Kosovoda sülhməramlı qüvvələrin tərkibində fəaliyyət göstərən Azərbaycan əsgər və zabitlərinə - Bakı şəhəri, 30 dekabr 1999-cu il

Əziz əsgərlər və zabitlər!

Sizi 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və qarşıdan gələn yeni - 2000-ci il bayramı münasibətlə səmimi qəlbdən təbrik edir, hər birinizə xoş arzularımı yetirirəm.

Sizin vətəndən uzaqda - Kosovoda, müharibənin gətirdiyi faciəyə, əzab-əziyyətə məruz qalan insanlara sülh və əmin-amanlıq gətirən missiyanız bütün Azərbaycan xalqı tərəfindən diqqətlə izlənir və çox yüksək qiymətləndirilir. Xalqımız müharibənin nə olduğunu, insan həyatı üçün hansı fəlakətlər və faciələr gətirdiyini neçə illərdir ki, öz gözü ilə görür, öz həyatında hiss edir.

Bu gün Kosovədakı beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Azərbaycan əsgər və zabitlərinin təmsil olunması həm də müstəqil dövlətimizin beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmasının, getdikcə dünyada baş verən taleyüklü proseslərdə yaxından iştirakının, xalqımızın demokratik ənənələrə, beynəlxalq prinsiplərə sadiqliyinin, bütün dünyada sülhə çalışmasının bariz nümunəsidir.

Azərbaycan xalqı dünya xalqları arasında daim öz dəst-xətti ilə seçilmiş, azadlıq, sülh, xoşməramlı əməkdaşlıq üçün çalışmış və hər bir dövlətin təhlükəsizliyinin təmin olunmasını həmişə arzu etmişdir. Sizin simanızda bütün dünya bilməlidir ki,

Azərbaycan xalqı ədalətli və sülhsevər xalqdır və nəinki təkcə öz ölkəsində, Qafqazda, hətta bütün dünyada dincliyin, əmin-amanlığın keşiyində durmağa hər zaman hazırdır.

Ümidvaram ki, Ermənistan-Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətindəki fəaliyyətimizin reallaşmasında, ölkəmizdə və Qafqaz regionunda sülhün, əmin-amanlığın yaranmasında sizlərin beynəlxalq səviyyədə topladığınız təcrübənin də müstəsna əhəmiyyəti olacaqdır.

Əminəm ki, hər biriniz qəlbinizdə vətən həsrəti, işğal olunmuş torpaqlarımızın azad edilməsi, doğma ocaqlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qaytarılması ilə əlaqədar hisslər keçirirsiniz. Buna görə də inanıram ki, müstəqil və azad Azərbaycan ideyalarını tərənnüm edərək, ləyaqətlə öz vətəndaş və əsgəri borcunuzu yerinə yetirəcək, müstəqil Azərbaycanın dövlət rəmzi olan üçrəngli bayrağımızın əzəmətlə yüksəkliklərdə dalğalanması üçün bundan sonra da mətanət və əzm nümayiş etdirəcəksiniz.

Sizi bir daha təbrik edir, hamınızın tezliklə sağ-salamat vətənə dönməyinizi, böyük təcrübə keçmiş peşəkar əsgərlər kimi, Azərbaycanın təhlükəsizliyinin qorunması və xalqımızın firavan gələcəyinin təmin edilməsi naminə, respublikamızda həyata keçirilən işlərdə yaxından iştirakınızı arzulayıram.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.