Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Manas\" dastanının 1000 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxışı - Bişkek, 28 avqust 1995-ci il

Hörmətli prezident Əsgər Akayev!

Əziz və möhtərəm qırğız bacı və qardaşlarım!

Xanımlar və cənablar, əziz dostlar!

\"Manas\" dastanının 1000 illik yubileyi münasibətilə, böyük bayram münasibətilə sizi, bütün qırğız xalqını Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Sizə, qırğız xalqına, Qırğızıstan Respublikasına səadət və xoşbəxtlik arzulayıram.

\"Manas\" dastanının 1000 illik yubileyi qırğız xalqının böyük tarixini dünyaya bir daha nümayiş etdirir. Qardaş qırğız xalqı \"Manas\" dastanının qoyduğu yolla gedir. Min il, əsrlərdən-əsrlərə böyük yol keçmiş \"Manas\"ın dahi fikirləri, dahi sözləri bu yolu daim işıqlandırmışdır. \"Manas\" qırğız xalqının müdrikliyinin rəmzidir, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. \"Manas\" qırğız xalqının daim vətənpərvər olduğunu, adətsevər, azadlıqsevər olduğunu, cəsarətli olduğunu bütün dünyaya nümayiş etdirir. \"Manas\" qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, İslam dünyasının böyük mənəvi sərvətidir. \"Manas\" eyni zamanda Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının da mənəvi, mədəni sərvətidir. Manas bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır.

Azərbaycan Respublikasında \"Manas\"ın sözləri, fikirləri geniş yayılıbdır. Azərbaycan şairləri, ədibləri, musiqiçiləri \"Manas\"ı daim oxuyur, təbliğ edir, geniş yayırlar. Bizim şairlərimiz \"Manas\"ı Azərbaycan dilinə tərcümə ediblər. Sənətçilərimiz \"Manas\"ın sözlərini çox böyük məharətlə və həvəslə oxuyurlar, sazda çalırlar. Bu gün burada, ölkəmizdən gəlmiş nümayəndə heyətinin üzvləri arasında Azərbaycanın gözəl sənətçisi, \"Manas\"çı Mehriban xanım \"Manas\"ın Azərbaycanda nə qədər sevildiyini və yayıldığını nümayiş etdirəcəkdir.

\"Manas\"ın dili bizim hamımızın dilidir. Biz bir kökdən, bir dildən olan xalqlarıq. Ancaq əsrlərdən-əsrlərə dilimizdə müəyyən fərqlər yaranmışdır. Bir-birimizi qəlbən duyuruq, qəlbən anlayırıq, amma dilimizdə olan fərqlərə görə deyilən sözlərin bəzilərini anlaya bilmirik. Mən bu gün sözlərimi Azərbaycan dilində başladım. Ancaq eyni zamanda istəyirəm ki, sözlərimi siz və məni dinləyən bütün Qırğızıstan vətəndaşları, qırğızların hamısı eşidə bilsin. Ona görə bir neçə kəlmə də ürək sözlərimi rus dilində demək istəyirəm.

Əziz qırğız qardaş və bacılar, əziz dostlar! Biz müqəddəs qırğız torpağına qardaşlıq hissləri ilə, böyük bayramı, \"Manas\" dastanının 1000 illiyi bayramını sizinlə birlikdə təntənəli şəkildə qeyd etmək üçün gəlmişik. \"Manas\" qırğız xalqının fəxri, qırğız xalqının milli ləyaqətinin nümayişi, onun müdrikliyinin, qəhrəmanlığının nümayişidir. Qarğız xalqı çoxlu çətinliklərə, həyatın keçməkeşlərinə baxmayaraq, min il Manasın sözlərini qəlbində qoruyub saxlamış, onun göstərdiyi yolla azadlığa və müstəqilliyə doğru getmişdir.

Manas min il bundan əvvəl qüdrətli qırğız dövləti yaratmışdı. Bu gün qırğız xalqı yenidən milli müstəqillik əldə etmişdir, onun öz milli dövləti var. \"Manas\" dastanının 1000 illiyini məhz belə şəraitdə Qırğızıstanda və başqa ölkələrdə geniş və təntənəli surətdə, dünya miqyasında qeyd etmək mümkün olmuşdur.

Biz dünən əzəmətli abidənin - \"Manas aılı\"nın açılışında böyük məmnuniyyətlə iştirak etdik. Qırğız xalqının əli ilə, zəkası və bacarığı ilə yaradılan və bundan sonra da yaradılacaq nə varsa, həqiqətən böyük Manasın qırğız xalqına və bütün dünyaya qoyub getdiyi nəhəng irsi layiqincə əks etdirir. Xüsusilə fərəhlidir ki, biz bu bayramı qırğız xalqının milli müstəqilliyi və milli dövlətçiliyi şəraitində qeyd edirik. İki gündən sonra qırğız xalqının müstəqilliyə qovuşmasının və müstəqil qırğız dövləti yaranmasının dörd ili tamam olacaq. Əziz dostlar, mən sizi və qırğız xalqını qazandığınız bütün tarixi nailiyyətlər, milli müstəqillik bayramı münasibətilə ürəkdən təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, siz Manasın qoyduğu yolla gedərək milli müstəqilliyinizi, milli dövlətçiliyinizi möhkəmləndirəcək, böyük Manasın göstərişlərini həyata keçirəcəksiniz.

Qırğız və Azərbaycan xalqlarını ümumi köklərimizdən, tarixi keçmişimizdən, adət və ənənələrimizdən, dilimizdən və dinimizdən, bir çox başqa xüsusiyyətlərdən doğan çoxəsrlik dostluq telləri bağlayır. Biz qırğız xalqı ilə olan bu dostluğumuzu əziz tuturuq. Qırğız xalqı dövlət müstəqilliyi qazandıqdan sonra Qırğızıstan torpağında gedən prosesləri biz dostcasına müşahidə edirik. Dünən və bu gün biz Qırğızıstanda baş vermiş və indi də davam edən böyük dəyişikliklərin şahidi olduq. Bütün bu dəyişikliklər onu göstərir ki, böyük Manasın vəsiyyətləri həyata keçir. Bu, həm də qırğız xalqının, Qırğızıstan dövlətinin öz müstəqilliyini və suverenliyini möhkəmləndirmək üçün gördüyü böyük işlərlə bağlıdır. Bütün bunlarda bizim böyük dostumuz, Qırğızıstanın layiqli rəhbəri, Qırğızıstan Respublikasının prezidenti, qardaşımız Əsgər Akayevin böyük xidməti var.

Qırğızıstan kimi, Azərbaycan da dörd il bundan əvvəl milli istiqlaliyyət qazanmışdır və özünün müstəqil dövlətini qurur, azadlıq, demokratik hüquqi dövlət qurmaq, tərəqqi yolu ilə gedir. Biz belə hesab edirik ki, milli müstəqilliyin əldə olunması həm qırğız xalqı, həm də Azərbaycan xalqı və bu yola çıxmış digər xalqlar üçün ən böyük tarixi nailiyyətdir. Məhz bunun sayəsində biz burada bərabərhüquqlu dövlətlərin nümayəndələri kimi iştirak edə, xeyirxah hisslərimizi, qırğız qardaşlarımıza, Qırğızıstanın bütün vətəndaşlarına çatdıra, ümumi işimizdə həmrəyliyimizi nümayiş etdirə bilirik.

Sizə bildirmək istəyirəm ki, biz dövlət müstəqilliyimizi çox yüksək qiymətləndiririk, dövlət müstəqilliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolunda möhkəm dayanırıq, heç vaxt, heç bir halda bu yoldan dönməyəcəyik. Bu yolla gedərək bütün xalqlarla, o cümlədən qırğız xalqı ilə, Qırğızıstan Respublikası ilə dostluğumuzu möhkəmləndirəcəyik. Əziz dostlar, burada olmağımdan istifadə edərək sizi əmin etmək istəyirəm ki, biz Azərbaycan və qırğız xalqları arasında dostluğu möhkəmləndirəcək, iqtisadiyyat, mədəniyyət, elm sahələrində, humanitar sahədə, bütün başqa sahələrdə əlaqələrimizi inkişaf etdirəcəyik. Bir-birimizə kömək edəcək, böyük Manasın qoyduğu yolla birlikdə irəliləyəcəyik.

Əziz və hörmətli bacılarım, qardaşlarım, əziz qırğız dostlarım! Bu bayram münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm. Hamınıza Azərbaycan xalqının ən gözəl arzularını çatdırıram. Sizin hamınızı qucaqlayır, Azərbaycan xalqı adından öpürəm. Sizə xoşbəxtlik, səadət və bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Sağ olun!