Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyanın \"Eni\" korporasiyasının Direktorlar Şurasının sədri Ulyelmo Moskota ilə görüşdə söhbətindən - Roma, \"Eni\" korporasiyasının iqamətgahı, 26 sentyabr 1997-ci il

Hörmətli cənab Moskota!

İlk öncə, mən bu görüşdən məmnun qaldığımı söyləyərək bildirirəm ki, \"Eni-Acip\"in ölkəmizlə əməkdaşlığı artıq uzunmüddətli xarakter alır. Siz Azərbaycana ilk dəfə 1995-ci ilin noyabrında gəlib \"Qarabağ\" yatağının işlənməsinə dair konsorsiuma daxil olmuşdunuz, ancaq dünən \"Kürdaşı\" yatağı barədə imzalanmış sənəd bizim əməkdaşlığımıza daha geniş xarakter verir. Ona görə də hesab edirəm ki, biz bir çox onilliklər ərzində əməkdaşlıq edəcəyik.

Mən korporasiyanın Azərbaycana göstərdiyi humanitar yardıma görə də minnətdarlıq edirəm. Fikrimcə, genişlənməkdə olan əməkdaşlıq həm də yardımın artırılması ilə müşayiət ediləcəkdir.

Mən \"Kürdaşı\" yatağına dair yaradılacaq konsorsiumun iştirakçılarını müəyyənləşdirmək barədə ARDNŞ-in prezidentinə göstəriş vermişəm. Bunu vurğulayaraq bildirirəm ki, həmin yatağa böyük maraq göstərilir, ona görə də məsələlərin həllini sürətləndirib əməli işə başlamaq lazımdır.

Gələcəkdə Xəzər hövzəsindən neftin nəqli məsələsindən danışarkən onu deyə bilərəm ki, bizim imzaladığımız ilk müqaviləyə daha doqquz müqavilə əlavə olunmuşdur. Ona görə də neftin nəqli barədə ciddi düşünürük və əsas neft kəmərinin marşrutunu müəyyənləşdirmək üçün təkliflər işləyib hazırlamaqdan ötrü mən bu yaxınlarda sərəncam verərək xüsusi qrup yaratmışam.