Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə rəsmi səfərə yola düşərkən Binə hava limanında jurnalistlərə müsahibəsi - 8 fevral 1994-cü il

Sual: Cənab prezident, sizə uğurlu yol arzulayırıq. Siz hakimiyyətdə olduğunuz müddətdə üçüncü dəfədir ki, xarici ölkələrə rəsmi görüşə gedirsiniz. Azərbaycan xalqı sizin hər bir səfərinizə böyük ümidlər bəsləyir. Qarşıdakı səfər barəsində nə deyə bilərsiniz?

Cavab: Mən Türkiyəyə bu qardaş dövlətin prezidenti hörmətli Süleyman Dəmirəlin, Türkiyə hökumətinin dəvəti ilə gedirəm. Türkiyə Azərbaycan üçün ən yaxın, qardaş və dost ölkədir. Xalqlarımız arasında böyük tarixə malik dostluq, qardaşlıq əlaqələri var. Son illər Azərbaycan müstəqillik əldə etdikdən sonra bu əlaqələr daha da möhkəmlənmişdir. Lakin görüləsi işlər də çoxdur. Güman edirəm ki, Türkiyədə olduğumuz zaman Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin genişlənməsi, inkişaf etməsi üçün yeni işlər görüləcəkdir. Bu isə həm Azərbaycan Respublikası üçün, həm də Türkiyə Cümhuriyyəti üçün faydalı olacaqdır. Mən Türkiyəyə çox böyük məmnunluq hissi ilə yola düşürəm. Ümidvaram ki, danışıqlarımız uğurlu olacaqdır.

Sual: Möhtərəm prezident, siz Ermənistanla Azərbaycan arasında münaqişənin sülh yolu ilə aradan qaldırılmasına həmişə tərəfdar olmusunuz. Üstəlik, istər Rusiyanın, istərsə də Türkiyənin vasitəçiliyinin heç vaxt əleyhinə çıxmamısınız, əksinə, buna tərəfdar olmusunuz. Qarşıdakı səfəriniz zamanı Türkiyənin vasitəçiliyi məsələsi qaldırılacaqmı? Bu məsələ yüksək səviyyədə həll ediləcəkmi?

Cavab: Şübhəsiz ki, mən bu məsələnin sülh yolu ilə, barışıq yolu ilə həll edilməsinin tərəfdarıyam. Mən bu mövqeyi indi də müdafiə edirəm. Vaxtilə ABŞ, Rusiya ilə birlikdə Türkiyə də bu məsələyə dair dəyərli bir təşəbbüs irəli sürmüşdür. Amma, təəssüflər olsun ki, indiyədək bu təşəbbüs həyata keçirilməmişdir. Odur ki, qarşıdakı görüşlər, danışıqlar zamanı həmin təşəbbüsün həyata keçirilməsi üçün imkan düşərsə bu, Azərbaycan üçün çox faydalı olacaqdır.

\"Azərbaycan\" qəzeti, 9 fevral 1994-cü il.