Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dövlət müstəqilliyi günü şəhidlər xiyabanını ziyarət etdikdən sonra jurnalistlərin suallarına cavabı - 18 oktyabr 2002-ci il

Sual: Cənab Prezident, bu gün müstəqillik günüdür. Sizin əfv fərmanınız gözlənilirmi?

Cavab: İmzalayacağam.

Sual: Həmin siyahıda kimlər olacaqdır? Orada Avropa Şurasının siyahısında olan şəxslərin adı varmı?

Cavab: Siyahını indi deyə bilmərəm. Amma bu gün imzalayacağam və mətbuata verəcəyəm. Onda görərsiniz.

Sual: Cənab Prezident, yəni artıq Sizə təqdim olunubdur.

Cavab: Yəqin ki, bu gün təqdim olunacaq. Mən indi buradan işə gedirəm, yəqin ki, təqdim ediləcəkdir.

Sual: Cənab Prezident, əfv edilənlərin sayı məlumdurmu?

Cavab: Onu da bilərsiniz, bir az səbriniz olsun.

Sual: Cənab Prezident, paytaxtın statusu məsələsinə nə vaxt baxılacaqdır?

Cavab: Mən başa düşmürəm, bu sizi niyə narahat edir? Bu heç Hacıbala Abutalıbovu narahat etmir, amma sizi narahat edir. Paytaxtın statusu, mənə belə gəlir ki, indi, bu dəqiqə bizim üçün lazım olmayan bir şeydir. Paytaxt paytaxtdır, buna nə status verəcəksən, elə paytaxtın özü onun statusudur. Ona görə başınızı bununla qarışdırmayın, başqa ciddi məsələlərlə məşğul olun.

Sual: Cənab Prezident, sahibkarlarla görüşlərinizin yekunlarına dair geniş müşavirə nə zaman olacaqdır? Sizin dediyinizə görə, Türkiyə səfərindən əvvəl olmalı idi.

Cavab: Olacaqdır. Sən mənim iş qrafikimi görürsən, yoxsa yox?

Jurnalist: Görürəm, gərgindir.

Heydər Əliyev: Onda özün nəticə çıxart. Hər halda, olacaqdır.

Sual: Cənab Prezident, siyasi partiyalar haqqında qanunun dəyişilməsindən danışırlar. Sizin buna münasibətiniz necədir?

Cavab: Mənim bundan xəbərim yoxdur.