Azərbaycan Prezidenti Heydər Əliyevin Bakı Əyləncə Mərkəzində kimsəsiz və şəhid ailələrindən olan uşaqlar üçün keçirilmiş Novruz bayramında nitqi - 20 mart 1999-cu il

Əziz uşaqlar, əziz balalar!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, şən həyat və xoşbəxt gələcək arzulayıram.

Əziz balalar, Azərbaycan gənclər ölkəsidir, 8 milyon əhalimizin 5,5 milyondan çoxu gənclər, uşaqlardır. Siz xalqımızın sevimlilərisiniz, siz bizim sevincimiz, gülümüz, çiçəyimiz, siz bizim ürəyimiz, qəlbimizsiniz! Siz Azərbaycanın gələcəyisiniz.

XX əsr sona çatır, biz XXI əsrə qədəm basaraq gələcəyi sizing üzərinizə qoyuruq. Siz uşaqlar, gənclər bu gün müstəqil Azərbaycanın gələcəyinin qurucularısınız. Mən bu gün sizinlə burada olduğum dəqiqələr, saatlar içərisində çoz düşünmüşəm və bunların nəticəsi ondan ibarətdir ki, sizin istedadınız, gözəlliyiniz, vətənpərvərliyiniz məni əmin edir ki, Azərbaycanın çox gözəl, xoşbəxt gələcəyi var.

Siz bu gün öz istedadınızı parlaq şəkildə nümayiş etdirdiniz, mahnılarınızla, rəqslərinizlə, sözlərinizlə, musiqinizlə. Siz Azərbaycana nümayiş etdirdiniz ki, xalqımızın çox istedadlı uşaqları, gəncləri var. Deməli, xalqımızın, millətimizin bugünkündən də gözəl gələcək qurucuları var və bu gündən də gözəl, xoşbəxt gələcəyi var.

Əziz uşaqlar, biz atalar, analar, babalar, nənələr sizin rahat yaşamağınız, sülh və əmin-amanlıq içərisində olmağınız üçün çalışırıq. Görürsünüz ki, son illər Azərbaycanda gördüyümüz işlərin nəticəsində həyat gündən-günə yaxşılaşır, insanların rifah halı yüksəlir və sizin bugünkü görkəminiz, əhval-ruhiyyəniz, xoş mahnılarınız da bunu təsdiq edir ki, Azərbaycan gündən-günə yaxşılığa doğru gedir. Siz sülh və əmin-amanlıq şəraitində yaşayırsınız. Bizim apardığımız siyasət, gördüyümüz tədbirlər nəticəsində Azərbaycanda sabitlik, rahatlıq yaranıbdır. Siz uşaqlar rahat yaşayıb oxumaq, təhsil almaq və gələcəyə hazırlaşmaq imkanını əldə etmisiniz.

Bu Novruz bayramı günü mən sizi və Azərbaycanın bütün uşaqlarını, gənclərini əmin edirəm ki, sizin bundan sonra daha da firavan, şən, rahat yaşamağınız üçün biz bütün tədbirləri görəcəyik, bütün fəaliyyətimizi buna həsr etmişik və bundan sonra da həsr edəcəyik.

Sizin qarşınızda təhsil almaq, həyatda öz yerinizi tutmaq üçün çalışmaq kimi böyük və çox məsuliyyətli yol durur. Sizin təhsilinizin daha da səmərəli olması üçün, məktəblərdə, ali təhsil ocaqlarında tədrisin keyfiyyətini artırmaq üçün, sizi - uşaqları, gəncləri gələcəyə hazırlayaraq müasir tələblər əsasında sizə təhsil vermək üçün biz böyük tədbirlər görürük. Təhsil islahatı kimi böyük bir proqram hazırlamışıq və onu həyata keçiririk.

Azərbaycanın təhsil islahatı proqramı bu əsrin sonundan XXI əsrin birinci onilliyinə qədər nəzərdə tutulubdur. Demək, məktəblərdə sizin təhsilə baxmağınız, təhsil almağınız, ali məktəblərə hazırlaşmağınız dövrü ölkəmizdə təhsil islahatları dövrü ilə üst-üstə düşür. Biz çalışacağıq ki, məktəblər, bütün təhsil ocaqları daha da mükəmməl olsun, beynəlxalq standartlara cavab versin. Çalışacağıq ki, gənclərimiz gələcəkdə aldıqları təhsillə dünyanın hər bir yerində yaşayıb işləyə bilsinlər, özlərinə münasib yer tapa bilsinlər.

Azərbaycan müstəqil ölkə kimi Dünya Birliyinə bağlanıbdır. Biz çalışırıq ki, uşaqlarımız, gənclərimiz elə təhsil alsınlar, elə hazırlaşsınlar ki, öz ölkələrinə fayda verməklə bərabər, dünyanın hər bir ölkəsində Azərbaycanı təmsil edə bilsinlər və öz vətəni, ölkəsi üçün səmərəli iş görə bilsinlər. Biz sizin bu gününüz, gələcəyiniz üçün çalışırıq, çox işlər görürük və bundan sonra da görəcəyik. Bu gün sizinlə burada birlikdə olduğum dəqiqələr məni bir daha əmin edir ki, siz buna layiqsiniz. Biz sizin üçün daha çox çalışmalıyıq. Siz çox gözəlsiniz, öz gözəlliyinizlə, istedadınızla bizim cəmiyyətimizi sevindirirsiniz, ataları, anaları, bütün insanları sevindirirsiniz. Güman edirəm ki, bu gözəl Əyləncə Mərkəzində bugünkü Novruz bayramını keçirməyiniz, bunun televiziya ilə bütün Azərbaycana yayılması vətənini, millətini istəyən hər bir insanı sevindirməlidir. Çünki siz o qədər gözəllik, sevinc gətirirsiniz ki, insan buna biganə qala bilməz.

Bu Əyləncə Mərkəzi Azərbaycanda son illər aparılan iqtisadi siyasətin gözəl təzahürü, bazar iqtisadiyyatının gözəl nümunəsidir. Bu Əyləncə Mərkəzi Azərbaycanda insanların rahat istirahət etməsi, əylənməsi üçün yaranıbdır. Burada siz uşaqlar əylənir, bayram edirsiniz. Demək, bu Əyləncə Mərkəzi bütün xalqımızındır, millətimizindir, uşaqlarındır. Bu məni daha da sevindirir. Əylənin, oynayın, oxuyun, şadlanın, bayram edin!

Novruz bayramınız mübarək olsun, əziz balalar! Sağ olun!