən də onlara etiraz etmirəm.

Sual: Cənab prezident, jurnalistlərin hüquqlarını qoruduğunuza görə ANS televiziya və radio şirkətinin kollektivi adından Sizə təşəkkür edirik. Siz birinci dəfə deyil ki, ANS-in hüquqlarını müdafiə edirsiniz. Ümumiyyətlə, Sizin demokratik xəttinizə zidd olan bəzi dövlət məmurları haqqında konkret fakt üzrə gələcəkdə hansı tədbirlər görməyi planlaşdırırsınız?

Cavab: Bilirsiniz, mən jurnalistləri həmişə qorumuşam. Jurnalistlər bəzən mənə qarşı ədalətsizliklər etdiyi halda da onları qorumuşam. Jurnalistlər cinayət edib məni təhqir etdikləri halda da mən onları həbsxanadan azad etmişəm. Eşidirəm ki, onlar yenə də köhnə işlərindən əl çəkməyiblər. Ancaq biləsiniz ki, jurnalistlərə mənim həmişə hörmətim olubdur. Bilirsiniz, jurnalist problemi son illər - Azərbaycanda demokratiya yaranan zaman və ümumiyyətlə, Sovetlər İttifaqı dağılandan sonra meydana çıxıbdır. Amma bilməlisiniz ki, hələ 1970-ci illərdə Azərbaycanda işləyəndə mənim jurnalistlərlə, mətbuatla həmişə açıq-aşkar əlaqələrim olubdur. O vaxtlar bu, Sovet İttifaqının liderlərinə xas olan bir hal deyildi. Mənim mətbuatda açıq çıxışlarım, müsahibələrim olubdur. Moskvada \"Literaturnaya qazeta\" var idi, o vaxt o, demək olar ki, müxalifət qəzeti hesab olunurdu. Çünki başqa qəzetlərin hamısı rəsmi idi, amma \"Literaturnaya qazeta\"da yazılanlar həqiqətən də bəzən müxalifət xarakteri daşıyırdı. Məsələn, mən o qəzetə elə müsahibələr verirdim ki, o vaxtlar bu, təəccüb doğururdu. Yəni jurnalistlərlə mənim əlaqəmin qədim tarixi var. İndi də mən siyasi plüralizmi, mətbuat azadlığını Konstitusiyamızda olduğu kimi, bizim cəmiyyətimizin əsas tərkib hissələrindən biri hesab edirəm. Burada başqa bir şey ola bilməz. Ancaq jurnalistlər də özlərini tərbiyəli aparmalıdırlar.

Sual: Cənab prezident, rəsmi qəzetlərin bugünkü nömrələrində dərc olunmuş material, yəni \"Avropa\" mehmanxanasında aparılan yoxlamanın nəticələri barədə nə deyə bilərsiniz?

Cavab: Orada hamısı yazılıbdır, daha nə deyəcəyəm? Siz onu oxumusunuzmu? Orada həqiqət yazılıbdır. Bax, həmin yazının özü də göstərir ki, biz dövlətimizdə, hökumətimizdə ictimaiyyətdən, xalqdan heç bir şeyi gizlətmirik. Xarici işlər naziri Həsən Həsənov bizim dövlətimizdə görkəmli bir yer tutan adamdır. Ancaq onun günahları və onun günahlarından irəliyə gələn qanun pozuntuları, hətta cinayət halları aşkar olunandan sonra biz həqiqəti ictimaiyyətə çatdırdıq. Bunun özü də bizim cəsarətimizi göstərir. Biz heç bir şeydən qorxmuruq, heç bir şeydən çəkinmirik, olanı deyirik. Şübhəsiz ki, bu, bizim dövlətin, hökumətin daxilində olan, bizə zərər verən bir haldır. Amma biz bunu gizlətmirik, açıqca deyirik. Siz onu oxumusunuz. Sağ olun.