Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyəti yaradilmasının 75-ci ildönümü münasibətilə yubiley mərasimlərində iştirak etmək üçün qardaş ölkəyə yola düşməzdən əvvəl Binə Hava Limanında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavabı - 28 oktyabr 1998-ci il

Sual: Cənab prezident, Siz Türkiyə Respublikasının 75 illik yubileyi münasibətilə keçiriləcək təntənəli bayram mərasimlərində iştirak edəcəksiniz. Yəqin ki, əməkdaşlıq məsələləri də diqqət mərkəzində olacaqdır.

Cavab: Şübhəsiz. Türkiyə Cümhuriyyətinin yaranmasının 75 illik yubileyi bizim də bayramımızdır. Çünki Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri xüsusi xarakter daşıyır və böyük tarixə malikdir. Ona görə də mən bu bayrama öz bayramımız kimi gedirəm. Hesab edirəm ki, bu, çox əlamətdar bir hadisədir.

Şübhəsiz ki, orada bizim Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə dair söhbətlərimiz, danışıqlarımız olacaqdır. Eyni zamanda bir çox başqa ölkələrin də dövlət və hökumət başçıları oraya dəvət olunublar. Yəqin, onların bir hissəsi Türkiyəyə gələcəkdir. Xüsusən Gürcüstanın, Mərkəzi Asiya ölkələrinin və başqa ölkələrin dövlət başçıları orada olacaqlar. Doğrudur, vaxt azdır, çünki orada bir neçə bayram tədbirləri vardır və onların hamısında iştirak etmək lazım gələcəkdir. Onlarla da imkan dairəsində görüşlərimiz, danışıqlarımız olacaqdır və bunların da hamısının Azərbaycan üçün xüsusi əhəmiyyəti vardır.

Sual: Cənab prezident, əsas neft kəməri flə bağlı konkret qərar nə vaxt qəbul ediləcəkdir?

Cavab: Yəqin ki, biz əsas neft kəməri ilə bağlı birgə bəyannamə imzalayacağıq.

Sual: Cənab prezident, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) rəhbərləri ilə oktyabrın 27-dəki görüşünüzdə əsas neft kəməri barədə qərarın qəbul edilməsi günü müəyyənləşdirildimi?

Cavab: Bilirsiniz, bu danışıq lazım idi. Çünki ABƏŞ-in rəhbərliyinin bəzi fikirləri ilə bizim fikirlərimiz üst-üstə düşmür. Ona görə də mən oktyabrın 27-də ABƏŞ-in rəhbərləri ilə ətraflı danışıqlar apardım, öz tövsiyələrimi verdim, onlar bununla razılaşacaqlar. Mən Bakıya qayıdandan sonra onlarla bir daha görüşəcəyəm.

Sual: Siz nə üçün Bakı-Ceyhan marşrutunu üstün tutursunuz?

Cavab: Biz lap əvvəldən müəyyən etmişik ki, bu marşrut hər cəhətdən - təhlükəsizlik, Qərbə çıxış baxımından daha sərfəlidir. Əslinə qalanda, biz bu qərara indi gəlməmişik. Hələ 1994-cü ildə birinci müqaviləni imzalayanda bu variantın üstünlüyü barədə fikrimizi söyləmişdik.

Sual: Noyabrın 12-də rəhbər komitənin iclası keçiriləcəkdir. Güman etmək olarmı ki, ABƏŞ məhz həmin gün daha optimal variantı Sizə təqdim edəcəkdir?

Cavab: Hesab edirəm ki, təqdim edəcəkdir. Görünür, bizim görüşlərimiz zamanı, - mən Türkiyə, Gürcüstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan prezidentlərinin görüşünü nəzərdə tuturam, - yəqin ki, biz də müəyyən vahid fikrə gələcəyik. Çünki həmin marşrut ancaq bizim üçün faydalı deyil, ona Mərkəzi Asiya ölkələri, ilk növbədə Qazaxıstan, Türkmənistan və hətta Özbəkistan da maraq göstərirlər. Bilirsiniz ki, bu günlərdə Qazaxıstanın Baş naziri Azərbaycanda rəsmi səfərdə olubdur. Onlar bizimlə protocol imzalayıblar və istəyirlər ki, 1999-cu ildə «Tengiz» yatağından çıxarılacaq 10 milyon ton neftin daşınmasını təmin edək. Bu il 2 milyon ton neft daşınacaq, gələn il isə beş dəfə artırmaq istəyirlər. Deməli, maraq böyükdür. Ona görə də, görünür, boru kəməri hamıya lazımdır.

Sual: Cənab prezident, Qərb şirkətləri təkid etsələr, Bakı-Ceyhana alternativ marşrut nəzərdən keçirilə bilərmi?

Cavab: Bilirsiniz, gəlin hələ bu məsələni müzakirə edək, sonra baxarıq.

Sual: Son vaxtlar Murtuz Ələsgərov barədə söhbətlər gəzir. Öz tərəfinizdən bu barədə nə deyə bilərdiniz?

Cavab: Niyə bu söhbətləri aparırsınız?

Müxbir: Mən aparmıram.

Cavab: Bəs kim aparır? Kim aparırsa, onlardan soruş. Gündə bir adam bir şey uyduracaq, yayacaq, mən də buna cavab verəcəyəm?

Sual: Türkiyədə hansı məsələlərin müzakirəsi nəzərdə tutulur?

Cavab: Çox məsələlər. Sağ olun.