Bakıda dahi rus şairi Puşkinin abidəsinin açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 9 aprel 2000-ci il

-Hörmətli cənab səfir!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi, Bakı şəhərinin bütün vətəndaşlarını bu əlamətdar hadisə ilə, böyük rus şairi, yazıçısı, Aleksandr Sergeyeviç Puşkinin heykəlinin - abidəsinin Bakı şəhərində açılması münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu hadisə müstəqil Azərbaycan ilə Rusiya Federasiyası arasında, Azərbaycan xalqı ilə rus xalqı arasında olan əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcəkdir.

Puşkin təkcə Rusiyanın yox, bütün bəşəriyyətin dahi insanlarından biridir. Təsadüfi deyil ki, Puşkinin yaradıcılığı - qısa bir ömür zamanı yazdığı həddən ziyadə əsərləri dünyanın bir çox xalqları tərəfindən sevilə-sevilə oxunur, öyrənilir və bu əsərlər insanlara mənəvi qida verir.

Puşkin Azərbaycan üçün doğma bir insandır. Çünki Puşkinin yaradıcılığı Azərbaycanda hələ XIX əsrdə Azərbaycanın mütəfəkkir şəxsiyyətləri, şairləri tərəfindən öyrənilirdi və tərcümə edilirdi. Təsadüfi deyil ki, Azərbaycanın böyük yazıçısı, şairi, filosofu Mirzə Fətəli Axundov Puşkinin əsərlərindən bəhrələnmiş və Puşkinin vaxtsız ölümü münasibətilə özünün ən dəyərli əsərlərindən birini - \"Şərq poeması\"nı yazmışdır.

1880-ci ildə Moskvada Puşkinə abidə qoyulan zaman Azərbaycan şairi Seyid Əzim Şirvani bu hadisəyə öz böyük şerini həsr etmişdir.

Hələ XX əsrdə Puşkinin əsərlərini Mirzə Kazım bəy, Firidun bəy Köçərli Azərbaycan dilinə tərcümə etmiş və oxuculara çatdırmışlar.

Puşkinin valideynləri ilə Azərbaycanın böyük şəxsiyyəti Abbasqulu Ağa Bakıxanovun şəxsi əlaqələri də Azərbaycanın qabaqcıl adamlarının Puşkinə olan marağını, hörmətini və məhəbbətini göstərir. Hətta rəvayət var ki, Ərzuruma məşhur səfər zamanı Abbasqulu Ağa Bakıxanov ilə Puşkin arasında görüş də olmuşdur. Bunlar keçmiş tarixin ayrı-ayrı anlarıdır. Ancaq bunlar eyni zamanda böyük rus yazıçısı, şairi Puşkinin Azərbaycanda nə qədər böyük məhəbbətlə oxunmasını, sevilməsini göstərir.

Puşkinin anadan olmasının 100 illiyi münasibətilə Bakıda, Şamaxıda, Naxçıvanda xüsusi mərasimlər keçirilmişdir. Naxçıvanda, - mən bunu uşaqlıq vaxtlarımdan bilirəm, o vaxt, hələ 1899-cu ildə Naxçıvanın ən böyük küçələrindən birinə, yəni Naxçıvanın demək olar ki, bir başından o biri başına gedən bir geniş prospektə Puşkinin adı verilmişdir. Həyatım elə gətiribdir ki, mən Naxçıvanda bu küçədə doğulmuşam. Uşaq vaxtı Puşkin küçəsi deyirdik, amma nədənsə, - bunu bəlkə bizim alimlərimiz daha yaxşı bilər, - ona küçə demirdilər, Puşkin bilanı deyirdilər. Puşkin bilanında mənim uşaqlığım keçibdir. Amma uşaq vaxtı mən bilmirdim ki, Puşkin kimdir. Sadəcə, məlum idi ki, o, bütün Naxçıvanın əhalisinin qəlbində idi, bəzilərində də kor-koranə. Ancaq məktəbdə oxuduğum zaman, Puşkinin əsərləri ilə, onun şerləri ilə tanış olduğum zaman mən anladım ki, nə üçün Naxçıvan kimi çox böyük olmayan bir şəhərin ən böyük prospektlərindən birinə Puşkinin adı verilmişdir.

XX əsrdə Puşkinin yaradıcılığı Azərbaycanda geniş yayılmışdı. Burada artıq deyildi, bizim böyük şairlərimiz Puşkinin əsərlərinin, demək olar ki, əksəriyyətini, hər halda məşhur əsərlərinin hamısını dəfələrlə Azərbaycan dilinə tərcümə ediblər və bizim məktəblərdə Puşkinin yaradıcılığını ədəbiyyat dərsliklərində oxuyanlar Puşkini özünəməxsus bir şair, yazıçı kimi qəbul edirlər.

Puşkinin əsərləri əsasında Rusiyanın, rus xalqının böyük bəstəkarları tərəfindən yaradılmış operalar və başqa səhnə əsərləri Azərbaycan teatrında, xüsusən opera və balet teatrında daim repertuarda olmuşdur və bu gün də repertuardadır.

Puşkin, bir daha deyirəm, Azərbaycana yad bir anlayış deyil. Amma indiki zamanda, yəni Azərbaycan müstəqil bir dövlət olduğu zamanda Puşkinin yaradıcılığının öyrənilməsi, mənimsənilməsi Rusiya ilə müstəqil Azərbaycanın bütün sahələrdə əlaqələrinin daha da inkişaf etməsinə xidmət edir və edəcəkdir.

Puşkinin yaradıcılığından Azərbaycanın bir çox alimləri böyük elmi əsərlər yazıblar və dissertasiyalar müdafiə ediblər, elmi dərəcələr alıblar. Bunların hamısı Puşkinin Azərbaycanda nə qədər məşhur olduğunu və nə qədər əziz olduğunu əyani surətdə göstərir. Təsadüfi deyil ki, Bakının mərkəzində böyük küçələrdən biri də Puşkinin adını daşıyır. Doğrudur, mən bilirəm ki, Naxçıvanda 1899-cu ildə küçəyə onun adını vermişdilər. Mən Bakını tanıyandan Puşkin küçəsinə yaxşı bələdəm. Güman edirəm ki, bütün bakılılar da... Heç kəs ona varmır ki, bu ad nə vaxt verilibdir. Bu, tamamilə təbii bir hal kimi qəbul olunur. Bu da Azərbaycan xalqında Puşkinə olan münasibətdir.

Biz Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümünü bayram edirik. Bax, bu bayram günlərində Bakının mərkəzindəki gözəl bir guşədə Puşkinin abidəsinin qoyulması onu göstərir ki, Azərbaycan müstəqil dövlət olaraq, milli azadlığını əldə edəndən sonra, eyni zamanda bütün başqa xalqlara da, xüsusən keçmişdə əlaqədə olduğu xalqlara da öz hörmət və ehtiramını bildirir.

Puşkin öz yaradıcılığı ilə və rus xalqı ilə Azərbaycan xalqı arasında olan əlaqələrin inkişafında indiyə qədər böyük rol oynamışdır. Ancaq hesab edirəm ki, Puşkinin yaradıcılığı, Puşkin bu gün də bizə lazımdır. Ona görə lazımdır ki, Puşkin Rusiyanın böyük şəxsiyyətləri içərisində, tarixi şəxsiyyətləri içərisində elə bir şəxsiyyətdir ki, o, hansı ictimai-siyasi sistemə mənsub olmasından asılı olmayaraq, hansı milli-mənəvi dəyərləri daşımasından asılı olmayaraq, böyük yaradıcılığı ilə bütün xalqlara öz təsirini göstərir. Bütün bunları nəzərə alaraq, biz Rusiya səfirliyinin təşəbbüsünü qəbul etdik. Rusiyanın prezidenti hörmətli Vladimir Putinin Azərbaycana bu ilin yanvar ayındakı rəsmi səfəri zamanı bu məsələni müzakirə etdik və Puşkinin Bakıda, onun mərkəzində, gözəl bir guşədə abidəsinin qoyulmasını çox zəruri hesab etdik. İndi bu abidə qoyulubdur. Həqiqətən bu, böyük bir heykəltəraşlıq əsəridir. Güman edirəm ki, böyük rus heykəltəraşı da bunu Puşkinə, onun yaradıcılığına böyük məhəbbət hissi ilə yaratmışdır.

Hesab edirəm ki, Puşkinin heykəli burada, Bakının və bütün Azərbaycanın vətəndaşlarının çox seyr etdikləri yerdə həmişə Rusiya-Azərbaycan əlaqələrinin, rus xalqı ilə Azərbaycan xalqı arasındakı əlaqələrin nə qədər zəruri olduğunu və onların daim inkişaf etdirilməsinin zəruriliyini yada salacaqdır, bildirəcəkdir. Bütün bunlara görə, hesab edirəm ki, bugünkü bu mərasim, bu hadisə Azərbaycanın ictimai-siyasi həyatında və xüsusən Azərbaycanın müstəqilliyinin onuncu ildönümü bayram edildiyi zaman çox əlamətdardır.

Mən dedim ki, Mirzə Fətəli Axundov 1827-ci ildə, Puşkin həlak olan kimi, böyük bir poema yazmışdır. Bu, nadir hadisədir. Puşkinin ölümünə həsr olunmuş əsərlər var. Amma, mən bildiyimə görə, onların içərisində ən görkəmli yer tutan Lermantovun Puşkinin ölümünə həsr etdiyi şerdir və Mirzə Fətəli Axundovun \"Puşkinin ölümünə Şərq poeması\"dır.

Mirzə Fətəli Axundov onu özü rus dilinə tərcümə edib, o vaxtlar yayılıbdır və yüksək qiymətləndirilibdir. Bu poemanı oxuyanlar Mirzə Fətəli Axundovun Puşkinin yaradıcılığına nə qədər yüksək qiymət verməsini, güman edirəm ki, müşahidə edirlər. Çünki o qədər məzmunlu ifadələr işlədilibdir ki, oxuduqca insanı heyran edir. Orada çox gözəl sözlər var. Ancaq mənim çox xoşuma gələn misraları bu gün burada oxumaq istəyirəm:

Lomonosov gətirərkən
sənətə hüsnü düha,
Puşkinin nurlu xəyalı ora
qonmuş
Əcəba
Şerlər səltənəti Derjavinə
göylərdən
Kim imiş hökm alaraq
bir yeni hakim kəsilən.
Səddi-Çindən Tatarıstanə
qədər çar əli var,
Lakin ol şairin aləmdə
yanan məşəli var.

Sağ olun.

\"Azərbaycan\" qəzeti, 10 aprel 2000-ci il.