Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə BDU-nun və bir sıra xarici ölkə universitetlərinin rəhbərləri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 11 fevral 2000-ci il

Hörmətli alimlər!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Azərbaycan Dövlət Universitetinin - indi ona Bakı Dövlət Universiteti deyirlər - 80 illik yubileyi münasibətilə mən həm Azərbaycana gəlmiş qonaqlarla, həm də universitetin alimləri ilə bu gün qısamüddətli bir görüş üçün fürsət əldə etmişəm.

Azərbaycan Dövlət Universiteti tariximizdə çox böyük yer tutur. Məlumdur ki, o, 1919-cu ildə Azərbaycanda xalq cümhuriyyəti hakimiyyətdə olduğu zaman təşkil edilmiş və xalqımızın tarixində ilk universitetdir. Bu universitet təkcə bizim xalqımızın yox, ümumiyyətlə, Şərq aləminin ilk dünyəvi universitetidir. O, 80 illik fəaliyyəti dövründə Azərbaycana xidmət edibdir və Azərbaycanda təhsilin, elmin inkişafında böyük nailiyyətlər əldə edibdir.

İndi Azərbaycanda universitetlər də çoxdur. Bizim 1945-ci ildə yaranmış Elmlər Akademiyamız, böyük alimlərimiz vardır. Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda demək olar ki, təhsil almayan adam yoxdur. Azərbaycanda ümumi icbari təhsil sistemi çoxdan yaranıbdır və həyata keçirilir. Bütün bunların hamısında Azərbaycanın universitetlərinin, yəni ali məktəblərinin çox böyük əməyi, xidməti vardır. Bunların içərisində isə Bakı Dövlət Universiteti xüsusi yer tutur. Çünki son illər Azərbaycanda yaranan bir çox universitetlər, ali təhsil ocaqları Bakı Dövlət Universitetindən ayrılaraq müstəqil ali məktəbə, universitetə çevriliblər.

Bütün bunlara görə də Bakı Dövlət Universiteti Azərbaycanda çox böyük hörmətə malikdir. Təbiidir ki, onun tarixi həmişə bizim arzu etdiyimiz, istədiyimiz kimi olmayıbdır. Yaranandan sonra onun həyatında böyük nailiyyət nümayiş etdirən dövrlər də olubdur. Ancaq totalitar rejim dövründə, xüsusən 1930-cu illərdə Azərbaycanda ziyalılara və bir çox elm, təhsil adamlarına ədalətsiz münasibət göstərilən zaman, onlar repressiya edilən zaman universitetin də görkəmli şəxsiyyətləri repressiya qurbanları olublar.

Sonrakı dövrlərdə də, xüsusən Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra da Bakı Dövlət Universitetinin bu günə gəlib çatması üçün çox işlər görmək lazım idi. Yəni demək istəyirəm ki, universitetin tarixi, ümumiyyətlə, təbiidir, hər bir tarix müxtəlif mərhələlərdən ibarətdir. Mən çox məmnunam ki, Bakı Dövlət Universiteti indiyə qədər olduğu kimi, Azərbaycan ali təhsilinin önündə gedir. O, Azərbaycanda olan bütün universitetlərin, institutların və digər ali təhsil ocaqlarının hamısına örnəkdir, gözəl təcrübə əldə edibdir.

Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin 50 illik yubileyində iştirak etmişəm, Azərbaycanın o vaxtkı rəhbəri kimi həmin yubileyin hazırlanmasında, təşkil olunmasında lazımi tədbirlər görmüşəm və universitetin professorları, müəllimləri, tələbələri ilə görüşlər keçirmişəm. Mənim ondan sonra da universitetlə əlaqəm olubdur. Universitetin 60 illiyi də, 50 illiyində olduğu kimi, mənim iştirakımla keçibdir. Çünki mən o vaxt da Azərbaycanın rəhbəri idim. Düşünürəm ki, universitetin 70 illiyi qeyd olunmayıbdır. O vaxt mən Azərbaycanda deyildim. Ancaq biz universitetin 75 illik yubileyini çox böyük təntənə ilə qeyd etdik. Biz möhtəşəm Respublika sarayında böyük yubiley tədbiri keçirdik. İndi universitetin 80 yaşı tamam olubdur və təkliflər verildi ki, bu yubileyi də qeyd edək. Belə çıxır ki, biz universitetin yubileyini hər beş ildən bir qeyd edəcəyik. Bəlkə bu da təbiidir. Çünki, yenə də deyirəm, universitet Azərbaycanın təhsil sistemində və cəmiyyətimizdə xüsusi yerə malikdir.

Son zamanlar universitetin işində böyük dəyişikliklər meydana çıxıbdır. Onlar bizim ictimaiyyət tərəfindən də böyük rəğbətlə qarşılanır. Hesab edirəm, universitetin işinin canlanması həm professor-müəllim heyətini, həm də tələbələri ruhlandırır.

İndi bizim təhsil sahəsində islahatlarımız həyata keçirilir. Təbiidir ki, bu islahatlar da müəyyən çətinliklərlə rastlaşır. Çünki biz 70 il sovet sosialist sistemində yaşamışıq və Azərbaycanda təhsil həmin hökumətin, dövlətin prinsipləri əsasında qurulubdur.

Mən qeyd etmək istəyirəm ki, o dövrün təhsil sistemi çox yaxşı təhsil sistemi olubdur. Əgər o olmasaydı, Azərbaycanda qısa bir zamanda təhsil, xalqın savadlanması, elmin inkişafı sahəsində belə müsbət dəyişikliklər olmazdı. Biz, indi yaşayan adamlar da bizdən gənc olan insanların hamısı həmin təhsil sisteminin bəhrələriyik. Biz, burada oturanların hamısı, Azərbaycanın bütün alimləri o təhsil sistemində - həm orta, həm də ali məktəbdə təhsil almışıq. Ona görə də mən sovet hakimiyyəti dövründəki təhsil sistemini yüksək qiymətləndirirəm. İndi konyunkturaya uyan bəzi adamlar vardır. Belələri dünən bir söz, bu gün bir söz deyirlər, sabah başqa bir söz deyəcəklər. Ola bilər ki, belə adamlar cəmiyyətdə müvəqqəti uğur qazana bilsinlər. Ancaq cəmiyyət onları heç vaxt ciddi qəbul etmir.

Tarixi təhrif etmək olmaz. Tarixdə hər şeyin öz yeri vardır. O nə sizdən, nə də heç kəsdən asılı deyildir. Tarix obyektiv bir prosesdir. Bu obyektiv prosesə təsir etmək, müəyyən vaxtlarda onu zəiflətmək, gücləndirmək, məcrasından çıxarmaq olar. Müxtəlif hallar ola bilər. Amma bu obyektiv prosesi dayandırmaq və ona ciddi təsir göstərmək mümkün deyildir. Bu, tarixdir.

Bizdə tarixi təhrif edənlər olubdur. Sovet hakimiyyəti qurulandan sonra keçmiş tariximiz təhrif edilibdir. Təəsüflər olsun ki, indi, sovet hakimiyyəti dağılandan sonra yenə də keçmişi təhrif edirlər. Bilirsiniz, o vaxtkı dövrdən ibrət götürmürlər. Siz alimlərsiniz, bunu bilirsiniz. Hesab edirəm ki, bu sözləri sizə deməyimin elə bir əhəmiyyəti yoxdur. Ancaq bu sözləri sizə deyərkən mən öz mövqeyimi bildirirəm. Mənim də mövqeyim ondan ibarətdir ki, Azərbaycan xalqı, təhsili 70 illik sovet hakimiyyəti dövründə böyük inkişaf yolu keçibdir. Xalqımız təhsillənib, yüksək təhsilə, elmə malik olubdur. Xalqımızın mədəniyyəti yüksəlib və respublikamız o vaxt da, indi də dünyəvi dövlət, ölkə kimi bütün başqa dövlətlərlə bir yerdədir. Ola bilər, bir çox ölkələr daha da çox inkişaf edibdir. Məsələn, bəziləri az inkişaf edibdir. Bu da təbiidir: dünya da müxtəlifdir.

Ona görə də bu fikirləri sizə çatdıraraq bildirmək istəyirəm ki, o dövrün təhsil sistemi heç də pis deyildi. Mən ondan məmnunam. Çünki mən özüm də o təhsil sisteminin yetişdirməsiyəm, başqaları da, siz də həmin təhsil sisteminin yetişdirmələrisiniz. Amma o təhsil sistemi Sovetlər İttifaqı, sovet hakimiyyəti qapalı dövlət şəraitində yaşadığı bir zaman ancaq o hakimiyyətə məxsus bir sistem idi. İndi isə biz müstəqil ölkəyik. Təkcə biz yox, elə Rusiyada da, keçmiş Sovetlər İttifaqına mənsub olmuş, indi müstəqil dövlət olan ölkələrdə də bu proseslər gedir. İndi biz istəyirik ki, ölkəmizin bütün sahələrində proseslər dünya ilə tam uyğun formalarda inkişaf etsin. Təhsil sahəsində islahatların keçirilməsi məhz bu məqsədi daşıyır. Bizim təhsilin məzmunu yüksəkdir. Amma onun forması və təhsilin bəzi ayrı-ayrı mərhələlərdə müddəti, yaxud onların nəticəsi indi dünyada, xüsusən Qərb ölkələrində, inkişaf etmiş ölkələrdə olan sistemlərdən bir az fərqlidir. Ona görə də indi biz bu islahatları həyata keçiririk ki, bizim təhsil sistemi də həmin o ümumdünya təhsil sisteminə uyğun olsun.

Azərbaycanda bu proses gedir və biz bu prosesi aparacağıq. Ümidvaram ki, hər bir keçid dövrü, hər bir proses, ola bilər, bir müddət işləri zəiflədir. Amma sonra - qarşıda qoyulan məqsəd əldə edilən zaman inkişaf sürətlənir. Təbiidir ki, bu, bizim təhsil sahəsində də, Bakı Dövlət Universitetinin həyatında da belə olacaqdır.

Bu gün burada qonaqlarımız vardır. Mənə dedilər ki, dost, qardaş Türkiyədən bir çox universitetlərin rektorları buraya gəliblər. Moskva universitetinin rektoru buraya gəlibdir. Gürcüstanın Tbilisi universitetinin rektoru buradadır. Başqa qonaqlar da vardır. Bunlar çox sevindirici haldır. Bunlar bizim həyatımızın yeni bir mənzərəsidir.

Biz keçmişdə Sovetlər İttifaqının tərkibində olanda - təbiidir ki, universitetin 50 illik, 60 illik yubileyləri mənim xatirimdədir - nümayəndələr yalnız Sovetlər İttufaqının daxilindəki cümhuriyyətlərdən, yaxud da ki, ali məktəblərdən gəlirdi. Ancaq indi dünyanın hər yerindən qonaqlar gəlir. Elə bu da bizim müstəqilliyimizin və müstəqilliklə əlaqədar olaraq ölkələrimizin - Azərbaycanın və başqa ölkələrin dünya prosesinə qoşulmasının nəticəsidir. Mən qonaqlarımızı səmimi qəlbdən salamlayıram və onlara təşəkkür edirəm ki, vaxt tapıb gəliblər. Onlar həm universitetlə tanış olacaqlar, arzu edərdik ki, həm də Azərbaycanın bu günü ilə tanış olsunlar. Əminəm ki, bizim universitetlərin, xüsusən Bakı Dövlət Universitetinin dünyanın bir çox universitetləri ilə əlaqələri daha da geniş olacaqdır.

Mən bildiyimə görə, indi bu əlaqələr çox genişdir. Amma bu əlaqələr təkcə ondan ibarət deyildir ki, yubileyə kim gəlib, kim gəlməyibdir. Bu əlaqələr genişdir və mənim bu barədə məlumatım vardır. Bu da son illərin nailiyyətidir. Bu da bizim müstəqilliyimizin nailiyyətidir.

Bir daha qeyd edirəm, biz keçmişə layiqli qiymət verərək, eyni zamanda, Azərbaycanda əldə etdiyimiz dövlət müstəqilliyini xalqımız, millətimiz üçün tarixi hadisə, böyük nailiyyət hesab edirik. Əminəm ki, Azərbaycan bundan sonra da daim müstəqil dövlət olacaqdır.

Bu müstəqillik dövründə keçid mərhələsinin bir çox çətinliklərinə baxmayaraq - ölkəmizdə bu çətinliklər həm daxili, həm də xarici vəziyyətlə əlaqədar olubdur - Azərbaycan artıq 1995-96-cı illərdən inkişaf mərhələsinə başlayıbdır. Azərbaycanda bir zaman - 1989-90-cı illərdən iqtisadiyyat ilbəil tənəzzül etdi. Amma 1995-96-cı illərdən Azərbaycanda bu islahatların keçirilməsi və yeni iqtisadi sistemin tətbiq olunması ölkəmizin iqtisadi inkişafını təmin edibdir.

Biz bütün sahələrdə, o cümlədən iqtisadi sahədə islahatlar həyata keçiririk. İqtisadiyyat genişdir - sənaye də , infrastruktur da, nəqliyyat da, kənd təsərrüfatı da var. Biz bütün bu sahələrdə islahatlar aparırıq, özəlləşdirmə proqramı həyata keçiririk. Bunların da nəticəsində nailiyyətlərimiz vardır. Doğrudur, bu nailiyyətlər bizim istədiyimiz səviyyədə deyildir. Birincisi, ona görə ki, keçid dövründə bundan artıq bir şeyə nail olmaq bəlkə də mümkün deyildi. İkincisi də, bilirsiniz ki, keçmiş Sovetlər İttifaqına məxsus olmuş başqa respublikalardan fərqli olaraq Azərbaycan müstəqilliyini əldə edən zamandan Ermənistanla müharibə vəiyyətindədir.

Bilirsiniz ki. 1988-ci ildən Ermənistan Azərbaycana qarşı torpaq iddiası və Dağlıq Qarabağı Ermənistana birləşdirmək iddiası irəliyə sürərək münaqişəyə başlamışdır, sonra bu münaqişə müharibəyə çevrilmişdir. Bu müharibə nəticəsində çoxlu qanlar tökülüb, çoxlu itkilər verilibdir.

Müxtəlif obyektiv və subyektiv səbəblərdən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazisinin 20 faizi işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan çox azərbaycanlı vətəndaşlarımız öz yerlərindən-yurdlarından çıxarılıblar. Onlar artıq 7 ildir ki, ağır şəraitdə və əksəriyyəti çadırlarda yaşayırlar. Bu, bizim həyatımızda həm sosial-iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən ağır, ən çətin problemdir.

Biz 1994-cü ildən Ermənistan ilə atəşin kəsilməsi haqqında saziş imzalamışıq. Biz buna həmişə riayət edirik. İndi artıq döyüş, müharibə yoxdur. Amma hələ sülh də yoxdur. Biz beynəlxalq təşkilatlar - ATƏT, onun tərkibində olan Minsk qrupu vasitəsilə, Minsk qrupunun həmsədrləri Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Fransanın iştirakı ilə sülh danışıqları aparırıq. Amma eyni zamanda, son zamanlar Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə görüşlərinin keçirilməsi lazım olubdur. Azərbaycana çox böyük zərbələr vurulmasına baxmayaraq, bizim məqsədimiz məsələni sülh yolu ilə həll etməkdən ibarətdir. Ümid edirəm ki, biz buna nail olacağıq.

Azərbaycanın bu ağır problemi başqa ölkələrdə yoxdur. Doğrudur, Gürcüstan da buna bənzər bir problemlə yaşayır - orada Abxaziya münaqişəsi vardır, onlarda da qaçqınlar, köçkünlər vardır. Rusiyanın da özünün problemləri vardır. Böyük Rusiya üçün Çeçenistan problemi elə böyük bir problem deyildir. Amma bizim 8 milyon əhalimizdən bir milyonu qaçqın vəziyyətindədirsə, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadırsa, demək, bu, başqa ölkələrdən çox fərqlidir.

Yenə də deyirəm, bu, bizim həyatımızı həm gərginləşdirir, həm, təbiidir ki, iqtisadi inkişafımızın sürətinin artmasına maneçilik törədir, həm də siyasi nöqteyi-nəzərdən bizim üçün zərərlidir. Amma güman edirəm ki, biz münaqişənin sülh yolu ilə həllinə nail olacağıq.

Məmnuniyyətlə deyə bilərəm ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanda təhsil davam edibdir. Məktəblər var, hətta o çadır şəhərçiklərində də məktəblər yaradılıbdır - çadırda yaşayan uşaqlar məktəbə gedirlər, təhsil alırlar. Yəni Azərbaycanda təhsildən kənarda uşaq, gənc yoxdur. Bizim Təhsil Nazirliyimiz və universitetlərimiz də bu sahədə öz fəaliyyətlərini göstərirlər.

Bu gün mən qonaqlarımızı böyük məmnuniyyətlə salamlayıram. Moskva Dövlət Universiteti keçmiş Sovetlər İttifaqında çox böyük nüfuza malik olmuş yüksək təhsil ocağıdır. O, Sovetlər İttifaqının bütün universitetləri üçün həmişə nümunə idi. Mənim həyatım belə olubdur ki, Moskvada işləyərkən - Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən bir neçə digər sahə ilə yanaşı, bu sosial-mədəni sahəyə də rəhbərlik edirdim. O cümlədən, bütün təhsil sahəsi mənim rəhbərliyim altında idi. O vaxt Sovetlər İttifaqında təhsillə bağlı üç nazirlik - Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi (bu, orta məktəblər nazirliyi idi) və Texniki Peşə Məktəbləri Nazirliyi - var idi. Bu üç nazirlik Nazirlər Soveti sədrinin birinci müavini kimi mənə bağlı idi. Ona görə də, təbiidir ki, o vaxt mən bu nazirliklərlə yaxından işləyirdim, onların müxtəlif tədbirlərində, kollegiya iclaslarında iştirak edirdim.

Xatirimdədir, o vaxt Sovetlər İttifaqında 850-yə qədər universitet var idi. Mən o zaman Ali Təhsil Nazirliyində bütün universitet rektorlarının toplaşdığı geniş müşavirələrdə bir-iki dəfə iştirak etmişəm, nitq söyləmişəm və bu işlərlə çox ciddi məşğul olmuşam. 1983-cü ildə biz Sovetlər İttifaqında ilk dəfə məktəb islahatı keçirdik. Məktəb islahatı haqqında qanunların, bütün qərarların hazırlanması mənə həvalə olunmuşdu. Həmin komissiyaya mən rəhbərlik edirdim. Mən o vaxtkı Sovetlər İttifaqının parlamentində - Ali Sovetində bu barədə böyük məruzə etmişəm və həmin islahat qanunlarının və qərarlarının, demək olar ki, müəllif heyətinə başçılıq etmişəm. Ona görə də mən bunları bilirəm.

Bu baxımdan Moskva Dövlət Universitetini də çox yaxşı tanıyıram. O vaxt bu universitetin rektoru akademik Loqunov idi. O, mənə tez-tez müraciət edərdi. Mən də Moskva Dövlət Universitetinə xüsusi qayğı göstərirdim, kömək edərdim. Xüsusən, onların inşaat, maliyyə və digər işləri ilə ciddi məşğul olardım.

Moskva Dövlət Universiteti Azərbaycanda böyük hörmətə malik olubdur. 1970-ci illərdə - mən burada işləyərkən biz Azərbaycanda yüksək səviyyəli kadrların hazırlanması ilə çox ciddi məşğul olurduq. Təbiidir ki, bu kadrların hazırlanması işinin böyük bir hissəsi Azərbaycanın universitetləri, ali məktəbləri, institutları vasitəsilə aparılırdı. Amma Azərbaycanın rəhbəri kimi şəxsən mən bunu yetərli hesab etmirdim. İstəyirdim ki, bizim gənclər təkcə öz respublikasında - Azərbaycanda yox, kənarda da təhsil alsınlar. Təbiidir ki, o vaxt bizim imkanımız yox idi ki, gənclərimizi Almaniyaya, İngiltərəyə, Fransaya, Amerikaya təhsil almağa göndərək - bu imkan bizdə yox idi. Amma Sovetlər İttifaqının müxtəlif universitetlərində gənclərimizin təhsil alması üçün imkan əldə etmişdik. O vaxt mənim təşəbbüsümlə, sovet hokumətinin qərarı ilə Azərbaycandan ildə 800-850 gənc, demək olar ki, güzəştli imtahanlarla Sovetlər İttifaqının təxminən 40-45 şəhərindəki universitetlərə göndərilirdi.

Biz o vaxt gənclərimizi təhsil almağa ən çox Moskva Dövlət Universitetinə göndərməyə çalışırdıq. Xatirimdədir, biz ildə təxminən 150 gənci Moskva Dövlət Universitetinə göndərirdik. İndi onların çoxu ali təhsil alıb, sonra alim olublar, elmi dərəcə qazanıblar, bəziləri Rusiyada qalıb işləyiblər, çoxları Azərbaycana qayıdıblar. Ona görə də Moskva Dövlət Universitetinin rektorunun burada olması məni çox sevindirir.

Türkiyə Cümhuriyyətinin universitetləri ilə bizim əlaqələrimiz Azərbaycanda dövlət müstəqilliyi əldə olunandan sonra yaranıbdır. Amma bu əlaqələr çox sürətlə inkişaf edir. Mən bundan çox məmnunam

Türkiyədə universitetlər tarix nöqteyi-nəzərindən Azərbaycandan xeyli sonra yaranıbdır. İndi bizim türk dostlarımız bu barədə bilməlidirlər ki, Azərbaycan çox irəlidə olubdur. Türkiyədə universitetlər yaranandan sonra bu proses çox sürətlə inkişaf edibdir. Ona görə də indi Türkiyənin çox yüksək elmi, texniki, maliyyə potensialına malik olan böyük universitetləri vardır. Mən onların bir neçəsində olmuşam və olduğum universitetlərdə mənə fəxri doktor adları verilibdir.

Mən yenə də deyirəm, biz Gürcüstanla dost, qardaş bir ölkəyik. Azərbaycan, Gürcüstan, Ermənistan Cənubi Qafqazda üç ölkədir. Təbiidir, bu ölkələr o illərdə dostluq, əmin-amanlıq şəraitində yaşayırdı. Ermənistan, Gürcüstan ilə Azərbaycan arasında da çox yaxın dostluq var idi. Ancaq sonra Ermənistanın Azərbaycana torpaq iddiası ilə əlaqədar Ermənistanla əlaqələrimiz nəinki pozuldu, hətta müharibə vəziyyətinə gəlib çıxdı.

Sovetlər İttifaqı dağılandan sonra, müstəqillik əldə edəndən sonra Gürcüstanın həyatında çox ağır proseslər getməsinə baxmayaraq, o öz müstəqilliyini qoruyub saxlayıb, inkişaf etdirir. Gürcüstan ilə Azərbaycan arasında əlaqələr səmimi dostluq, qardaşlıq əlaqələridir. Bu, bizim üçün xüsusi əhəmiyyət daşıyır. Tbilisi universiteti də çox böyük, hörmətli bir universitetdir. Mən məmnunam ki, bu universitetin də fəxri doktoru adına layiq görülmüşəm. Mən çox şadam ki, Tbilisi universitetinin rektoru da burada iştirak edir.

Burada bizim universitetin mötəbər alimləri vardır. Mən sizinlə tez-tez görüşürəm. Amma bəlkə də daha tez-tez görüşmək istəyirəm.Təbiidir ki, mən bu 80 illik yubileydə də 50 illik, 60 illik, 75 illik yubileylərdə olduğu kimi, bilavasitə iştirak etmək istəyirdim, ancaq mən sabah səhər Amerikaya yola düşürəm, burada olmayacağam. Ona görə də belə məsləhət gördüm ki, burada bir görüş keçirək.

Mən Bakı Dövlət Universitetinin 80 illik yubileyi münasibətilə təbrik məktubu göndərmişəm, orada öz fikirlərimi, arzularımı ifadə etmişəm. Bu gün bir daha təbrik edirəm və universitetə yeni-yeni uğurlar arzulayıram.

Mən bu gün Bakı Dövlət Universitetinin fəaliyyətinə yüksək qiymət verərək, universitetin alimlərinin, müəllimlərinin Azərbaycanın fəxri adlarını alması, orden və medallarla təltif edilməsi haqqında fərmanlar imzalamışam. Yəqin ki, o fərmanlar bu gün sizə çatacaqdır.

Deyə bilərəm ki, mən yeddi ildir Azərbaycana müstəqillik dövründə rəhbərlik edirəm, ilk dəfədir ki, belə bir geniş təltif fərmanı imzalayıram. Doğrudur, bizim ordumuzda, döyüşlərdə fəal iştirak etmiş və canlarını qurban vermiş, şəhid olmuş gənclərimizin qəhrəmanlığını, şücaətini qiymətləndirən fərmanlarım olubdur. Ancaq həyatımızın başqa sahəsinə aid bu gün imzaladığım kimi fərmanlarım indiyə qədər olmamışdır. Bu da mənim - Azərbaycan prezidentinin Bakı Dövlət Universitetinə verdiyim yüksək qiymətdir.

Sizi bir daha təbrik edirəm. Sizə yeni-yeni uğurlar arzulayıram və ümidvaram ki, universitet bundan sonra da öz nailiyyətləri ilə xalqımıza xidmət edəcəkdir, islahatların həyata keçirilməsini tamamlayacaqdır və öz səviyyəsini - həm təhsil, tərbiyə həm də elm səviyyəsini daha da yüksəldəcəkdir.

Təşəkkür edirəm ki, siz məni dinlədiniz. İndi əgər siz də mənə bir söz demək istəyirsinizsə, buyurun. Mən vaxtı çox aldım, amma sizə çox vaxt verə bilmərəm. Çünki mənim bu gün işlərim çoxdur.

"Azərbaycan" qəzeti, 12 fevral 2001-ci il.