Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Kişinyov şəhərinə yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibə - 6 oktyabr 2002-ci il

Heydər Əliyev: Mənim səfərim artıq elan olunubdur, oktyabrın 7-də Kişinyovda Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin dövlət başçıları görüşəcəklər. Bu, növbəti görüşdür. Orada Müstəqil Dövlətlər Birliyi ilə əlaqədar məsələləri müzakirə edəcəyik və görüşümüz bununla başa çatacaqdır.

Bu gün yəqin sizi maraqlandıran odur ki, orada Ermənistan prezidenti Köçəryanla mənim təkbətək görüşüm olacaqdır. Ola bilər ki, Minsk qrupunun həmsədrləri də orada olsunlar. Onlar da bizimlə görüşmək istəyirlər. Bu qədər.

Sual: Cənab Prezident, mətbuatımızda, ictimaiyyət arasında müharibə ilə əlaqədar kifayət qədər təbliğat aparılır. Ümumiyyətlə, əhval-ruhiyyə bambaşqadır. Müharibənin başlaması ehtimalı nə qədərdir?

Cavab: Bilirsiniz, müharibə elə bir şey deyil ki, deməklə onu başlayasan. İndi təbliğat gedir, kim təbliğat aparır? Mən gördüm, ANS televiziyası dünən bu barədə çox təbliğat aparırdı. Belə təbliğat var. Bunu bir o qədər də şişirtmək lazım deyildir.

Sual:Cənab Prezident, hər iki tərəf Sədərək görüşü barədə heç bir açıqlama vermədiyi bir vaxtda Vardan Oskanyan bəyan edib ki, həmin görüşdə razılaşdırılmış məqamlar razılaşdırılmayanlardan çoxdur.

Cavab: İndi o deyir də. Biz razılaşmışıq ki, deyilməsin. Təəssüf ki, deyirlər. İndi mən nə deyim.

Sual: Cənab Prezident, MDB-də iqtisadi və siyasi inteqrasiyanı Siz necə görürsünüz?

Cavab: Pis deyil, gedir.

Sual: Cənab Prezident, Minsk qrupunun həmsədrləri bu günlərdə Azərbaycanda olublar. Bu səfərin nəticələrini necə qiymətləndirirsiniz?

Cavab: Biz onlarla görüşəcəyik.

Sual: Cənab Prezident, Azərbaycan ordusunun döyüş hazırlığının səviyyəsini yüksək qiymətləndirirsinizmi?

Cavab: Mən dəfələrlə demişəm ki, Azərbaycanın güclü ordusu var.

Sual: Cənab Prezident, Azərbaycan gəmilərinin Xəzərdən Qara dənizə çıxmasına müəyyən məhdudiyyət var. Bu barədə danışıqlar aparılacaqmı?

Cavab: Bundan mənim xəbərim yoxdur.

Sual: Cənab Prezident, Rusiya Ermənistana silah satır. Buna münasibətinizi bilmək olarmı?

Cavab: Keçmişdə silah satıb.

Jurnalist: Bu barədə yenə də informasiya verilir.

Heydər Əliyev: Yenidən onların silah satdıqlarını bilmirəm. Rusiyanın Ermənistanda çoxlu silahı var. Orada silah alıb-satmağa ehtiyac yoxdur.

Jurnalist: Cənab Prezident, Serj Sarkisyanla müqavilə imzalayıblar…

Heydər Əliyev: Elədir, bəli. İndi Rusiya hamıya silah satır.

Jurnalist: Bunu təzyiq kimi qiymətləndirmək olarmı?

Heydər Əliyev: Burada elə bir şey yoxdur. Rusiya hamıya silah satır. İstəsək, bizə də verəcək, satacaqdır.

Sual: Cənab Prezident, müxalifətin Azərbaycan iqtidarı ilə danışıqlara getmək istəyinə münasibətinizi bildirərdiniz.

Cavab: Mən bilmirəm, onlar danışıqlara getmək istəyirlər, yoxsa yox. Sağ olun.