Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə keçirilən təntənəli toplantıda nitqi - Bakı, Nərimanov rayonu, 82 saylı pilot orta məktəbi, 1 sentyabr 2000-ci il

Əziz müəllimlər!

Əziz tələbələr!

Əziz uşaqlar!

Əziz gənclər!

Əziz valideynlər!

Bu ümumxalq bayramı - Bilik günü münasibətilə sizi, Azərbaycanın bütün müəllimlərini, tələbələrini, gənclərini, bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm və Azərbaycan məktəbinə, təhsilinə, gəncliyinə yeni-yeni böyük uğurlar arzulayıram.

Bu gün müstəqil Azərbaycanın hər guşəsində məktəblər, ali məktəblər təhsil ilinə başlayır. Uşaqlar, körpələr 1-ci sinfə qədəm qoyur, orta təhsil almış gənclər universitetlərin auditoriyalarına daxil olurlar, yay istirahətindən sonra müəllimlər işə başlayırlar. Bu, Azərbaycanın həyatında ən böyük hadisədir. Çünki ölkəmizin əhalisinin demək olar ki, hamısı təhsilə cəlb olunubdur, onların hamısı bunda maraqlıdır. O mənada ki, hər bir ailənin uşağı vardır. Uşaq ya məktəbə, ya da universitetə gedir. Bu isə hər bir valideyn, ailə üçün ən böyük nemətdir. Bu, hər bir ailəyə böyük sevinc hissi gətirir.

Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır. Bu islahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır. Amma bu da həqiqətdir ki, Azərbaycan xalqı XX əsrdə böyük təhsillənmə yolu keçibdir. Azərbaycanda təhsilin XX əsrin əvvəllərindən inkişafı, yeni-yeni məktəblərin açılması, ali təhsil ocağının, - Bakı Dövlət Universiteti 1919-cu ildə yaranmışdır, - ondan sonra onlarca digər ali təhsil müəssisələrinin və bunların davamı olaraq Azərbaycanda böyük elmi tədqiqat müəssisələri şəbəkəsinin yaranması - bunlar hamısı xalqımızın tarixi nailiyyətidir.

XX əsri sona vuraraq, öz dövlət müstəqilliyimizi, milli azadlığımızı əldə edəndən sonra sərbəst yaşayaraq fəxr edə bilərik ki, bizim millətimiz, xalqımız biliklidir, təhsillidir və bu barədə dünyanın hər bir ölkəsi ilə rəqabət aparmağa, yarışa girməyə hazırdır. Bu həqiqətlər Azərbaycan xalqının daxili mənəviyyatını, elm, təhsil sahəsində keçmiş ənənələrini inkişaf etdirməsini və xalqımızın biliyə nə qədər maraqlı olmasını, biliklənmək istəklərini həyata keçirməsini və biliyin yüksəkliklərinə qalxmasını nümayiş etdirir.

Azərbaycanda xalqımızın geniş mənada təhsilli, bilikli olması və çox geniş məktəb şəbəkələrinin, universitetlərin yaranması böyük, çətin və ağır yollar keçmişdir. Vaxt var idi ki, biz 1919-cu ildə Azərbaycanda ilk dəfə universitet yaradarkən orada dərs demək üçün milli müəllim, professor kadrlarına möhtac idik. Belə kadrlar yox idi, çox az idi, çatışmırdı. Ona görə də başqa ölkələrdən gəlib Azərbaycanda universitetin qurulmasında və təhsilin ilk illərində təhsil sisteminin yaranmasında bizə kömək etdilər.

Bizim ilk dünyəvi məktəblərimiz də elə bu əsrin əvvəlindən yaranmışdır. Ancaq onlar da çox məhdud bir miqdarda gənclərin, uşaqların oxuması imkanına malik idi. Geniş kütlələr isə təhsildən, demək, biliklənmək, elmi mənimsəmək, dünyada gedən tərəqqiyə qoşulmaq imkanlarından məhrum idi.

Tarixi nöqteyi-nəzərdən qısa bir zamanda Azərbaycan xalqı böyük bir yol keçdi. Demək olar ki, 20 il ərzində Azərbaycanda hər yerdə məktəblər, ali təhsil müəssisələri yarandı. Ondan sonra elmi müəssisələr, elmi tədqiqat institutları yarandı. Nəhayət, 1945-ci ildə Azərbaycan elminin ən yüksək zirvəsini təşkil edən Azərbaycan Elmlər Akademiyası yarandı.

Azərbaycan çoxdandır ki, icbari orta təhsil sistemini tətbiq edibdir. Amma Azərbaycandan da böyük ölkələr, bəlkə də iqtisadi cəhətdən inkişaf etmiş ölkələr var ki, orada 8 illik icbari təhsil sistemini yaratmaq üçün hələ çalışırlar, müxtəlif müzakirələr və mübahisələr aparırlar. Təbiidir ki, bizim bu nailiyyətlərimiz birinci növbədə xalqımızın, millətimizin təhsilə, biliyə, elmə olan marağı, bununla bərabər, xalqımızın qədim ənənələri ilə əlaqədar olmuşdur. Bunlarla da bərabər, Azərbaycanın təhsil sahəsində aparılan böyük işlər, siyasət öz nəticələrini vermişdir. Məhz bunlara görə Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini əldə edən zaman ölkəmizdə bütün uşaqların oxuması, təhsil alması üçün məktəblər, çox sayda universitetlər, ən önəmlisi odur ki, böyük, yüksək səviyyəli müəllim, professor, ali məktəb müəllimləri ordumuz var idi. Bunlar xalqımızın nailiyyətləridir.

Mən burada gənc müəllimləri, eyni zamanda yaşlı nəslin nümayəndələrini - qocaman müəllimləri görürəm. Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Çünki müəllimlər xalqın biliklənməsinin, təhsilin inkişaf etməsinin və nəhayət, xalqın elminin inkişaf etməsinin əsasını qoyanlardır. Ona görə də bu bayram günü mən ilk növbədə müstəqil Azərbaycanın bütün müəllimlərini ürəkdən təbrik edirəm, müəllimə, bu müqəddəs ada öz dərin hörmət və ehtiramımı, sevgi, məhəbbətimi bildirirəm. Bəyan edirəm ki, müəllim bundan sonra da müstəqil Azərbaycanın həyatında görkəmli yer tutacaq, müəllimə qayğı gündən-günə artacaq və müəllimin şanı - şöhrəti daha da yüksələcəkdir. Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq. Mən də müəllimə borcluyam, sən də müəllimə borclusan, bu nazirlər də müəllimə borcludurlar. Müəllimə borclu olmayan adam yoxdur, - hamı müəllimə borcludur. Ona görə də, mən dəfələrlə demişəm, - bir insan, adi vətəndaş kimi məktəbə qədəm qoyduğum ilk vaxtdan indiyədək mənim müəllimə böyük hörmətim, sevgim, məhəbbətim olubdur. Mən həyatımda çox yollardan keçmişəm. Həyatımın bəzi hissələrini bəlkə də indi xatırlaya bilmirəm, amma müəllimlərimi heç vaxt unutmamışam, hər bir müəllimim bu dəqiqə də gözümün qarşısındadır.

Müstəqil Azərbaycanda indi təhsilə, demək olar ki, bütün uşaqlar cəlb olunubdur. Bu gün bütün məktəblərdə 1 milyon 662 min şagird dərsə başlayır. Təsəvvür edin, 8 milyon əhalidən 1 milyon 662 mini məktəblərdədir. Onların bir qismi - bizim lap körpə uşaqlarımız məktəbə bu gün ayaq qoyur, digərləri isə bir sinifdən o biri sinfə keçir. Bu il ali məktəblərimizdə 120 mindən çox tələbə təhsilə başlayıbdır. Bunlar müstəqil Azərbaycanı bütün dünyada tanıdan ən dəyərli göstəricilərdəndir.

Bu bayram bizim üçün ona görə əzizdir ki, biz bu gün də, gələcəkdə də gənclərimizi təhsilə, biliyə cəlb etməliyik, təhsilin keyfiyyətini artırmalıyıq, təhsil sahəsini daha da mükəmməlləşdirməliyik. Ona görə də müəllimlər gərək yerlərində saymasınlar, nə qədər təcrübəli olsalar da daim öz biliklərini artırsınlar. Çünki dünya çox dinamik inkişafdadır. Bu dinamik inkişaf dünyada sürətlə yeniliklər meydana çıxarır. Ona görə də, təbiidir, müəllim 10-15-20 il bundan öncəki səviyyəsi ilə bizim bugünkü yüksək təhsilimizi təmin edə bilməz. Gərək müəllim öz üzərində daim işləsin, dünyanın texniki, elmi tərəqqi nailiyyətlərindən xəbərdar olsun və onları tələbələrə, gənclərə, uşaqlara çatdırsın. Təhsil sahəsində bizim apardığımız islahatlar da məhz buna yönəldilibdir. Bilirsiniz ki, indi biz bu barədə Dünya Bankı ilə çox sıx əməkdaşlıq edirik, onların tövsiyələrindən istifadə edirik. Hətta onlar bizim məktəblərin bəzilərini himayəyə götürüblər, 20 pilot məktəbi yaradıblar, bu məktəblərə qayğı göstərirlər. Həmin məktəblərdən biri də bu gün buraya toplaşdığımız məktəb - sizin məktəbinizdir. Bilirəm ki, onlar məktəbin təmirinə də, başqa işlərə də yardım ediblər. Mən bunlara görə Dünya Bankının, ümumiyyətlə, Azərbaycan məktəbinə, təhsilinə yardım göstərən müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin işini yüksək qiymətləndirirəm və onlara təşəkkürümü, minnətdarlığımı bildirirəm. Ancaq gərək bu imkanlardan səmərəli istifadə edəsiniz. Təhsil nazirliyindən başlayaraq təhsil sisteminin ən aşağı həlqəsinə qədər gərək bu işlərin təşkili ilə hər bir məktəbdə müəllim heyəti, məktəbin rəhbərliyi daha da yaxşı məşğul olsunlar və bu imkanlardan istifadə etsinlər. Mən inanıram ki, biz indi müstəqil dövlət kimi heç kəsdən asılı olmayaraq, özümüz öz həyatımızın sahibi olaraq bundan sonra məktəbimizi daha da inkişaf etdirəcəyik. Amma məktəbimiz həm dəqiq elmlərin mənimsənilməsində daha da inkişaf etməlidir, eyni zamanda ictimai elmlər - Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan dili - bunların hamısı təhsilin çox vacib sahələridir.

Etiraf etmək lazımdır ki, keçmiş zamanlarda, illərdə bu fənlərə bəzən o qədər çox fikir vermirdilər. Çünki o vaxt biz Sovetlər İttifaqının tərkibində idik və Sovet İttifaqının, Sovet hökumətinin təhsil sahəsində olan bütün təlimatları, əmrləri, göstərişləri hər bir respublikada hər millət üçün eyni idi. Demək, burada hər millətin milli ənənələri, dəyərləri, xüsusiyyətləri nəzərə alınmırdı. Ona görə də, məsələn, saydığım bu sahələrə məktəbdə o qədər böyük diqqət yetirilmirdi. Ancaq indi müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz. Ancaq təkcə tarix deyil, bizim zəngin ədəbiyyatımız var. Azərbaycan ədəbiyyatı qədim dövrlərdən indiyədək öz zənginliyi ilə bütün dünya xalqları içərisində öncül yerlərdə olubdur. Demək, bu həm bizim tariximizdir, həm mənəviyyatımız, həm də milli mənliyimizdir.

Azərbaycan dili! Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir. Sizə deyə bilərəm ki, başqa ölkələrdə müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şerə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.

Mən müəllimlərin vəzifələri haqqında dedim. Ancaq bizim gənclərimizin, uşaqlarımızın vəzifəsi bunlardan heç də az deyildir. Müəllim öyrətməlidir, bilik verməlidir, tərbiyə verməlidir. Müəllim çalışmalıdır ki, uşaq nəinki bilik alsın, həm də cəmiyyətdə bütün əxlaq normalarını, prinsiplərini mənimsəsin və onlara riayət etsin, öz həyatını yüksək əxlaqi dəyərlər əsasında qursun. Ancaq tələbə, şagird, gənc isə gərək çalışsın ki, müəllimin bu səyləri ona fayda versin. Ona görə də bu gün birinci sinfə gedən uşaq da, onuncu sinfə gedən gənc də bilməlidir ki, bu 10-11 ildə keçən dövr hər bir insanın həyatında ən dəyərli dövrdür. Çünki bu illərdə kim nəyi itiribsə, onu sonra bərpa edə, qazana bilməyəcəkdir. Məktəb illəri hər bir insanın gələcək həyatında ən məsuliyyətli, ən əhəmiyyətli, ən dəyərli illərdir. Ona görə də bizim övladlarımıza, balalarımıza, bu gün məktəbə qədəm qoyan uşaqlara, məktəblərdə oxuyan bütün gənclərə, imtahan verib ali məktəblərə daxil olan tələbələrə tövsiyə edirəm ki, bu illərdən, günlərdən səmərəli istifadə edin, onları itirməyin. Dünən nə isə itirdiniz, bu gün onun yerini doldura bilməyəcəksiniz. Keçən il nə isə itirdiniz, bu il onun yerini doldura bilməyəcəksiniz.

Mən əminəm ki, indi bizim cəmiyyətdə mənəviyyatın, mədəniyyətin səviyyəsi yüksəldiyi kimi, bu sahədə gənclərimizin də keyfiyyətləri yüksək olacaqdır. Ancaq təbiidir ki, burada valideynlərin də üzərinə çox böyük vəzifə və məsuliyyət düşür. Mən bu gün arzu edərdim ki, valideynlər öz uşaqlarının, balalarının təhsil almasına ciddi yanaşsınlar. Etiraf etmək lazımdır ki, bəziləri bu məsələyə o qədər də fikir vermirlər. Bəziləri hesab edirlər ki, uşaq elə diplom alsa gedib işləyəcəkdir. Bəziləri bəlkə də özləri dərk edə bilməyərək həmin məsələlərə biganə qalırlar. Ancaq onlar səhv edirlər. Hər bir ailənin, hər bir valideynin bütün başqa qayğılardan ən böyük qayğısı öz uşaqlarını Azərbaycanın sağlam, bilikli, yüksək mənəviyyatlı vətəndaşları kimi böyütməkdir. Bu gün məktəbə gedən uşaqlar Azərbaycanın vətəndaşı - yüksək mənada vətəndaş, yüksək biliyə malik olan vətəndaş, yüksək əxlaqa malik olan vətəndaş, dövlətçiliyə sədaqətli olan vətəndaş, vətənpərvər olan vətəndaş olmalıdırlar. Arzu edirəm ki, valideynlər bu işlərə daha da çox diqqət yetirsinlər və qayğı göstərsinlər.

Müstəqil Azərbaycan yaşayır, inkişaf edir. İndi bizim problemlərimiz, çətinliklərimiz də çoxdur. Ən böyük, ən çətin problem Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, işğal edilmiş torpaqların azad olunması və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın öz elinə-obasına qayıtmasıdır. Biz bu sahədə durmadan çalışırıq və bundan sonra da çalışacağıq. İnanıram ki, biz buna nail olacağıq. Ancaq indi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonlardan köçkün düşmüş ailələrin - əksəriyyəti çadırlarda məskunlaşıblar, onların övladları, körpələri təbiidir ki, çətin, daha da ağır şəraitdə yaşayırlar. Mənə verilən rəqəmlərə görə, bu gün məktəbə gedənlərdən təxminən 89 min nəfəri həmin işğal olunmuş torpaqlardan zorla çıxarılmış ailələrdəndir. Çadır şəhərciklərində məktəblər yaranıbdır. Bilirsiniz, bu fakt mənim ürəyimi incidir ki, səkkiz il köçkün vəziyyətində çadırda, yaxud başqa bir ağır şəraitdə yaşayan insan səkkiz il və ya yeddi il bundan öncə övlad dünyaya gətiribdir, amma o, öz yerini, torpağını görməyibdir, ancaq çadırda, çadır şəraitində, başqa ağır şəraitdə məktəbə gedir. Təbiidir ki, bu, bir tərəfdən bizim bəlamızın nə qədər böyük, ağır olduğunu, ikinci tərəfdən isə xalqımızın nə qədər mərd, mərdanə, dözümlü olduğunu göstərir. Əgər o çadır şəhərciklərində yaşayan ailələr öz uşaqlarını mütləq məktəbə cəlb edirlərsə, oxudurlarsa, təhsil verirlərsə, onlar ən yüksək qiymətə layiqdirlər. Ona görə də dövlət, hökumət, hər bir dövlət orqanı, Təhsil Nazirliyi, respublikanın bütün təhsil idarələrinin hamısı yerindən-yurdundan didərgin, köçkün düşmüş ailələrin uşaqlarının oxumasını birinci növbədə xüsusi nəzarət altına almalıdırlar, həmin məktəblərə xüsusi qayğı göstərməlidirlər, onlara əlavə yardımlar etməlidirlər. Çünki biz imkan verə bilmərik ki, bu qədər köçkünlük həyatı yaşayan xalqımızın bir hissəsinin uşaqları məktəbsiz, savadsız qalsın. Biz buna yol verə bilmərik.

Mən bu gün hamını bu işə dəvət edirəm. Bizim buradakı toplantımız və mənim nitqim indi dövlət televiziyası vasitəsilə canlı yayımla bütün Azərbaycana verilir. Ona görə də mənim dediyim bu sözlər bütün Azərbaycan xalqına, vətəndaşlarına, Azərbaycanın bütün dövlət, hökumət orqanlarına, hər bir vətəndaşa aiddir. Bizim gələcəyimiz gənclərdir. Biz öz müstəqil dövlətimizi qururuq və əmin ola bilərsiniz ki, dövlət quruculuğu işi uğurla həyata keçiriləcəkdir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla həyata keçiriləcəkdir. Azad bir ölkə olan Azərbaycanın vətəndaşları hər bir hüquqlarından, azadlıqlarından sərbəst istifadə edəcəklər. Konstitusiyamızda təsbit olunmuş bu müddəaları heç kəs poza bilməz. Hər bir Azərbaycan vətəndaşı azaddır, sərbəstdir və bizim cəmiyyətimizin bərabərhüquqlu üzvüdür. Ancaq biz gələcəyə baxırıq. Bizim gördüyümüz işlər, apardığımız iqtisadi islahatlar, dövlət quruculuğu prosesi, təhsil və başqa sahələrdə həyata keçirdiyimiz islahatlar hamısı Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir. Bunlar eyni zamanda, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, gənclərimizin yaxşı gələcəyini təmin etmək üçündür. Əmin ola bilərsiniz ki, Azərbaycanın bugünkü gəncləri gələcəkdə ölkəmizi idarə edənlər, Azərbaycanı irəli aparanlar olacaqlar. Bizim isə borcumuz bugünkü gənclər üçün güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş elə dövlət, cəmiyyət yaratmaq və xalqın rifah halını o qədər yüksəltmək məqsədidir ki, onlar biz indi çəkdiyimiz çətinlikləri çəkməsinlər.

Gənclər, gələcək nəsil haqqında danışarkən yenə də müəllimlərə müraciət edirəm ki, onlar nəinki bu gün üçün, gələcək üçün də öz vəzifələrini, məsuliyyətlərini həmişə düşünsünlər. Biz isə Azərbaycanın müstəqilliyini daimi, dönməz edəcəyik. Bizim xalqımız daim müstəqil, azad yaşayacaqdır. Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik. Ancaq bu işləri gələcəkdə aparmaq üçün daha da biliklənmək, elmə malik olmaq lazımdır. Bu isə sizin, bizim, hamımızın vəzifəmizdir.

Əziz dostlar!

Əziz müəllimlər!

Əziz uşaqlar, gənclər!

Mən sizi bu ümumxalq bayramı - bilik günü münasibətilə bir daha təbrik edirəm, hamınıza cansağlığı, səadət arzulayıram. Azərbaycan məktəbinə yeni-yeni uğurlar arzulayıram.