Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq rəssamı Maral Rəhmanzadənin əsərlərindən ibarət yubiley sərgisinin açılışı mərasimində çıxışı - R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, 3 avqust 1996-cı il

Maral xanım öz sözünü rəssamlıq əsərləri ilə deyir. Biri danışmaq, biri oxumaq-çalmaq, biri də rəsm çəkmək ustasıdır. Bu da təbiidir. Mən sizi bir daha təbrik edirəm. Yubileyiniz münasibətilə mən sizi təbrik etmişəm, təbrik məktubu göndərmişəm. Mənim fərmanımla siz Azərbaycanın yüksək mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmisiniz. Sizə cansağlığı arzulayır və bir daha qeyd edirəm ki, həyatınız boyu yaratdığınız əsərlər Azərbaycan təsviri sənətinin zənginləşməsındə və Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında böyük rol oynayıbdır. Bu minnətdarlığın ifadəsi olaraq mən sizin yubiley sərginizin açılışına gəlmişəm. Yubileyiniz, sizə verilən yüksək dövlət mükafatı münasibətilə və bu gözəl sərginizin açılışı münasibətilə sizi təbrik edirəm. Əminəm ki, Azərbaycan vətəndaşları sizin sərginizə çox böyük həvəslə gələcək, əsərlərinizi bir daha görəcək və bunlardan estetik zövq alacaq, mənəviyyatca yüksələcəklər. Siz bundan sonra da xalqımızın mənəvi-estetik tərbiyəsində öz xidmətlərinizi göstərəcəksiniz. Sizə bir daha cansağlığı, xoşbəxtlik, yeni yaradıcılıq uğurları arzulayıram. Sağ olun.


                                                                                                                     ***

Mən o qədər də bilmirdim ki, siz Naxçıvanın təbiətini belə gözəl əks etdirmisiniz. Ora həqiqətən möcüzəli bir yerdir. Bilirsiniz, oradakı dağların səhər bir rəngi olur, günorta rəngi dəyişir, günün axırında yenə dəyişir. Qəribə bir şeydir. Məsələn, dağlara, daşlara uzaqdan baxırsan, biri göy, biri yaşıldır, digəri narıncı rəngdədir. Qəribə rəngləri var. O rənglər heç bir yerdə yoxdur. Günün işığı ilə rənglər dəyişir. Siz ki, oraya getmisiniz, onları öz əsərlərinizdə əks etdirmisi­niz, bu, çox gözəldir. Çünki Naxçıvan elə bir yerdir ki, oraya qedib qəlmək də çətindir, ona görə bunları görən də azdır. Xınalığı da çəkmisiniz. Bu da çox gözəldir. Azərbaycanın elə guşələri var ki, bunlar abidədir. Bir tərəfdən təbiət abidəsidir, ikinci tərəfdən də insanların dağlar qoynunda yaratdıqlan evlər, yaşayış yerləri - bunlar da abidədir. Xınalıq da Azərbaycanın bir abidəsidir, nadir bir yerdir.

Maral Rəhmanzadə: Korlayırlar.

Heydər Əliyev: Təəssüf ki, çox şey xarab olur. Güman edirəm, biz bu dövrü də keçib gedəcəyik, onlar da bərpa olunacaqdır. Ancaq siz ki, oraya getmisiniz, bu da çox əhəmiyyətlidir. Bu sərgidə mən sizin rəssamlığınızın indiyə qədər bilmədiyim bir incəliyini hiss etdim. Yaxud, siz Lahıcın gözəlliyini göstərirsiniz. Lahıç özü də Azərbaycanın bir abidəsidir. Doğrudan da orada nadir bir təbiət və nadir xüsusiyyətə malik olan mühit, nadir insanlar var. Çox nadir. Elə bil ki, xırda, balaca bir adadır, amma özünəməxsus ölkə kimi bir yerdir. Ona görə də siz ki, gedib o yerləri çəkmisiniz, bu, çox gözəldir. Oraya uzaqdan gedən adamlar o gözəlliyi daha yaxşı dərk edirlər, amma hamının oraya getməyə imkanı yoxdur. Həm də o şeyi ki, rəssam görür, adi adam bəlkə də bunu dərk edə bilmir. Rəssamın gözu ilə adi adamın gözü arasında böyük fərq var. Ona görə də sizin yaradıcılığınızın bu xüsusiyyətini mən daha yüksək qiymətləndirirəm. Sizə bir daha cansağlığı, yeni uğurlar arzulayıram.