Əziz dostumuz, qardaşımız, möhtərəm İhsan Doğramacı!
Beynəlxalq Pediatriya Assosiasiyasının möhtərəm rəhbərləri!
Möhtərəm qonaqlar, xanımlar və cənablar!
Sizi Pediatriya Cəmiyyətlərinin IV Beynəlxalq Konqresinin işə başlaması münasibətilə ürəkdən təbrik edirəm. Sizə bu şərəfli işinizdə uğurlar arzulayıram!
Pediatriya Cəmiyyətlərinin IV Beynəlxalq Konqresinin, türkdilli dövlətlərin pediatrlarının bu toplantısının respublikamızda keçirilməsini biz beynəlxalq təşkilatların Azərbaycan Respublikasına böyük marağı və diqqəti kimi qəbul edirik. Biz öz tərəfimizdən bu konqresin Azərbaycanda keçirilməsini minnətdarlıqla qəbul etmişik və konqresin işinin səmərəli keçməsi üçün, sizin qarşınızda qoyduğunuz vəzifələrin tamamilə yerinə yetirilməsi üçün əlimizdən gələn köməyi etmişik və edəcəyik. Ümidvaram ki, bu beynəlxalq konqres türkdilli dövlətlərdə, dünyanın bütün ölkələrində uşaqların sağlamlığının qorunması, uşaq xəstəliklərinin müalicə olunması sahəsində dəyərli işlər görəcəkdir və gələcək üçün əhəmiyyətli tövsiyələr, təkliflər verəcəkdir. Bunlara böyük ehtiyac var. Uşaqlar bəşəriyyətin gələcəyidir. Hər bir ölkədə uşaqların xüsusi yeri vardır.
Biz XX əsrin son illərini yaşayırıq. Qarşıdan XXI əsr gəlir. Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımları atan körpələr XXI əsrdə dünyanın məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar. Ona görə də bu sahə, yəni uşaqların sağlamlığı, onların fiziki və ruhi sağlamlığının təmin olunması və qorunması hər bir dövlət üçün çox böyük və müqəddəs vəzifədir. Müstəqil Azərbaycan Respublikasında bu vəzifəni biz məhz bu cür başa düşürük. Azərbaycan dövləti bütün imkanlarından istifadə edərək uşaqların sağlamlığının təmin olunmasına və qorunmasına çalışıb və bundan sonra da çalışacaqdır.
Ölkəmiz hazırda mürəkkəb vəziyyətdə yaşayır. Çünki dünyanın bir neçə qaynar nöqtəsindən - hərbi münaqişələr alovu içərisində çətin bir dövr yaşayan ölkələrdən biri də Azərbaycandır. Şükürlər olsun ki, indi dünyada belə qaynar nöqtələr çox deyil. Dünyanın ən dəhşətli müharibəsindən - İkinci Dünya müharibəsindən sonra 50 ildir ki, insanlar ümumən sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Dünyanın inkişaf etmiş bir çox ölkələrində sosial problemlər müvəffəqiyyətlə həll olunur, o cümlədən uşaqların sağlamlığının qorunması və onların yaxşı şəraitdə, mühitdə böyüməsi üçün bütün imkanlar yaradılıbdır. Biz belə ölkələrə daha da xoş, firavan yaşamağı arzu edirik. Eyni zamanda hamıya məlumdur ki, vəziyyət hər yerdə belə deyil, o cümlədən bizim yaşadığımız Qafqaz bölgəsində də belə deyil. Azərbaycanda vəziyyət çətindir və ağırdır. Bizim üçün vəziyyəti çətinləşdirən əsas amil Ermənistanın Azərbaycana torpaq iddiası əsasında etdiyi hərbi təcavüzdür. Bu təcavüz nəticəsində tökülmüş qanlar, viran edilmiş şəhərlər, kəndlər, dağıdılmış evlər, şəhid olmuş insanlar, əlil olmuş insanlar - təəssüf ki, onların arasında uşaqlar da var, - bu bizim müasir həyatımızın gərçəkliyidir.
Ermənistanın Azərbaycana hərbi təcavüzü 1988-ci ildən başlayıbdır. Bu təcavüz nəticəsində məlum səbəblərə görə Azərbaycan Respublikası ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlılar zorla yerindən-yurdundan çıxarılıb, didərgin düşüb, əksəriyyəti çadırlarda yaşayır. Onlar həmin təcavüz zamanı həyatlarını xilas edənlərdir. Ancaq on minlərlə insan vətənimizin torpaqlarını müdafiə edərkən həlak oldu, şəhid oldu, uşaqlar da şəhid oldular. Əsir düşən insanların içərisində uşaqlar da vardır. Bu, XX əsrin sonunda Azərbaycan xalqının başına gəlmiş faciədir. Bu faciənin ən dəhşətli hadisəsi Xocalı soyqırımıdır. Dünyaya məlumdur və bu gün də hamı bilməlidir ki, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın böyük bir yaşayış məntəqəsi olan Xocalıda insanların vəhşicəsinə qırılması, demək olar ki, XX əsrin, ümumiyyətlə bəşər tarixinin ən dəhşətli, qara səhifələrindən biridir, cinayətlər içərisində ən dəhşətli cinayətdir. Burada təkcə insanların tələf olmasından söhbət getmir. İnsanların vəhşicəsinə işgəncə verilərək öldürülməsindən, onlara edilən zülmdən, sözün əsl mənasında soyqırımından söhbət gedir. Bunlar hamısı Azərbaycanda həm ictimai-siyasi mühitə təsir edibdir, həm respublikamızın sosial vəziyyətini gərginləşdiribdir, həm də insanların səhhətinə, sağlamlığına çox zərər gətiribdir. Həmin insanların içərisində zərər çəkmiş uşaqlar da var. Bir milyon insanın yerindən-yurdundan didərgin düşənlərin əksəriyyəti, çadırlarda yaşayan qaçqınların 400 mini uşaqlardır. Bu, dəhşətli bir mənzərədir.
Bizim gördüyümüz ictimai, siyasi, iqtisadi tədbirlərlə yanaşı, eyni zamanda səhiyyə sahəsində, o cümlədən uşaqların sağlamlığının təmin edilməsi sahəsində də qarşımızda çox böyük vəzifələr durur. Biz bu vəzifələri yerinə yetirməyə çalışırıq. Azərbaycanın səhiyyə işçiləri fədakarcasına işləyirlər. Azərbaycanın pediatrları öz işlərini layiqincə yerinə yetirməyə çalışırlar. Biz öz tərəfimizdən, bir dövlət kimi bu işləri daha da mütəşəkkil aparmaq üçün lazımi tədbirlər görürük. Ancaq bunlar hamısı vurulan yaraları sağalda bilməz. O yaralar sözün əsl mənasında insanların bədəninə vurulan yaralardır, onların mənəviyyatına vurulan yaralardır. Eyni zamanda xalqımızın mənəviyyatına vurulan yaralardır, ona görə də bizim üçün, Azərbaycan üçün belə bir beynəlxalq toplantının respublikamızda keçirilməsi çox əhəmiyyətlidir.
Bu beynəlxalq toplantıda iştirak edən həkimlər, pediatrlar bir tərəfdən öz təcrübələri, bilikləri ilə respublikamızın səhiyyə işçilərinə, pediatrlarına yardım göstərə bilərlər. Ümumiyyətlə bu konqresin işindən biz təsirli nəticələr gözləyirik. İkinci tərəfdən isə, Azərbaycana gəlmiş çoxsaylı qonaqlar - həkimlər, pediatrlar ölkəmizin bugünkü həyatının çətinliklərini, problemlərini dünya ictimaiyyətinə, beynəlxalq səhiyyə təşkilatlarına, YUNİSEF təşkilatına və bütün beynəlxalq təşkilatlara çatdırmaqla bizə yardım edə bilərlər. Ümidvaram ki, biz bu yardımın da nəticələrini görəcəyik.
Biz Ermənistanla Azərbaycan arasında davam edən münaqişədə üç ildən artıqdır ki, atəşkəs rejiminin yaranmasına nail olmuşuq. Ermənistanla Azərbaycan arasında atəşin kəsilməsi haqqında saziş imzalanıbdır və biz öz tərəfimizdən sazişə riayət edirik. Bu sazişi ona görə imzalamışıq ki, Azərbaycan müharibə etmək istəmir, Azərbaycan xalqı sülhsevər xalqdır, Azərbaycan xalqı bu münaqişəyə son qoymaq istəyir və bu münaqişəni sülh yolu ilə həll etmək istəyir. Biz çox zərərlər çəkmişik, insanlarımız tələf olubdur, 400 min uşaq qaçqın vəziyyətində çadırlarda yaşayır. Bütün bunlara baxmayaraq biz sülh addımı atmışıq və atəşkəs rejiminə riayət edirik, onu qoruyurub saxlayırıq və məsələnin sülh yolu ilə nəticələnməsinə ümid edirik. Bunun üçün əlimizdən gələn tədbirləri görürük, o cümlədən konstruktiv addımlar atırıq.
Son zamanlar beynəlxalq təşkilatlarda, xüsusən keçən ilin dekabr ayında ATƏT-in Lissabon Zirvə görüşündə qəbul edilmiş qərarlar onu göstərir ki, məsələnin sülh yolu ilə həll olunması sahəsində bizim təşəbbüslərimiz, atdığımız addımlar müsbət nəticələr verir və bu proses artıq inkişaf etməkdədir. Biz buna çox böyük ümidlər bəsləyirik. Son vaxtlarda ATƏT Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton ilə, Rusiya Federasiyasının prezidenti cənab Boris Yeltsin ilə, Fransa Respublikasının prezidenti cənab Jak Şirakla apardığım danışıqlardan belə qənaətə gələ bilərəm ki, həqiqətən bu ölkələrin rəhbərləri bu münaqişəyə son qoymaq üçün çalışırlar və çalışacaqlar. Onlar münaqişənin sülh yolu ilə həll edilməsinə nail olmaq istəyirlər. Biz buna çox böyük ümidlər bəsləyirik.
Ancaq eyni zamanda bu münaqişə nəticəsində Azərbaycana vurulan zərbələr, yaralar hələ çox illər özünü göstərəcəkdir. Bunları aradan qaldırmaq üçün, o cümlədən uşaqların sağlamlığını təmin etmək üçün çox işlər görməliyik. Təbiidir ki, qaçqın vəziyyətində, çadırlarda yaşayan uşaqlar daha da çox qayğıya, diqqətə möhtacdırlar.
Bunu bütün dünya bilməlidir. Təsəvvür edin, ailələr var ki, 4-5 ildir qışın soyuğunda da, yayın qızmar istisində də çadırlarda yaşayırlar. İnsanlar soyuqdan da qorunaraq, müəyyən xəstəliklərdən də qorunaraq çadırlarda yaşayır, ailə qurur, yeni-yeni uşaqlar meydana gəlir. Qadınlar çadırlarda doğmağa məcbur olurlar. On il bundan qabaq Azərbaycanda qadınların doğması ancaq doğum evlərində olurdu. Keçmiş zamanlarda olduğu kimi, qadınlar evdə və yaxud başqa yerlərdə doğmaqdan xilas olmuşdular. Çünki həmin vaxtlar Azərbaycanda böyük doğum evləri yaradılmışdı. Onlar bu gün də var. Amma çadırlarda yaşayan ailələr təəssüf ki, bu imkanlardan istifadə edə bilmirlər. Bu da bizim həyatımızın gerçəkliyidir və xalqımızın keçdiyi yolun çətin anları və çətin məqamlarıdır. Ancaq xalqımız dözümlü xalqdır. Xalqımız bunların hamısına dözür. Ona görə dözür ki, Azərbaycanın xoşbəxt gələcəyinə inanır. Ona görə dözür ki, Azərbaycanın dövlət müstəqilliyi və milli azadlığı hər bir Azərbaycan vətəndaşı üçün öz şəxsi mənafelərindən üstündür. Bu böyük tarixi nailiyətə görə, Azərbaycanın müstəqil dövlət kimi yaşaması naminə, milli azadlığımızı daim əlimizdə saxlamağımız naminə bütün bu çətinliklərə dözürük və xalqımız dözəcəkdir. Çünki mən inanıram və xalqımız da inanır ki, Azərbaycanın xoşbəxt gələcəyi var. Mən inanıram ki, bu gün dünyaya gələn uşaqlar, körpələr XXI əsrdə Azərbaycanın gözəl gələcəyini yaradacaqlar və Azərbaycan xalqı öz müstəqil dövlətində daim azad, sərbəst yaşayacaqdır.
Bütün bunlara nail olmaq üçün səhiyyə işçilərinin üzərinə böyük vəzifələr düşür. Həkimlər, səhiyyə işçiləri, o cümlədən uşaq həkimləri çox şərəfli peşənin sahibləridir. Cəmiyyətdə həkim peşəsi ən mötəbər, ən hörmətli peşədir. Özünü həkimlik, təbiblik peşəsinə həsr edən insanlar xoşbəxt insanlardır. Çünki cəmiyyətin onlara həmişə böyük ehtiyacı var. Eyni zamanda həkimlər hər yerdə mehribanlıq, sülh, əmin-amanlıq yaradan insanlardır. Onlar insanların sağlamlığı yolunda çalışırlar. Həkimlər öz peşələrinə görə qan tökülməsini, hərbi münaqişə olmasını istəmirlər. Ona görə də həkimlərin, səhiyyə işçilərinin fəaliyyəti həm cəmiyyətimizin sağlamlığı, səhhəti naminə, həm də insanlar arasında sülh, əmin-amanlıq yaradılması üçün çox əhəmiyyətli və dəyərlidir.
Ölkəmizin həm xarici, həm də daxili problemləri var. Xarici problem Ermənistanın hərbi təcavüzündən xilas olmaq, bölgədə sülhə nail olmaq və bütün qonşu ölkələrlə sülh şəraitində yaşamaqdan ibarətdir. Daxili problem isə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq və respublikamızın hər bir vətəndaşına xoş güzəran yaratmaq, onların həyat şəraitini günü-gündən yaxşılaşdırmaqdan ibarətdir. Bunun üçün isə vəzifəmiz Azərbaycanda ictimai-siyasi sabitliyi daim qoruyub saxlamaqdır, respublikamızın daxilində iğtişaşlara, ixtilaflara yol verməməkdir. Yaxın keçmişdə Azərbaycanda xarici təcavüzlə bərabər, ölkəmizin daxilində qarşıdurma, çəkişmə, vuruşma, döyüşmə, qan tökülməsi halları mövcud idi. Bunların hamısının aradan qaldırılması üçün də həkimlər çox böyük imkanlara malikdirlər. Çünki yenə qeyd edirəm ki, həkimlər heç vaxt müharibə, toqquşma, ixtilaf istəmirlər və öz peşələrinə görə də istəməzlər.
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq olmalıdır. Mən ümid edirəm ki, Azərbaycanın səhiyyə işçiləri, həkimləri xüsusən indi, müstəqil Azərbaycanda öz peşələrinə sahib olaraq Hippokrat andını həmişə yadda saxlamalıdırlar, heç vaxt unutmamalıdırlar.
Azərbaycanın bu ağır, çətin vəziyyətdə olmasına baxmayaraq respublikamızda yoluxucu xəstəliklərin demək olar ki, qarşısı tamamilə alınıbdır. Azərbaycanda dəhşətli uşaq xəstəliklərinin qarşısı alınıbdır, - burada bu barədə də qeyd edildi. Bunların hamısı çətin şəraitdə - bəzən dərmanların qıtlığı şəraitində, səhiyyə orqanlarının zəruri ləvazimatlarının olmadığı şəraitdə, vəsaitin çatışmadığı bir şəraitdə həyata keçirilir. Bunların hamısı səhiyyə sahəsində islahatların həyata keçirildiyi bir dövrdə edilibdir. Ona görə də belə ağır dövrdə, çətin şəraitdə Azərbaycan Respublikasında dəhşətli xəstəliklərin qarşısının alınması və onlara yol verilməməsi, xəstəlik baş verən kimi ona qarşı kəskin mübarizə aparılması yüksək qiymətə layiqdir. Mən fürsətdən istifadə edib bunlara görə Azərbaycanın bütün səhiyyə işçilərinə təşəkkür edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu yolda bundan sonra da fədakarcasına çalışacaqsınız.
Qeyd etmək istəyirəm ki, IV Beynəlxalq Konqresin Azərbaycanda keçirilməsi bizim ictimai-siyasi həyatımızda böyük hadisədir. Bu konqresin yüksək nəticələr verəcəyinə ümid bəsləyirəm. Arzu edirəm ki, Azərbaycanın pediatrları, bütün səhiyyə işçiləri respublikamıza gəlmiş möhtərəm qonaqlarla yaxşı peşəkar əlaqələr yaratsınlar və bu əlaqələr gələcəkdə davam və inkişaf etsin. Onlar da Azərbaycanın bütün dünyada, bütün sahələrdə əlaqələr yaratmasının bir budağıdır, bir qoludur. Eyni zamanda qoy bu peşəkar əlaqələr Azərbaycanda pediatriyanın inkişafına kömək etsin. Hesab edirəm ki, bu kömək olacaqdır.
Mən bu beynəlxalq konqresin təşkilatçılarına bir daha təşəkkürümü bildirirəm. Sizi bu konqresin işinin başlanması münasibətilə təbrik edirəm, işlərinizdə uğurlar arzulayıram. Ümidvaram ki, həkimlər, səhiyyə işçiləri öz peşələri ilə bərabər, daim sülh uğunda mübarizə aparacaqlar, dünyanın hər yerində, o cümlədən Qafqaz bölgəsində, Azərbaycanda sülhün tam bərqərar olması yolunda öz səylərini əsirgəməyəcəklər.
Mən sizə cansağlığı, səadət, bütün işlərinizdə uğurlar arzulayıram.
\"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir\" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2004, 12-ci cild, səh. 166.