Azərbaycan - Suriya münasibətləri

          

 
Münasibətlərin tarixi - Suriya ilə Azərbaycanı bir-birinə tarix, sivilizasiya, mədəniyyət və əməkdaşlıq telləri bağlayır. Bu münasibətlərin bünövrəsi hələ İpək Yolu əsrində, müstəqillik qazandığımızdan əvvəlki və sonrakı dövrlərdə qoyulub.

Heydər Əliyev hələ SSRİ dönəmində Azərbaycanın rəhbəri olarkən Suriya prezident Hafiz Əsədlə bir neçə dəfə görüşüb. O, 1972-ci ildə Suriyada səfərdə olarkən prezident Hafiz Əsədlə görüşüb və Hələb şəhərində dahi Azərbaycan şairi Nəsiminin qəbrini ziyarət edib. Elə o illərdə Suriya Prezidenti Hafiz Əsəd də SSRİ-yə rəsmi səfəri çərçivəsində Azərbaycanda da olub və Heydər Əliyevlə görüşüb. 1984-cü ilin martında isə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Suriya paytaxtında səfərdə olub və Prezident Hafiz Əsədlə Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edib.

İkitərəfli siyasi münasibətlər - Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında diplomatik əlaqələr 28 mart 1992-ci ildə yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələri möhkəmləndirmək üçün 11 aprel 1997-ci il tarixində Dəməşqdə Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi haqqında qərar qəbul edib. 2008-ci il 16 may tarixindən etibarən Suriyada Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb.

İkitərəfli münasibətlərdə dövlət başçılarının görüşləri böyük rol oynayıb. Azərbaycan Prezidenti Heydər Əliyev Tehranda 9 dekabr 1997-ci iltarixində İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VIII zirvə görüşündə Suriya Prezidenti Hafiz Əsədlə görüşüb. Suriya Prezidentinə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Prezident Heydər Əliyev ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlardan da danışıb.

Suriya Prezidenti Hafiz Əsəd Heydər Əliyevin fəaliyyətini diqqətlə izlədiyini və hələ SSRİ dövründə onun bu ölkənin rəhbərlərindən biri olması ilə fəxr etdiyini bildirib.

2009-cu il iyulun 8-də Suriya prezidenti Bəşşar əl-Əsəd Azərbaycana rəsmi səfərə gəlib. Səfər dövründə Bəşşar əl-Əsəd Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüş keçirib. Azərbaycan Prezidenti ilə görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər haqqında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsi zərurətindən irəli gəldiyini qeyd edən Suriya Prezidenti iki ölkə arasında iqtisadi əməkdaşlığın, xüsusən də yerüstü, dəniz və hava nəqliyyatı yollarının inkişaf etdirilməsi, neft və qaz sahələrindəki strateji layihələrin birgə qurulması vasitəsilə iki ölkə arasındakı ticarət mübadiləsinin və sərmayə qoyuluşunun artırılması üçün real fürsət olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Suriya Prezidenti Bəşşar əl-Əsədin iştirakı ilə Azərbaycan və Suriya arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan şəxslərin viza tələblərindən azad olunması, mədəniyyət sahəsində əməkdaşlıq, sənaye və energetika sahəsində əməkdaşlıq və sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında anlaşma Memorandum imzalanıb. Daha sonra Nazirlər Kabinetində müxtəlif sahələri əhatə edən 14 hökumətlərarası sənəd imzalanıb.

İki ölkə arasında parlamentlərarsı işçi qrupu fəaliyyət göstərir.

İqtisadi münasibətlər - 2009-cu iliyulun 9-da Bakıda Azərbaycan-Suriya biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Suriya Prezidenti Bəşşar əl-Əsəd forumun açılışında iştirak ediblər. Biznes forumda Azərbaycandan 120-yə yaxın şirkət nümayəndəsi və Suriyadan 70-ə yaxın iş adamı iştirak etmişdir.

2010-cu ilin martında Azərbaycanın sənaye və energetika nazirinin Suriyaya səfəri dövründə hər il bu ölkəyə 1-1,5 mlrd. kub metr həcmində qaz satılmasına dair razılıq əldə olunub.

İki ölkə arasında müxtəlif dövrlərdə Bakı-Hələb istiqaməti ilə hava reysi həyata keçirilsə də, hazırda birbaşa hava əlaqəsi yoxdur. Buna baxmayaraq tezliklə Bakı-Dəməşq hava xəttinin açılması nəzərdə tutulub.

Mədəni münasibətlər - 2008-ci ilin 10-17 noyabrında Suriyanın Hələb şəhərində Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş müştərək elmi konfrans keçirilib. Azərbaycan nümayəndə heyəti həmin konfransda iştirak edib, Nəsiminin məqbərəsinin bərpasına və onun ətrafının abadlaşdırılmasına dair razılıq əldə olunub.

Hazırda Suriyanın təhsil müəssisələrində Azərbaycandan 150-yə qədər tələbə təhsil alır. Azərbaycanlı tələbələr əsasən ərəb dili və şəriəti öyrənirlər. Azərbaycanda isə 40 yaxın suriyalı gənc mühəndis və həkim peşəsinə yiyələnmək üçün ali təhsil müəssisələrində təhsil alır.

Hər iki dövlətin BMT və İKT çərçivəsində əməkdaşlığı münasibətlərin möhkəmlənməsinə xidmət edir. BMT-nin İnsan Hüquqları Şurasının ikinci sessiyasında Suriyanın irəli sürdüyü "Suriyanın işğal olunmuş Colan təpələri. İnsan hüquqlarının vəziyyəti" adlı qətnamə üzrə keçirilmiş səsvermədə Azərbaycan qətnamənin lehinə səs verib. Suriya da BMT və İKT çərçivəsində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.