Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniyanın \"Döyçe Bank\" İdarə Heyəti adından Azərbaycan prezidenti şərəfinə verilmiş ziyafətdə nitqi - Düsseldorf, 3 iyul 1996-cı il

Hörmətli cənab prezident, hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və dünyanın ən böyük banklarından biri olan \"Döyçe Bank\"dakı bu görüşümdən çox məmnun qaldığımı bildirirəm. Bugünkü görüşümüz təkcə \"Döyçe Bank\"ın rəhbərləri deyil, həm də Almaniyanın böyük şirkət, konsern və firma başçılarının iştirakı ilə keçirilir. Bu görüş mənim buraya səfərimin iqtisadi cəhətdən bir hissəsi hesab olunur.

Mənim Almaniyaya rəsmi səfərimdən məqsəd Almaniya-Azərbaycan əlaqələrini daha da sıxlaşdırmaq, genişləndirmək və bu əlaqələrin daha da inkişaf etməsi üçün əlavə tədbirlər görməkdən ibarətdir. Dövlətlərarası münasibətlərlə bağlı olan məsələləri mən hörmətli cənab federal kansler Helmut Kol ilə, hörmətli cənab federal prezident Roman Hersoq ilə və Almaniyanın rəsmi dairələrinin digər nümayəndələri ilə müzakirə etmişəm. Biz bu görüşlərdə ölkələrimiz arasındakı münasibətləri və bu münasibətlərin bütün sahələrini təhlil etdik və bir çox məsələlər barəsində eyni fikirdə olduğumuzu bildirdik. Mən bu görüşlərdən, danışıqlardan çox məmnunam, hesab edirəm ki, bu görüşlər, danışıqlar Almaniya-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırdı.

Bizim görüş və danışıqlarımızda iqtisadi problemlər, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələləri çox böyük yer tutur. Mən çox məmnunam ki, bu danışıqların davamı olaraq bu gün səhər Almaniyanın iş adamları ilə, biznes sahəsində çalışan şəxslərlə görüşdüm və biz çox ətraflı danışıqlar apardıq. Başqa görüşlər də oldu. Mən bir çox şirkət və konsern rəhbərləri ilə təklikdə, ayrı-ayrılıqda görüşdüm. Nəhayət, bu gün axşam biz buraya, Düsseldorf şəhərinə, xüsusən \"Döyçe bank\"ın dəvəti ilə bu görüşə gəlmişik.

Bugünkü görüşümüzün ilk nəticəsi ondan ibarətdir ki, Almaniyanın \"Döyçe Bank\"ı ilə Azərbaycanın Milli Bankı və Beynəlxalq Bankı arasında çox əhəmiyyətli sazişlər imzalandı. Bu sazişlərin imzalanmasını mən Almaniyanın maliyyə mərkəzləri tərəfindən və xüsusən mötəbər bank olan \"Döyçe Bank\" tərəfindən Azərbaycan Respublikasının maliyyə-bank işinə göstərilən qayğı və diqqətin nəticəsi kimi qəbul edirəm. Eyni zamanda bu sazişləri Azərbaycan Respublikasının iqtisadiyyatında, onun maliyyə-bank işi sahəsində əldə olunan müsbət nəticələrin, görülmüş müsbət tədbirlərin, müsbət hadisələrin nəticəsi kimi qəbul edirəm. Dünyanın ən böyük banklarından biri olan \"Döyçe Bank\" ilə Azərbaycan banklarının saziş imzalaması Azərbaycan banklarının dünya miqyasında artıq müəyyən hörmətə malik olduğunu göstərir. Əminəm ki, bu sazişlər həyata keçiriləcək, bizim banklarla \"Döyçe Bank\" arasında əlaqələr bundan sonra da inkişaf edəcək, bunların hamısı Azərbaycan iqtisadiyyatının inkişafına təkan verəcəkdir.

Mən bu hadisəni yüksək qiymətləndirirəm və \"Döyçe Bank\"a, onun rəhbərliyinə, prezidentinə öz təşəkkürümü bildirirəm. Biz bu gün \"Döyçe Bank\"ın Azərbaycan Respublikasına, Azərbaycan iqtisadiyyatına çox böyük diqqətinin bir daha şahidi olduq. Hörmətli prezidentin bugünkü nitqində Azərbaycanın həm qədim tarixi, həm də XIX əsrdə onun sənaye sahəsində keçdiyi yol və əlamətdar hadisələr, Azərbaycanın indiki həyatı haqqında çox geniş məlumatlar verildi.

Bu gün \"Döyçe Bank\" bizə Azərbaycan haqqında iki kitab təqdim etdi. Bu kitabları bəlkə də biz özümüz hazırlamalı idik. Amma \"Döyçe Bank\" bizə çox kömək etmiş və bizim əvəzimizdən iqtisadiyyatımızı dünyada tanıtmaq üçün, ona diqqəti cəlb etmək üçün ölkəmiz haqqında bu cür yüksək əhəmiyyətli kitablar hazırlamışdır. Kitabın üstündə Azərbaycanın xəritəsi verilmiş, içində təkcə Azərbaycanın deyil, həm də bütün Zaqafqaziyanın xəritəsini və Xəzər dənizindən Qara dənizədək uzanan dəmiryol xəttini çox gözəl göstərmişlər. Bunların hamısı yeni yaranmış Transqafqaz magistralı haqqında mənim dünən də, bu gün də dediyim sözləri əyani surətdə nümayiş etdirir. Azərbaycana bu qədər qayğı, bu qədər diqqət, bu qədər maraq məni çox sevindirir və bunlara görə mən sizə xüsusi təşəkkür edirəm.

Cənab prezident öz nitqində Almaniya-Azərbaycan əlaqələrinin tarixi haqqında bir neçə gözəl fakt gətirdi. Bu faktlar sübut edir ki, bizim ölkələrimiz, xalqlarımız arasında əlaqələr keçmiş zamanlarda da çox sıx olmuşdur. Biz əməkdaşlıq etmişik və hətta bir-birimizlə yan-yana yaşamışıq. XIX əsrin əvvəllərində Almaniyadan Azərbaycan torpağına köçmüş almanlar ölkəmizdə özlərinə ikinci vətən tapmışlar və Azərbaycan torpağında özləri üçün yaxşı həyat qurmuş, yaxşı işlər görmüşlər. Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafında çox böyük xidmətlər göstərmiş, iqtisadiyyatın başqa sahələrində də çox gərəkli işlər görmüşlər. Əsrimizin əvvəlindən Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi, \"Simens\", \"Mannesmann\" şirkətlərinin, Bekendorf qardaşlarının yaratdıqları şirkətlər və başqa alman nümayəndələrinin Azərbaycanda fəaliyyət göstərməsi bizim əlaqələrimizin tarixindən xəbər verir. Bunların hamısı bu gün Almaniya ilə müstəqil Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı əsasdır.

İstəyirəm siz biləsiniz ki, biz bu əməkdaşlığa çox yüksək qiymət veririk. Biz Almaniya ilə bundan sonra da geniş miqyasda müştərək işlər görmək istəyirik, Almaniyanın iş adamlarını, şirkətlərini Azərbaycana dəvət edirik.

Bu gün biz Almaniyanın tarixi şəhərlərindən biri olan Düsseldorf şəhərindəyik. Vertolyotla Bonndan buraya uçarkən Köln kilsəsinin üstündən keçdik və mən ona diqqətlə nəzər saldım. Bu, əzəmətli bir memarlıq abidəsidir. XV əsrdən XIX əsrədək, yəni 400 il alman xalqı bu kilsəni tikib-yaradıb və minilliklər boyu bir abidə kimi qalacaqdır. Bunlar alman xalqının dünya mədəniyyətinə nə qədər böyük töhfələr verdiyini göstərir. Alman xalqının görkəmli nümayəndələri dünya elmini, mədəniyyətini zənginləşdirib, dünyanın inkişafı üçün çox xidmətlər göstəriblər. Alman xalqının nümayəndələri olan dahi yazıçılar Şillerin, Heynenin, Götenin və başqalarının əsərləri bütün dünyada oxunur. Bildirmək istəyirəm ki, onların əsərləri Azərbaycanda da Azərbaycan dilində oxunur. Böyük alman bəstəkarları Bethoven, Vaqner, Motsart, Ştraus və başqaları bütün dünya xalqları üçün əziz bəstəkarlar, əziz musiqiçilər kimi tanınıblar.

Almaniyanın tarixi, alman xalqının dünyaya bəxş etdiyi misilsiz dəyərlər haqqında çox danışmaq olar. Ancaq bugünkü Almaniya - beş il bundan öncə birləşmiş Almaniya dünyanın həyatında, iqtisadiyyatında, siyasətində, beynəlxalq aləmdə çox mühüm rol oynayır və onun dünyada sülhün, əmin-amanlığın qorunub saxlanması işində böyük xidmətləri var. İndi Almaniya dünyanın ən böyük dövlətlərindən biridir, iqtisadi cəhətdən yüksək zirvələrə qalxıbdır. Almaniya dünyada demokratiyanın inkişaf etdirilməsində böyük xidmətlər göstəribdir. Bunların hamısı başqa ölkələr üçün, o cümlədən gənc müstəqil Azərbaycan Respublikası üçün gözəl təcrübə, örnəkdir.

Almaniyanın bu qədər inkişaf etməsində onun böyük şirkətlərinin, maliyyə mərkəzlərinin, banklarının xüsusi rolu var və bu baxımdan \"Döyçe Bank\"ın xüsusi rolunu biz yaxşı dərk edirik. Məhz buna görə də bu gün burada, \"Döyçe Bank\"da görüş bizim üçün çox əhəmiyyətlidir və hesab edirik ki, Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında \"Döyçe Bank\" bundan sonra da çox böyük işlər görə bilər.

Bizə göstərdiyiniz qonaqpərvərliyə görə, diqqət və hörmətə görə mən sizə bir daha təşəkkür edir və sizi əmin edirəm ki, biz Almaniya ilə əməkdaşlığımızı daim davam etdirəcəyik və bu əməkdaşlıqda, xüsusən iqtisadi əməkdaşlıqda biz bundan sonra da yardım və məsləhət üçün \"Döyçe Bank\"a həmişə müraciət edəcəyik.

Rica edirəm, badələri alman xalqının şərəfinə, Almaniya Federativ Respublikasının çiçəklənməsi naminə, \"Döyçe Bank\"ın şərəfinə, onun rəhbərlərinin və prezidentinin şərəfinə, Almaniya-Azərbaycan əməkdaşlığının gələcək nailiyyətləri şərəfinə, sizin şərəfinizə qaldıraq. Sağ olun.