Azərbaycan Prezidenti Heydər Əliyevin İran Prezidenti Haşimi Rəfsəncani ilə görüşmüşdür - 12 may 1996-cı il

Mayın 12-də Məşhəddə Azərbaycan prezidenti Heydər Əliyev İran İslam Respublikasının prezidenti Haşimi Rəfsəncani ilə görüşmüşdür.

Azərbaycan dövlətinin başçısı ilə əvvəlki görüşlərini məmnuniyyətlə xatırladan cənab Rəfsəncani prezident Heydər Əliyevlə yenidən görüşməyindən çox şad olduğunu bildirdi. Qeyd olundu ki, bu səfər İran-Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək, tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparmaq üçün daha bir imkan olacaq, iki ölkə arasında əlaqələrin genişlənməsinə təkan verəcəkdir.

Prezident Heydər Əliyev Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılışına dəvət olunmasına görə təşəkkürünü bildirərək bu mərasimdə iştirak edəcəyindən şad olduğunu söylədi. Dövlətimizin başçısı İran ilə Azərbaycanın qonşu, dost, qardaş ölkələr olmasını, tarixən bir-birinə yaxınlığını, eyni dinə mənsubluğunu vurğulayaraq dedi ki, bütün bunlar münasibətlərimizin hər zaman yüksək səviyyədə qalmasını tələb edir. Prezident Heydər Əliyev Azərbaycanın İran ilə bütün sahələrdə əməkdaşlığı, xüsusən iqtisadi əlaqələri genişləndirməyə böyük maraq göstərdiyini bildirdi.

Cənab Rəfsəncani Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə bağlı son vəziyyətlə maraqlandı. Prezident Heydər Əliyev dedi ki, Rusiyanın xarici işlər naziri bu yaxınlarda regionda səfərdə olmuşdur. Həmin səfər zamanı Rusiyanın vasitəçiliyi sayəsində hərbi əsirlər və girovlar dəyişdirilmişdir. Eyni zamanda Azərbaycan rəhbəri qeyd etdi ki, Ermənistanda olan azərbaycanlı əsir və girovların heç də hamısı qaytarılmamışdır. Orada çoxlu əsir və girov saxlanılır, onların siyahısı Beynəlxalq Qızıl Xaç Komitəsinə verilmir.

Azərbaycan prezidenti Lüksemburqda səfərdə olarkən Ermənistan prezidenti Levon Ter-Petrsoyanla görüşü, birgə bəyanat qəbul etmələri barədə də ətraflı məlumat verdi və ümidvar olduğunu bildirdi ki, münaqişəni yalnız sülh yolu ilə aradan qaldırmaq üçün danışıqlar davam etdiriləcəkdir.

İran prezidenti münaqişəyə sülh yolu son qoyulması istiqamətində aparılan ikitərəfli danışıqları, eləcə də ayrı-ayrı dövlətlərin vasitəçiliyi ilə aparılan danışıqları yüksək qiymətləndirdi və İranın bu işə kömək etməyə həmişə hazır olduğunu bildirdi. Cənab Rəfsəncani dedi ki, İran regionda sülhün bərqərar olmasını istəyir. O həmçinin bildirdi ki, İran azərbaycanlı qaçqınlara yardımı davam etdirəcəkdir.

Üç gün ərzində bir yerdə olacaqlarını bildirən və xüsusi olaraq görüşüb İran-Azərbaycan münasibətlərinin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirməyin zəruriliyi barədə razılığa gələn dövlət başçıları Aşqabadda növbəti görüş keçirməyi qərara aldılar.

AzərTAc

\"Azərbaycan\" qəzeti, 16 may 1996-cı il.