Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Nazirlər Komitəsinin sədri, Latviyanın Xarici İşlər naziri İndulis Berzinş ilə görüşdə söhbəti - Strasburq, Avropa sarayı, 25 yanvar 2001-ci il

Heydər Əliyev: Azərbaycan barəsində sizin mövqeyiniz lap əvvəldən çox obyektiv idi. Nazirlər Komitəsinə bundan əvvəl İtaliya sədrlik edirdi, onların da bizə münasibəti yaxşı olubdur. Ölkəmizin Avropa Şurasına qəbul olunması üçün etdiklərinə görə onlara və Nazirlər Komitəsinin indiki sədri kimi, bu işdə çox fəal iştirakınıza görə sizə təşəkkür edirəm.

Bəli, bu yol çətin və uzun idi. Mən bugünkü nitqimdə də bu barədə dedim. Amma indi biz sizinlə birlikdəyik. Vaxtilə bizim ölkələrimiz bir dövlətin tərkibində olubdur, o zaman indiki demokratik dəyərlər yox idi. Ona görə mən bu gün də bildirdim ki, demokratiya təkamül yolu ilə inkişaf edir. Siz də Bakıda olarkən demişdiniz ki, demokratiya – prosesdir. Həqiqətən də sonu olmayan prosesdir. Ona görə də bütün bu dəyişikliklərin inqilabi yox, təkamül xarakteri daşıması barədə baxışlarımızın üst-üstə düşməsi bizi daha da çox birləşdirir. Çünki biz bunu daha yaxşı başa düşürük.

İndulis Berzinş: Cənab Prezident, Siz doğru buyurursunuz, on-on iki il əvvəl biz heç təsəvvürümüzə gətirə bilməzdik ki, belə dəyişikliklər olacaqdır. Lakin, təəssüf ki, bunların heç də hamısı o qədər də müsbət deyildi. Mən Sizinlə tamamilə şərikəm ki, bu proses təkamül yolu ilə davam edəcəkdir. Məsələn, monitorinq prosesi biz Avropa Şurasına qəbul olunandan sonra da, srağagünə qədər dayanmamışdı. Mən deyərdim ki, bu proses ağrılı deyil, lakin uzun çəkir. Bu yolu, əslində, bütün ölkələr keçir, xüsusən son on ildə müstəqillik qazanmış ölkələr. Ona görə də Sizə bütün ölkələrlə yaxşı münasibətlər qurmağı arzulayıram. Əminəm ki, Latviya ilə Azərbaycan arasında da istər ikitərəfli səviyyədə, istərsə də bu mötəbər təşkilat, digər beynəlxalq strukturlar çərçivəsində çox yaxşı əməkdaşlıq olacaqdır. Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi həqiqətən də həm sizin ölkəniz üçün, həm də bizim üçün çox böyük hadisədir.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Zənnimcə, keçmiş Sovetlər İttifaqına daxil olan ölkələr arasında ilk dəfə Latviya Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Hesab edirəm ki, bu, ölkənizin demokratikləşdirilməsi üçün gördüyünüz işlərə verilmiş böyük qiymətdir. Sizə uğurlar diləyirəm. Arzu edirəm ki, Sizin rəhbərliyiniz altında Avropa Şurası üzvlərinin sayı daha da artsın.

* * *

Görüşün sonunda cənab İndulis Berzinş respublikamızın rəhbərinə xatirə hədiyyəsi təqdim etdi.  Azərbaycan prezidenti Heydər Əliyev isə Nazirlər Komitəsinin sədrinə 
\"Avropa Şurası və Azərbaycan: sülh, əmin-amanlıq və demokratiya naminə\"kitabını bağışlayaraq dedi ki, bu, Avropa Şurası ilə indiyə qədərki əməkdaşlığımıza həsr olunub, o cümlədən sizin də Bakıya səfəriniz burada öz əksini tapıbdır.