Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 2 fevral 1998-ci il

Əziz gənclər!

Sizi müstəqil Azərbaycanın gənclər günü münasibətilə, bu bayram günü münasibətilə ürəkdən təbrik edir, sizə xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıram.

Azərbaycanın ən böyük sərvəti onun fədakar insanlarıdır. Bizim xalqımızın, cəmiyyətimizin ən qiymətli sərvəti gənclərimizdir, sizsiniz, əziz Azərbaycan övladları! Siz Azərbaycanda müstəqilliyin möhkəmlənməsinin və əbədi olmasının, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlətin qurulmasının və inkişaf etməsinin, Azərbaycanın iqtisadiyyatının, sosial sahəsinin inkişaf etməsinin yaradıcıları, qurucuları və bizim gördüyümüz bütün işlərin davamçılarısınız. Siz Azərbaycanın çiçəklənən gələcəyisiniz, XXI əsrdə Azərbaycanın bayrağını daha da yüksəklərə qaldıranlarsınız.

Biz bu gün çalışaraq, çarpışaraq, müstəqil Azərbaycan qarşısında duran ağır və çətin problemləri həll edərək, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirərək, iqtisadiyyatını inkişaf etdirərək sizə arxalanırıq, sizə güvənirik. Gənclər ölkəmizdə cəmiyyətin əksəriyyətini təşkil edir. Azərbaycanın bu günü və gələcəyi üçün sizin fəaliyyətinizdən, işinizdən, sizin fədakarlığınızdan asılıdır. Məmnuniyyət hissi ilə bildirirəm ki, bu gün Azərbaycanın iftixar ediləsi gəncliyi var. Biz sizinlə fəxr edirik. Sizin varlığınız, bu gününüz və gələcəyiniz bizim qəlbimizdə böyük qürur hissi doğurur. Azərbaycanın dövlət başçısı kimi mən özümü xoşbəxt hesab edirəm ki, bu gün Azərbaycan xalqının sağlam, gözəl, istedadlı gəncləri var.

Son illər Azərbaycan böyük sınaqlardan keçib, böyük çətinliklərin öhdəsindən gəlibdir. Arxada qalmış altı il Azərbaycanın müstəqilliyinin qorunması, saxlanılması illəri olubdur, Azərbaycanda müstəqil dövlətin, müstəqil iqtisadiyyatın yaranması illəri olubdur, Azərbaycanın milli ordusunun, dövlət strukturlarının yaranması illəri olubdur. Biz bütün bu sınaqlardan, çətinliklərdən məharətlə keçmişik. Azərbaycanda sağlam əhval-ruhiyyə, ictimai-siyasi sabitlik mövcuddur. Azərbaycanın gələcəyi açıq-aydın görünür və biz bu gələcəyə ümidlərlə baxırıq. Görülən bütün bu işlər içərisində Azərbaycanda əldə olunan ən böyük nailiyyətlərdən biri də odur ki, bu illərdə ölkəmizin sağlam, yüksək ideallarla yaşayan, xalqına, vətəninə, torpağına hədsiz sədaqət hissləri ilə çalışan gəncləri vardır.

Əziz övladlar, sizin kimi gəncləri, gəncliyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsiniz, əziz övladlar! Siz bu gün, bu bayram günü bu sarayda öz istedadlarınızı nümayiş etdirdiniz - idman növləri, rəqslər, mahnılar. Bunlar hamısı Azərbaycan gəncliyinin yüksək istedada malik olduğunu göstərir, Azərbaycanın bugünkü gənclərinin qabiliyyətini, bacarığını, gücünü, zəkasını, yüksək mədəniyyətini göstərir. Sizi bu nailiyyətlərinizlə təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, siz cəmiyyətimizi günbəgün yeni-yeni nailiyyətlərlə sevindirəcəksiniz və Azərbaycanı daim yüksəldəcək, irəliyə aparacaqsınız.

Sizin ən ümdə vəzifəniz vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır. Heç bir gənc bunu heç vaxt unutmamalıdır. Nə olursa-olsun, vətənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tapmağa imkan verəcəkdir. Mən arzu edirəm ki, siz daim sədaqətli olasınız. Siz bilməlisiniz ki, indi bizim müstəqil ölkəmiz, müstəqil dövlətimiz var, doğma Azərbaycanımız var. Bu, bizimdir, bu, sizindir, bu, daim Azərbaycan xalqınındır və biz daim müstəqillik. İnsan öz evini, övladlarını, ata-anasını, öz əmlakını, əşyasını qoruduğu kimi, hər bir gənc, hər bir azərbaycanlı, Azərbaycanın hər bir vətəndaşı da eyni zamanda öz doğma Azərbaycan torpağını, Azərbaycan Respublikasını qorumalı, göz bəbəyi kimi saxlamalıdır.

Sizin şərəfli vəzifəniz vətəndaşlıq borcunuzu yerinə yetirmək, Azərbaycanın milli ordusunda, silahlı qüvvələrində xidmət etməkdir. Bilmək lazımdır ki, xalqımız keçmiş dövrlərdə də gəncləri orduda xidmət etmək üçün hazırlayıbdır. Bizim gənclərimiz XX əsrin müharibələrində qəhrəmanlıq nümunələri göstəriblər. Biz Azərbaycanın qəhrəman oğulları ilə həmişə fəxr etmişik və onların xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Ancaq indi hər bir azərbaycanlı gənc bilməli, dərk etməli, düşünməlidir ki, o, yalnız və yalnız öz vətəni, doğma torpağı, xalqı üçün öz doğma ordusunda xidmət etməlidir. Ona görə də bu gün və gələcəkdə hər bir gəncin orduda xidmət etməsi keçmiş zamanlardan tamamilə fərqlidir. Orduda xidmət hər bir gəncin qəlbində böyük arzu kimi yaşamalıdır. Valideynlər öz övladlarını tərbiyə edərkən onlara verdikləri nəsihətlər içərisində ən birinci nəsihət, ən birinci valideyn tapşırığı oğlunun orduda xidmət etməsi olmalıdır. Hər bir Azərbaycan oğlu uşaqlıqdan orduda xidmət etməyi arzulamalıdır. O, bunun üçün çalışmalı, tələsməli, orduda xidmət yaşının çatmasını həsrətlə gözləməlidir. Və orduda xidmət edərək vətən, millət qarşısında öz şərəfli borcunu verməlidir.

Bu gün Azərbaycanın Milli Ordusunda on minlərlə gənc sədaqətlə vətənə xidmət edir. Mən onların xidmətini və bu gün Azərbaycan ordusunun sıralarında olmasını, ölkəmizin ərazisinin, torpaqlarının keşiyində olmasını yüksək qiymətləndirirəm və bu bayram günü ordu sıralarında olan bütün Azərbaycan gənclərini xüsusi təbrik edirəm. Azərbaycanın milli ordusunun güclənməsi, qüdrətlənməsi hər bir vətəndaş üçün, hər bir gənc, uşaq üçün lazımdır. Çünki biz öz vətənimizi, müstəqil dövlətimizi, ölkələrimizi, respublikamızı daim qorumaq qüdrətinə malik olmalıyıq. Bunu da bizim ordu etməlidir - bu gün də, gələcəkdə də.

Azərbaycan Milli Ordusunun möhkəmlənməsi və inkişaf etməsi bu gün bizim qarşımızda duran ən zəruri vəzifələrdən biridir. Ermənistan silahlı qüvvələrinin işğalçılığı nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı, o yerlərin sakinləri zorla çıxarılıb, Azərbaycanın başqa bölgələrində çoxları çadırlarda yaşayırlar. Bilirsiniz ki, biz 1994-cü ilin mayında döyüşləri dayandırmışıq, atəşkəs haqqında saziş imzalamışıq və məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Bu sahədə çox işlər görülüb, bu gün də görülür və gələcəkdə də görüləcəkdir. Mən tam əminəm ki, biz məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq.

Ancaq bununla yanaşı, bizim ordumuz möhkəmlənməlidir. Möhkəmlənməlidir ki, Azərbaycan ölkəsinin özünə layiq qüdrətli ordusu olsun. Möhkəmlənməlidir ki, Azərbaycan ordusu bu gün də, gələcəkdə də ölkəmizə qarşı mümkün olan təcavüzün qarşısını alsın. Möhkəmlənməlidir ona görə ki, ordumuz Azərbaycanı daim qoruya bilsin. Bütün bunlara görə Azərbaycan gəncliyinin qarşısında duran ən birinci, ən ümdə vəzifə ordu ilə əlaqəni möhkəmləndirmək, orduda xidmət etmək, orduya diqqət, qayğı yetirmək, ordunun hörmətini qaldırmaqdır. Orduda, Azərbaycan silahlı qüvvələrində xidmət edən hər bir kəs cəmiyyətimizin ən hörmətli, ən mötəbər adamı olmalıdır.

Əziz gənclər! Gənclik dövründən səmərəli istifadə edin, yaxşı təhsil alın, özünüzü həyata yaxşı hazırlayın. Gənclik illəri sonra ələ düşməyən illərdir. Yaş artdıqca insan bu illəri həmişə həsrətlə xatırlayır. Siz gənclər bəlkə də bunu indi dərk edə bilmirsiniz, ancaq biz - yaşlı insanlar bunu çox yaxşı bilirik. Hər bir yaşlı insan öz gəncliyini daim məhəbbətlə xatırlayır və eyni zamanda gəncliyi dövründə itirdiyi günlərə, səmərəsiz keçmiş günlərə özünü daim qınayır, heyfsilənir. Ona görə də gələcəkdə özünüzü qınamamaq üçün, gəncliyinizdə nəyisə etmədiyinizə görə heyfsilənməməyiniz üçün mən sizə məsləhət edirəm: Gənclik günlərindən, aylarından, gənclik illərindən səmərəli istifadə edin, boş yerə vaxt sərf etməyin, yaxşı oxuyun, yaxşı təhsil alın. Özünüzü həyata, əmək fəaliyyətinə, gələcəyə yaxşı hazırlayın.

Sevindirici haldır ki, son illər Azərbaycan çox ağır çətinliklərdən keçərək Azərbaycan məktəbini qoruyub saxlaya bildi. Azərbaycanda məktəblər, universitetlər, ali təhsil ocaqları indi artıq normal fəaliyyət göstərir və gənclərimiz sərbəst, istədikləri kimi, azad təhsil almaq imkanına malikdirlər. Ümidvaram ki, bizim bugünkü gənclərimiz keçmiş dövrlərdə olan gənclərdən daha da yüksək təhsil ala biləcəklər və gələcək üçün daha da bilikli, daha da yüksək səviyyəli olacaqlar.

Bizim istəyimiz, arzumuz ondan ibarətdir ki, gəncliyimiz, Azərbaycan gəncləri sağlam olsunlar. Fiziki sağlamlıq, mənəvi, ruhi sağlamlıq - hamısı bizim gənclər üçün vacib amillərdir. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycanın gəncliyi əsasən sağlamdır. Bu gün Azərbaycan idmançıları gözəl idman nümunələri göstərdilər. Bizim gənclərimizdən nə qədər dünya çempionları var, dünyanın müxtəlif idman yarışlarında iştirak edir, yüksək mükafatlar, adlar alırlar. Bunlar bizi sevindirir. Ancaq bunlarla yanaşı, gərək hər bir gənc öz fiziki sağlamlığı üçün çalışsın, daim idmanla, bədən tərbiyəsi ilə məşğul olsun. Bədən tərbiyəsi hər bir gəncin həyatının ayrılmaz hissəsi olmalıdır. Səmərəli işləmək, xalqa ölkəyə xidmət etmək üçün Azərbaycanda hər bir gənc gərək sağlam olsun.

Eyni zamanda mənəvi sağlamlıq çox vacibdir. Bizim xalqımızın milli, mənəvi ənənələri, mədəni, milli dəyərləri həmişə, əsrlər boyu xalqımızı yüksək mənəviyyat ruhunda tərbiyə edib, böyüdüb, yaşadıbdır. Biz fəxr edə bilərik ki, milli, dini, mənəvi ənənələrimiz, dəyərlərimiz həmişə ən yüksək mənəviyyatı əks etdiribdir. Biz çalışmalıyıq ki, bu mənəvi dəyərlərə daim sadiq olaq. Hər bir gənc öz kökünə sadiq olmalıdır, milli kökünə, mənəvi kökünə sadiq olmalıdır. Bizim öz kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik. Hər bir gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir.

Biz müasir dünyada yaşayırıq. Azərbaycan azad, sərbəst və açıq ölkədir, dünyanın bütün ölkələri ilə hərtərəfli əlaqələr qurur və bundan sonra da quracaqdır. İndiki həyatımızın səciyyəvi cəhəti ondan ibarətdir ki, biz o qapalı vəziyyətdən çıxmışıq. Biz sərbəstik, azadıq, dünyaya açığıq və bundan da səmərəli istifadə etmək lazımdır. Ölkəmizi, xalqımızı dünyaya olduğu kimi göstərmək və xalqımızın mənəvi dəyərlərini, nailiyyətlərini dünyada təbliğ etmək bizim əsas vəzifələrimizdən biridir. Eyni zamanda ümumbəşəri, dünyəvi dəyərlərdən səmərəli istifadə etmək, onları öz mənəvi dəyərlərimizlə birləşdirmək və xalqımızın mənəviyyatını zənginləşdirmək bizim əsas vəzifələrimizdən biridir. Bunların hamısını bilmək, bu vəzifələri ağılla, zəka ilə həyata keçirmək lazımdır. Bax, buna görə də bizim milli, mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə sintezi, birləşdirilməsi xalqımızın mənəviyyatını zənginləşdirib və bundan sonra da zənginləşdirəcəkdir. Bu, gələcək üçün bizim strateji yolumuzdur.

Ancaq biz bu yolla gedərkən heç vaxt səhvlərə yol verməyək, bizə yad olan, mənəviyyatımıza zidd olan ünsürlərin cəmiyyətimizə, xalqımızın, gənclərin əxlaıqına sirayət etməsinə yol verməyək. Sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı Azərbaycan üçün çox böyük uğurlar gətirib və bundan sonra da gətirəcəkdir. Ancaq bu sərbəst iqtisadiyyatın, bazar iqtisadiyyatının, sahibkarlığın eyni zamanda cəmiyyətimizə mənfi ünsürlər gətirməsi təhlükəsi də var və onların bəziləri artıq mövcuddur. Ona görə də bazar iqtisadiyyatını inkişaf etdirərək, sərbəst iqtisadiyyata geniş yer verərək, sahibkarlığı inkişaf etdirərək, Azərbaycanda sahibkarlar təbəqəsi yaradaraq biz hamısını öz mənəvi dəyərlərimizin üzərində qurmalıyıq. Bu proseslərdə Azərbaycana yad olan, cəmiyyətimizə zərər vuran mənfi halların cəmiyyətə soxulmasına, sirayət etməsinə və cəmiyyətimizi içindən çürütməsinə heç vaxt yol verməməliyik. Bu da bizim vəzifəmizdir, əziz gənclər, sizin vəzifənizdir.

Bu vəzifələri yerinə yetirmək üçün biz öz tərəfimizdən lazımi tədbirlər görürük və bundan sonra da görəcəyik. Sizə məlumdur ki, mən son günlər bu barədə çox ciddi qərarlar qəbul etmişəm, sərəncamlar vermişəm. Son beş-altı ildə Azərbaycanda yaranmış bir neçə kazinoların, qumarxanaların, gecə klublarının fəaliyyətinin dayandırılması haqqında qərar vermişəm. Azərbaycanın, xalqımızın mənəviyyatına zidd olan, xalqımızın əxlaqını pozan cəhətlərin, onları yayan cürbəcür müəssisələrin ləğv olunması haqqında qərarlar vermişəm. Güman edirəm ki, siz mənim bu qərarlarımı dəstəkləyir, qəbul edirsiniz, buna tərəfdar çıxırsınız və onların həyata keçirilməsində fəal iştirak edəcəksiniz. Mənim bu qərarlarımın hamısı yalnız və yalnız xalqımızın, cəmiyyətimizin sağlamlığını, gənclərimizin sağlamlığını qorumağa yönəldilibdir. Mən bütün bu qərarlarla, bütün bu fəaliyyətimlə çalışıram ki, xalqımız, hər bir Azərbaycan vətəndaşı, xüsusən siz gənclər sağlam əxlaq tərbiyəsi alasınız, əxlaqınız sağlam olsun.

Spirtli içkilərə uymaq insanları nə qədər ağır vəziyyətə gətirib çıxarır. Cürbəcür narkotik maddələrdən istifadə etmək xüsusən gəncləri nə qədər bəlalara, xəstəliklərə və nəhayət, insanların məhv olmasına gətirib çıxarır. Biz bunların Azərbaycanda yayılmasına yol verə bilmərik və bilin ki, yol verməyəcəyik. Bu, yalnız və yalnız sizin, gənclərin sağlamlığı naminədir.

Əziz gənclər, qarşınızda duran vəzifələr sizin hamınıza məlumdur. Mən sadəcə bir neçə məqamlara toxundum. Əminəm ki, siz qarşınızda duran vəzifələrin hamısını sədaqətlə yerinə yetirəcəksiniz, təhsildə, işdə, həyatda, ailədə, cəmiyyətimizin hər bir sahəsində uğurlar qazanacaqsınız. Mən buna əminəm. Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik. İnanın ki, Azərbaycanın xoşbəxt gələcəyi var və bu xoşbəxt gələcəyin də qurucuları sizlərsiniz.

Mən bir daha deyirəm: Sizə güvənirəm, sizə arxalanıram və sizə güvənərək indiyə qədər cəsarətlə işləmişəm, bundan sonra da cəsarətlə çalışacağam. Sizə, Azərbaycan gənclərinə cansağlığı, firavan həyat, xoşbəxt gələcək arzu edirəm. Sağ olun, sağ olun, sağ olun!