Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışı mərasimində çıxışı - 28 dekabr 1994-cü il

Biz artıq 70-ci illərin əvvəllərində Bakıda, Azərbaycanda xalqımızın ayrı-ayrı böyük şəxsiyyətlərinin ev-muzeylərini yaratmağa başladıq və ilk belə muzey böyük bəstəkarımız Üzeyir Hacıbəyovun ev-muzeyi oldu. 76-cı ildə böyük şairimiz Səməd Vurğunun ev-muzeyi yarandı. Ondan sonra da belə muzeylərin yaradılması haqqında mən ciddi göstərişlər vermişdim. Çox arzu edirdim ki, bunlar tezliklə yaransın. Şübhəsiz ki, həmin muzeylərin yaranması üçün bu evlərdə yaşayan adamlar başqa yerlərə köçürülməli idi. Bu işləri biz o vaxt görürdük. O cümlədən burada da yaşayanlar var idi, onların köçürülməsi üçün mən o vaxtlar bu işlə şəxsən məşğul olurdum, göstəriş vermişdim ki, müəyyən mənzillər ayrılsın.

Mənzillər verildi, adamlar köçürüldü. İndi siz deyirsiniz ki, 82-ci ilin əvvəlində artıq bura boşalmışdı. Binanı təmir etmək, bu ekspozisiyaları toplamaq üçün bəlkə 5-6 ay lazım idi, bir il lazım idi, iki il lazım idi. Ancaq üstündən 12 il keçdi...

Mən çox məmnun olardım ki, - çünki bu işi elə biz başlamışdıq və bu, şəxsən mənim özümün təşəbbüsüm olmuşdu. Buna mənim çox qayğım vardır, - çox məmnum olardım ki, bu muzey tezliklə açılaydı. Mən Moskvada yaşayan vaxt əgər mənə xəbər gəlsəydi ki, bu muzey açılıb, çox sevinərdim. Sonra mən gəldim Azərbaycana, Naxçıvanda yaşayan vaxt bununla bir neçə dəfə maraqlandım. Düzdür, o vaxt imkanlarım yox idi. Ancaq sadəcə ordan-burdan soruşurdum ki, muzey açıldımı-açılmadımı? Dedilər: yox, açılmadı. Nəhayət, Bakıya işə qayıdan kimi yenə də bu məsələ ilə maraqlandım və lazımi tədbirlər görmək barədə göstərişlər verdim.

İndi görürsünüz, açıldı ki. Yəni nə qədər də çətinliklər də olsa, belə bir muzeyi açmaq çətin bir şey deyildir. Biz vaxtilə bir ilə, iki ilə böyük-böyük saraylar tikmişik, binalar tikmişik. Belə bir mənzili, yəni bu otaqları təmir edib, ekspozisiyaları bura yığmaq elə çətin iş deyildir. Burada təkcə Cəlil Məmmədquluzadənin şəxsiyyətinə yox, ümumiyyətlə mədəniyyətimizə, ədəbiyyatımıza olan münasibət özünü göstərir. Nə cür münasibət? Belə münasibət yaramaz. Çünki, bilirsiniz, hər bir belə mədəniyyət ocağının, muzeyin yaranması bir tərəfdən mədəniyyətimizi, mədəni irsimizi, tariximizi, keçmişimizi, köklərimizi təbliğ edir. İkinci tərəfdən də bu şəxslərin, bu şəxsiyyətlərin yaradıcılığını təbliğ edir və bunlar böyük tərbiyə ocağıdır, mədəniyyət ocağıdır.

Belə muzeyləri yaratmağın məqsədi sadəcə bir məqsəd deyil. Yəni yalnız bu şəxsiyyətin xatirəsinə ehtiram deyil. Şübhəsiz ki, bu da var. Amma bu, daha geniş bir anlayışdır. Ona görə də mənə belə gəlir ki, lazımi münasibət göstərilməlidir. İndi olan olub, keçən keçib. Mən çox məmnunam, çox şadam ki, bu gün bu muzey açılır. Güman edirəm ki, bu muzey artıq fəaliyyət göstərəcəkdir. Xalqımızın, xüsusən gənc nəslin təlim-tərbiyəsində və mədəniyyətimizin inkişafında öz rolunu oynayacaqdır. Əminəm ki, muzeyin işçiləri, kollektiv kiçik də olsa, bu muzeydən səmərəli istifadə edəcəklər ki, əvvələn, Cəlil Məmmədquluzadənin yaradıcılığı təhlil olunsun, ikinci tərəfdən də mədəniyyətimiz təbliğ edilsin, insanlarda mədəniyyətin yüksəlməsi təmin olunsun.

Mən muzeyin açılması münasibətilə sizi təbrik edirəm. Hamınıza bu işdə uğurlar diləyirəm. Muzeyin gec də olsa yaranmasında, bu eksponatların toplanmasında, muzeyin açılmasının təmin olunmasında fəaliyyət göstərənlərin hamısına təşəkkür edirəm.

Ev-muzeyinin fəxri qonaqlar kitabına ürək sözləri

\"Bu gün Azərbaycanın həyatında böyük bir hadisə baş verir. Azərbaycan xalqının böyük yazıçısı, maarifçisi, ictimai xadimi Cəlil Məmmədquluzadənin ev-muzeyi açılır. Bakı şəhərində yeni mədəniyyət ocağı, Mirzə Cəlil ocağı fəaliyyətə başlayır. Bu, C.Məmmədquluzadənin yaradıcılığına, onun ədəbi, mədəni irsinə, onun xalqımızın tarixində əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin rəmzidir. Şübhə yoxdur ki, muzey Mirzə Cəlil dühasının geniş təbliğinə faydalı xidmət edəcəkdir. Xalqımızın mənəvi saflaşmaq yolunda, müstəqillik yolunda mübarizəsinə kömək edəcəkdir.

Muzeyin açılmasını təbrik edirəm, muzeyi yaradanlara təşəkkür edirəm, gələcək fəaliyyətlərində uğurlar diləyirəm. Əminəm ki, muzeyin ekspozisiyaları artacaq, muzey zənginləşəcək, xalqımıza daimi xidmət edəcək.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.