Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında Rusiyanın vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirovla görüşmüşdür - 20 iyul 1993-cü il

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev iyulun 20-də Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında Rusiyanın vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov ilə görüşmüşdür.

Məlum olmuşdur ki, Vladimir Kazimirov və Heydər Əliyev köhnə tanışdırlar. Azərbaycanın rəhbəri qonağı salamlayaraq demişdir: \"Sizi bir çox ölkədə işləmiş, müxtəlif münaqişələrdə qarşıya çıxan hər cür mürəkkəb məsələlərin həllini tapan adam kimi tanıyıram. Ümid edirəm ki, əməkdaşlığımız səmərəli olacaq və biz uzun-uzadı diplomatik danışıqlardan sülh naminə konkret işlərə başlayacağıq\".

V. Kazimirov mürəkkəb problemlərin həlli üçün əməkdaşlığa hazır olduğunu bildirərək qeyd etmişdir ki, indi ümumi fikir mübadiləsi etməyin, qarşılıqlı ittihamlar irəli sürməyin vaxtı deyil. Praktiki addımlar atmaq lazımdır - Zaqafqaziyanın iki respublikası arasında sülh prosesinin əməli başlanğıcını yalnız bu qoya bilər. V. Kazimirovun fikrincə, bu həm də ona görə zəruridir ki, Dağlıq Qarabağ ətrafındakı münaqişələrin yaratdığı qeyri-sabitlik başqa bölgələrə də yayılmışdır və belə prosesləri hər yerdə dayandırmaq çox mühümdür.

Heydər Əliyev Mario Raffaellinin bu yaxınlardakı missiyası barədə ətraflı danışmışdır. Məlum olduğu kimi, ötən ilin martında təşkil edildiyi vaxtdan etibarən Minsk konfransının işi, təəssüf ki, heç bir konkret nəticə verməmişdir. Heydər Əliyev qeyd etmişdir ki, missiyanın işlədiyi vaxt Azərbaycan tərəfi böyük səbr, çeviklik və əməli münasibət nümayiş etdirmişdir. Qeyd olunmuşdur ki, yalnız iki xalqın xeyirxah iradəsi bölgədə qan tökülməsinə son qoya bilər.

Sonra danışıqlar bağlı qapı arxasında keçmişdir.

Vladimir Kazimirov AzərTAC-ın müxbirinə verdiyi müsahibəsində demişdir: \"İndi hərbi əməliyyatların təshihləşdirilməsi deyil, atəşin qəti şəkildə dayandırılması lazımdır. Son aylar ərzində Rusiya hərbi əməliyyatların yenidən başlanmasına yol verilməməsinə təminat yaradacaq mexanizmin hazırlanması uğrunda çıxış edir. İndi aşkardır ki, hərbi əməliyyatların kəsilməsinin etibarlılığını artırmaq üçün daha mükəmməl mexanizmlər işlənib hazırlanmalıdır\".

\"Azərbaycan 1993 Anarxiyadan Sabitliyə\", Bakı 2000 səh 62-63.