Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkdilli ölkələrin Dövlət Başçılarının növbəti zirvə görüşündə və Astana şəhərinin yeni paytaxt elan olunması münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün Qazaxıstan Respublikasına yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavab - 9 iyun 1998-ci il

Sual: Cənab prezident, Qazaxıstan Respublikasına səfəriniz barədə mətbuat nümayəndələrinə nə demək istərdiniz?

Cavab: Bu səfər iki hadisə ilə əlaqədardir. Birincisi, Qazaxıstanın paytaxtında türkdilli ölkələrin dövlət başçılarının növbəti görüşü olacaqdır. İkincisi, Qazaxıstanın yeni paytaxtı var, bu paytaxtın açılışı, yəni dünyaya bəyan edilməsi münasibətilə orada görüş keçiriləcəkdir. Mən bu iki hadisə münasibətilə oraya gedirəm.

Qazaxıstan ilə Azərbaycan arasında çox sıx dostluq əlaqələri mövcuddur. Türkdilli ölkələrin dövlət başçılarının ənənəvi görüşlərinin də çox əhəmiyyəti vardır. Mən bütün bunları nəzərə alaraq bu dəvəti qəbul etmişəm və oraya gedirəm. Hesab edirəm ki, orada görüşlərim, danışıqlarım olacaqdır və bunların hamısı bizim üçün faydalıdır.

Müxbir: Cənab prezident, bu gün iyunun 9-dur. Yəni Sizin Naxçıvandan Bakıya qayıtmağınızın beş ili tamam olur.

Cavab: Mən bunu unutmuşdum, çox sağ ol ki, yadıma saldın.

Sual: Biz həmin günü Sizə xatırlatmaq istəyirik. Prezident Heydər Əliyev həmin gün nə düşünürdü və indi, bu gün - beş ildən sonra nə düşünür?

Cavab: Doğrudan da, iyunun 9-da bu hava limanına gəlmişəm. Başım o qədər qarışıqdır, unutmuşam ki, bu gün ayın 9-dur. Siz bilirsiniz ki, o vaxtdan beş il keçibdir. Bu beş il sizin gözünüzün qabağındadır. Mən o günü xatırlayıram. Çünki o, çox gərgin gün idi, Azərbaycanın çox mürəkkəb bir dövrü idi. Mənim üçün də Bakıya qayıtmaq çox çətin bir problem idi. Mən qayıtmaq istəmirdim, siz bunu bilirsiniz. Mənimlə dörd gün danışıqlar getmişdi. Ancaq mən vəziyyəti dərk edəndən sonra Bakıya gəldim. Amma, doğrusu, gələndə heç bilmirdim nə olacaqdır. Çünki burada, Azərbaycanda, Bakıda vəziyyət o qədər ağır, gərgin idi ki, mən sadəcə, xalqın bu çağırışına səs verərək gəldim, özümü xalqın içinə atdım. İndi Allaha şükür olsun ki, bu beş ildə biz çox şeylərə nail olmuşuq. Sağ olun.