Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) Prezidenti Ənvər Çoudrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 22 oktyabr 2001-ci il

Heydər Əliyev: Hörmətli prezident Çoudri!

Hörmətli qonaqlar!

Mən sizi yeniyetmə boksçuların birinci dünya çempionatının uğurla keçməsi münasibətilə ürəkdən təbrik edirəm və sizə, bütün boksçulara bundan sonra da uğurlar arzulayıram.

Mən həmişə hesab edirdim və bu gün də bu fikirdəyəm ki, boks idman növlərindən ən çətinidir. Çünki insan bir-birini vurur, ancaq eyni zamanda çox vacib bir idman növüdür ki, insanın gücü görsənir. Hörmətli Ənvər Çoudri, siz gənc vaxtınızdan boksla məşğul olmusunuz və beynəlxalq aləmdə böyük fəaliyyət göstərmisiniz, böyük nailiyyətlər əldə etmisiniz. İndi uzun illərdir ki, dünyada Beynəlxalq Həvəskar Boks Federasiyasına başçılıq edirsiniz.

Biz çox şadıq ki, Azərbaycan idmançıları – boksçuları ilə sizin aranızda, Beynəlxalq Boks Federasiyası arasında çox xoş münasibətlər yaranıbdır. Artıq Azərbaycanda bir neçə turnirlər, yarışlar keçirmisiniz. Bunlar hamısı Azərbaycanda həm boksun inkişafına kömək edib, həm də gənclərin boksa marağını çox artırıbdır. Bu bizim üçün çox sevindirici haldır. Təbiidir ki, bizdə boksçular həmişə olubdur. Azərbaycan Boks Federasiyasının prezidenti, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev də uzun illər boksla məşğul olubdur və yaxşı nailiyyətlər əldə edibdir. Eyni zamanda da çox gözəl boksçular yetişibdir. Sidneydə Olimpiya oyunlarında bizim bir boksçumuz bürünc medal alıdbır. Bu çox böyük hadisədir. Yəni demək istəyirəm ki, boks bizdə həmişə olubdur və boksla məşğul olan gənclər həm beynəlxalq aləmdə, həm də keçmiş SSRİ yarışlarında çox nailiyyətlər əldə ediblər. Ancaq indi müstəqil Azərbaycanda idmanın inkişafı, görürsünüz ki, çox geniş vüsət alıbdır. Biz bu günlər Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümünü qeyd etdik. Mən çox sevinirəm ki, gənc müstəqil bir dövlət, on il tarixi olan müstəqil dövlət artıq beynəlxalq aləmdə bir çox sahələrdə  özünü çox gözəl göstərdiyi kimi, idman sahəsində də çox gözəl göstəribdir. Sidneydə əldə etdiyimiz qələbələr bütün Azərbaycan xalqının bayramına çevrildi. Qısa bir zamanda Azərbaycanın Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi bu sahədə çox işlər görüblər. Amma bu işləri görmək üçün beynəlxalq təcrübəni əldə etmək, beynəlxalq təşkilatlarla əlaqə qurmaq, onların imkanlarından istifadə etmək də təbiidir ki, bizim nailiyyətlərimizin bu səviyyəyə çatmasına çox böyük yardım göstəribdir.

Mən boks sahəsində beynəlxalq əlaqələrimizi və xüsusən, Milli Olimpiya Komitəsi ilə, Gənclər, İdman və Turizm Nazirliyi ilə, Azərbaycan boksçuları ilə şəxsən sizin aranızda yaranmış dostluğu və səmərəli əməkdaşlığı çox yüksək qiymətləndirirəm. Sizin bu sahədə xidmətləriniz çox böyükdür. Siz bir neçə dəfə Azərbaycanda olmusunuz və təbiidir ki, sizin hər gəlişiniz burada bir hadisəyə çevrilibdir. Bizim idmançılarımızı və xüsusən, boksçularımızı çox həvəsləndirmisiniz.

Siz bir neçə beynəlxalq turnirlərin burada keçirilməsi haqqında qərarlar qəbul etmisiniz. Bu, bir tərəfdən, Beynəlxalq Həvəskar Boks Federasiyasının, şəxsən sizin Azərbaycana, Azərbaycan idmanına, Azərbaycan gənclərinə göstərdiyiniz böyük diqqətin, qayğının təzahürüdür. İkinci tərəfdən də, Azərbaycanda idman sahəsində, xüsusən, boks sahəsində böyük potensialın olmasının təzahürüdür. Mən televiziya vasitəsilə bu yarışların bəzilərini seyr etdim. Bizim 2500-dən artıq yeri olan salon, demək olar ki, ağzına qədər dolu idi. Əksəriyyəti də gənclər idi. Onlar bu yarışları nə qədər maraqla, həvəslə, ruh yüksəkliyi ilə izləyirdilər, hər bir qələbəni çox böyük sevinc hissi ilə qarşılayırdılar. Təbiidir ki, belə böyük yarışda uğursuzluqlar da olur. Amma hər bir ölkə, hər bir komanda istəyir ki, qələbəni hər sahədə əldə etsin. Təbiidir ki, bu, mümkün deyildir. Amma Azərbaycanın yeniyetmə boksçularının sizin rəhbərliyiniz altında keçirilən beynəlxalq yarışda bu cür gözəl nəticələr əldə etməsi bizim xalqımız, millətimiz üçün böyük bir nailiyyətdir, böyük bir hadisəyə çevrilibdir. İki qızıl medal, dörd gümüş medal, dörd bürünc medal, cəmi 10 medal. Mən bunu çox yüksək qiymətləndirirəm.

Bu beynəlxalq yarışda 21 ölkənin içərisində komanda hesabında Azərbaycan Rusiyadan sonra ikinci yerdədir. Vaxtilə biz SSRİ-nin tərkibində olanda da istedadlı idmançılarımız var idi, onlar SSRİ komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edirdilər və müəyyən nailiyyətlər qazanırdılar. Amma indi SSRİ dağılıbdır. SSRİ-nin ən böyük hissəsini təşkil edən Rusiyadır. Əgər Azərbaycan boksçuları yarışda 21 ölkənin 169 içərisində təkcə Rusiyadan geri qalıblarsa, bu, böyük sıçrayışdır. Əgər müqayisə etsək ki, Rusiyanın əhalisi Azərbaycanın əhalisindən dəfələrlə çoxdur, Rusiyada böyük idman ənənələri var, bunların hamısını nəzərə alsaq, onda mən hesab edirəm ki, Azərbaycan boksçuları hamıdan yüksəkdədirlər.

Güman edirəm, siz məmnun olmalısınız ki, Azərbaycanda yeniyetmələr arasında beynəlxalq boks yarışlarının keçirilməsi təkcə Azərbaycan üçün yox, ümumiyyətlə, Beynəlxalq Boks Federasiyası üçün çox əlamətdar bir hadisə olubdur. Bu, eyni zamanda sizin qələbənizdir. Mən bizim Azərbaycan idmançılarını, boksçularını, yarışda iştirak edən bütün boksçuları ürəkdən təbrik edirəm. Azərbaycanın Milli Olimpiya Komitəsini, Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyini, Azərbaycan Boks Federasiyasını və bütün idmançıları bu böyük hadisə münasibətilə təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, ardıcıl surətdə əldə olunan belə qələbələrlə Azərbaycan idmanı bundan sonra daha da yüksələcəkdir.

Bu yarışın bir xüsusiyyəti odur ki, yeniyetmələr arasında keçirilmişdir. Siz özünüz məşhur boksçusunuz. Bu sahədə on illərlə ölçülən həyat keçmisiniz. Amma bu idman növü ilə yeni məşğul olan gənclər belə nailiyyətlər əldə ediblərsə, bu çox böyük hadisədir. Məni çox sevindirən odur ki, bu hadisə Azərbaycanda bütün ictimaiyyətin nəzər-diqqətini cəlb etmişdir. Yarışlar televiziya ilə birbaşa bütün Azərbaycana yayılırdı. Salona daxil ola bilməyən insanlar da bunu televiziya vasitəsilə görürdülər. Amma televiziya ilə seyr edərkən məni iki məsələ sevindirdi. Birincisi, orada gənclərin vuruşması, ikincisi də, salonda olanların tam əksəriyyətinin gənc olması, gənclərin belə fəallığı. Onlar Azərbaycanın gələcəyidir, müstəqil Azərbaycanın gələcəyidir. Azərbaycanın prezidenti kimi, bu məni çox sevindirdi.

Hörmətli cənab Prezident, mən Sizi bütün bunlara görə səmimi-qəlbdən təbrik edirəm. Sizə təşəkkürümü bildirirəm. Çox təəssüf edirəm ki, Siz burada bir balaca xəsarət almısınız. Gərək bu olmayaydı. Amma dünyada insanın başına hardasa bir iş gəlir. Yəqin Allahın məsləhəti imiş. Güman edirəm, Sizin kimi güclü adam üçün bu, kiçik bir şeydir, keçib gedəcəkdir. Sizin xidmətlərinizi nəzərə alaraq, Azərbaycana göstərdiyiniz qayğıya, diqqətə görə və  Azərbaycan idmanının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində göstərdiyiniz yardıma görə mən sizi Azərbaycanın yüksək mükafatı – «Şöhrət» ordeni ilə təltif etmişəm. Bir müstəqil dövlət kimi, Azərbaycanın ən yüksək mükafatları onun ordenləridir. «Şöhrət» ordeni də insana şöhrət gətirir. Bu gün bu barədə fərman imzalamışam və istəyirəm ki, mənim fərmanımı, ordeni və ordenin vəsiqəsini sizə təqdim edim.

Sizə cansağlığı arzu edirəm, işinizdə yeni müvəffəqiyyətlər, uğurlar arzulayıram. Azərbaycan artıq sizin üçün doğma bir ölkədir. Hesab edirəm, siz bundan sonra da Azərbaycanı unutmayacaqsınız və Azərbaycanda boksun inkişaf etməsi üçün bizə bundan sonra da öz yardımlarınızı əsirgəməyəcəksiniz. Sağ olun.

* * *

Azərbaycan prezidenti Heydər Əliyev «Şöhrət» ordenini cənab Ənvər Çoudrinin yaxasına sancdı.

Ənvər Çoudri: Çənab Prezident, Sizə təşəkkür etmək üçün söz tapa bilmirəm. Ölkənizin bu yüksək mükafatını, bu ordeni mənə təqdim etdiyinizə görə minnətdarlıq üçün söz tapa bilmirəm. Mən idman sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlar tərəfindən ömrüm boyu mükafatlar almışam. Hətta YUNESKO-dan da mükafat almışam.

Cənab Prezident, ürəkdən gələn sözlərimlə Sizə xüsusi minnətdarlığımı bildirirəm ki, bu gün məni ən yüksək ordenlə təltif edirsiniz. Bu mənim həyatımda aldığım ən yüksək və ən yaxşı mükafatdır. Məsələ heç mükafatda da deyil, xüsusilə Sizin sözləriniz mənə böyük təsir etdi. 1995-ci ildə Sizinlə ilk dəğə görüşdükdən sonra mən bu ölkəyə bir neçə dəfə gəlmişəm və hər dəfə Sizinlə görüşərkən boks sahəsində olan biliyinizə, bu sahəyə olan marağınıza, xüsusilə də idmana göstərdiyiniz himayəyə heyran olmuşam.

Cənab Prezident, Azərbaycan gənc, cəmi on ildir müstəqilliyini yaşayan bir ölkədir. Yalnız boks, idman sahəsində deyil, ümumiyyətlə, bütün sahələrdə Sizin ölkənin qazandığı göstəricilər valehedicidir. Sizin dinamik işiniz, daimi himayəniz olmasaydı, Azərbaycanın qazandığı bütün bu nailiyyətlər, idman sahəsində qazanılan uğurlar baş verə bilməzdi. Boks idmanın bir növüdür. Boksun cəmiyyətə göstərdiyi xidmətlər çox genişdir. Məsələn, boksçular siqaret çəkmirlər, spirtli içkilər içmirlər, daim idmanla məşğul olaraq bədənlərini möhkəmlədirlər. Ona görə də biz boksla, öz idman növümüzlə fəxr edirik. Boks elə bir idman növüdür ki, insanlarda ruh yüksəkliyi yaradır, insanlara ruh verir və insanlar silahsız müdafiə olunmağı bacarırlar. Əgər boksçular sabah rinqdə deyil, digər bir yerdə təhlükə ilə üzləşsələr, onlar özlərini silahsız müdafiə edə biləcəklər. Çənab Prezident, Sizinlə ilk dəfə görüşdükdən sonra Azərbaycanda illik yarışlar keçirilməyə başlandı. Bu yarışlar mənim adımı daşıyan yarışlardır. Çox fəxr edirəm ki, Sizin ölkənizdə artıq beş ildir ki, mənim adımla bağlı yarışlar keçirilir və həmişə, hər yerdə bunun haqqında böyük qürur hissilə danışıram. Bu elə bir yarışdır ki, yalnız yerli idmançılar, Azərbaycan boksçuları üçün imkan yaratmır, eyni zamanda yarışda iştirak etməyə gələn bütün idmançılar üçün imkan yaradır. Onlar bu yarış vasitəsilə yüksək səviyyəyə çatır və öz ölkələrində idmanı inkişaf etdirirlər.

Böyük fərəh hissi ilə bildirmək istəyirəm ki, son dövrlər Azərbaycanda boksçuların səviyyəsi nəzərəçarpacaq dərəcədə artmış, onlar müxtəlif beynəlxalq yarışlarda yüksək göstəricilər əldə etmişlər. Fikrimcə, indiki uğurun əsası yarışın təşkili idi. Yarış elə yüksək səviyyədə təşkil olunmuşdu ki, burada iştirak edən boksçular uğur qazanmalı idilər. Bakıda keçirdiyimiz ilk dünya çempionatı iki hadisə ilə yadda qalacaqdır. Birincisi odur ki, bu, yeniyetmələr arasında boks üzrə birinci dünya çempionatı idi. İkincisi isə, burada gənc, bacarıqlı uşaqlar yarışlarda iştirak etmək təcrübəsi və özlərini göstərmək, öz bacarıqlarını nümayiş etdirmək imkanı qazandılar.

Cənab Prezident, əlamətdar hadisələrdən biri də ondan ibarət idi ki, mən burada yalnız boksçuları, yarışda iştirak edən idmançıları görmədim, eyni zamanda burada onları daim dəstəkləyən tamaşaçıları da gördüm. Sizin dediyiniz kimi, tamaşaçılar əsas etibarilə gənclərdən ibarət idi. Onlar yalnız öz boksçularını dəstəkləmir, eyni zamanda bütün iştirakçılara xoş münasibət bəsləyirdilər.

Cənab Prezident, icazə verin, Sizi əmin edim, nə qədər ki, sağam, əlimdən gələn hər bir şeyi edəcəyəm. Yalnız boks sahəsində deyil, ölkənizdə idmanın bütün sahələrində bacardığım qədər Sizə yardım edəcəyəm. Mənə burada o qədər xoş münasibət, məhəbbət və o qədər böyük hörmət göstərilib ki, başqa cür hərəkət edə bilmərəm. Ümid edirəm, Allah mənə uzun illər bəxş edəcəkdir ki, burada Sizinlə birlikdə olum və biz birlikdə çalışaq. Sizinlə görüşdüyüm ilk gündən etibarən mənim Sizə münasibətim çox xoş olmuşdur. Sizə böyük hörmətim vardır. Mən Sizin pərəstişkarınızam.

Cənab Prezident, Beynəlxalq Həvəskar Boks Assosiasiyası belə qərara gəlmişdir ki, idmana, gənclərə göstərdiyiniz xüsusi xidmətlərə görə Sizi təltif edək. Ümumiyyətlə, mən çox danışanam. Bu, ixtisasımla bağlıdır. Mən ixtisasca müəlliməm. Bir qədər əvvəl Azərbaycan Milli Olimpiya Komitəsinə müraciət etmişdim ki, məni Sizinlə görüşdürsün və ürəyimdə olan bütün sözləri deyim. Adətən, mən fikrimi ürəkdən gələn sözlərlə ifadə edirəm. Yalnız müstəsna hallarda, rəsmi görüşlərdə kağızdan oxuyuram.

Zati-aliləri cənab Prezident, 1995-ci ildə Azərbaycana ilk dəfə gəlmişdim. Həmin vaxt mənə Azərbaycan  Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının doktor dərəcəsi verilmişdi. Onda Sizinlə ilk dəfə görüşmüşdüm və şəxsiyyətinizə çox valeh oldum. Sizin boks sahəsindəki bilikləriniz və bu sahəyə marağınız məndə böyük həvəs doğurdu. Həmin vaxt Siz göstəriş verdiniz ki, Azərbaycanda hər il gənclər arasında mənim adımı daşıyan turnir keçirilsin. Bu il həmin turnir altıncı dəfə keçiriləcəkdir. Professor Çoudrinin kuboku uğrunda yarışlar beş il bundan əvvəl keçirilməyə başlamışdır. Həmin vaxtdan etibarən bu, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının gündəliyində olan ən əsas turnirlərdən birinə çevrilmişdir. Hər il dünyanın beş qitəsindən olan idmançılar bu yarışda iştirak edirlər və gənc boksçular seçdikləri bu idman növündə gələcəkdə nailiyyət qazanmaq üçün təcrübə toplayırlar. Bu turnir eyni zamanda Sizin gənc boksçularınız üçün də çox əhəmiyyətli və xeyirlidir. Bu yarışda iştirak edən boksçunuz iki dəfə qələbə qazandıqdan sonra 2000-ci ildə Sidneydə keçirilən Olimpiya oyunlarında bürünc medal qazanmışdır. Bundan əlavə, Sidney olimpiya oyunları zamanı sizin daha iki idmançınız iki qızıl medal qazanmışlar ki, bu da ölkədəki idmanın yüksək səviyyəsinin göstəricisidir.

Cənab Prezident, mən uzun müddətdir, az qala yarım əsr olar ki, idman sahəsində çalışıram və bu sahədə yüksək səviyyəli adamlarla tanışam. Tam əminliklə demək istəyirəm ki, əgər Sizin etdiyiniz kimi, yüksək hökumət səviyyəsində idmana himayə davam edərsə, 2004-cü ildə Afinada keçiriləcək Olimpiya oyunlarında çoxlu medal qazanacaqsınız.

Cənab Prezident, Azərbaycana ilk gəlişimdən etibarən həmişə cəmiyyətinizdə gedən müsbət dəyişiklikləri görürəm. Bu dəyişikliklər həyatın bütün sahələrini – idmanı, mədəniyyəti, iqtisadiyyatı və eləcə də paytaxtınızın simasını əhatə edir. Bu Sizin əzminizi göstərir və Siz bu gənc dövləti dünyanın aparıcı ölkələrinin səviyyəsinə gətirib çıxarmısınız. Tam əminəm ki, əgər idmana şəxsi himayəniz davam edərsə, gənclər öz bacarıqlarını gələcəkdə daha yüksək səviyyədə göstərə biləcəklər. İdmanın, gənc idmançıların inkişaf etməsində Sizin göstərdiyiniz xidmətləri əsas götürərək, Beynəlxalq Həvəskar Boks Assosiasiyası qərara gəlmişdir ki, Sizi yüksək mükafatla, fəxri adla təltif etsin. Siz Azərbaycan prezidenti olaraq, gənc müstəqil ölkənizin qazandığı nailiyyətlərin təşəbbüskarı olmusunuz və eyni zamanda ölkəni çətin dövrdən çıxararaq, onu işıqlı, ümidverici, inkişaf etməkdə olan gələcəyə doğru aparan şəxs olmusunuz. Mənim üçün böyük fəxr olardı ki, bu ordeni şəxsən özüm təqdim edəydim. Lakin təəssüf ki, hazırda fiziki vəziyyətim buna imkan vermir. Ümid edirəm ki, Siz məni bağışlayarsınız. Mən Assosiasiyamızın vitse-prezidenti cənab Emil Jeçevdən xahiş edirəm ki, həmin mükafatı Sizə təqdim etsin.

* * *

Ənvər Çoudri: Cənab Prezident, mənim üçün böyük şərəfdir və çox şadam ki, bu gün birlikdə olduq. Boksçulara olan bu məhəbbətinizə görə minnətdaram.

Heydər Əliyev: Təşəkkür edirəm. Sizə bütün işlərinizdə uğurlar arzulayıram. Azərbaycan boksunun gələcək inkişafını da böyük ümidlərlə gözləyirəm. Sağ olun.