Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Azərbaycanda investisiya imkanları\" beynəlxalq konfransının açılışı mərasimində çıxışı - London, 29 noyabr 1995-ci il

Hörmətli cənab sədr!

Hörmətli cənab Lanq!

Hörmətli cənablar!

Öncə Azərbaycanın problemlərinə həsr olunmuş belə bir geniş konfransı təşkil etdiyinə görə Adam Smit İnstitutuna səmimi minnətdarlığımı bildirmək istəyirəm. Mən həmçinin bu mühüm konfransın hazırlanmasında iştirak edən bütün təşkilatlara təşəkkürümü bildirirəm. Bu konfrans Azərbaycana həsr olunub, daha konkret desək, Azərbaycan qlobal biznesdə, dünya iqtisadiyyatında, Azərbaycanda investisiya imkanları mövzusuna həsr olunubdur. Adam Smit İnstitutu kimi mühüm və dünyada məşhur olan elm və iqtisadi mərkəzin Azərbaycan Respublikasının problemlərinə, Azərbaycanın iqtisadi inkişafına bu qədər böyük diqqət yetirməsi bizi hədsiz dərəcədə sevindirir. Biz bunu yüksək qiymətləndiririk və indiki keçid dövründə iqtisadiyyatımızın dünya iqtisadiyyatına qoşulması üçün respublikamıza konkret kömək, konkret yardım hesab edirik.

Konfransın bütün iştirakçılarını ürəkdən təbrik edirəm. Mən çox şadam ki, Adam Smit Institutunun dəvətinə müxtəlif şirkətlərin maliyyə mərkəzlərini, maliyyə qruplarını təmsil edən və şübhəsiz ki, Azərbaycanın problemlərinə, bizim respublikamızla iqtisadi əlaqələr yaratmağa maraq göstərən çoxlu insanlar səmimi yanaşmış və onu qəbul etmişlər.

Mən konfransa bu qədər böyük sayda və belə geniş tərkibdə iştirakçıların gəlməsini bir tərəfdən, Adam Smit İnstitutunun məşğul olduğu məsələlərə onların hamısının xeyirxah, həssas münasibət bəsləməsi kimi qiymətləndirirəm, digər tərəfdən isə Azərbaycana böyük diqqət göstərilməsi, Azərbaycan Respublikası ilə sıx əlaqələr yaratmaq arzusu kimi qəbul edirəm.

Mən belə hesab edirəm ki, - hörmətli sədr də bunu qeyd etdi, buraya gələnlərin hamısı istəyir ki, Azərbaycanın bugünkü günü, dünya birliyində, dünya iqtisadi sistemində onun tutduğu yer haqqında, bu gün və gələcəkdə onunla nə kimi münasibətlər yaratmağın mümkün olması barədə məlumatı bilavasitə bizim özümüzdən alsınlar. Hesab edirəm ki, Azərbaycandan gəlmiş nümayəndə heyəti üzvlərinin çıxışları konfrans iştirakçılarında bu barədə kifayət qədər təsəvvür yaradacaqdır. Mən isə öz çıxışımda başlıca, ümumi məsələlərə toxunacağam və təbii ki, bu, sizdə yarana biləcək bir çox suallara cavab olacaqdır.

Azərbaycan yeni, gənc müstəqil dövlətdir, müstəqil inkişaf yoluna qədəm qoymuş ölkədir, dünya birliyində öz layiqli yerini tutan, hamı tərəfindən qəbul olunmuş dünya standartları əsasında dünya iqtisadiyyatına sıx bir şəkildə qoşulmağa çalışan ölkədir. Bildiyiniz kimi, Azərbaycan Qafqazda, Avropa və Asiyanın qovuşuğunda yerləşir. Onun qədim və zəngin mədəniyyəti var. Azərbaycan bütün dövrlərdə dünya mədəniyyətinə layiqli töhfələr vermişdir. Məhz bu zəmində də indi Azərbaycan böyük potensiala malikdir.

Azərbaycan özünün coğrafi mövqeyi sayəsində keçmiş zamanlardan diqqəti cəlb etmiş, mühüm beynəlxalq ticarət mərkəzi olmuşdur. Neft yataqlarının sənaye miqyasında işlənməsinə başlanması ilə əlaqədar, XIX əsrin ikinci yarısında Azərbaycana maraq artmışdır. Bu, Azərbaycana iri xarici kapitalın, Avropa kapitalının axınına səbəb oldu, XIX əsrin ikinci yarısı və XX əsrin başlanğıcı Azərbaycana xarici, Avropa kapitalının böyük miqyasda investisiya edilməsi ilə əlamətdar olmuşdur. Bu, Azərbaycanda neft sənayesinin və ümumiyyətlə bütün sənayenin inkişafına şərait yaratdı. Təbii ki, bütün bunlar öz izlərini qoymuşdur.

Bu gün ölkəmizə gələn insanlar Azərbaycanda orta əsr abidələrini, həmin o uzaq dövrlərdə Azərbaycanın Asiya ilə Avropa arasında beynəlxalq ticarət mərkəzi olmasından xəbər verən karvansaraları görə bilərlər. Bu tarixi abidələr məhz ticarət əlaqələrindən xəbər verir. Həmin abidələrlə yanaşı, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda investisiya, sənaye inkişafı dövründə tikilmiş böyük sarayları və iri binaları görmək mümkündür.

Azərbaycan sonralar, Sovetlər İttifaqının tərkibində olarkən, xüsusən İkinci dünya müharibəsindən sonrakı illərdə bütün sahələrdə böyük inkişafa nail olubdur. Bütün bu dövrdə - sona çatmaqda olan XX əsr ərzində Azərbaycanın iqtisadi inkişafı neft ilə, neft sənayesi və neftin çıxarılması, emalı ilə bağlı digər sənaye sahələri ilə əlaqədar olubdur. Ancaq eyni zamanda İkinci dünya müharibəsindən sonra Azərbaycanda sənayenin və bütünlükdə iqtisadiyyatın bir çox başqa sahələri də inkişaf edibdir.

70-ci illərdə Azərbaycanda dəqiq cihazqayırma, mikroelektronika, elektrotexnika, cihazqayırma sənayesi də inkişaf edibdir. Neft və neft emalı sənayesi, iri neft maşınqayırma kompleksi, kimya, neft kimyası müəssisələri və maşınqayırmanın müxtəlif sahələrini əhatə edən müəssisələr hesabına genişlənibdir.

Beləliklə, Azərbaycanda iri sənaye potensialı yaranıbdır. Azərbaycanın bioiqlim şəraiti burada kənd təsərrüfatının, kənd təsərrüfatı sahələrinin geniş inkişaf etməsinə imkan veribdir. Ona görə də Azərbaycan tarazlaşmış iqtisadiyyata malikdir - onun özünün xammal imkanları, emal bazası, sənaye müəssisələri var və bunlar hamısı birlikdə vahid iri iqtisadi potensial təşkil edir.

Ancaq bütün bunlarla yanaşı, 80-ci illərdə sosialist idarəetmə sisteminin tənəzzülə uğraması nəticəsində Azərbaycanda iqtisadiyyatın inkişafında nəinki durğunluq yarandı, həm də iqtisadiyyat geriləməyə başladı. Bu da təbiidir. Sonra Sovetlər İttifaqının dağılması ilə Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi və yeni prinsiplərə əsaslanan inkişaf yoluna çıxdı. Respublikamızın həyatının indi yaşadığımız bu mərhələsi, şübhəsiz ki, bir tərəfdən iqtisadi, sosial böhranla, digər tərəfdən isə iqtisadiyyatımızı tamamilə yeni prinsiplər üzərində qurmaq üçün göstərdiyimiz səylərlə səciyyələnir.

Azərbaycan dörd il bundan öncə dövlət müstəqilliyi əldə edibdir. Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yoluna, bazar iqtisadiyyatına, bazar münasibətlərinə əsaslanan demokratik vətəndaş cəmiyyəti formalaşdırmaq yoluna qədəm qoyubdur və mövcud beynəlxalq standartlara uyğun olaraq dünya iqtisadiyyatına sıx bir şəkildə qovuşmaq istiqamətində strateji xətt götürübdür.

Şübhəsiz ki, bütün bunlar asan məsələ deyildir və böyük çətinliklər yaradır. İdarəetmənin sosialist inzibati-amirlik sistemindən, sosialist iqtisadiyyatından bazar münasibətlərinə, inkişafın bazar qanunlarına, azad sahibkarlığa əsaslanan iqtisadiyyata keçməyin nə demək olduğunu siz yaxşı təsəvvür edirsiniz. Ancaq bütün bu mürəkkəbliklərinə, çətinliklərinə baxmayaraq, dünya üçün təbii proses olduğuna görə bu yol labüddür, onu keçməliyik. Eyni zamanda bu yol xalqımızın da, dövlətimizin də mənafeyinə və istəyinə tamamilə uyğundur. Yəni müstəqil dövlət kimi Azərbaycan gələcəkdə də bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı iqtisadi və siyasi münasibətlər əsasında dünya birliyinin fəal iştirakçısı olmağı nəzərdə tutaraq, özünün müstəqilliyini daha da möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə gedir, eyni zamanda xarici investorların, dünya maliyyə mərkəzlərinin, transmilli korporasiyaların, xarici şirkətlərin imkanlarından istifadə etməklə iqtisadiyyatı bazar prinsipləri zəminində yenidən quraraq iqtisadi yüksəlişə böyük təkan vermək üçün tədbirlər görülür.

Bundan ötrü Azərbaycanda böyük imkanlar var. Azərbaycanın təbii ehtiyatları, ilk növbədə iri neft və qaz yataqları, digər yeraltı sərvətləri və artıq qeyd etdiyim kimi, formalaşmış sənaye potensialı, kənd təsərrüfatının inkişafı üçün zəngin təbii ehtiyatları qarşıya qoyduğumuz vəzifələrin həyata keçirilməsindən ötrü əlverişli şərait yaradır və biz bu vəzifələrin həllinə dair tədbirlər görürük.

Artıq tarixə qovuşmuş illər ərzində Azərbaycanda böyük ziyalı potensialı, elmi potensial da yaranıbdır.

İqtisadiyyatımızı qısa bir müddətdə yenidən qura bilməyimiz üçün ölkəmizdə iri ali təhsil müəssisələri, elmi tədqiqat idarələri, layihə institutları, yüksək ixtisaslı elmi, texniki kadrlar, kifayət qədər işçi qüvvəsi var. Şübhəsiz ki, iqtisadiyyatımızı yenidən qurarkən biz xarici investorların imkanlarından da səmərəli istifadə etməli, birgə layihələr həyata keçirməliyik.

Bu baxımdan Adam Smit İnstitutunun təşkil etdiyi belə bir görüşün bizim üçün əhəmiyyəti böyükdür. Burada qeyd olunduğu kimi, bir il bundan öncə Azərbaycanda belə bir görüş keçirilibdir. Ancaq mən bu gün belə hesab edirəm ki, həmin görüş indiki böyük görüş üçün hazırlıq, başlanğıc idi. Ona görə hörmətli dostlar, xanımlar və cənablar, biz buraya böyük bir arzu ilə gəlmişik ki, bu gün Azərbaycan necə varsa, onu sizə elə də təqdim edək, siz və xarici investorlar, xarici şirkətlər bizimlə fəal əməkdaşlıq etmək, bizimlə birgə işləmək üçün Azərbaycana qətiyyətlə üz tuta biləsiniz.

Təbiidir ki, mən indi hər şeydən öncə iqtisadiyyatdan, bu sahədə gördüyümüz tədbirlərdən, iqtisadi sahədə götürdüyümüz xətdən danışıram, ancaq bütün bunlar həm də Azərbaycanda mövcud olan dövlət quruluşu ilə və ictimai-siyasi mühitlə bağlıdır. Son illərdə, yəni dövlət müstəqilliyimizi əldə etdikdən sonra Azərbaycan özünün milli dövlət quruculuğunda kifayət qədər mürəkkəb yol keçibdir. Biz problemlərlə qarşılaşmışıq, daxili çətinliklərimiz olubdur. Ancaq biz bunları aradan qaldırmışıq və qaldırırıq.

Bütün dünyaya məlumdur və sız də yaxşı bilirsınız kı, Azərbaycanda, həm də təkcə burada deyil, bütün Qafqazda vəziyyəti mürəkkəbləşdirən amil hərbi münaqişələrdir və bunlar təəssüf ki, Qafqazın müxtəlif regionlarında mövcuddur. Belə münaqişələrdən biri artıq yeddi ildir ki, Ermənistan ilə Azərbaycan arasında davam edir. Bu hərbi münaqişə Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsini təcavüz yolu ilə ilhaq etmək cəhdləri nəticəsində başlanmısdır.

Artıq yeddi il davam edən bu təcavüz nəticəsində Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizindən çoxunu işğal edibdir, həmin ərazilərdən Azərbaycanın bir milyondan çox vətəndaşı zorla qovulubdur və indi onlar respublikanın müxtəlif bölgələrində, əksəriyyəti çadır şəhərciklərində son dərəcə ağır, dözülməz şəraitdə yaşayırlar.

Sübhəsiz ki, bu təkcə respublikamızda deyil, həm də bütün regıonda ictimai-siyasi vəziyyəti mürəkkəbləşdirir. Böyük itkilər verməyimizə, Azərbaycana vurulmuş iqtisadi zərərə baxmayaraq, biz sülhsevər mövqe tuturuq, bu məsələni sülh yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində, digər beynəlxalq təşkilatların imkanlarından istifadə etməklə həll etməyə alışırıq, bu istiqamətdə intensiv danışıqlar aparırıq. Bu problemi məhz sülh yolu ilə həll etmək istədiyimizi belə bir fakt da sübut edir ki, il yarım bundan öncə biz münaqişənin mövcud olduğu bütün dövr ərzində ilk dəfə olaraq atəşkəs haqqında Ermənistanla sazişə nail ola bilmişik və il yarımdır ki, heç bir xarici vasitəçi olmadan atəşkəs rejimini qoruyub saxlayırıq. Yəni indi atəş yoxdur, hərbi əməliyyatlar aparılmır, ancaq tam sülh də yoxdur.

Biz isə tam sülhə nail olmağa çalışırıq. Əminəm ki, bizim səylərimiz və şübhəsiz ki, beynəlxalq təşkilatların və dünyanın böyük ölkələrinin, dövlətlərinin dəstəyi Azərbaycanın tam ərazi bütövlüyünün, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi, işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılması, qaçqınların öz yaşayış yerlərinə qaytarılması şərtilə bu məsələnin sülh yolu ilə həllinə nail olmaqda və bunun nəticəsində Ermənistanla dinc, mehriban qonşuluq münasibətləri yaratmaqda bizə kömək edəcəkdir.

Mən belə hesab edirəm ki, məsələnin həllinin qəti yolu, son mərhələsi məhz bu cür olmalıdır. Başqa yol yoxdur, bu məsələnin hərbi yolla həlli ola bilməz və şübhəsiz ki, biz heç vaxt razılaşa bilmərik ki, ölkəmizin ərazisinin hansısa bir hissəsi digər bir ölkənin tərkibinə keçsin.

Şübhəsiz ki, Azərbaycanın dünya iqtisadi birliyində öz yerini tuta bilməsi üçün hər bir investor ilk növbədə onunla maraqlanır ki, bu və ya digər ölkədə ictimai-siyasi vəziyyət necədir. Mən artıq qeyd etdim, bütün bu dörd il ərzində Azərbaycanda çox mürəkkəb daxili siyasi proseslər də gedibdir. Bunlar sizə məlumdur, vaxtınızı almaq istəmirəm. Ancaq onu demək istəyirəm ki, artıq son iki ildə biz ölkədə ictimai-siyasi vəziyyəti tam sabitləşdirməyə nail ola bilmişik. İndi bu sabitlik uzunmüddətli xarakter, cəsarətlə deyə bilərəm ki, daimi və əbədi xarakter daşıyır.

Bunu hər şeydən öncə sübut edən odur ki, Azərbaycanda daxili siyasi həyat bütünlüklə demokratik əsaslar üzərində qurulur, vətəndaşların hüquq və azadlıqlarının qorunması, siyasi plüralizm, şəxsiyyət azadlığı təmin edilir. Ölkəmizdə 30-dan çox siyasi partiya sərbəst fəaliyyət göstərir, külli miqdarda qəzet, informasiya agentlikləri, mətbuat, söz azadlığından istifadə edərək fəaliyyətlərini həyata keçirirlər. Nəhayət, bu il noyabrın 12-də Azərbaycanda, mən deyərdim ki, tarixi əhəmiyyətə malik hadisə baş veribdir. Ümumxalq səsverməsi - referendum nəticəsində müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olunubdur. Azad, demokratik seçkilər əsasında müstəqil Azərbaycan Respublikasının ilk demokratik parlamenti seçilibdir.

Qəbul olunmuş konstitusiya nəinki daxili siyasi sabitliyi təmin edir, həm də götürdüyümüz strateji xəttin həyata keçirilməsi üçün bütün şəraitin və imkanların yaradılmasını nəzərdə tutur, buna hər cür təminat verir. Təkrar edirəm, demokratik hüquqi dövlət qurulması, demokratik vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatına uyğun dəyişikliklərin, iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyalar, azad sahibkarlıq üçün şərait yaradılması və onun mənafelərinin qorunması, xüsusi mülkiyyətin inkişafının təmin olunması, habelə şəxsiyyətin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi - bütün bunlar konstitusiyamızın müvafiq maddələrində kifayət qədər dolğun və konkret təcəssümünü tapıbdır.

Bununla yanaşı konstitusiya sahibkarlıq üçün, xarici investisiyalar üçün, xüsusi mülkiyyətin inkişafı üçün tam təminat verir, xüsusi sahibkarlığın mənafelərinin qorunmasını təmin edir.

Buna uyğun olaraq biz iqtisadi islahatların həyata keçirilməsinə dair tədbirlər görürük, mülkiyyətin özəlləşdirilməsi haqqında qanun və proqram qəbul olunub və həyata keçirilir. Əslində bu, ticarət sahəsində, xidmət sahəsində artıq həyata keçirilibdir və hesab edirəm ki, qarşıdakı illərdə Azərbaycanda mülkiyyət tamamilə özəlləşdiriləcəkdir. İndi aqrar bölmədə islahatlar uğurla aparılır və ümidvaram ki, bu, konkret praktiki nəticələr verəcəkdir. Bütün bunların hamısı bizim bazar iqtisadiyyatına uyğun dəyişikliklər yolu ilə, dünya iqtisadiyyatına qovuşmaq yolu ilə getmək istəyimizi konkret şəkildə nümayiş etdirir.

Bu sahədə bizim kifayət qədər böyük nailiyyətlərimiz də var. Bilirsiniz ki, çox mürəkkəb danışıqlar nəticəsində bir il bundan öncə, keçən ilin sentyabrında respublikamızda Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsinə dair dünyanın ən iri neft şirkətləri ilə müqavilə imzalanıbdır. Onu \"Əsrin müqaviləsi\" adlandırırlar. Bu da tamamilə doğrudur, çünki həmin müqavilə Azərbaycan neft şirkəti ilə dünyanın tanınmış 11 şirkətinin - \"Britiş petroleum\", \"Statoyl\", Amerikanın \"AMOKO\", \"Pennzoyl\", \"Yunokal\", \"Mak Dermott\", \"Eksson\" şirkətlərinin, Səudiyyə Ərəbistanının \"Delta\" şirkətinin, Türkiyənin \"Türk petrolları\" şirkətinin, Rusiyanın \"LUKoyl\" şirkətinin daxil olduğu konsorsium arasında imzalanıbdır. Bu şirkətlərin hamısı bir konsorsiumda birləşiblər. 30 il müddətinə imzalanmış bu müqavilənin böyük iqtisadi imkanları var.

Həmin müqavilənin imzalanmasına nail olmaq asan olmayıbdır. İstər daxili, istərsə də xarici xarakterli çoxlu əngəllər var idi. Biz bütün bunları aradan qaldırdıq, müqavilə imzalandı. Onu imzalayanda bəziləri bu müqavilənin imkanlarına şübhə ilə yanaşırdılar, hesab edirdilər ki, o kağız üzərində qalacaqdır. Lakın bu gün mən dərin məmnuniyyət hissi ilə sizə bildirmək istəyirəm ki, müqavilə yaşayır və fəaliyyət göstərir. Keçən bir il ərzində çox iş görülübdür. Ötən dövrün mühüm qərarı isə budur ki, oktyabrın 9-da konsorsium həmin müqavilə üzrə çıxarılacaq ilkin neftin ixracı üçün iki marşrutla neft kəmərlərinin çəkilməsi haqqında qərar qəbul edibdir. Bu kəmərlərdən biri Rusiya ərazisi ilə Qara dənizə, digəri Gürcüstan ərazisi ilə yenə Qara dənizə çıxacaqdır.

İlkin neftin ixracı üçün iki neft kəmərinin çəkilməsi haqqında qərar mühüm addım, bir il bundan öncə imzalanmış böyük neft müqaviləsinin praktiki surətdə həyata keçirilməsi deməkdir. Bundan əlavə, gələn il üçün də konkret tədbirlər nəzərdə tutulubdur. Təkcə onu demək kifayətdir ki, müqavilənin proqramının həyata keçirilməsinə konsorsiumun 1995-1996-cı illər üçün kapital qoyuluşu təqribən 700 milyon dollara çatır. Ancaq biz bununla kifayətlənmirik. Bu il noyabrın 10-da biz \"Qarabağ\" adlanan iri neft yatağının kəşfiyyatı və işlənməsinə dair daha bir mühüm müqavilə imzalamışıq. Həmin müqavilədə də konsorsium - Amerikanın \"Pennzoyl\", İtaliyanın \"ACIP\", Rusiyanm \"LUKoyl\" şirkətlərindən və Azərbaycan Neft Şirkətindən ibarət olan konsorsium iştirak edir. Burada da böyük proqram və müqavilə nəzərdə tutulur və onun praktiki nəticələr verəcəyi gözlənilir.

Bu müqavilələrin imzalanması və bunlarla bağlı tədbirlərin həyata keçirilməsi çox inandırıcı şəkildə göstərir ki, Azərbaycan xarici investorlar üçün, investisiyalar üçün açıqdır. Azərbaycan qarşılıqlı surətdə faydalı əməkdaşlıq, fəal əməkdaşlıq üçün açıqdır. Ancaq bunlar iri tədbirlərdir. Bununla bərabər, biz respublikamızda həm kiçik, həm də orta bizneslə əməkdaşlığı təmin etməkdən ötrü bütün imkanlardan istifadə edirik.

İndi Azərbaycanda mindən çox xarici firma, xarici şirkət, yaxud xarici tərəfdaşlarla yaradılmış birgə müəssisə var və onlar müxtəlif sahələrdə, o cümlədən ticarət sahəsində, bütün başqa sahələrdə fəaliyyət göstərirlər. Azərbaycanda infrastruktur yaradılmasına da kapital qoyulur. Yeri gəlmişkən deyim ki, bu da xarici investorlar üçün çox maraq doğuran sahədir. Ona görə ki, həm neft müqavilələri, həm də yaxın vaxtlarda həyata keçirəcəyimiz digər layihələr, şübhəsiz ki, Azərbaycanda çox güclü, dünya standartlarına uyğun gələn infrastruktur yaradılmasını tələb edir.

Ona görə Azərbaycanda xidmət sahəsinə, infrastruktur yaradılması sahəsinə investisiyalar qoyulması da çox faydalıdır və güman edirəm ki, xarici investorlar buna diqqət yetirəcəklər. Biz iqtisadiyyatımızı dünya iqtisadiyyatına qovuşdurmaq üçün başqa formalardan da istifadə edirik. BMT-nin Sənaye İnkişafı Təşkilatı ilə birlikdə hazırda Sumqayıt şəhərində azad iqtisadi zona yaradılması üçün fəal iş görürük. Sumqayıt Azərbaycanın iri sənaye mərkəzidir, burada kimya, neft kimyası məhsulları, qazma boruları, alüminium istehsal edən müəssisələr, yüngül sənaye müəssisələri yerləşir. Burada azad iqtisadi zona yaradılması xarici investorlarda böyük maraq oyadıbdır. Biz hesab edirik ki, bu iş çox perspektivlidir.

Biz iri müəssisələrimizdən bəzilərinin idarə olunmasını xarici şirkətlərə vermək qərarına gəlmişik və bu qərarı həyata keçirmək niyyətindəyik, hesab edirəm ki, bu, indı burada iştirak edənləri maraqlandıracaqdır. Bəzi başqa ölkələrdə keçmişdə Sovetlər İttifaqının tərkibində olan müstəqil dövlətlərdə artıq belə bir təcrübə var. Biz müvafiq tədbirlər hazırlamışıq və bunlar da həyata keçiriləcəkdir. Yəni biz müxtəlif istiqamətlərdə iş görürük və hesab edirik ki, bunun müqabilində müvafiq cavab addımları olacaqdır. Biz başa düşürük ki, yalnız öz imkanlarımız hesabına və sadəcə olaraq, xarici investorları cəlb etməklə bazar iqtisadiyyatına uyğun dəyişiklikləri, özəlləşdirməni həyata keçirmək, iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmaq mümkün deyildir. Ona görə də biz dünya maliyyə mərkəzləri ilə fəal əməkdaşlıq edirik.

Məhz buna görə də son vaxtlar dünyanın maliyyə mərkəzləri Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin real surətdə həyata keçirildiyinə, bizim özəlləşdirmə, iqtisadi islahatlar aparmağa səy göstərdiyimizə əmin olublar. Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Şurası bizə maraq göstərirlər. Bu əməkdaşlıq nəticəsində Ümumdünya Bankı da, Beynəlxalq Valyuta Fondu da, Avropa Yenidənqurma və İnkişaf Bankı da həm iqtisadiyyatımızda struktur dəyişiklikləri etmək üçün reabilitasiya kreditləri, həm də respublikamızda su və enerji təchizatı sahələrində nəzərdə tutduğumuz tədbirlərin həyata keçirilməsi üçün kreditlər ayırıblar. Ümumən bu il və gələn il üçün bizə ayrılmış kreditlərin həcmi təqribən 400 milyon dollardır.

Ancaq mən hesab edirəm ki, bu, yalnız başlanğıcdır, bizim ilk addımlarımızdır, Azərbaycanda iqtisadi islahatların dəstəklənməsi yolunda dünya maliyyə mərkəzlərinin atdığı ilk addımlardır və ümidvaram ki, bu, gələcəkdə davam edəcəkdir. Biz iqtisadiyyatımızı bazar prinsipləri əsasında yenidən qurmaq üçün hər şeyi edirik. Bu, valyuta-kredit sisteminə, bank sistemimizin yenidən qurulmasına da aiddir. Biz bu istiqamətdə bir sıra tədbirlər görmüşük və kifayət qədər yaxşı nəticələrə nail olmuşuq. Mənim fərmanlarıma uyğun olaraq qiymətlərin sərbəstləşdirilməsinə, xarici ticarətin sərbəstləşdirilməsinə dair tədbirlər həyata keçirilmiş və ölkəmizə xarici kapitalın cəlb olunması üçün, Azərbaycan ilə xarici firmalar arasında sərbəst mal mübadiləsinin həyata keçirilməsi üçün bir sıra başqa tədbirlər də görülmüşdür.

Biz bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli iqtisadi imkanlar yaradırıq və bundan sonra da yaradacağıq. Qeyd etdiyim kimi, bu konstitusiyada da təsbit olunmuşdur. Biz öz əməli tədbirlərimizlə xüsusi sahibkarlığı və təbii ki, müvafiq xarici tərəfdaşlarımızla birgə xüsusi sahibkarlığı da təşviq edir və bundan ötrü əlverişli imkanlar yaradırıq. Maliyyə, valyuta-kredit sistemimizdə, vergi sistemimizdə həyata keçirdiyimiz tədbirlər də buna kömək edir və bütün bunlar qəbul etdiyimiz konstitusiyada öz əksini tapdığına görə daha çox kömək edəcəkdir.

Gördüyümüz bu tədbirlər nəticəsində ölkəmizdə maliyyə vəziyyəti də sabitləşibdir. Artıq bir ildir ki, bizim milli valyutamızın - manatın mübadilə məzənnəsi sabit qalır. İnflyasiyanın səviyyəsini də xeyli aşağı salmışıq. Əgər 1995-ci ilin əvvəlində inflyasiya 60 faizə çatırdısa, indi, axırıncı yarım ildə 2 faizdən yuxarı qalxmır. Həm də bu göstərici sabitdir. Yəni demək istəyirəm ki, inflyasiyanın səviyyəsinin belə aşağı olması və milli valyutamızın, onun mübadilə məzənnəsinin dəyişməməsi, mənim fikrimcə, kifayət qədər sübut edir ki, xarici investorları cəlb edən layiqli tərəfdaş olmaq üçün biz bundan sonra da maliyyə sahəsində, bank sistemi, valyuta sistemi sahəsində tədbirlər görməyə qadirik.

Hesab edirəm, bütün bunlar hamısı birlikdə sizdə kifayət qədər təsəvvür yaradır ki, bugünkü Azərbaycan böyük potensial imkanlara malik olan, inkişaf edən ölkədir. Azərbaycan ictimai-siyasi həyatda, həm dövlət quruculuğunda, həm də iqtisadiyyatda demokratikləşmə yolu ilə inamla irəliləyir. Azərbaycan özəlləşdirmə, xüsusi sahibkarlığın inkişafı və xüsusilə biznes üçün daha geniş şərait yaradılması yolu ilə inamla gedir. Azərbaycan iqtisadiyyatın bütün kompleksinin yeni sima alması və dünya standartlarına uyğun olması üçün müxtəlif iqtisadi islahatlar, o cümlədən aqrar bölmədə islahatlar keçirməsi yolu ilə inamla irəliləyir.

Aydındır ki, hər hansı xarici investor üçün ən mühüm cəhət bu və ya digər ölkədə ictimai-siyasi şəraitin necə olmasıdır. Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunmuşdur, möhkəm təmin olunmuşdur, müvafiq təminatlar yaradılmışdır, qanunlar hökm sürür və respublika həyatının bütün sahələrinə nəzarət etməyə və məhz götürdüyümüz, gələcəkdə də inkişaf edəcək həmin iqtisadi xətti təmin etməyə qadir olan dövlət var.

Ona görə də mən sizin hamınızı bizimlə fəal əməkdaşlıq etmək üçün Azərbaycana dəvət edirəm. Ölkəmizə gələn hər bir investor özünün təkliflərinə müvafiq olan dəstək və yardım ala bilər, ən başlıcası isə - mehriban münasibətlə qarşılanacaqdır. Çünki biz belə əməkdaşlığı istəyirik, arzu edirik ona maraq göstəririk. Biz Azərbaycana xarici kapital axınını istəyirik, öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına qovuşdurmaq istəyirik. Ona görə də mən sizi dəvət edirəm.

Mən Adam Smit İnstitutunun dəvətini böyük məmnuniyyətlə qəbul etdim və xüsusi olaraq buraya gəldim ki, sizinlə şəxsən görüşüm və sizə, bu konfransın iştirakçılarına respublikamız haqqında, onun bugünkü vəziyyəti, ölkəmizdəki ictimai-siyasi mühit haqqında, bizim imkanlarımız və əməkdaşlıq etmək istəyimiz barədə danışım. Ona görə də mən sizi əməkdaşlığa dəvət edirəm. Hesab edirəm ki, Adam Smit İnstitutu bundan sonra da Azərbaycana diqqət göstərəcək və bizə, necə deyərlər, ayağa qalxmaqda, seçdiyimiz demokratik yolda iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə birlikdə addımlamaqda kömək edəcəkdir.

Bir neçə gündən sonra Parisdə Ümumdünya Bankının təşəbbüsü ilə təxminən elə bu mövzuya həsr olunmuş görüş keçiriləcəkdir. Lakin həmin görüş daha çox iqtisadiyyatın xüsusi bölməsi ilə bağlı olacaqdır. Təbiidir ki, indi bizdə hər şey özəlləşdirməyə doğru gedir, ona doğru gedir ki, Azərbaycanda xüsusi bölmə üstün yer tutsun. Biz Ümumdünya Bankının dəvətini qəbul etmişik və həmin görüşdə də iştirak edəcəyik.

Mən ev sahiblərinə, - təkcə Adam Smit İnstitutuna deyil, Böyük Britaniya hökumətindən bu konfransın hazırlanmasında iştirak edən və bu gün bizimlə burada olan şəxslərə təşəkkür etmək istəyirəm. Konfransımızın müvəffəqiyyətlə işləməsi üçün gözəl şərait yaratdıqlarına, bizə göstərdikləri və dünən buraya gəldiyimiz andan hiss etdiyimiz mehribanlığa, qonaqpərvərliyə görə londonlulara təşəkkürümü bildirmək istəyirəm. Konfransın bütün iştirakçılarına bir daha müraciət edərək onları Azərbaycanla əməkdaşlığa çağırıram.

Sizə bir daha təşəkkür etmək istəyirəm ki, Adam Smit İnstitutunun dəvətini qəbul edərək bu konfransa gəlmisiniz. Hamınıza gələcək fəaliyyətinizdə uğurlar, firavanlıq, konkret əməli nəticələr, xüsusən Azərbaycan Respublikası ilə əməkdaşlıqda konkret əməli nəticələr diləmək istəyirəm.

\"Azərbaycan\" qəzeti, 1 dekabr 1995-ci il.