Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Budapeştdən Vətənə qayıdarkən zirvə toplantısının yekunları barədə təyyarədə jurnalistlərə müsahibəsi - 7 dekabr 1994-cü il

Sual: Cənab prezident, \"Soyuq müharibə\"nin başa çatması, böyük regional müharibələrin məhəlli müharibələrlə əvəz olunması və yeni beynəlxalq təşkilatların meydana çıxması ilə əlaqədar ATƏM-in yarandığı tarixdən başlayaraq və Budapeşt Zirvə toplantısı ilə bağlı rolunu nədə görürsünüz?

Heydər Əliyev:  ATƏM-in yarandığı vaxtdan iyirmi il keçir. Bu müddət ərzində onun fəaliyyətinin cürbəcür mərhələləri olmuşdur. Mən dünən Budapeşt görüşündəki çıxışımda ATƏM-in yarandıqdan sonra dünyanın siyasi iqliminin, siyasi xəritəsinin dəyişilməsində göstərdiyi xidmətləri, rolu və fəaliyyəti qeyd etdim. Məhz ATƏM yarandıqdan sonra dünyada demokratik proseslər inkişaf etməyə başladı. Həm ölkələrin daxilində gedən demokratik proseslər, həm də dövlətlər arasında olan münasibətlər \"Soyuq müharibə\"nin sona çatmasına gətirib çıxardı, dünyanın siyasi xəritəsini dəyişdirdi. Yeni müstəqil dövlətlər meydana gəldi, o cümlədən müstəqil Azərbaycan dövləti də yarandı.

İndi isə yeni bir mərhələ başlamışdır. ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının toplantısında mən birinci dəfədir ki, iştirak edirəm. Bu, ATƏM yaranandan bəri dördüncü görüşdür. Bütün bunlara görə də mən, yarandığı dövrdən bəri ATƏM-in fəaliyyətinə yüksək qiymət verirəm.

Hesab edirəm ki, Budapeşt görüşündə ATƏM yeni bir qüvvə aldı. Yeni bir mərhələyə çatdı. Şübhəsiz ki, hər bir görüşün tarixdə öz yeri var. Zənnimcə, bu dördüncü görüş ATƏM-in tarixində xüsusi yer tutacaqdır. Çünki bu görüşdə çox böyük məsələlər müzakirə olundu və Avropanın təhlükəsizliyi, qitədə ATƏM-in fəaliyyətinin bundan sonra genişləndirilməsi haqqında Avropanın təsir bölgələrinə bölünməməsi haqqında, bölgə xətlərinin yaranmaması şərti ilə qitənin vahid Avropa kimi inkişaf etməsi haqqında çox fəal iş görüldü. Ona görə də mən Budapeşt görüşünü ümumbəşəri, dünya nöqteyi-nəzərindən çox yüksək qiymətləndirirəm.

Sual: Cənab prezident, Zirvə toplantısında ATƏM-in sülhməramlı qüvvələrinin yaradılmasına razılıq verildi. Bu, bir tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması perspektivi ilə, digər tərəfdən, Qərb ekspertlərinin və diplomatlarının da dediyi kimi, sizin fəaliyyətinizlə bağlıdır. Türkiyənin baş naziri Tansu Çillər isə belə bir qənaətə gəldi ki, ATƏM-in sülhməramlı qüvvələri və onun taleyi bu qüvvələrin Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasında imtahandan necə çıxacağından asılıdır. O, həmçinin dedi ki, ATƏM-in fəaliyyəti bu məsələnin həllindən asılıdır. Siz buna necə qiymət verirsiniz?

Heydər Əliyev:  Mən qeyd etdim ki, ATƏM-in Budapeşt görüşünün çox böyük əhəmiyyəti var. Ancaq bizim region, Qafqaz regionu üçün, o cümlədən Azərbaycan üçün bu toplantının əhəmiyyəti əvəzsizdir. Mən bunu xüsusi qeyd edirəm. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində altı ildir ki, müharibə gedir. 1992-ci ilin martından etibarən ATƏM bu işə bilavasitə qarışıb və Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırmaq üçün, Qarabağ məsələsini həll etməkdən ötrü Minsk konfransı, Minsk qrupu yaratmışdır. Az sonra üç il olacaqdır ki, Minsk qrupu fəaliyyət göstərir. Minsk qrupu ilə bizim fəaliyyətimiz Azərbaycan ictimaiyyətinə də, sizə, mətbuatımıza da məlumdur. Mən Azərbaycanın dövlət başçısı kimi fəaliyyətə başladığım vaxtdan, Ali Sovetin sədri seçilən gündən ATƏM-lə və onun Minsk qrupu ilə sıx əməkdaşlıq edirəm. Siz bunların hamısının şahidisiniz. Bütün bu əməkdaşlıq dövründə mən daim çalışmışam ki, ATƏM-in əvvəldən nəzərdə tutulmuş fəaliyyətinə, - xüsusən Minsk qrupu vasitəsilə bu münaqişənin aradan qaldırılmasına - üstünlük şəraiti yaradılsın. Çünki bu, münaqişəyə son qoyulması üçün ən etibarlı yoldur, ola bilər ki, əlimizdə olan imkanların ən etibarlısıdır. Ona görə də mən buna çox fikir vermişəm.

Bilirsiniz ki, ATƏM-in nümayəndələri, Minsk qrupunun başçıları ilə dəfələrlə uzun-uzadı söhbətlər aparmışam, buna çox vaxt sərf etmişəm və ATƏM-in bu məsələyə nəinki bilavasitə qarışmasını, həm də təşəbbüsü öz əlinə almasını istəmişəm. İndiyədək bu, sizə məlum olan səbəblər üzündən baş tutmurdu. Mən çalışmışam ki, ATƏM-in Minsk qrupunun fəaliyyətini və Rusiyanın vasitəçilik səylərini bir-birinə yaxınlaşdırım, hətta bunları birləşdirim. Bu tövsiyələri mən ATƏM-in Minsk qrupunun başçısı Yan Eliassona da, Rusiyanın vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirova da etmişəm. Onların həm Bakıda, həm də Moskvada görüşlərinin təşkil olunmasına çalışmışam. Biz bu işdə də müəyyən nailiyyətlər əldə etmişik. Ancaq istədiyimiz nailiyyətə çata bilməmişik. Çünki bu müddətdə Minsk qrupunun fəaliyyəti ilə Rusiyanın vasitəçilik səylərini birləşdirməyə nail olmamışıq.

Biz, şəxsən mən Rusiyanın vasitəçilik fəaliyyətini yüksək qiymətləndirirəm. Məsələn, Rusiyanın vasitəçiliyi sayəsində biz mayın 12-də atəşin kəsilməsi haqqında qərar qəbul etdik. Sonra Minsk qrupu da bu işə qoşuldu. Rusiya və Minsk qrupunun başçısı Böyük Sülh Müqaviləsi əldə olunana qədər atəşkəsin davam etməsi haqqında birgə bəyanat verdilər.

Ancaq bunların hamısı onların səylərinin birləşdirilməsinə gətirib çıxarmadı. Ona görə də biz fəaliyyətimizi davam etdirdik. Həm Rusiya ilə, həm Amerika Birləşmiş Ştatları ilə, həm də ATƏM-in üzvü olan başqa ölkələrlə əməkdaşlıq etdik və nəticədə Budapeşt görüşünə yeni bir qətnamə hazırlandı. Bu qətnamənin hazırlanması yolu da çox enişli-yoxuşlu, əzab-əziyyətli, çətin olmuşdur. Çünki bəzi qüvvələr bu işə mane olurdular. Həmin sənəd bir neçə mərhələdən keçdi. Hətta biz Budapeştə gələndə də bu qətnamənin qəbul ediləcəyinə ümid çox az idi.

Mən Amerika Birləşmiş Ştatlarının nümayəndələri ilə, o cümlədən ABŞ prezidenti cənab Bill Klintonla görüşdüm, Türkiyənin baş naziri Tansu Çillərlə, Rusiyanın, digər ölkələrin nümayəndələri ilə söhbətlər apardım. Bizim həm Vyanaya, həm də Budapeştə göndərdiyimiz işçi qruplarımız da çox çalışdı. Xüsusən də həm Qərbin, həm bizim, həm də Minsk qrupuna daxil olan başqa dövlətlərin bu işə birgə razılığı nəticəsində, həmçinin Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında aparılan danışıqlar nəticəsində qətnamənin müzakirəyə çıxarılması məsələsi həll olundu və müzakirələr zamanı qarşıya çıxan məneələr aradan qaldırıldı. Nəhayət, qətnamə qəbul edildi. Bu, altı il gedən müharibə ərzində bizim üçün çox böyük əhəmiyyətli ilk beynəlxalq sənəddir.

Şübhəsiz ki, Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə bizdən ötrü qiymətlidir. Ancaq həmin qətnamələr həyata keçirilmədi. Nə üçün? Çünki qətnamələr qəbul edildi, lakin həyata keçirilmə mexanizmi olmadı və onlar havada asılı qaldı. Ancaq Ermənistanla Azərbaycan arasındakı münaqişəyə son qoyulması üçün Budapeştdə çoxmillətli sülhü mühafizə qüvvələri yaradılması haqqında qərar qəbul edildi.

Son illər, xüsusən mən bu işlə məşğul olduğum vaxt çoxları dəfələrlə mənə demişdilər ki, ATƏM heç zaman sülhməramlı qüvvələr yarada bilməz və bu, mümkün deyil. Belə fikirlər hətta Birləşmiş Millətlər Təşkilatında, digər ölkələrin başçılarında, nümayəndələrində də vardı. Ancaq mən daim inanırdım ki, ATƏM-in sülhü mühafizə qüvvələrini yaratmaq olar. Mən bundan ötrü çalışırdım, bütün səylərimi də buna yönəltmişdim. İndi burada, qısa söhbətdə nə vaxt, hansı addımlar atıldığını deməyi lazım bilmirəm. Ola bilər, bu, işin pillələri, mərhələləri gələcəkdə açılıb yazılsın. Ancaq ötən müddət ərzində mən böyük inamla bu işə yanaşırdım və bilirdim ki, ATƏM-in sülhü mühafizə qüvvələri yarana bilər.

Nəhayət, son ay ərzində böyük ölkələrin paytaxtlarında belə bir fikir, demək olar, formalaşdı. Düzdür, ziddiyyətlər də meydana çıxdı. ATƏM-in sülhü mühafizə qüvvələrinin yaranması reallaşdığı zaman bəzi paytaxtlarda bunun əleyhinə çıxanlar da oldu. Ancaq sülhü mühafizə qüvvələrinin yaranması o qədər zəruri idi ki, bunun qarşısını ala bilmədilər. Bu maneələr Vyanada, Budapeşt görüşünün hazırlanması dövründə, görüş zamanı da özünü büruzə verdi. Son mərhələdə Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında bu barədə danışıqlar nəticəsində qətnamənin əldə olunması artıq reallaşdı və nəyahət, dekabrın 6-da həmin sənəd qəbul edildi.

Mən bunu Azərbaycan Respublikası üçün, xüsusən Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması üçün çox böyük tarixi hadisə, tarixi bir nailiyyət, bizim nailiyyətimiz hesab edirəm. Ümidvaram ki, onun əsasında biz bundan sonra atəşkəsin möhkəmləndirilməsinə, xüsusən çoxmillətli qüvvələrin yaranmasına nail olacağıq. Həmin qüvvələrin yaranması ilə indi böyük sazişin hazırlanması da asanlaşır. Çünki bu qətnaməyə görə, indi Minsk qrupunun iki sədri var: onların biri İsveçdən, digəri Rusiyadandır. Bu, bizdən ötrü məsələni yüngülləşdirəcəkdir. İndiyədək bir sədrin olması çətinlik yaradırdı. Mən hesab edirəm ki, biz bu imkanlardan istifadə edə biləcəyik. Yəni ATƏM-in sülhməramlı qüvvələrinin yaranması məsələsi artıq reallaşmışdır və biz həm bu qüvvələrin toplanması, həm də Böyük Siyasi Sazişin hazırlanması ilə məşğul olacağıq, sazişin hazırlanması daha da asanlaşacaqdır.

Mən Budapeştdə bir çox dövlətlərin, xüsusən Avropa dövlətlərinin başçıları ilə görüşdüm. Onların hamısı bu qətnaməni dəstəklədi və əksəriyyəti ATƏM-in sülhməramlı qüvvələrinin yaranmasında öz ölkələrinin iştirak edəcəyi barədə mənə bəyanatlar verdi. Bütün bunlar məndə belə bir inam yaradır ki, biz artıq yeni mərhələdəyik və bundan sonra həmin məsələləri daha da müvəffəqiyyətlə həll edə bilərik.

Sual: Cənab prezident, çox böyük iş görülüb, qətnamə qəbul olunub. Lakin bu, hələ problemin həll edilməsi demək deyil. Ancaq indidən belə səslər eşidilir ki, daha bir qətnamə qəbul olunsun. Yəni görülən işi nüfuzdan salmağa çalışanlar da var. Siz buna necə baxırsınız?

Heydər Əliyev:  Mən sizə dedim: Budapeşt görüşünə qədər bizim yolumuz çox ağır, əzablı yol olmuşdur. Hesab etməyin ki, bundan sonra biz böyük bir asfalt yola çıxırıq. Yolumuz yenə çətin olacaq, ancaq bir halda ki, biz prinsipiallıq, dəyanət göstərdik, öz mövqeyimizi daim müdafiə etdik, mövqeyimizdən çəkilmədik, buna nail olduq, deməli, bundan sonra da istədiklərimizə nail ola biləcəyik.

Sual: Bəzi dövlət başçıları deyirlər ki, ATƏM indi böhran keçirir. Məsələn, Eduard Şevardnazde də bu fikirdədir. Digər tərəfdən, indiki Zirvə toplantısında qlobal məsələlər həll olundu. Siz buna necə baxırsınız?

Heydər Əliyev: Bilirsiniz, indi Eduard Şevardnadzenin ölkəsinin vəziyyəti çox ağırdır. Vaxtilə Birləşmiş Millətlər Təşkilatı da, ATƏM də orada məsələni həll etmək barədə müəyyən vədlər vermiş, lakin bunları yerinə yetirməmişlər. Buna görə də onun belə söz deməyə haqqı var. Ancaq mən bu fikirlə heç də razı deyiləm ki, ATƏM böhran dövrü keçirir. Mən hesab edirəm ki, Budapeşt toplantısında ATƏM özünün gücünü nümayiş etdirdi və göstərdi ki, bu, güclü, böyük bir beynəlxalq təşkilatdır. ABŞ prezidenti cənab Bill Klintonun çıxışında da bu fikirlər səsləndi. Belə fikirlər başqa çıxışlarda da oldu. Ona görə də mən hesab etmirəm ki, ATƏM böhran dövrü keçirir. Mənim fikrimcə, ATƏM yeni bir pilləyə qalxmışdır.

Sual: Nəhayət ki, ATƏM-in silahlı qüvvələri yaradılır və onların Ermənistan-Azərbaycan münaqişəsi zonasında yerləşdirilməsi ilk imtahan olacaqdır. Sizcə, bu, Böyük Siyasi Sazişin imzalanmasını sürətləndirməyə imkan verəcəkmi? Budapeşt görüşü ərəfəsində Rusiyanın bir çox kütləvi informasiya vasitələri belə xəbərlər yayırdı ki, ATƏM və Azərbaycan Rusiyanı Qarabağ probleminin həllindən kənarlaşdırmaq istəyirlər. Bu barədə nə deyərdiniz?

Heydər Əliyev: Əvvəla mənim fikrimcə, ATƏM-in çoxmilli qüvvələri tərkibində Rusiya qüvvələrinin də olması nəzərdə tutulur. MDB qüvvələrinin daxil edilməsindən söhbət getmir. Rusiya çoxmillətli qüvvələrdə kifayət qədər təmsil olunacaqdır. Deməli, burada heç bir problem yoxdur. Əlbəttə, ATƏM-in qüvvələrində hansı ölkəyə nə qədər yer veriləcəyini ATƏM-in sədri müəyyən edəcəkdir. Bu aydındır və biz də bilirik ki, yenə deyirəm, Rusiya orada kifayət qədər təmsil olunacaqdır.

O ki qaldı siyasi saziş barədə sualınıza, mən əvvəl də dedim. Böyük Siyasi Saziş hazırlamaq üçün indi daha əlverişli şərait yaranır. Çünki indiyədək Minsk qrupunun və Rusiyanın səylərini birləşdirməyə imkan yox idi. Belə ziddiyyət vardı. Mən görüşdəki çıxışımda dedim ki, Minsk qrupuna daxil olan ölkələrin səylərinin birləşdirilməsindən çox şey asılıdır. Mən BMT-də də demişdim ki, Rusiya və Minsk qrupu öz səylərini birləşdirməli, fəal əməkdaşlıq etməlidirlər. Budapeşt qətnaməsi buna imkan yaradır və zənnimcə, indi Böyük Siyasi Saziş hazırlamaq bizə asan olacaqdır.

İkinci sualınıza gəldikdə isə, belə məlumatların heç bir əsası yoxdur. Çünki Rusiya ATƏM-in üzvüdür. ATƏM isə Avropanın beynəlxalq təşkilatıdır. Ona daxil olan hər bir ölkə istəyir ki, bu təşkilatın fəaliyyətində yaxından iştirak etsin. O cümlədən Rusiya da, Azərbaycan da, başqa ölkələr də. Bir də ki, biz Rusiya ilə fəal əməkdaşlıq edirik. Mən bayaq dedim ki, Budapeştdə qəbul olunmuş qətnamə məhz ümumi əməkdaşlığın, o cümlədən Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında əməkdaşlığın nəticəsidir.