Əziz uşaqlar, şirin balalar, övladlar, müstəqil Azərbaycanın övladları!
Mən sizi və sizin simanızda Azərbaycanın bütün uşaqlarını, bütün balalarını, bütün gənclərini qarşıdan gələn 2000-ci il münasibətilə, Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizin hər birinizə cansağlığı, xoşbəxt həyat, sağlamlıq və gözəl-gözəl gələcəklər arzulayıram.
Sizi Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə də təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, Dünya azərbaycanlılarının həmrəyliyi günü-gündən artacaq, möhkəmlənəcək və Azərbaycan xalqı yüksələcəkdir.
Əziz balalar!
Siz mənə burada \"baba\" deyərək müraciət edirsiniz. Sizə çox təşəkkür edirəm. Mən sizi və bütün Azərbaycanın uşaqlarını öz uşaqlarını hesab edirəm, övladlarını hesab edirəm, nəvələrim hesab edirəm.
Mən sizinlə birlikdə burada olmağımdan özümü çox xoşbəxt hiss edirəm. Sizi dinləyərək düşünürəm ki, mən dünyanın ən zəngin adamıyam, ən xoşbəxt adamıyam. Ona görə ki, müstəqil Azərbaycanın uşaqları, balaları kimi mənim övladlarım var, balalarım var. Əmin ola bilərsiniz ki, mən sizi öz övladlarım, balalarım, nəvələrim hesab edərək sizin üçün daim istəkli baba olacağam, ata olacağam.
Sizi öz övladlarım, uşaqlarım hesab edərək öz borcumu onda görürəm ki, mən bu şərəfli adı daim daşıya bilim və sizin arzularınızı, istəklərinizi həyata keçirə bilim.
Mən öz övladlarıma, nəvələrimə həmişə qayğıkeş olmuşam. Mənim yanımda nəvələrim oturubdur. Əmin ola bilərsiniz ki, sizə də, bütün Azərbaycanın uşaqlarına da öz doğma övladlarıma, nəvələrimə göstərdiyim qayğıkeşliyi, diqqəti, sevgini, məhəbbəti daim göstərəcəyəm. Siz bu gün, bu bayram axşamı salona toplaşanların hamısı, məni həddindən artıq sevindirdiniz və sizinlə keçirdiyim bu dəqiqələr, bu saatlar demək olar ki, ən xoşbəxt dəqiqələrdir və yeni ili sizinlə birlikdə qarşılamaq mənim üçün ən böyük xoşbəxtlikdir.
Siz uşaq olmağınıza baxmayaraq, gənc olmağınıza baxmayaraq bu gün çox dəyərli, ağıllı fikirlər ifadə etdiniz, sözlər dediniz. Bunlar hamısı onu göstərir ki, müstəqil Azərbaycanın bugünkü uşaqları, bugünkü gəncləri əvvəlkilərdən də istedadlıdırlar, ağıllıdırlar, şüurludurlar.
Siz Azərbaycanın gələcəyisiniz. Siz XXI əsrin qurucularısınız. Siz XXI əsrdə müstəqil Azərbaycanı inkişaf etdirib, yüksəldib daha da böyük bir dövlət etməyə qadir gənclərsiniz. Sizin bu qədər istedadlı olmağınız, bu qədər zəkalı olmağınız, 2000-ci ili bu qədər xoş əhval-ruhiyyədə qarşılamağınız onu göstərir ki, biz, yaşlı nəsil tam arxayın ola bilərik ki, Azərbaycanın gözəl gəncləri var, Azərbaycanı gələcəkdə daha da yüksəldəcək insanlar böyüyür, Azərbaycan xalqı daha da xoşbəxt yaşayacaqdır.
Azərbaycan keçid dövrünü yaşayan bir ölkədir. Bir çox problemlər vardır, o cümlədən sosial-iqtisadi problemlər, maddi problemlər. Bunlar, təbii ki, müvəqqətidir. Ancaq bunlar Azərbaycan əhalisinin, vətəndaşlarının bir çox təbəqələrinin həyatında istənilən səviyyəyə nail olmağa imkan vermir. Bunlara baxmayaraq hər ailədə, hər evdə, hər şəhərdə, hər kənddə, hər qəsəbədə ailə başçıları - atalar, analar, yaşlı nəsil bütün imkanları uşaqların yaxşı yaşamasına sərf edir. Bu, bizim dövlətimizin siyasətidir. Bu, mənim əməli fəaliyyətimdir.
Əziz balalar!
Biz unutmamalıyıq ki, Azərbaycan uşaqlarının bir qismi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar öz yerlərindən, doğma yurdlarından didərgin düşüblər, köçkün vəziyyətində yaşayırlar, çadırlarda yaşayırlar. Mən o çadırlarda olmuşam, o uşaqlarla görüşmüşəm. Çox çətin vəziyyətdə yaşayırlar, çox ağır bir şəraitdə yaşayırlar. Ancaq məni sevindirən odur ki, o uşaqlar da sizin kimi şəndirlər, sizin kimi sevinc içərisindədirlər, sizin kimi oxuyurlar, rəqs edirlər, gözəl mahnılar ifa edirlər və Azərbaycanın balaları kimi yetişirlər.
Əminəm ki, onlar çadır şəhərciklərində yaşayış dövrünü başa çatdıracaqlar, öz evlərinə, doğma torpaqlarına qayıdacaqlar və biz sizinlə birlikdə, hamımız birlikdə - bütün Azərbaycan xalqı, bütün Azərbaycan vətəndaşları əl-ələ verib, işğaldan azad olunmuş torpaqlarda yeni-yeni evlər tikəcəyik, yeni-yeni şəhərlər salacağıq, yeni-yeni binalar ucaldacağıq. İndi o ağır vəziyyətdə yaşayan uşaqlar da öz yerlərində şən, firavan yaşayacaqlar. Mən çadırlarda ağır vəziyyətdə yaşayan Azərbaycan uşaqlarını, övladlarını və onların valideynlərini sizinlə birlikdə yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Onlara xoş əhval-ruhiyyə arzulayıram və istədikləri gələcəyə nail olmağı arzulayıram.
Mən bilirəm ki, bu gün bu salonda, sizin içərinizdə Bakının uşaq evlərində yaşayan, tərbiyə alan, təhsil alan, böyüyən uşaqlar vardır. Bu uşaqlar nə qədər istedadlıdır, nə qədər gözəldir, göyçəkdirlər.
Mən bu fürsətdən istifadə edib, uşaq evlərində valideynsiz uşaqlara qayğı göstərənlərə, onları tərbiyələndirib böyüdənlərə, onlara təhsil verənlərə xüsusi minnətdarlığımı bildirirəm və bəyan edirəm ki, bu, təkcə müəllimlərin, tərbiyəçilərin yox, Azərbaycan dövlətinin, bizim hamımızın müqəddəs borcudur.
Əziz balalar!
2000-ci ildə mən sizə şən həyat arzulayıram. Mən sizə cansağlığı arzulayıram. Mən sizə yaxşı böyümək, oxumaq, təhsil almaq, təhsilinizi yaxşı qiymətlərlə bitirməyi arzulayıram. Mən arzulayıram ki, siz gələcəyin qurucuları olduğunuza görə indidən özünüzü gələcək üçün yaxşı hazırlayasınız. Mən sizi bu gün görərək, sizin istedadlarınıza sevinərək inanıram ki, Azərbaycanın gələcəyi sizin əllərinizlə qurulacaq, sizin zəkanızla qurulacaq və daha da gözəl olacaqdır.
Əziz balalar!
Bu gün, bu axşam mənə və burada olan insanların hamısına bəxş etdiyiniz gözəl mahnılara görə, rəqslərə görə və öz gözəlliyinizə görə, bizə bəxş etdiyiniz sevincə, məhəbbətə görə sizə təşəkkür edirəm. Sizin hamınızı Yeni il bayramı münasibətilə bir daha təbrik edirəm, cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.