İstanbul Beynəlxalq "Sülh və səbr" konfransının iştirakçılarına - Bakı şəhəri, 7 fevral 1994-cü il

Möhtərəm konfrans iştirakçıları!

Ayrı-ayrı bölgələrdə millətlərarası münaqişələrin gücləndiyi, xalqların qarşı-qarşıya qoyulduğu narahat zəmanəmizdə bütün sülhsevər qüvvələrin, xüsusilə də din xadimlərinin bir araya gəlməsi, dünyada barışıq və əmin-amanlıq üçün səy göstərməsi təqdirəlayiq hadisədir. Adamları humanizmə, şəfqətə, nəcibliyə, yüksək mənəvi dəyərlərə səsləyən dinlərin bəşər tarixində rolu əvəzsizdir.

Silahların danışdığı, Uca Tanrının günahsız bəndələrinin acı məhrumiyyətlərə düçar olduğu bir vaxtda insanlara dözümlülük, mərhəmət və qarşılıqlı hörmət duyğuları təlqin edən Müqəddəs Allah kəlamlarına dünyamızın böyük ehtiyacı var. Bəşəriyyət üçün sülhə, barışığa nail olmağın yolu Tanrı nuruna tapınmaqdan, mənəvi, ruhani kamillikdən keçib gedir.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, toplantınız xalqlar arasında sülhün, dinc və mehriban qonşuluq münasibətlərinin bərqərar olmasında öz təsirli sözünü deyəcəkdir.

Konfrans iştirakçılarını səmim-qəlbdən salamlayır və qarşıya qoyduğunuz xeyirxah məqsədlərin gerçəkləşməsi naminə hamınıza uğurlar diləyirəm.

Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının prezidenti