Əsas strateji xətti demokratik, hüquqi dövlət quruculuğu, sərbəst iqtisadi münasibətlərə keçid olan Azərbaycan Respublikası üçün Polşa və digər Şərqi Avropa dövlətlərinin həyata keçirdiyi iqtisadi islahatlar ölkəmiz üçün həm də təcrübə, nümunə rolunu oynayır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə bu ölkəyə 1997-ci il avqustun 26-28-də rəsmi səfəri bu baxımdan çox əhəmiyyətlidir.
Səfər zamanı görüşən prezidentlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələlərini və beynəlxalq aləmdə vəziyyəti müzakirə ediblər. Görüşdə Heydər Əliyev Azərbaycanın Polşa ilə əməkdaşlığını özünün xarici siyasətinin mühüm tərkib hissəsi hesab etdiyini bildirib.
Görüşdən sonra prezidentlər iki ölkə arasında sənədlərin imzalanması mərasimində iştirak ediblər. Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Həmçinin, ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya; hər iki ölkənin Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol; mədəni və elmi əməkdaşlıq haqqında, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında, mülki hava daşımaları haqqında, turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Avqustun 26-da Azərbaycan və Polşa əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanmasından sonra keçirilən mətbuat konfransında Polşa Prezidenti Aleksandr Kvasnevski Polşanın Azərbaycanla istənilən sahədə əməkdaşlıqda maraqlı olduğunu xüsusi qeyd edib.
Avqustun 27-də Prezident Heydər Əliyev Polşa Seyminin marşalı (sədri) Yuzef Zix ilə də görüşüb. Söhbət zamanı Heydər Əliyev Azərbaycanın Polşanın NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramındakı mövqeyini yüksək qiymətləndirdiyini və ona Avropada özünün mühüm tərəfdaşı kimi baxdığını bildirib. Azərbaycan Prezidenti Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, Polşa Seyminin sədrinə bu barədə ətraflı məlumat verib. O, təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, həmçinin, Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunu Seym sədrinin diqqətinə çatdırıb.
Prezident Heydər Əliyev avqustun 27-də həmçinin, Polşa Senatının vitse marşalı xanım Zofiya Kuratovskaya ilə görüşüb və ölkələr arasında ictimai-siyasi əlaqələr, habelə Ermənistanın təcavüzkar siyasəti müzakirə edilib.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Polşaya rəsmi səfər çərçivəsində avqustun 27-də «Beldever» sarayında Polşa Nazirlər Şurasının sədri Vlodzimej Çimoseviç ilə görüşüb. Görüş zamanı prezident Azərbaycanın dünyanın bütün ölkələri, o cümlədən Polşa ilə hərtərəfli əməkdaşlığa və əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiyi vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 27-də Polşa xarici işlər naziri Darius Rosati ilə görüşü zamanı ATƏT-in yaxın zamanlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətlə aradan qaldırılmasına çalışacağına ümid etdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Polşaya rəsmi səfəri çərçivəsində Polşanın «Jiçe Varşava» qəzetinə verdiyi müsahibə zamanı Dağlıq Qarabağ problemi, «Əsrin müqaviləsi», Azərbaycanda iqtisadi islahatlar, ölkəyə əcnəbi sərmayədarların cəlb olunması və s. kimi məsələlərə toxunub. Prezident Heydər Əliyev Varşava səfərindən məmnun qaldığını və birbaşa münasibətlərin qurulmasının müsbət hal olduğunu qeyd edib: «Nəticələr çox yaxşıdır. Mən olduqca məmnunam. Əvvəla, biz ilk dəfə olaraq birbaşa münasibətlər yaratdıq. Bu, Azərbaycan prezidentinin Polşaya ilk səfəridir ki, bu da, Prezident Kvasnevskinin dediyi kimi, tarixi bir hadisədir. Mən onun fikri ilə razıyam. Xalqlarımız bir çox əsrlər ərzində həqiqətən bir-birilə əlaqə saxlamışlar. Dünən biz xalqlarımızın orta əsrlərdə, hətta XV əsrdə ticarət-iqtisadi əlaqələrinə dair faktlar gətirdik. Lakin müstəqil bir dövlət kimi Azərbaycan öz prezidentinin simasında Polşaya ilk dəfə olaraq gəlir. Bu fakt özlüyündə olduqca böyük siyasi əhəmiyyətə malikdir. Biz çox faydalı və maraqlı söhbətlər keçirdik, danışıqlar apardıq. Bir çox beynəlxalq məsələlərdə, o cümlədən Avropada təhlükəsizlik məsələsində baxışlarımız uyğun gəldi».
Bu gün Azərbaycan-Polşa münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir. NATO, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Polşa ilə mövcud əlaqələrin daha da genişləndirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Polşa Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquq normaları əsasında nizamlanması mövqeyindən çıxış edir.