Сabbarli Ələkbər Həsən oğlu. “HEYDƏR ƏLİYEV VƏ NAXÇIVAN TARİXİ MƏSƏLƏLƏRİ” (2013)

5503.02 -Vətəntarixi

Tarix üzrə fəlsəfə doktoru elmi dərəсəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. XX əsr Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni inkişafı tarixinə parlaq səhifələrdən biri kimi daxil olmuşdur. Məhz bu dövrdə Azərbaycanda Heydər Əliyev kimi bütün dünyada tanınan, görkəmli siyasi və dövlət xadimi yetişmişdir. Olduqca zəngin bir ömür yolu yaşayan bu insanı fərqləndirən əsas cəhət onun qüdrətli tarixi şəxsiyyət olması, milli liderə xas olan dövlətçilik bacarığına malik olmasıdır.

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) birinci katibi vəzifəsinə seçilməsi ilə keçmiş SSRİ-nin tərkibində geridə qalmış aqrar respublika olan Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatda fundamental keyfiyyət dəyişiklikləri baş vermişdi. İstər 1982-ci ilədək – Azərbaycana ilk rəhbərliyi dövründə, istərsə də 1982-1987-ci illərdə SSRİ rəhbərliyində Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü kimi mühüm hökumət və siyasi (dövlət) vəzifələri tutduğu illərdə respublikanın hərtərəfli inkişafı məsələləri daim Heydər Əliyevin diqqət mərkəzində olmuş, o, bütün imkanlarından istifadə edərək səylə Azərbaycanın tərəqqisinə çalışmışdı.

Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi yüksəlişi ilə yanaşı, respublikada elm, təhsil və mədəniyyətin inkişafı məsələləri də Heydər Əliyevin daim qayğı ilə yanaşdığı sahələr olmuşdur. Onun dövlət rəhbəri kimi fəaliyyətinin bütün dövrlərində Azərbaycan xalqının tarixinin, mədəniyyətinin öyrənilməsini, tədqiqini həmişə diqqətdə saxlamış, bu sahədə də müvafiq tədbirləri həyata keçirməklə, alim və tədqiqatçılar üçün lazımi şəraitin yaradılmasını təmin etmişdi.

Heydər Əliyevin həyatı və fəaliyyətində Naxçıvanın özünəməxsus yeri və rolu vardır. O, Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi dövrdə çox mühüm tarixi qərarlar qəbul edildi. Naxçıvanda ictimai-siyasi şəraiti stabilləşdirmək və sağlamlaşdırmaq üçün böyük tədbirlər həyata keçirildi, getdikcə güclənən erməni təcavüzünün, düşmənin yaratdığı blokadanın ağır nəticələrinin qarşısının alınması üçün düşünülmüş çevik siyasət yürüdüldü.

Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri olduğu dövrdə, eləcə də Azərbaycan Prezidenti işlədiyi illərdə Naxçıvanın inkişafına, onun tarixinin hərtərəfli araşdırılmasına xüsusi diqqət yetirmişdir. O, Azərbaycan ərazisi olan Naxçıvanın çoxminillik tarixini daim yüksək qiymətləndirərək, bölgənin qədim, orta əsrlər, yeni və müasir tarixinin öyrənilməsini Naxçıvan tarixinin tədqiqatçıları qarşısında mühüm vəzifə kimi qoymuşdur.

XX əsrin 90-cı illəri və XXI əsrin ilk illərində Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi, muxtariyyət statusunun möhkəmləndirilməsi, sosial-iqtisadi tərəqqi, elmin və təhsilin inkişafı, bölgənin tarixinin, arxeoloji abidələrinin öyrənilməsi məhz Heydər Əliyevlə, onun müəyyənləşdirdiyi siyasi xətlə bağlıdır.

Heydər Əliyevin Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi islahat xarakterli tədbirlər daim tədqiqatçıların diqqət mərkəzində olmuş, onun siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı sanballı tədqiqat işləri aparılmışdır. Lakin indiyədək Heydər Əliyev və Naxçıvan tarixi məsələləri ilə bağlı sistemli tədqiqatlar aparılmamış, bu mövzu kompleks şəkildə araşdırılmamış, bu sahədə elmi şərhini gözləyən bir sıra məsələlərə kifayət qədər aydınlıq gətirilməmişdir.

Heydər Əliyevin Naxçıvan tarixində, onun ətraflı tədqiqi və öyrənilməsində oynadığı rol, göstərdiyi geniş fəaliyyətlə bağlı tarixi məqamların sistemli şəkildə təhlil edilməsi, onun çoxillik siyasi fəaliyyətinin Naxçıvan dövrünün ayrıca tədqiqat obyektinə çevrilməsi və bu dövrün Azərbaycanın müstəqil dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb etməsi tədqiq etdiyimiz mövzunun aktuallığını şərtləndirən əsas amillərdir.

İşin xronoloji çərçivəsi. Heydər Əliyevin hər iki tarixi dövrdə Azərbaycanda hakimiyyətdə olduğu illər Azərbaycan tarixinin mühüm mərhələsidir. Bu illər həm də Naxçıvanın inkişafı, tərəqqisi yolunda böyük bir mərhələdir.

Dissertasiyada 1969-1982, 1990-1993, 1993-2003-cü illərdə Naxçıvanda baş verən proseslər, muxtar respublikanın inkişafı məsələləri, muxtariyyət statusunun möhkəmləndirilməsi, tarixinin öyrənilməsi, ordu quruculuğu, bölgənin erməni təcavüzündən müdafiəsi və xilası, iqtisadiyyatın, elm və təhsilin inkişafı məsələləri tədqiq edilmişdir. Göstərilən xronoloji ardıcıllıq Heydər Əliyev və Naxçıvan tarixi məsələlərini daha dolğun izləməyə və elmi təhlillər aparmağa imkan yaradır.

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982, 1993-2003-cü illər, Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi, Ali Məclisin Sədri vəzifəsində işlədiyi 1990-1993-cü illər, predmetini isə bu illər ərzində dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar, ərazi bütövlüyü uğrunda apardığı mübarizə, Naxçıvanın konstitusion-hüquqi, hərbi-siyasi və diplomatik səviyyədə etibarlı müdafiəsinin təşkili, bölgənin muxtariyyət statusunun möhkəmləndirilməsi, tarixinin öyrənilməsi və tədqiqi məsələləri, elm, təhsil, mədəniyyət, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar təşkil edir.

Tədqiqatın məqsəd və vəzifələri. Heydər Əliyevin Azərbaycana və Naxçıvana rəhbərlik etdiyi dövrdə Naxçıvanın istimai-siyasi, mədəni inkişafında oynadığı rolu, milli dövlətçilik ənənələrinin bərpası və inkişafı istiqamətində qəbul etdiyi tarixi qərarları, bölgənin tarixinin öyrənilməsi, Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması, erməni işğalından müdafiəsi, elm, təhsil, mədəniyyət sahəsində baş verən tərəqqi, ziyalılara qayğı, tarixi abidələrin mühafizəsi və bərpası məsələlərinin araşdırılması tədqiqatın əsas məqsədi kimi qarşıya qoyulmuşdur. Bu məqsəd aşağıdakı vəzifələrin həllini şərtləndirmişdir:

– Heydər Əliyev və Naxçıvan tarixi məsələlərini hərtərəfli araşdırmaq;

– Müəyyən edilən xronoloji çərçivədə Naxçıvan tarixi məsələlərinin elmi şərhini vermək;

– Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982, 1993-2003-cü illərdə, onun siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrünü təşkil edən 1990-1993-cü illərdə muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən inkişafı izləmək;

– Heydər Əliyevin 1990-cı ildə Naxçıvana gəlişinin siyasi proseslərə, milli azadlıq hərəkatının güclənməsinə təsiri məsələlərini araşdırmaq;

– 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində Naxçıvanda cərəyan edən hadisələrin və bu hadisələrə Heydər Əliyevin münasibətinin şərhini vermək;

– Heydər Əliyevin Naxçıvanda milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirləri, etdiyi çıxışları, qəbul etdiyi tarixi qərarları, irəli sürdüyü vəzifələri təhlil etmək;

– Heydər Əliyevin Naxçıvanın ərazi bütövlüyünün qorunması uğrunda apardığı mübarizəni, ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində fəaliyyətini, ordu quruculuğunda həyata keçirdiyi tədbirləri öyrənmək;

– Heydər Əliyevin Naxçıvana muxtariyyət statusunun verilməsinin tarixi əhəmiyyəti ilə bağlı nitqlərini, bölgənin statusunun siyasi-hüquqi cəhətdən daha da möhkəmləndirilməsi istiqamətində yürütdüyü siyasəti dəyərləndirmək;

– Naxçıvan tarixinin hərtərəfli öyrənilməsi ilə bağlı qəbul edilən qərarları, bu sahədə qarşıya qoyulan məsələləri müəyyənləşdirmək;

– Heydər Əliyevin Naxçıvanda elmin, təhsilin və mədəniyyətin inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarları, görülən işləri təhlil etmək;

–Naxçıvanın tarixi abidələrinə, görkəmli tarixi şəxsiyyətlərinə, ictimai fikir adamlarına Heydər Əliyevin dövlət rəhbəri kimi qayğısını önə çəkmək.

Mövzunun tədqiqi tarixi. Heydər Əliyev Azərbaycanın müasir tarixinin bir qərinəni əhatə edən çox mühüm bir mərhələsində respublika rəhbəri, dövlət başçısı kimi fəaliyyət göstərmiş, ölkənin ən müxtəlif problemlərinin həllində başlıca rol oynamışdır. Müstəqillik dövrü tariximizin ilk illəri Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı, Azərbaycan Respublikasının qurucusu kimi onun adı ilə ayrılmaz şəkildə bağlıdır. Ona görə də Heydər Əliyevin həyatı və fəaliyyətinin ayrı-ayrı dövrlərinə və məsələlərinə dair bir çox tədqiqatlar aparılmış, bu sahədə yüzlərlə kitablar və elmi məqalələr nəşr edilmişdir.

Bu baxımdan ilk növbədə akademik R.Mehdiyevin tədqiqatları özünün geniş tarixi-siyasi və fəlsəfi-politoloji aspektləri, habelə faktoloji bazasının zənginliyi ilə diqqəti cəlb edir(Mehdiyev R.Ə. Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr // “TV-Plyus” aylıq televiziya və radio jurnalı, 2008, № 5;). B.Budaqov(Budaqov B. Heydər Əliyev fenomeni. Bakı: 2002, 145 s), Y.Mahmudov(Mahmudov Y.M. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Təhsil, 2002, 310 s;), X.Kazımlı (Kazımlı X. Heydər Əliyev dövlət idarəçiliyi məktəbi “Xalq qəzeti”, 2007, 17 iyun;), F.Abdullazadə(Abdullazadə F.H. Heydər Əliyev: Siyasi portret. Bakı: XXI, 1998, 115 s), S.Xəlilov(Xəlilov S. Heydər Əliyev ideyaları və müasirlik / Heydər Əliyev irsi Azərbaycanın davamlı inkişaf strategiyası. 2006-cı ildə keçirilmiş elmi konfransın materialları. Bakı: Azərbaycan, 2006, s. 638-649;), Q.Bayramov(Bayramov Q.M. Heydər Əliyev və Azərbaycan tarix elmi. Bakı: Təhsil, 2004, 264 s), N.Xudiyev(Xudiyev N. Heydər Əliyev və Azərbaycan dili. Bakı: Təhsil, 1997, 288 s.; Yenə onun. Xalq və dövlət naminə. Bakı: Azərbaycan, 2004, 399 s.), İ.Hüseynova (Hüseynova İ.M. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı: Təhsil, 2004, 472 s.;) , M.Qasımlı (Qasımlı M.C. Heydər Əliyev. İstiqlala gedən yol (1969-1987-ci illər). Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, 608 s.), V.Andriyanov (H.Mirələmovla birlikdə) (Andriyanov V.İ., Mirələmov H. Heydər Əliyev. Bakı: Nurlan, 2008, 559 s), H.Mirələmov(Mirələmov H. Millətin atası: publisistik düşüncələr, tarixi esselər, məktublar, Bakı: Azərbaycan, 2004, 272 s.; Yenə onun. Zəfər yolu. Esse. Bakı: Gənclik, 2003, 70 s.), Ə.Qasımov(Qasımov Ə.Q. Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri). Bakı: Təhsil, 2009, 302 s), E.Axundova(Axundova E.H. Heydər Əliyev: Şəxsiyyət və zaman (1923-1969): 4 cilddə, I c, Bakı: Ozan, 2007, 352 s.;), R.Mirzəzadə (Mirzəzadə R. Azərbaycanı dünyaya saydıran insan. Bakı: Göytürk, 1998, 400 s.), M.Zabelin(Забелин М. Гейдар Алиев: Лидер, политик, друг: документально-публицистический очерк. Баку: Нурлан, 2005, 216 s), N.Zenkoviç (Zenkoviç N. Heydər Əliyev. Tale yolları. Bakı: Azərbaycan, 2007, 608 s) və b. tədqiqatçılar Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif yönlərini əhatə edən ciddi tədqiqatlar aparmış, monoqrafiyalar, kitablar nəşr etdirmişlər. Bu əsərlərdə Heydər Əliyevin Azərbaycan tarixində oynadığı mühüm rol, dövlət müstəqilliyinin təmin edilməsi və möhkəmləndirilməsindəki gərgin və həlledici fəaliyyəti, habelə şəxsi həyatının, siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif məsələləri ətraflı işıqlandırılmış, özünəməxsus xidmətləri təhlil edilmişdir.

Heydər Əliyevin həyat və fəaliyyəti naxçıvanlı tədqiqatçıların da daim diqqət mərkəzində olmuş, alimlərimiz bu istiqamətdə müntəzəm olaraq geniş tədqiqatlar aparmışlar. Bu baxımdan İ.Həbibbəyli (Həbibbəyli İ.Ə. Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti. Naxçıvan: Qeyrət, 2002, 80 s;), İ.Hacıyev (Hacıyev İ.M. Heydər Əliyev və milli tarixi yaddaşın bərpası. Bakı: Elm, 2003, 164 s.;), M. Seyidov və M.Rzayev (Seyidov M., Rzayev M. Zamanı qabaqlayan dahi. Bakı: Vektor nəşrlər evi, 2008, s. 315), F.Səfərli (Səfərli F. Naxçıvanda tarix elminin inkişafı (1991-2011-ci illər) // AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, 2011, №1, s. 32-36), E.Cəfərli (Cəfərli E.Y. Heydər Əliyev və Naxçıvanın muxtariyyət statusunun qorunması // Heydər Əliyev zirvəsi (Məqalələr və xatirələr). Naxçıvan: Qeyrət, 2008, s. 56-61;), M.Şabanov (Şabanov M.S. Azərbaycan tarixində Heydər Əliyev mərhələsi. Bakı: Nurlan, 2005, 336 s;) və b. dahi öndərin nurlu həyat yolunu, dövlətçilik tariximizdəki fəaliyyətini işıqlandıran qiymətli əsərlər yazıb nəşr etdirmişlər.

Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatına, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinə dair onlarla elmi konfranslar həsr olunmuş və həmin konfransların materialları toplu halında nəşr edilmişdir.

Heydər Əliyevin nəzəri-praktiki dövlətçilik və siyasi irsi daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Həmin tədqiqatlar diqqətlə öyrənilmiş, dissertasiyada onlardan məqsədəmüvafiq şəkildə istifadə edilmişdir. Bununla belə, indiyədək “Heydər Əliyev və Naxçıvan tarixi məsələləri” ayrıca tədqiqat mövzusu olmamış, aparılan çoxsaylı tədqiqatlarda bu mövzu geniş araşdırılmamışdır.Bir sıra tədqiqatlarda və elmi məqalələrdə isə mövzunun bəzi ayrı-ayrı cəhətləri təhlil edilsə də, bütövlükdə dissertasiya səviyyəsində tədqiqat obyekti olmamışdır. Həmin mövzuda dissertasiyanın yazılması da məhz bu ehtiyacdan irəli gəlmişdir.

Tədqiqatın mənbəşünaslıq bazası. Dissertasiyada qarşıya qoyulan məqsəd və vəzifələrin həllinə nail olmaq üçün zəngin elmi ədəbiyyat və arxiv sənədlərindən, eləcə də dövri mətbuat materiallarından geniş istifadə edilmişdir.

Tədqiqatda istifadə edilən mənbələr sırasında Heydər Əliyevin nəzərisiyasi irsini – məruzə, çıxış, nitq, bəyanat, fərman və sərəncamlarını özündə əks etdirən mənbələr xüsusi əhəmiyyətə malikdir. Onun Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə etdiyi məruzələr, söylədiyi nitqlər mövzunu öyrənmək baxımından əvəzsiz mənbədir. Bunlar 1997-2000-ci illərdə çapdan çıxmış 7 cilddən ibarət “Müstəqillik yollarında” kitabında və 1997-ci ildən başlayaraq nəşri davam edən “Müstəqilliyimiz əbədidir” adı ilə çap edilən 45 cildlik seriyada öz əksini tapmışdır.

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin birinci fondunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Naxçıvan MSSR ilə bağlı həyata keçirdiyi tədbirlər və bölgə ilə bağlı fikirləri öz əksini tapmışdır. Fondun sənədlərindən dissertasiyada geniş istifadə edilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin arxiv materialları, xüsusən Heydər Əliyevin müstəqillik ərəfəsi və müstəqilliyin ilk illərindəki siyasi və dövlətçilik fəaliyyətini işıqlandırmaq üçün etibarlı mənbədir.

Heydər Əliyevin 1990-1993-cü illər siyasi fəaliyyətini öyrənmək üçün Naxçıvan MR Ali Məclisinin Arxivi, habelə Naxçıvan MR Dövlət Arxivi xüsusi əhəmiyyət kəsb edir.

“Qayıdış” sənədlər toplusu tədqiqatımız üçün xüsusi mənbə rolunu oynayır. Bu topluda Heydər Əliyevin Naxçıvan dövrü siyasi fəaliyyətini əks etdirən çox qiymətli materiallar toplanmışdır.

Naxçıvan tarixi məsələlərinin işıqlandırılmasında bu mövzunun ayrıayrı cəhətləri ilə bağlı tədqiqatlar aparan müəlliflərin əsərlərinə xüsusi diqqət yetirilmişdir. Bundan başqa, müasir dövrdə nəşr edilən digər tədqiqatlar da izlənilmiş, mövzunun əhatəli şəkildə tədqiqi üçün bu əsərlərdən də yeri gəldikcə istifadə olunmuşdur.

Dissertasiyanın yazılmasında dövri mətbuat, xüsusən “Azərbaycan”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Hərbi and”, “Həyat”, “Xalq”, “İki sahil”, “Kommunist”, “Nuh yurdu”, “Oğuz yurdu”, “Respublika”, “Səs”, “Sovet Naxçıvanı”, “Şərq qapısı”, “Yeni Azərbaycan” qəzetləri və s. mətbu orqanlardakı materiallardan istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi. Dissertasiya aşağıdakı yeniliklərin ilk dəfə elmi dövriyyəyə daxil edilməsinə imkan vermişdir:

– ilk dəfə olaraq Heydər Əliyev və Naxçıvan tarixi məsələləri sistemli şəkildə araşdırılmışdır;

– Azərbaycanın müasir tarixinin böyük bir mərhələsində Naxçıvan tarixi ilə bağlı məsələlər kompleks şəkildə öyrənilmişdir;

– Heydər Əliyevin Naxçıvan tarixinin öyrənilməsi sahəsindəki fəaliyyəti, bu məqsədlə etdiyi çıxışlar, qəbul etdiyi qərarlar, həyata keçirdiyi tədbirlər çoxsaylı fakt və dəlillərlə ümumiləşdirilmişdir;

– Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illər ərzində Naxçıvanla bağlı fəaliyyəti geniş təhlil edilmiş, qəbul etdiyi tarixi qərarlar işıqlandırılmışdır;

– XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda başlamış milli azadlıq hərəkatında Heydər Əliyevin iştirakı və rolu elmi əsaslarla müəyyənləşdirilmişdir;

– 1990-1993-cü illərdə Naxçıvanda baş vermiş ictimai-siyasi proseslər, Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər elmi baxımdan geniş şərh edilmişdir;

– 1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi Naxçıvanla bağlı həyata keçirdiyi tədbirlər, bu istiqamətdə qəbul etdiyi tarixi qərarlar təhlil edilmişdir;

– Heydər Əliyevin muxtar respublikasının ərazi bütövlüyü uğrunda apardığı mübarizə, torpaqlarımıza erməni təcavüzünün qarşısının alınması istiqamətində göstərdiyi səylər öz elmi həllini tapmışdır;

– Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması sahəsində mühüm fəaliyyəti elmi faktlarla əsaslandırılmışdır;

– Ordu quruculuğu, hərbi kadrların hazırlanmasına göstərilən diqqət və bu sahədə həyata keçirilən islahatlar öyrənilmişdir;

– Elm, təhsil, mədəniyyət sahəsində mühüm tərəqqinin əldə olunmasında Heydər Əliyevin müstəsna rolu elmi şəkildə sübuta yetirilmişdir;

– Tarixi abidələrə, Naxçıvanın görkəmli yetirmələrinə Heydər Əliyevin qayğısı təhlil edilmişdir.

Tədqiqatın nəzəri-metodoloji əsası. Qaşıya qoyulan elmi problemin həlli üçün dissertasiyada Heydər Əliyevlə bağlı aparılan tədqiqatlara istinad edilmiş, azərbaycançılıq elmi-metodoloji prinsipi əsas götürülmüş, tariximüqayisəli, təsviri metodlardan istifadə edilmişdir. Eyni zamanda, Heydər Əliyevin 1969-2003-cü illərdəki fəaliyyəti, bu fəaliyyət çərçivəsində Naxçıvanla bağlı həyata keçirdiyi tədbirləri əks etdirən mənbələrdən, tədqiqatlardan bəhrələnməklə geniş araşdırma aparılmış, tarixi hadisələrə obyektiv yanaşma prinsipi gözlənilmişdir. Dissertasiyanın nəzəri bazasını Heydər Əliyevin müəllifi olduğu müstəqil dövlətçilik ənənələri, bununla bağlı irəli sürülmüş nəzəri ideyaları təşkil edir.

Tədqiqatın praktiki əhəmiyyəti. Heydər Əliyev və Naxçıvan tarixi məsələlərinin tədqiqata cəlb edilməsi, 1969-2003-cü illərdə qəbul edilən tarixi qərarların, həyata keçirilən daxili və xarici siyasətin mövzuya dair aspektlərinin hərtərəfli araşdırılması dissertasiya işinin elmi əhəmiy-yətini müəyyənləşdirir. Aparılan elmi araşdırmalar və ümumiləşdirmələr nəticəsində əldə edilən nəzəri müddəalardan Heydər Əliyev irsinin öyrənilməsində istifadə oluna bilər. Həmçinin tədqiqatdan Heydər Əliyevlə bağlı dərsliklərin hazırlanmasında, onun siyasi fəaliyyətinin öyrənilməsində, gələcəkdə Naxçıvan tarixinin müasir mərhələsinə dair aparılacaq tədqiqatlarda, habelə bu mövzuda xüsusi kursların təşkilində istifadə etmək olar.

İşin aprobasiyası. Dissertasiyanın mövzusu 12 yanvar 2004-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasında və AMEA Humanitar və İctimai Elmlər Bölməsi Tarix üzrə Problem Şurasının 15 iyul 2005-ci il tarixli iclasında təsdiq edilmişdir. İş Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasında yerinə yetirilmişdir. Dissertant mövzu ilə bağlı 10 may 2004-cü il tarixdə keçirilən “Heydər Əliyev və Azərbaycan” mövzusunda elmi konfransda, eləcə də müxtəlif elmi tədbirlərdə məruzələr etmişdir. Dissertasiyanın əsas elmi yenilikləri və nəticələri müəllifin Azərbaycanın və xarici ölkələrin elmi məcmuələrində nəşr etdirdiyi 19 məqalə və tezisində öz əksini tapmışdır.

Dissertasiyanın quruluşu. Dissertasiya giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

Dissertasiyanın giriş hissəsində mövzunun aktuallığı və xronoloji çərçivəsi əsaslandırılmış, mövzunun öyrənilməsi səviyyəsi araşdırılmış, tədqiqatın obyekti və predmeti, məqsəd və vəzifələri müəyyənləşdirilmiş, mənbəşünaslıq bazası təhlil olunmuş, elmi yeniliklər və praktik əhəmiyyəti göstərilmiş, metodoloji əsası şərh edilmişdir.

Dissertasiyanın I fəsli “Heydər Əliyev və Naxçıvan” adlanır və üç yarımfəsildən ibarətdir. “Naxçıvanın tarixi haqqında ümumi məlumat” adlanan I yarımfəsildə Naxçıvanın qədim dövrdən bu günə qədərki tarixi geniş şəkildə şərh edilmiş, son dövrlərdə geniş miqyas alan araşdırmalar diqqətə çatdırılmışdır.

XX əsrin 80-ci illərinin sonunda bütün SSRİ-də, Azərbaycanda kəskinləşən sosial-siyasi və iqtisadi problemlər Naxçıvanda da özünü bütün cəhətləri ilə göstərirdi. 1990-cı il iyulun 22-də görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi ilə milli-demokratik hərəkat yeni mərhələyə qədəm qoydu. Naxçıvanlılar Heydər Əliyevin simasında öz xilaskarını tapdı. Tezliklə xalqın yekdil səsi ilə Naxçıvan MSSR Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat seçilən Heydər Əliyev respublika əhalisinin güvənc yerinə çevrildi. Naxçıvanda milli oyanışın əsası qoyuldu. 1993-cü ilə nisbi ictimai-siyasi sabitlik şəraitində qədəm qoyan muxtar respublika xarici ölkələrlə, xüsusilə qonşu Türkiyə və İranla əlaqələrinin inkişafının yeni mərhələsinə qədəm qoymuş, həmin dövlətlərin müvafiq olaraq fevral-mart aylarında Naxçıvanda konsulluqları açılmışdı. Bakıdakı bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri Naxçıvana gələrək Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevlə müxtəlif sahələr üzrə danışıqlar aparmışdılar.

Fəslin “Heydər Əliyev Naxçıvan və onun tarixi haqqında” adlanan II yarımfəslində Heydər Əliyevin Azərbaycan tarixinin araşdırılması istiqamətində gördüyü tədbirlərdə Naxçıvanın tarixi və onun elmi cəhətdən dərindən öyrənilməsi xüsusi aktuallıq kəsb edir. O, Naxçıvanla bağlı hər bir çıxışında Azərbaycanın bu qədim diyarının tarixi ilə bağlı ən müxtəlif məsələlərə toxunur, tarixin daha əsaslı, obyektiv və əhatəli şəkildə öyrənilərək gələcək nəsillərə çatdırılmasını həlli vacib vəzifə kimi qarşıya qoyurdu.

Heydər Əliyev qeyd edirdi ki, Naxçıvan ölkəmizin ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, qədim tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunlar hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir. Azərbaycanın, millətimizin, Azərbaycan xalqının qədimliyini, dərin köklərini, zəngin mədəniyyətini və ulu babalarımızdan bizə gəlib çatmış irsi daha da dərk etməyin, daha yaxşı bilməyin, şübhəsiz ki, bugünkü və gələcək nəsillər üçün çox əhəmiyyəti vardır. Bütün Azərbaycanda, o cümlədən Naxçıvanda bu tədqiqatlar aparılmalıdır, bu işlər görülməlidir. (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. ХХII kitab, Bakı: Azərnəşr, 2007, s. 194)

Heydər Əliyev bu qədim bölgənin tarixinin hərtərəfli araşdırılmasını daim tövsiyə edir, həm də ərsəyə gələcək yeni elmi əsərlərin yanlız ermənilərə qarşı cavab kimi yazılmasını nəzərdə tutmur, bütövlükdə Azərbaycan xalqının tarixinin qədimliyini, mədəniyyətinin zənginliyini dünyaya təqdim etmək kimi daha yüksək amala xidmət etməsini arzulayırdı: “Azərbaycanın bir hissəsi olan Naxçıvanın tarixi ilə əlaqədar gərək çox fundamental əsərlər yaradaq, bu əsərlərlə də təkcə iddiaçılara cavab vermək yox, bütün dünyaya Azərbaycanın qədim, zəngin tarixini, mədəniyyətini göstərək”. (Azərbaycan Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında yekun nitqi. “Azərbaycan” qəzeti, 1999, 11 fevra)

Ulu öndərin tövsiyələri əsasında Naxçıvan tarixi yenidən tədqiq edildi, aktual məsələlərə aydınlıq gətirildi. Heydər Əliyev Naxçıvanın tarixinin öyrənilməsini stimullaşdırmaq, xüsusən onun muxtariyyətinin əhəmiyyətini önə çəkmək üçün Naxçıvanın muxtar respublika statusunun rəsmiləşdirildiyi tarixin dövlət səviyyəsində qeyd edilməsi istiqamətində uzaqgörən addımlar atmış, müvafiq qərarlar qəbul etmişdi.

“Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” Prezident Heydər Əliyevin 4 fevral 1999-cu il tarixli fərmanı diyarın tarixinin öyrənilməsi üçün çox böyük tarixi və siyasi əhəmiyyətli hadisə idi. Yaradılmış Dövlət Komissiyasının iclasında Naxçıvanın qədim tarixinin öyrənilməsi ilə bağlı maraqlı fikirlər söyləyən Prezident muxtar diyarın tarixinin öyrənilməsini Azərbaycan tarixinin tədqiq edilməsi prosesinin tərkib hissəsi kimi görür və tarix elmi qarşısında duran vacib məsələləri qeyd edirdi.

Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin istər birinci, istərsə də ikinci mərhələsində Naxçıvanın tarixinin öyrənilməsi istiqamətində bir sıra mühüm addımlar atmış, konkret tədbirlər görmüşdü.

Fəslin “Heydər Əliyevin Naxçıvanda dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti” adlanan III yarımfəslində qeyd edilir ki, Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə ölkə həyatının bütün sahələrində müsbət dəyişikliklər qısa zamanda özünü göstərdi. Onun respublikada böyük siyasi əzmlə, qətiyyətlə həyata keçirdiyi tədbirlər bütün Azərbaycanda olduğu kimi, Naxçıvan MSSR-in də iqtisadi, ictimai-siyasi həyatına öz müsbət təsirini göstərdi, muxtar respublika qısa zaman kəsiyində əsrlərə bərabər inkişaf yolu keçdi.

Heydər Əliyev Naxçıvanın uzun müddət geridə qalmasının səbəbini Azərbaycanın müvafiq nazirliklərinin, idarələrinin muxtar respublikaya diqqət yetirməmələrində görürdü. Eyni zamanda, bunun digər səbəbi kimi Vilayət Partıya Komitəsinın mövcud imkanlarından lazımınca istifadə etməməsi ilə əsaslandırırdı. Buna görə də o, vilayət, şəhər və rayon partiya komitələrinin fəaliyyətində olan nöqsanları tənqid etmiş və bu sahədə dönüş yaradılmasını tələb etmişdi.

Heydər Əliyev Naxçıvan MSSR-də olarkən neqativ hallara qarşı daha ciddi mübarizə aparmağı təxirəsalınmaz bir vəzifə kimi tapşırmış və müvafiq qərarlar qəbul etmişdi. Heydər Əliyev Azərbaycan SSR-in hökumət orqanlarından da Naxçıvan MSSR-ə münasibətlərini dəyişməyi, regiona kömək etməyi tələb edirdi.

1980-ci ilin may ayında Heydər Əliyevin Naxçıvana səfəri zamanı Naxçıvan VPK büro üzvləri, muxtar respublikanın rəhbərləri, Azərbaycan SSR-nin nazirlik və baş idarələrinin rəhbərləri ilə birgə Naxçıvan MSSRnin gələcək inkişafı üçün proqram hazırlanması qərara alınmış, gələcək sosial-iqtisadi inkişaf planı da müəyyənləşdirilmişdi. (Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi: f. 1, s. 12, iş. 39, v. 112-115)

1990-cı il iyulun 22-də Heydər Əliyev Bakıdan Naxçıvana gəldi. Naxçıvan MSSR Ali Sovetinin yeni çağırışının 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına sədrlik deputatlar tərəfindən Heydər Əliyevə həvalə edildi. Sessiyada Azərbaycan milli dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı məsələlər geniş müzakirə olundu.

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi bütövlükdə Azərbaycanın milli maraqları baxımından böyük hadisə idi. Bu hadisədən dərhal sonra gərgin ictimai-siyasi şəraitdə bir sıra çevik və ciddi qərarlar qəbul olundu. Ali Məclisin 1991-ci il 4 sentyabr tarixli qərarı ilə sentyabrın 8-ə təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi Naxçıvan MR ərazisində dayandırıldı. (Qayıdış (1990-1993). Sənədlər toplusu. Bakı: Azərbaycan, 1996, s. 130)

1992-ci il Naxçıvan MR üçün də çox mürəkkəb və məsuliyyətli il idi. Bu dövrdə Ali Məclisin Sədri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra mühüm addımlar atılmışdı. Qonşu Türkiyə ilə İrana olan səfərləri və həmin səfərlər zamanı imzalanan iqtisadi-mədəni əməkdaşlıq barədə protokollar Naxçıvanın yalnız iqtisadi həyatında deyil, həmçinin siyasi həyatında da müstəsna rol oynayır.

Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan Respublikası dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Prezident Heydər Əliyevin sədrliyi ilə 1995-ci il iyun ayının 2-də Konstitusiya Komissiyası yaradıldı. Komissiya Azərbaycan Respublikasının Konstitusiyasının layihəsini hazırlayıb 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsinə verdi. Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə qəbul olundu. Azərbaycan Respublikası Konstitusiyası Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verdi. (Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009, 68 s.)

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan MR-nın yeni Konstitusiyası hazırlandı. 1998-ci il yanvarın 14-də Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda Konstitusiya layihəsi geniş müzakirə olundu. O, iclasda Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətini bir daha qabardaraq deyirdi: “...Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub sax lamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq. Naxçıvan muxtariyyəti Naxçıvanla, Azərbaycanla Türkiyənin sərhədi üçün tarixi hadisədir...Naxçıvan muxtariyyətini qoruyub saxlamalıyıq və Naxçıvana ona lazım olan hüquqlar verilməlidir”. (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. XIV kitab, Bakı: Azərnəşr, 2005, s. 89)

Dissertasiyanın “Heydər Əliyev: Naxçıvanın muxtariyyət statusu və ərazi bütövlüyü problemi”adlanan II fəsli üç yarımfəsildən ibarətdir. “Heydər Əliyev Naxçıvana muxtariyyət statusunun verilməsinin tarixi əhəmiyyəti haqqında” adlanan I yarımfəsildə muxtariyyət statusunun Naxçıvanın tarixi və taleyindəki əhəmiyyəti təhlil edilmişdir. Naxçıvanın muxtariyyət statusunun yaranması və təmin edilməsinin səbəb və nəticələrini, tarixi hadisələrin inkişaf dinamikasını təhlil edən Heydər Əliyev deyirdi: “...Bəli, o vaxt ermənilər Naxçıvana iddia edirdilər, Naxçıvanı öz torpaqları kimi hesab edirdilər və Naxçıvanı Ermənistanın tərkibinə daxil etmək istəyirdilər. Burada da müəyyən tarixi nöqtələrdən istifadə edirdilər. Çünki çar Rusiyası Cənubi Qafqazı ələ keçirəndən sonra Azərbaycana məxsus olan Naxçıvan xanlığı və İrəvan xanlığı 1848-1849-cu illərdə ləğv edilmişdi. İrəvan quberniyası yaranmışdı. Naxçıvan qəzası da quberniyanın tərkibində idi. Onlar bundan istifadə edərək Naxçıvanı Ermənistana qatmaq cəhdləri göstərirdilər. O vaxt kəskin bir mübarizə gedirdi. Bu mübarizənin nəticəsində Azərbaycanın o vaxtkı hökuməti çox ciddi mövqe göstərərək həmin Qars müqaviləsində Naxçıvanın statusunu müəyyən etmiş və Naxçıvana muxtariyyət verilməsi haqqında qərar qəbul etmişdir”. (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. XIX kitab, Bakı: Azərnəşr, 2006, s. 152)

Azərbaycanın tərkibində Naxçıvan diyarının muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi mövqeyi – geosiyasi şəraiti ilə bağlı idi. Çünki üç tərəfdən Ermənistanla həmsərhəd olması Naxçıvanı Azərbaycanın digər torpaqlarından ayırırdı. Həmçinin o, cənubda və cənub qərbdə İran və Türkiyə ilə həmsərhəd idi və ərazi baxımından Azərbaycandan aralı düşmək Naxçıvanın inzibati idarəçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. (Musayev İ.M. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgəsində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı: BDU nəşriyyatı, 1996, s. 313) Ona görə də Naxçıvan diyarına muxtar respublika statusunun verilməsi milli mənsubiyyətinə görə yox, daxili və xarici amillərə, coğrafi mövqeyinə, geosiyasi vəziyyətinə, beynəlxalq müqavilələrə əsasən mümkün olmuşdur. Coğrafi-siyasi vəziyyəti tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini şərtləndirmiş və ona özünüidarə hüququnun tanınmasına yol açmışdır.

Fəslin “Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə” adlanan II yarımfəslində qeyd edilir ki, XX əsrin sonlarına doğru əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslər yenidən təkrarlandı. Ermənilərin qədim türk yurdu Naxçıvana ərazi iddiaları yenidən baş qaldırdı. Bu dövrdə ölkənin paytaxtından real kömək göstərilməməsi azmış kimi, səriştəsiz rəhbərlərin məsuliyyətsizliyi və hakimiyyət uğrunda amansız mübarizə səbəbindən torpaqlarımızın taleyi hərraca qoyulmuşdu. Düşmənin torpaqlarımızı bölüşdürmək planları reallaşmaqda, Naxçıvan Cənubi Qafqazın siyasi xəritəsindən Azərbaycan torpağı kimi yox edilmək ərəfəsində idi.

Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində Naxçıvanın ağır, mürəkkəb günlərində 1992-ci il mayın 25-də Ali Məclisin Rəyasət Heyəti Naxçıvanın İnkişafı və Müdafiəsi Fondunun yaradılması haqqında qərar qəbul etdi. (Naxçıvan MR Ali Məclisinin Arxivi: fond 1, siyahı 1, iş. 1-39, v. 9-11.) Fondun işinin təşkil olunması, fondda toplanacaq vəsaitin istifadəsinə nəzarət üçün Heydər Əliyevin sədrliyi ilə komissiya yaradılmışdı.

Naxçıvan MR Ali Məclisi bütün bu çətinlikləri nəzərə alaraq dəfələrlə Azərbaycan Respublikasının Prezidentinə, parlamentə, Nazirlər Kabinetinə müraciət edib, Naxçıvanı blokadadan çıxarmaq üçün təcili tədbirlərin görülməsini xahiş etmişdi. Azərbaycan Respublikasının Milli Məclisi iki dəfə – 1992-ci il iyulun 15-də və 1992-ci il avqustun 18-də Naxçıvan MR-da vəziyyət haqqında məsələ müzakirə edərək müvafiq qərarlar qəbul etmişdir. Lakin bu qərarlar Azərbaycanın nazirlikləri tərəfindən yerinə yetirilməmiş, bəzi rəhbər vəzifəli şəxslər, muxtar respublikanın əhalisinin taleyinə biganə münasibət bəsləmişdilər. (Naxçıvan MR Ali Məclisinin Arxivi: fond 1, siyahı 1, iş, 1-48, v. 5)

Təcavüzün qarşısının alınması məqsədilə dəfələrlə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev tərəfindən hətta Ermənistan prezidenti Levon Ter-Petrosyanla əlaqə saxlanılmış, müvafiq teleqramlar vurulmuşdu. 1993-cü il mayın 14-də Heydər Əliyevlə Ermənistan Ali Soveti sədrinin I müavini Ara Saakyan arasında görüş baş tutmuş və atəşin dayandırılması haqqında bəyannamə imzalanmışdı. (Qayıdış (1990-1993). Sənədlər toplusu. Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. Bakı: Azərbaycan, 2008, s. 638)

Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövrü, eləcə də Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyi illər Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsində mühüm dövr oldu. Belə ki, 1991-ci il yanvar ayının 11-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək onları muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində pozulması faktına münasibət bildirməyə çağırdı.

Yalnız mahir siyasətçi və strateq Heydər Əliyevin müdrikliyi və qətiyyəti Naxçıvanı düşmən işğalından xilas etdi, onu Azərbaycana tərkib hissəsi kimi qoruyub saxlaya bildi.

II fəslin “Heydər Əliyev və Naxçıvanda ordu quruculuğu” adlanan III yarımfəslində vurğulanır ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda yeni dönüş mərhələsi başladı.

1991-ci il oktyabrın 26-da Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyevin rəhbərlyi ilə SSRİ Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hissələrinin statusu məsələsi müzakirə olundu.

Muxtar respublika ərazisində uzun illər boyu yerləşən keçmiş SSRİ Silahlı Qüvvələrinin, sonra isə Rusiya Federasiyasının tabeliyində olan hərbi hissələrin ləğv olunması, onların sərəncamında olan hərbi və mülki əmlakın müstəqil Azərbaycan dövlətinə təhvil verilməsi, digər dövlətə mənsub olan hərbi qulluqçuların Naxçıvanın ərazisini tərk etməsi böyük tarixi əhəmiyyətə malik olan bir hadisə idi və bunun əsas təşkilatçısı milli ordu quruculunun banisi Heydər Əliyev olmuşdur.

Naxçıvandakı 41-ci sərhəd dəstəsinin də bütün əmlakı, mühəndistexniki qurğuları, silah və texnikası Azərbaycana tabe edilmiş, Azərbaycanda ilk sərhəd dəstəsi də məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılmışdı.

1992-ci il yanvarın 2-də Naxçıvan MR Ali Məclisi muxtar respublika ərazisində yerləşən silahlı qüvvələrin hərbi hissələrinin bütün tikililərinin, əmlakının, silah və hərbi sursatlarının, hərbi, mülki texnikasının Naxçıvan Muxtar Respublikasına məxsus olması barədə qərar qəbul etdi. (Naxçıvan MR Ali Məclisinin Arxivi: fond 1, siyahı 1, iş 1-30, v. 14-18) Naxçıvan MR Ali Məclisinin 1992-ci il iyulun 25-də qəbul etdiyi digər bir qərarda göstərilirdi ki, razılaşmaya əsasən Naxçıvan şəhərində yerləşən 75-ci motoatıcı diviziya ləğv edilərək bütün əmlakı Azərbaycan Respublikasının sərəncamına verilir. Eyni zamanda orada qulluq edən bütün azərbaycanlılar Azərbaycan Respublikası silahlı qüvvələrinin tərkibinə daxil olurlar.

1992-ci il iyul ayının 28-də Naxçıvan MR Ali Məclisinin təklifi ilə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Naxçıvan ərazisində I sərhəd qoşun dəstəsi yaradıldı. 1992-ci ilin avqust və sentyabr aylarında Rusiya tərəfindən 41-ci sərhəd qoşunları dəstəsinin ləğv olunması, onun bütün əmlakının Azərbaycana verilməsi haqqında qərarlar qəbul edildi. Sentyabrın 29-da Naxçıvan MR Ali Məclisi tərəfindən 41-ci sərhəd qoşunları dəstəsinin ləğv olunması, onun funksiyalarının, bütün hərbi sursat və əmlakın Azərbaycan Respublikasının I Sərhəd dəstəsinə verilməsi haqqında sərəncam imzalandı. Həmin gün sərhəd dəstəsinin sonuncu zabit və əsgər qrupu Naxçıvanı tərk etdi. (Qayıdış (1990-1993). Sənədlər toplusu. Bakı: Azərbaycan, 1996, s. 557)

Dissertasiyanın “Heydər Əliyev və Naxçıvanda elm, təhsil və mədəniyyətin inkişafı məsələləri” adlanan III fəsli dörd yarımfəsildən ibarətdir. Fəslin “Heydər Əliyev və Naxçıvanda elmin və təhsilin inkişafı” adlanan I yarımfəsildə bildirilir ki, Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda rəhbər vəzifədə işlədiyi dövrdə də təhsilin inkişafı bu uzaqgörən siyasətçinin daim diqqət mərkəzində olmuşdur. 1970-80-ci illərdə texniki-peşə təhsili məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də böyük işlər həyata keçirildi. Ulu öndərin hakimiyyətə gəlişi orta ixtisas məktəblərinin fəaliyyətində də böyük canlanma yaratdı. 1971-ci ildə Naxçıvan Politexnik Texnikumu, 1975-ci ildə isə Orta İxtisas Musiqi Məktəbi fəaliyyətə başladı. Muxtar respublikada ali və orta ixtisas məktəblərində tələbələrin sayı da əhəmiyyətli dərəcədə artdı.

Azərbaycanın ali məktəbləri ailəsində özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universitetinin yaranması və inkişafında Heydər Əliyevin böyük və əvəzsiz xidmətləri olmuşdur. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdə muxtar respublikada yeganə ali təhsil ocağı 1967- ci ildə fəaliyyətə başlayan Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialı idi. 1972-ci il iyunun 20-də Azərbaycan KP MK Bürosunun “Naxçıvan şəhərində Pedaqoji İnstitutun təşkili haqqında” Azərbaycan KP MKnın Birinci katibi Heydər Əliyev tərəfindən imzalanmış qərarı qəbul edildi. (ARPİİSSA: fond 1, siyahı 59, iş 54, v. 71) Bu ali təhsil ocağının fəaliyyətini diqqət mərkəzində saxlayan Heydər Əliyev Naxçıvan MR-nın yaradılmasının 50 illiyi ilə əlaqədar qədim diyara gələrək 1974-cü il oktyabr ayının 4-də Naxçıvan DPİ-nin müəllim və tələbə heyəti ilə görüşmüş, pedaqoji institutun bazasında müstəqil dövlət universitetinin yaradılması zərurəti haqqında ilk fikirlərini irəli sürmüşdü. (Həbibbəyli İ.Ə. Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti. Naxçıvan: Qeyrət, 1998, s. 9) Onun bu ideyası 29 dekabr 1990-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin 584 saylı qərarı ilə həyata keçirilmiş, Pedaqoji İnstitutun bazasında Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti (NDU) yaradılmışdı. (Həbibbəyli İ.Ə. Heydər Əliyevin həyatı və fəaliyyəti dövründə Naxçıvan Dövlət Universitet. Naxçıvan: Qeyrət ,2002, s.11)

NDU Elmi Şurasının 1999-cu il 9 oktyabr tarixli qərarı ilə Azərbaycanda milli təhsilin, elm və mədəniyyətin inkişafı sahəsindəki görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevə universitetin fəxri doktoru alimlik dərəcəsi verilmiş və NDUnun fəxri doktoru diplomu 11 oktyabr 1999-cu ildə Prezidentin universitetə gəlişi zamanı ona təqdim edilmişdi.

Heydər Əliyev ölkədə təhsilin hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlamış, vaxtaşırı onun tərəqqisi naminə öz tövsiyələrini vermişdir. İstər orta təhsil, istərsə də ali təhsil sistemində bir çox islahatların keçirilməsinə nail olmuş, bu sahədə bir çox zəruri sərəncamlar imzalamışdır.

Heydər Əliyev təhsillə bərabər, elmin inkişafına da xüsusi diqqət və böyük qayğı göstərirdi. AMEA Naxçıvan Bölməsinin yaradılması da onun muxtar respublikada elmin inkişafına verdiyi ən böyük töhfələrdən biridir.

Fəslin “Heydər Əliyev və Naxçıvanda mədəniyyətin inkişafı” adlanan II yarımfəsildə ölkənin mədəni inkişaf səviyyəsi təhlil edilir. Heydər Əliyev hakimiyyətinin hər iki dövründə mədəniyyətin inkişafına xüsusi diqqət yetirmiş, yaradıcı ziyalıların üzə çıxarılmasında böyük rol oynamışdır. İstər sovet hakimiyyəti dövründə respublikaya rəhbərlik edərkən, istərsə də müstəqilliyin ilk illərində ölkədə yaşanan iqtisadi çətinliklərə baxmayaraq Heydər Əliyev ayrı-ayrı musiqi kollektivlərinin, mədəniyyət ocaqlarının fəaliyyətini təmin etmək üçün müxtəlif məqsədyönlü tədbirlər görürdü.

Naxçıvan teatrının ən yüksək inkişafı 70-80-ci illərə təsadüf edir. Ulu öndərin səyi nəticəsində teatrın maddi-texniki bazası möhkəmləndirilmiş, teatr xadimlərinə xüsusi qayğı göstərilmişdir. Naxçıvan şəhərində M.Sidqi adına Uşaq Kukla Teatrının fəaliyyətə başlaması Heydər Əliyevin böyüməkdə olan nəslə, uşaqlara qayğısının daha bir təzahürü idi.

1970-1980-ci illərdə muxtar respublikada bəstəkarlıq sənəti də yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Naxçıvanda rəsm sənətinin inkişafında XX əsrin 70-ci illəri xüsusi bir mərhələ təşkil edir. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan şöbəsinin yaradılması bu sənət növünün inkişafına güclü təkan verdi.

Geniş xalq kütlələrinin mədəni səviyyəsinin yüksəldilməsində kitabxanaların rolu əvəzsizdir. Onların sayının artırılması, yeni ədəbiyyatlarla zənginləşdirlməsi Heydər Əliyevin fəaliyyətinin bütün dönəmlərində gündəmdə olmuş və bu istiqamətdəki bütün problemlər öz həllini tapmışdır.

Ölkəmizdə muzey işinin yenidən qurulması və təşkili də bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. O, bütün fəaliyyəti boyu ədiblərimizin yaradıcılığını da diqqətdə saxlamış, adlarını əbədiləşdirmişdir.

Fəslin “Heydər Əliyev Naxçıvanın görkəmli yetirmələri haqqında” adlanan III yarımfəslində vurğulanır ki, Naxçıvan diyarı tarixin bir çox mərhələlərində dünya siyasətinə, elminə, mədəniyyətinə nadir simalar bəxş etmiş, onlar isə öz növbəsində Naxçıvanı dünyada layiqincə tanıtmışlar. Ulu öndər bu görkəmli nümayəndələrin yaradıcılığını izləmiş, yubileylərinin keçirilməsi adlarının əbədiləşdirilməsi üçün böyük işlər görmüşdür.

Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə N.Tusinin 780, 2000-ci ildə isə 800 illik yubileyləri keçirilmiş, şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti yaradılmış, bir sıra elm, təhsil və mədənimaarif müəssisələrinə və küçələrə Tusinin adı verilmişdir.

Heydər Əliyev C.Məmmədquluzadə yaradıcılığını həmişə diqqətdə saxlamış, 1999-cu ildə Naxçıvan şəhərində yazıçının ev-muzeyinin açılışında iştirak etmiş və nitq söyləmişdi. Orbubad şəhərində M.S.Ordubadinin ev muzeyi yaradılmışdı.

Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul edilmiş, 1981-ci ildə ölməz sənətkarın cənazəsi Sibirdən Azərbaycana gətirilib doğulduğu Naxçıvanda torpağa tapşırılmışdı.

Heydər Əliyev Naxçıvanda ədəbiyyatın, ədəbi fikrin inkişafı, təbliği sahəsində göstərdiyi misilsiz xidmətlərindən biri də şair və yazıçıların dövlət səviyyəsində yubileylərinin keçirilməsi və adlarının əbədiləşdirilməsi idi. Belə ki, Heydər Əliyevin dövlət başçısı kimi qərar və sərəncamları ilə 1972-ci ildə M.S.Ordubadinn 100, 1981-ci ildə 110, 1980-ci ildə Ə.Qəmküsarın 100, Ə.Şərifin 85 illik yubileyləri həm Naxçıvanda, həm də Bakıda böyük təntənə ilə qeyd edilmişdi.

Fəslin “Heydər Əliyev Naxçıvan abidələri haqqında” adlanan IV yarımfəslində qeyd edilir ki, muxtar respublikada yerləşən tarixi abidələrin, müqəddəs yerlərin bərpası Heydər Əliyev tərəfindən diqqətdə saxlanılmış və bu istiqamətdə təxirəsalınmaz işlər görülmüşdür. Heydər Əliyevin tövsiyə və tapşırığı ilə e.ə. VII əsrin abidəsi olan Əshabi-Kəhf ziyarətgahında yüksək səviyyədə təmir-bərpa işləri aparılmışdır.

Naxçıvanın tarixi abidələri arasında, təbii ki, Gəmiqaya abidəsinin Azərbaycan tarixşünaslığında xüsusi yeri vardır. Naxçıvanın maddi mədəniyyətinin, xüsusən Gəmiqaya abidəsinin ümumbəşəri dəyərini və xalqımızın tarixinin öyrənilməsində elmi əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev 2001-ci ildə muxtar respublikanın ərazisində geniş arxeoloji tədqiqatlar aparılmasını bir vəzifə kimi qarşıya qoydu. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov 26 aprel 2001-ci ildə “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncam imzaladı. 2001- ci ilin avqustunda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Naxçıvan REM, NDU əməkdaşlarının iştirakı ilə Gəmiqayaya elmi ekspedisiya təşkil edildi, abidənin əsaslı şəkildə yenidən öyrənilməsinə başlandı.

Naxçıvan MR ərazisində mövcud olan qədim mədəniyyət abidələrinin tədqiqində Naxçıvan MR Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixili Sərəncamının böyük əhəmiyyəti olmuşdur.

2003-cü ildə Möminə Xatın və Qarabağlar türbəsində beynəlxalq təşkilatların iştirakı ilə bərpa və yenidənqurma işləri aparılmışdır.

Ümumiyyətlə, Naxçıvanın tarixi-memarlıq abidələrindən XII əsr abidəsi Yusif Küseyiroğlu türbəsi, XVIII əsrə aid Xan sarayı, XII-XIV əsrə aid Buzxana, XVI-XVIII əsrə aid edilən İmamzadə kompleksi, Əlincəçay Xanəgah kompleksi, “İsmayıl xan hamamı”, Came məscidi, Qarabağlar memarlıq kompleksi, Ordubadda Aza körpüsü, qədim Zorxana abidəsi, Bazarçay ətrafındakı yeraltı abidə və s. yüksək səviyyədə əsaslı təmir və bərpa edilmişdir.

Nəticə”də tədqiq edilən problemlə bağlı ümumiləşdirmələr aparılmış, elmi nəticələr çıxarılmışdır.

Dissertasiyanın əsas məzmunu müəllifin nəşr edilmiş aşağıdakı elmi əsərlərində öz əksini tapmışdır:

  1. Heydər Əliyev və Müstəqillik dövrü tarixinin problemləri // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2004, № 2, s. 135-136
  2. Heydər Əliyev və Milli Təhsil Strategiyası // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2004, № 4, s. 549-551
  3. Heydər Əliyev və Azərbaycan tarixşünaslığına dövlət qayğısı // Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, 2005, № 4, s. 57-60
  4. H.Əliyev və Azərbaycan tarixinin bəzi məsələləri // Tarix və onun problemləri, 2005, № 3, s. 265-267
  5. Heydər Əliyev və Naxçıvan (1990-1993) // Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, 2006, № 3, s. 69-72
  6. Heydər Əliyev: Naxçıvanda elmin və təhsilin inkişafı // Tarix və onun problemləri, 2009, № 3, s. 145-148
  7. Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2010, № 2, s. 96-104
  8. Naxçıvanda mədəniyyətin inkişafında H.Əliyevin rolu / Kültür Evreni. Uluslararası Sosyal Bilimler dergisi, Ankara, 2010, № 2, s. 404-409
  9. Heydər Əliyev və Naxçıvanda ordu quruculuğu // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2011, № 2, s. 148-153
  10. Heydər Əliyevin Naxçıvanda dövlətçiliyin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2011, № 3, s. 129-133
  11. Naxçıvanda ordu quruculuğu Heydər Əliyev siyasətinin tərkib hissəsidir / Avrasya Kurumu Sempozyum Bildirileri. Ankara: 2011, s. 187- 193
  12. Heydər Əliyev Naxçıvanın abidələri haqqında // AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı, 2011, № 2, s. 149-154
  13. “Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinin Naxçıvan dövrü (1990-1993)” mövzusunun tədrisində milli şüurun inkişaf etdirilməsi məsələləri / “Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlimtərbiyə prosesində tətbiqi” mövzusuna həsr edilmiş elmi-praktik konfransın materialları. Naxçıvan: Məktəb nəşriyyatı, 2011, s. 74-77
  14. Heydər Əliyev və və görkəmli tarixi şəxsiyyətlər // AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı, 2012, II (4), s. 105-110
  15. Azərbaycan tarixinin tədrisində “Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə” məsələləri // Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, 2012, s. 73-79
  16. Heydər Əliyev və Naxçıvan tarixi məsələləri // AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı, 2013, № 1, s. 95-97
  17. Heydər Əliyev və Naxçıvan tarixinin öyrənilməsi məsələləri / Heydər Əliyev dövlətçilik təliminin işıqları “Elmi əsərlər”in “İctimai elmlər” seriyasının xüsusi buraxılışı, 2013, s.145-150
  18. Heydər Əliyev və Naxçıvan tarixinə müasir baxış / Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV Beynəlxalq elmi konfransın materialları. Bakı Slavyan Universiteti. Bakı: 2013, s.107-109
  19. Heydər Əliyev və Naxçıvanda elmin inkişafı / “Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi” mövzusuna həsr edilmiş elmi-praktik konfransın materialları. Naxçıvan: Məktəb nəşriyyatı, 2013, s. 22-27

 

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/tar/tar_n_cah_13_07_13.pdf