Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dahi bəstəkar Friderik Şopenin muzeyi ilə tanış olduqdan və onun əsərlərinin mahir ifaçısı beynəlxalq müsabiqələr laureatı, 23 yaşlı Rafael Lusçevskiyə təşəkkürünü bildirdikdən sonra söylənmiş səmimi minnətdarlıq sözlərindən - Varşava, Ostroqski qəsri, 27 avqust 1997-ci il

... Şopenin musiqisı özlüyündə polyak xalqı üçün çox böyük fəxr və sərvətdir. Sizin ifanız isə bu dəyəri daha da artırır. Mən proqramla tanış oldum. Siz az bir müddətdə beynəlxalq miqyasda uğurlar qazana bilmisiniz. Musiqini, o cümlədən Şopenin sənətini sevən insan kimi deyə bilərəm ki, siz bu nailiyyətləri tamamilə haqli olaraq və ədalətli qazanmış, yəni həmin mükafatlara layiq görülmüsünüz. Bunu bu gün inandırıcı şəkildə nümayış etdirdiniz.

Bu gün bizə böyük zövq bəxş etdiyinizə görə sizə təşəkkür edir və yaradıcılıq fəaliyyətinizdə yeni uğurlar diləyirəm. Şübhə etmirəm ki, parlaq ifaçı, pianoçu kimi, o cümlədən Şopenin əsərlərinin gözəl ifaçısı kimi Sizi daha böyük mükafatlar, daha böyük söhrət gözləyir. Çox sağ olun. İmkanınız olsa, Azərbaycana gəlin, mən Sizi dəvət edirəm. Azərbaycanda peşəkar incəsənətin, o cümlədən Şopen yaradıcılığının pərəstişkarları çoxdur. Hesab edirəm ki, siz yaxşı dinləyici auditoriyasi ilə qarşılaşacaq və razı qalacaqsınız. Sizi dəvət edirəm, gəlin. Sağ olun, Sizə uğurlar arzulayıram.